Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Qaradağ rayonunun sosial-iqtisadi inkişafı: real vəziyyət və perspektivlər
Tarix: 23.04.2018 | Saat: 18:30:00
Bölmə:İqtisadiyyat | çapa göndər

Bakının hər bir rayonunun paytaxtımızın və dövlətimizin inkişafında özünəməxsus rolu və yeri var. Gündən-günə gözəlləşən, inkişaf edən Bakının sürətlə böyüyən rayonlarından biri də Qaradağ rayonudur. Bu rayonu paytaxtımızın iqtisadi lokomotivi adlandırsaq, heç də yanılmarıq. Çünki dövlətimiz üçün strateji əhəmiyyətə malik bir çox sənaye-istehsal müəssisələri məhz Qaradağ rayonu ərazisində yerləşir.

Bu güy rayon ərazisində 30-dan çox iri sənaye müəssisəsi fəaliyyət göstərməkdədir. Onların arasında Heydər Əliyev adına BDÖZ, Ə.Əmirov adına Neft-Qaz Çıxartma İdarəsi, Qaz Emalı zavodu, "Holcim" ASC, Bakı gəmiqayırma zavodu, Qaradağ Metal Konstruksiyalar zavodu, "Metanol CO", Səngəçal Elektrik Stansiyası, "Gilan-Holdinq" Qaradağ Kərpic zavodu və s. adlarını qeyd edə bilərik.
Qaradağ rayonu inzibati ərazi vahidi kimi Puta-Şubanı mədəninin kəşfi ilə əlaqədar yaradılıb. 1923-cü il mayın 7-də Puta qəsəbəsindəki klubda ilk partiya konfransı keçirilib və rayonun əsası qoyulub. Rayon 1937-ci ilədək Mikoyan, 1956-cı ilədək Molotov, 1956-1963-cü illərdə Qaradağ , 1963-66-cı illərdə Əzizbəyov, 1966-cı ildən isə yenidən Qaradağ rayonu adlandırılıb. Rayonun adı Zaqafqaziyada ilk dəmiryol stansiyalarından olan Qaradağ stansiyasının adı ilə bağlıdır. Hazırda Qaradağ rayonunun inzibati ərazi vahidliyinə 11 qəsəbə daxildir. Qaradağ rayonu paytaxtın cənub-şərqində, Xəzər dənizi sahili boyunca yüz kilometrədək sahədə uzanır. Neft-qaz, əhəng daşı və gil yataqlarının mövcudluğu ötən əsrin 20-30-cu illərindən Qaradağı perspektivli mədən-sənaye rayonuna çevirib.

Keçən ilin yekunlarına nəzər salsaq, rayonun sosial-iqtisadi inkişaf göstəriciləri barədə ətraflı təsəvvür formalaşdırmaq mümkündür. Rayon İcra Hakimiyyətindən aldığımız məlumata görə, Qaradağın sosial, iqtisadi həyatında son illərdə müşahidə olunan sürətli inkişaf tempi saxlanılıb, həm sosial, həm də iqtisadi sahələrdə yeni nailiyyətlər qazanılıb. Belə ki, sənaye sahəsində 2017-ci ildə 929 mln 693 min manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,7 faiz çox sənaye məhsulu istehsal edilib və xidmətlər göstərilib. Sənaye məhsulunun ümumi həcmində qeyri-dövlət sektorunun xüsusi çəkisi 41,7 faiz təşkil edib.
"Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” çərçivəsində hazırda rayonun Qobustan qəsəbəsində 60 çarpayılıq 17 nömrəli Birləşmiş Şəhər Xəstəxanasında poliklinika, stasionar, təcili yardım və doğum şöbələrinin, Qızıldaş qəsəbəsində 350 yerlik Mədəniyyət Evinin tikintisi, Puta, Ələt, Səngəçal və Qobustan qəsəbələrində isə idman komplekslərinin tikintisi davam etdirilir. Həmçinin Heydər Əliyev Fondu tərəfindən Lökbatan qəsəbəsində 120, Ümid qəsəbəsində isə 100 yerlik uşaq bağçalarının tikintisi aparılır.
Rayon İcra Hakimiyyətinin daxili imkanları hesabına yeni parklar salınıb, rayonun bütün qəsəbə və digər yaşayış məntəqələrini də əhatə edən abadlıq və yaşıllaşdırma işləri, Bakı-Astara avtomobil yolunun Lökbatan dairəsindən başlayaraq, Ələt qəsəbəsi də daxil olmaqla 60 km məsafəni də əhatə edib. Burda 1 000 ədəd zeytun, 10 000 yaxın şam və sərv ağacları, eyni zamanda ərazidə əlavə dekorativ kollar əkilib. Lökbatan qəsəbəsi ərazisində hərbi şəhərciyin qarşısında yolüstü piyada keçidi istifadəyə verilib. Sahil, Sanqaçal, Qobustan, Ələt qəsəbələrində binaların fasadları rənglənib, 8000 kv.metrdən çox dam örtüyü vurulub, qəsəbələrdə hasarlar çəkilib, 10 000 kv.metrdən çox hörgü işləri aparılıb. Bakı-Salyan avtomobil yolunun kənarlarına səki daşları düzülüb.

Dövlət proqramlarının uğurlu icrası nəticəsində rayonda mövcud qaz, su, işıq, kanalizasiya problemlərinin aradan qaldırılması istiqamətində də çox böyük işlər görülüb. Rayonun elektrik enerjisi ilə təchizatının yaxşılaşdırılması üçün yeni kompleks transformator məntəqəsi quraşdırılıb, transformatorlar daha güclüsü ilə əvəz olunub, yeni yüksəkgərginlikli kabel xətləri çəkilib, aşağı gərginlikli hava xətləri, aşağı gərginlikli kabel xətləri çəkilib və təmir olunub. Qaz təchizatının yaxşılaşdırılması, qaz təsərrüfatının təhlükəsiz istismarının təmin edilməsi məqsədilə müxtəlif diametrli 168 min poqonmetr mövcud qaz xətti yenisi ilə əvəz olunub. Belə ki, çəkilmiş qaz kəmərləri 439844 metr, quraşdırılmış qaz ilə təmin olunmuş abonentlərin sayı 13218 nəfər, quraşdırılmış qaztənzimləyici 210 ədəd, quraşdırılmış siyirmələr 231 ədəd olub.
Keçən il may ayının 30-da Qaradağ rayonunun Lökbatan qəsəbəsində qaçqın və məcburi köçkün ailələr üçün 1 026 mənzilli yeni yaşayış kompleksinin təməlqoyma mərasimi olmuş və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva həmin tədbirdə iştirak etmişdir. Ölkəmiz üçün çox vacib olan bu məsələyə, qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması məqsədilə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın çağırışına Qaradağ rayonunda fəaliyyət göstərən özəl sektor və biznes strukturları da qoşulmuşdur. Yaşayış kompleksinə, həmçinin 624 şagird yerlik üçmərtəbəli məktəb binası və 220 yerlik uşaq bağçası, tibb məntəqəsi daxildir. Ərazidə istirahət parkı salınacaq, uşaq meydançaları yaradılacaq. Qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması üçün görülən işlər bu kateqoriyadan olan soydaşlarımızın diqqət və qayğı ilə əhatə olunduğunu göstərir.
Azərbaycan Prezidenti onun üçün hər zaman doğma olan Qaradağ rayonuna təkcə 2017-ci il ərzində üç dəfə səfər edib. Bu səfərlər çərçivəsində İlham Əliyev may ayının 18-də Heydər Əliyev adına yarımdalma qazma qurğusunun açılış mərasimində, sentyabr ayının 6-da Gəmiqayırma zavodunda “Şahdəniz-2” layihəsi çərçivəsində inşa edilən “Xankəndi” sualtı tikinti gəmisinin təqdimat mərasimində və oktyabr ayının 30-da Bakı Beynəlxalq Dəniz Ticarət Limanında keçirilmiş Bakı-Tbilisi-Qars dəmir yolunun təntənəli açılış mərasimində iştirak edib. Prezident İlham Əliyevin Qaradağ rayonuna səfərləri hesabat dövrünün ən mühüm və yaddaqalan hadisələrindən olub.

Qaradağ rayonuna yatırılan investisiyanın həcmi ildən-ilə artır.Tək yerli iş adamları deyil, xarici investorlar da Qaradağ rayonuna investisiya yatırmaqda maraqlıdırlar. Rəsmi statistik rəqəmlərə əsasən, ötən il rayon iqtisadiyyatına 150,1 milyon manatlıq investisiya qoyulub. İnvestisiyanın 27,5 faizi, yəni 41,3 milyon manatı tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilib.
Qaradağ rayonu ilə Rusiyanın Volqoqrad, Ukraynanın Kiyev vilayətinin İrpen, Hollandiyanın Rotterdam şəhəri, Çinin Çunçinq şəhərinin Çuzulunpo, Dalyan şəhərinin Yeni Cunpi rayonları və Şenzen şəhəri ilə, həmçinin, Koreyanın Seul şəhərinin Yonqsan rayonu ilə “Dostluq və əməkdaşlıq haqqında” Memorandum imzalanıb.
Prezident İlham Əliyevin 2007-ci il 18 oktyabr tarixli, 2443 nömrəli Sərəncamının icrası olaraq, Ələt qəsəbəsinin ərazisində Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin tikintisinə başlanılıb. Prezidentin iştirakı ilə 2010-cu il 03 noyabr tarixində yeni liman kompleksinin təməlqoyma mərasimi keçirilib. Ələt qəsəbəsində ərazisi 400 ha olan Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin tikintisi mahiyyət etibarı ilə nəyinki regional hətta qlobal bir layihədir. Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının böyük perspektivi var. Ələt istər avtomobil yolu, istərsə də dəmir yolu baxımından unikal bir qovşaq yaradır. Bura indi müasir dəniz liman əlavə olunur. Gələcəkdə isə hava limanının inşası nəzərdə tutulur.
Prezident İlham Əliyev cari ildə paytaxtın Qaradağ rayonunun Ələt qəsəbəsində Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kompleksində Ro-Ro terminalının açılışında iştirak edib. İldə 60 minə yaxın TIR və ya 1,8 milyon ton yük qəbul etmək imkanında olan terminal ən müasir texniki tələblərə uyğun tikilib. Terminaldakı birinci körpünün illik yükaşırma qabiliyyəti 800 min ton, ikinci körpününkü isə 1 milyon tondur. Ro-Ro terminalı iki yanalma körpüsündən ibarətdir. Birinci körpünün uzunluğu 222 metr, ikinci körpünün uzunluğu isə 190 metrə yaxındır. Terminal daşımaların avtomobil-su və su-avtomobil seqmentlərində təkərli texnikanın daşınması üçün nəzərdə tutulur.

Rayonun abadlaşdırılması istiqamətində də bir sıra tədbirlər həyata keçirilir. Son tədbirlərdən biri kimi, bu günlərdə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva "Bizim həyət" layihəsi çərçivəsində abadlaşdırılan növbəti həyətin açılışında iştirak edib. İDEA İctimai Birliyinin təşkilatçılığı və Bakı şəhəri üzrə rayon icra hakimiyyətlərinin dəstəyi ilə həyata keçirilən "Bizim həyət" layihəsi çərçivəsində abadlaşdırılan növbəti həyət sakinlərin istifadəsinə verilib. Yenilənmiş növbəti həyət Qaradağ rayonunun Lökbatan qəsəbəsi, İntiqam Nəbiyev küçəsində, 4 mindən çox sakinin yaşadığı məhəllədə yerləşir. Leyla Əliyeva həyətin açılışında, o cümlədən tədbir zamanı keçirilmiş kütləvi ağacəkmədə iştirak edib. "Bizim həyət" layihəsinin əsas məqsədi ekoloji cəhətdən təmiz və abad həyətlərin modelləşdirilməsi, yaşıllıqların bərpası, sağlam həyat tərzinin formalaşdırılması, sakinlər üçün təhlükəsiz və rahat yaşam şəraitinin yaradılmasıdır. Qaradağ Rayon İcra Hakimiyyətinin dəstəyi ilə "Bizim həyət" layihəsi çərçivəsində abadlaşdırılan və 2 hektar sahəsi olan həyətdə əlil və sağlamlıq imkanları məhdud insanların rahat hərəkəti və bütün yaş qrupları üzrə uşaqların inkişafı üçün əlverişli şəraitin yaradılması məqsədilə əyləncə qurğuları yerləşdirilib, futbol meydançası və idman alətlərindən ibarət kiçik meydança salınıb. Bu cür meydançaların salınmasında əsas məqsəd gənclərin sağlam həyat tərzi sürmələrinə, sağlamlıqlarını möhkəmləndirmələrinə, asudə vaxtlarını səmərəli keçirmələrinə, o cümlədən onlarda sistematik idmanla məşğulolma refleksinin yaradılmasına nail olmaqdır. Həyətdə, həmçinin heyvanların gəzdirilməsi üçün xüsusi meydança salınıb.
Bütün qeyd etdiklərimiz Qaradağ rayonunun sosial-iqtisadi inkişaf perspektivlərinin çox geniş olduğunu, görülən işlərin isə bu istiqamətdə yalnız başlanğıc kimi dəyərləndirilə biləcəyini söyləyimizə əsas verir.

Sabir Baxşalıyev,

Qaradağ Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
23.05.2018
22.05.2018