Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Akademik Zərifə Əliyeva 15 saylı xəstəxanada anılıb
Tarix: 23.04.2018 | Saat: 19:15:00
Bölmə:Sosial | çapa göndər

Suraxanı rayonunda görkəmli alim, həkim-oftalmoloq Zərifə Əliyevanın 95 illik yubileyi yüksək səviyyədə qeyd edilir. Belə tədbirlərdən biri də Qaraçuxur qəsəbəsində fəaliyyət göstərən 15 saylı Birləşmiş Şəhər Xəstəxanasında keçirildi. Birdəqiqəlik sükutla alimin xatirəsi yad edildi. Sonra tədbiri xəstəxananın baş həkimi Arif Məmmədov açdı. Bildirdi ki, Zərifə Əliyevanın Azərbaycanda oftalmologiya elminin inkişafında müstəsna xidmətləri vardır:

– O, vaxtilə Azərbaycanda geniş yayılmış traxomanın, dünya təcrübəsində birincilər sırasında peşə, xüsusilə kimya və elektron sənayelərində peşə fəaliyyəti ilə bağlı göz xəstəliklərinin öyrənilməsi, profilaktikası və müalicəsinə, habelə oftalmologiyanın müasir problemlərinə dair bir çox sanballı tədqiqatların, o cümlədən "Terapevtik oftalmologiya", "İridodiaqnostikanın əsasları" kimi nadir elmi əsərlərin müəlliflərindən biri olub.
12 monoqrafiya, dərslik və dərs vəsaitinin, 150-yə yaxın elmi işin, 1 ixtira və 12 səmərələşdirici təklifin müəllifidir. Z.Əliyeva yüksək ixtisaslı səhiyyə kadrları hazırlanmasına böyük əmək sərf etmişdir. Zərifə xanım ailəsinin əməksevərliyini görüb demişdir: “İnsan nə qədər xalqı üçün çalışırsa, o insan zirvəyə ucalacaq”.
O, həmişə sıravi həkimlərlə xoş münasibətdə olub deyirdi ki, insanın formalaşması üçün uşaqlıq illərini yada salmaq lazımdır. Zərifə Əliyevada xalqının həkimindən, alimindən əlavə, insanlara qarşı böyük sevgisi, məhəbbəti vardı.
Həkim Şəfa Yusifova bildirdi ki, 1947-ci ildə Zərifə Əliyeva Azərbaycan Dövlət Tibb İnstitutunu bitirdiyi dövrdə Azərbaycanda gözü zədələyən və ağır nəticəyə, hətta korluğa səbəb olan traxoma infeksion xəstəliyi geniş yayılmışdı.
– Ona qarşı təsirli müalicə üsulları yox idi. Bu infeksiyanın ağır nəticələri ilə effektiv mübarizə təkcə oftalmologiya üçün deyil, bütövlükdə respublikanın səhiyyəsi üçün mühüm əhəmiyyət daşıyırdı. Nəhayət o, Moskva şəhərinə gedir və Həkimlərin Təkmilləşdirmə İnstitutunda ikiillik ixtisaslaşdırma kursunda həkim-oftalmoloq ixtisasına yiyələnir. Sonra Vətənə qayıdır. 1949-cu ildən başlayaraq, Azərbaycan Elmi Tədqiqat Göz Xəstəlikləri İnstitutunda elmi işçi kimi fəaliyyətə başlayır. 1950-ci ildə aspiranturaya daxil olur, praktik əməli həkim fəaliyyəti ilə yanaşı, elmi axtarışlarını davam etdirir. Müxtəlif göz xəstəliklərinin müalicə və profilaktik tədbirlərinin işlənib-hazırlanması ilə məşğul olan Zərifə Əliyeva elmi fəaliyyətinin ilk mərhələsini traxoma infeksion xəstəliyinin müalicəsinə həsr edir. Beləliklə, Zərifə xanım ilk elmi araşdırmalarının mövzusunu həyat özü həll edir.Beləliklə, Zərifə xanım tədqiqat işini traxomanın müalicəsi ilə bağlı məsələlərə, bir az da dəqiq desək, o dövr üçün yeni olan antibiotikdən – sintomisindən istifadə olunmasına həsr edir. Çünki sintomisin geniş antibakterial spektrlərlə yanaşı, antixlamedik fəallığa malik idi. Bu dövrdə Zərifə xanım yalnız çalışdığı institutda fəaliyyət göstərməklə kifayətlənmirdi. O, respublikanın şəhər və rayonlarını bir-bir gəzərək, xəstəliyin yaranma səbəblərini araşdırır və xəstəlik ocaqlarında kompleks şəkildə müalicə-profilaktik tədbirləri həyata keçirirdi. Böyük alim uşaq evlərində tərbiyə alan kimsəsiz uşaqlar arasında yayılan traxoma xəstəliyinin qarşısının alınmasında xüsusi xidmət göstərib.Uğurlu tədqiqatların nəticələri Zərifə Əliyevanın 1960-cı ildə müdafiə etdiyi “Traxomanın digər terapiya üsulları ilə birlikdə sintomisinlə müalicəsi” mövzusunda namizədlik dissertasiyasının əsasını təşkil edib və bu sahə üzrə ixtisaslaşaraq tibb elmləri namizədi dərəcəsinə yüksəlib.

Onun təklif etdiyi müalicə metodu tezliklə bütün respublikada tətbiq edilir və ölkəmiz bu xəstəlikdən xilas olur. Buna görə də Azərbaycanda traxomanın sosial xəstəlik kimi ləğvi məhz Zərifə xanımın adı ilə bağlıdır. 1967-ci ildə Zərifə Əliyeva Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun göz xəstəlikləri kafedrasında dosent vəzifəsinə dəvət olunur. Bu institut ömrünün son illərində həmin kollektivə rəhbərlik etmiş mərhum professor Əziz Əliyevin - Zərifə xanımın atasının adını daşıyırdı. Həmin dövrdə o, həkimlik fəaliyyəti ilə məşğul olur, bir çox cərrahiyyə əməliyyatları aparır, xəstələrə məsləhətlər verir, üstəlik, onun fəaliyyəti öz klinikasına qapanıb qalmır, bütün oftalmologiya təşkilatlarını və şöbələrini əhatə edir. Bununla yanaşı o, göz xəstəlikləri üzrə təkmilləşdirmə kurslarının dinləyicisi olan həkimlərlə pedaqoji iş aparır. Qeyd etmək lazımdır ki, bir sıra ciddi elmi məsələlərlə yanaşı, Zərifə xanım ömrüboyu peşə ilə əlaqədar əmələ gələn göz xəstəliyi problemlərinə xüsusi maraq göstərmişdir. Eyni zamanda o, bir sıra məsələlərə, o cümlədən yod-sənaye müəssisələrində, neft-kimya sənayesində çalışan şəxslərin görmə orqanlarına təsir edən amillərə əsas diqqət yetirirdi. O həmçinin bu problem üzərində iş apararkən çox vaxt sənaye müəssisələrində olmuş, zərərli peşə sahələrində çalışan şəxsləri oftalmoloji müayinədən keçirmişdir. Bununla yanaşı, Bakı və Sumqayıtın bir sıra sənaye müəssisələrinin, o cümlədən Çin zavodunun sexlərində laboratoriya şəraitində elmi təcrübələr aparmışdır. Genişmiqyaslı klinik və təcrübi tədqiqatlar nəticəsində alim zəhərli maddələrin görmə orqanlarına təsirinin əsas qanunauyğunluqlarını aşkara çıxara bilmişdir. O, “Azərbaycanın bir sıra kimya müəssisələrinin işlərinin görmə orqanının vəziyyəti” mövzusunda yazdığı dissertasiya işini dünyanın ən nüfuzlu oftalmologiya mərkəzlərinin birində - H.Helmqolts adına Moskva Elmi Tədqiqat Göz Xəstəlikləri İnstitutunda müdafiə edərək, onun dissertasiya işi alim-oftalmoloqların yüksək qiymətini almış oftalmologiyanın bu sahəsində ilk işlərdən biri olaraq, 1977-ci ildə ona tibb elmləri doktoru elmi dərəcəsi verilib.
1981-ci ildə oftalmologiyanın inkişafına verdiyi töhfəyə və görmə orqanının peşə patologiyası sahəsində apardığı elmi tədqiqatlara görə, professor Zərifə Əliyeva oftalmologiya aləmində yeganə qadın olaraq, ən yüksək mükafata - SSRİ Tibb Elmləri Akademiyasının akademik M. İ. Averbax adına mükafatına layiq görülüb. Zərifə Əliyeva bir sıra orden və medallarla təltif olunub. Azərbaycanın İncəsənət Xadimi fəxri adını alıb. Bütün bu elmi fəaliyyəti ilə yanaşı, Zərifə xanım eyni zamanda qayğıkeş ana, gözəl, vəfalı ömür-gün yoldaşı olub. Bu ocaqda iki övlad böyüdüb - ata-anasına layiq, qəlblərində daim Azərbaycan sevgisi yaşadan, Vətənimizin qüruru sayılan övladlar kimi. Deyirlər, ana övladını özündən də çox istəyir. Tanrının bəxş etdiyi övladlarına qarşı Zərifə xanım məhz belə ana idi. Enişli-yoxuşlu ömür yollarında birgə addımladığı həyat yoldaşı, Ümummilli Liderimiz, əbədi Prezidentimiz Heydər Əliyevin gərgin fəaliyyətlə məşğul olan, həyatını bütövlükdə Azərbaycana həsr edən böyük şəxsiyyət kimi yorulmadan müqəddəs amallar yolunda öz qüvvəsini əsirgəmirdi. Təəssüf ki, müstəqil Azərbaycanımızın bu bugününü görə bilmədi Zərifə xanım. Ömrünün 62-ci baharında, 1985-ci il aprelin 15-də Moskva şəhərində dünyasını dəyişdi. Azərbaycan adlı bir məmləkəti hər cür təqiblərdən qoruyan, bu torpağa qol-qanad verən, onu bütün dünyaya tanıdan bir insanı tək qoyub getdi...

Sarsıldı, həyatı qədər sevdiyi Zərifə xanımı itirdi, onun yoxluğu ilə heç cür barışa bilmədi. Bir azca qəddi əyildi, amma sınmadı. Yaşadı... Qəlbində olan Azərbaycan sevgisi onu yaşatdı. Çünki o, Azərbaycan üçün lazım idi. Dərin bir uçuruma yuvarlanan Azərbaycanı ancaq o xilas edə bilərdi və xilas etdi də...
Həkim-oftalmoloq Güldanə Kəngərli söylədi ki, Zərifə xanımın elmi fəaliyyəti onun vəfalı ömür-gün yoldaşı, qayğıkeş ana olmasına mane olmurdu:
– Ümummilli Lider Heydər Əliyev Zərifə xanım haqqında belə deyir: “Gənc yaşlarımdan mənim həyatım dövlət işi ilə bağlı olub. Zərifə xanım kimi həyat yoldaşım olduğu üçün və onun ailəmdə çox yüksək mənəvi mühit yaratdığı üçün mən xoşbəxt olmuşam. Həyatımın bütün dövrlərində işlə məşğul olduğuma görə, ailə məsələlərinə fikir verməyə vaxtım olmayıb. Bunların hamısı Zərifə xanımın üzərinə düşüb və o da bu vəzifəni şərəflə, sədaqətlə, çox böyük məharətlə yerinə yetirib”. Hər hansı insan şəxsiyyət kimi formalaşıb, cəmiyyət içində özünəməxsus yer tutduqda, ilk növbədə, onun ailəsinə, tərbiyə etdiyi övladlarına qiymət verirlir. Təbii ki, bütün uğurların təməli ailədə qoyulur və bu uğurlar getdikcə cəmiyyəti əhatə edir.Bütün ömrünü Azərbaycan xalqının azadlığına, istiqlaliyyətinə, yaxşı yaşamasına həsr edən Heydər Əliyev həyat yoldaşının Vətən qarşısındakı xidmətlərindən qürur hissi keçirirdi: “Mən həyatda 3 şeyə arxalanmışam: Yaradanıma, zəhmətimə və xalqıma", – deyən Heydər Əliyev bu xalqın layiqli övladlarından biri kimi, Zərifə xanıma da inanmış, onun Azərbaycan üçün daha böyük işlər görməyə, Vətənin başını hər zaman uca edəcəyinə ümid bəsləyirdi. Görkəmli dövlət və elm xadimi bütün bilik və bacarığını xalqa xidmətə həsr etmiş Zərifə Əliyeva valideynlərinə layiqli bir övlad, məşhur alim, tanınmış həkim, istedadlı insan, sədaqətli ömür yoldaşı və qayğıkeş ana idi. Zərifə xanımın savadı, təvazökarlığı, sadəliyi, insanlarla ünsiyyət yaratmaq bacarığı bütün həkimlərə örnək idi”.

Suraxanı Rayon İcra Hakimiyyətinin nümayəndəsi Nazim Fətullayev söylədi ki, Zərifə Əliyevanın yaşadığı mənalı ömür yolu hər bir Azərbaycan vətəndaşı üçün həyat və mənəviyyat dərsi, kamillik, müdriklik məktəbidir. Onun sözlərinə görə, zahiri və daxili gözəllik, mehribanlıq, həssaslıq, ziyalılıq, bir sözlə, yüksək insaniyyətə xas olan bütün müsbət cəhətlər Zərifə xanımın gözəl simasında qovuşmuşdu:
– Azərbaycanın oftalmologiya elmini bütün dünyaya tanıdan, fundamental əsərləri ilə şöhrət qazanan böyük alimin elmdə açdığı yol isə ildən-ilə inkişaf edir və o, milyonların qəlbində dərin hörmət və ehtiramla, rəğbətlə xatırlanır. Görkəmli alimun bütün uğur və nailiyyətlərinin bünövrəsində daim gərgin zəhməti, oftalmologiya elminin inkişafı yolundakı səmərəli fəaliyyəti və möhtəşəm xidmətləri dururdu. Bu gün onun adını daşıyan Mili Oftalmologiya Mərkəzində çalışan alim və həkimlər Zərifə xanımın ideyalarını daim yaşadır və uğurla davam etdirirlər. Onun bəşəri duyğularının saflığından süzülüb-gələn şəfqətli ideyaları bu gün də insanlara xoşbəxtlik bəxş etməkdə, qəlblərinə nur çiləməkdədir.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
25.05.2018
24.05.2018
23.05.2018