Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Qaradağ rayonunun sosial-iqtisadi inkişafı: real vəziyyət və perspektivlər
Tarix: 26.04.2018 | Saat: 18:15:00
Bölmə:Sosial | çapa göndər

«İkinci sənaye mərkəzi Qaradağ rayonu olmalıdır»

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

 

Uzun illərdir ölkə iqtisadiyyatının inkişaf etdirilməsi, yeni istehsal və sənaye müəssisələrinin yaradılması, işsizliyin və iqtisadi inkişafın əsas meyarlarından biri olan yoxsulluğun səviyyəsinin azaldılması, əhalinin məşğulluq səviyyəsinin artırılması və sair üçün tədbirlər planı hazırlanır və həyata keçirilir. Belə tədbirlər Bakının ən böyük rayonu olan Qaradağda da reallaşdırılır.

Xüsusilə də istər Bakı və ətraf qəsəbələrin sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramları, istərsə də qəbul edilmiş digər sənədlərdə nəzərdə tutulmuş tədbirlərin uğurlu icrası Qaradağ rayonunun sosial-iqtisadi inkişafında keyfiyyətcə yeni mərhələnin başlanğıcını qoyub, qeyri-neft sektorunun davamlı inkişafına, yeni iş yerlərinin və müəssisələrin yaradılmasına, rayonda kommunal, xidmət və sosial infrastruktur təminatının həcminin və keyfiyyətinin yüksəlməsinə təkan verib, sahibkarlıq mühitinin daha da yaxşılaşmasında, iqtisadiyyata investisiya qoyuluşlarının artmasında, əhalinin məşğulluq səviyyəsinin yüksəlməsində və yoxsulluğun azalmasında mühüm rol oynayıb.
Qeyd edək ki, coğrafi relyefinə, yeraltı və yerüstü sərvətlərinə görə bu rayon təkcə ölkəmizdə deyil, onun hüdudlarından kənarda da kifayət qədər tanınıb. Təkcə keçmiş SSRİ dövründə deyil, Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsindən sonra da Xəzər dənizi sahilində yerləşməsi, Şimal, Cənub və Qərb istiqamətlərinə çox rahatlıqla avtomobil bağlantısının olması və dəmiryolunun mövcudluğu Qaradağ rayonunun ölkə iqtisadiyyatında mühüm rola malik olduğunu bir daha sübut etdi. Son illərdə ölkəmizdə çox güclü sənayeləşmə siyasəti aparıldığından və müxtəlif istiqamətlərdə güclü sənaye potensialının yaradılmasına xüsusi diqqət ayrıldığından sənaye müəssisələrinin sayı 90, o cümlədən iri sənaye müəssisələrinin sayı 22 olan Qaradağın ölkəmizin sənaye potensialının inkişafında rolu ilbəil artır. Ölkənin sosial-iqtisadi siyasətində mühüm yer tutan sahibkarlıq fəaliyyəti üçün daha münbit şəraitin yaradılması, vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi və digər sahələrin inkişaf etdirilməsi üçün həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində iqtisadi və sənaye inkişafı sürətlə gedən bu rayon Azərbaycanın güclü sənaye mərkəzinə və əhalinin məskunlaşması regionuna çevrilməkdədir. İstehsal gücü 300 meqavata bərabər olan modul tipli Səngəçal elektrik stansiyasının tikilərək istifadəyə verilməsi əlavə elektrik enerjisinə tələbatı ödədiyindən Qaradağda yaradılan müəssisələr və tikilməkdə olan zavodlar bu rayonun iqtisadi gücünü artırır və yeni iş yerləri açılır. 500 kvadratmetrlik sahəni əhatə etdiyi üçün dünyanın ən böyük inteqrasiya edilmiş neft və qaz emalı terminallarından və Azərbaycanın neft və qaz sənayesində həyati əhəmiyyətə malik obyektlərindən biri sayılan Səngəçal terminalının Qaradağda yerləşməsi bu regionun beynəlxalq statusunu, enerji resurslarının saxlanmasında, ötürülməsində və nəqlində, həmçinin ölkə iqtisadiyyatının perspektiv inkişafında xüsusi çəkisini və ölkəmizin beynəlxalq iqtisadi əlaqələrində rolunu daha da artırır.

Bakı-Tbilisi-Ceyhan boru kəməri üçün də çox mühüm rol oynayan bu terminala işə götürülmüş şəxslərin təxminən yarısının Səngəçala qonşu kəndlərin və qəsəbələrin sakinlərinin olması Qaradağ rayonunun sosial-iqtisadi inkişafının və əhalinin rifah halının yüksəldilməsinin bariz nümunəsidir.
Son illərdə Qaradağ rayonu ərazisində abadlıq-quruculuq istiqamətində görülən işlər rayon sakinləri tərəfindən rəğbətlə qarşılanır, sakinlərin kommunal sahədə, həmçinin digər sosial sahələrdə mövcud olan bir sıra problemlər öz müsbət həllini tapıb. Belə ki, rayon ərazisində mərhələli və planlı şəkildə həyata keçirilən genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində rayonun qəsəbələrarası və məhəllədaxili yollarında, mərkəzi küçələrində, yaşayış binalarının fasad və dam örtüklərində, parklarda, həmçinin digər infrastruktur sahələrində yenidənqurma və əsaslı təmir işləri aparılıb və bu istiqamətdə işlər bu gün də uğurla davam etdirilməkdədir.
Qaradağ rayon sakinləri ilə söhbətimiz zamanı aydın oldu ki, əvvəlki illərlə müqayisədə indi rayonda narazılıq doğuran məqamlar xeyli azalıb. Aynurə Muradova adlı sakin son illərdə Qaradağ rayonunda tikinti-quruculuq, abadlıq işlərinin geniş vüsət aldığını, əhəmiyyətli tikinti işlərinin aparıldığını deyir: “Qaradağ Rayon İcra Hakimiyyətinin tutduğu yol sakinlərdə əminlik yaradır ki, rayonun inkişafı üçün lazım olan bütün tədbirlər yüksək səviyyədə həyata keçiriləcək. Təkcə son vaxtlar məhəllədaxili yolların təmiri, illərdən bəri bərbad vəziyyətdə olan həyətlərin bərpası və yeni asfalt örtüyü ilə hamarlanması bizim indiyədək narazılıq etdiyimiz, dəfələrlə ora-bura şikayət ünvanladığımız problemin həllidir. Bu, bizim üçün böyük sevincdir”.

Rayon sakini Maral Əliyeva bizimlə söhbətində bildirir ki, uzun illər əvvəl Qaradağda hər yer, hər şey bərbad vəziyyətdə idi. Yerli əhali elektrik enerjisi, təbii qaz, içməli su, rabitə, yol və digər problemlərlə tez-tez üzləşirdilər. Onun dediyinə görə, rayonda nəinki yaşlıların və azyaşlıların, hətta cavanların belə asudə vaxtlarını səmərəli keçirəcək normal istirahət məkanı yox idi: “Rayonumuzdakı küçələrin, qəsəbələrin yolları çox bərbad vəziyyətdəydi. Binaların dam örtükləri, divarları çirkdən qapqara qaralmışdı. “Gecəqondu”ların və həmin evlərdə yaşayanların vəziyyəti çox acınacaqlı idi. Amma son illərdə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rayonumuza göstərdiyi diqqət və qayğının sayəsində rayonumuzun siması tamam dəyişib. Küçələrimizdə, parklarımızda səliqə-sahman hər kəsin diqqətini cəlb edir. Qaradagdakı küçələrdə, istirahət parklarında geniş abadlıq-quruculuq işləri incə zövqlə aparılıb. İndi parklarımızda, istirahət məkanlarımızda istirahət edirik. İş günü ərzində itirdiyimiz enerjini bərpa edir, növbəti iş günündə özümüzü daha gümrah, daha qıvraq hiss edirik. Rayonumuzdakı küçələrdə yerləşən dövlətin balansında olan yaşayış binalarının dam örtükləri sökülərək müasir dam örtükləri ilə əvəz olunur. Küçələrdə ticarət və xidmət obyektlərinin fasad və dam örtükləri müasir memarlıq üslubuna uyğun dəyişdirilir. Həmçinin vətəndaşlara məxsus həyət evlərinin giriş qapıları dəyişdirilərək, bütün prospekt və küçələr boyu eyni formatlı yeni qapılarla əvəz olunur. Rayonda əhalinin elektrik enerjisi, təbii qaz, istilik və içməli su təchizatının keyfiyyətli və davamlı təmin edilməsi və bu sahədə mövcud olan problemlərin aradan qaldırılması, həmçinin kanalizasiya şəbəkəsinin yaxşılaşdırılması istiqamətində zəruri işlər görülür. Qaradağda görülən tikinti, yenidənqurma və abadlıq işləri hamımızda razılıq doğurur. Rayonumuz son illərdə xeyli inkişaf edib, siması gözəlləşib, yollarımız abadlaşıb. Bunları görəndə sevincimiz qat-qat artır. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevə bu sevinci bizə bəxş etdiyinə görə dərin minnətdarlığımızı bildiririk”.

Qaradağ sakinləri ilə söhbət zamanı öyrəndik ki, rayonda tikinti, quruculuq və abadlıq işləri ilə yanaşı vətəndaş-məmur münasibətlərinin düzgün qurulmasına və vətəndaşların bütün müraciətlərinə ciddi münasibət göstərilməsinə daim diqqət yetirilir.
Qaradağ rayon sakini Əli Məmmədov isə deyir ki, son illərdə paytaxtımız Bakı çox sürətlə dəyişir, gözəlləşir. Hər yerdə tikinti-təmir, quruculuq və abadlıq işləri gedir: “Çox sevinirik ki, bu işlərin daha sürətlə getdiyi, bu illər ərzində simasını büsbütün dəyişən rayonlardan biri də bizim sakini olduğumuz Qaradağ rayonudur. Rayonda yaşıllıqların ərazisi, parkların sayı durmadan artır. Bu, biz vətəndaşların asudə vaxtının mənalı, səmərəli və rahat keçməsində, fiziki sağlamlığımızda çox böyük rol oynayır. Abadlıq və təmizlik gözəllikdir, mənalı istirahətdir. Rayonumuzda görülən işləri saymaqla qurtaran deyil. Rayon rəhbərliyi Qaradağın ümumi problemlərini həll etməklə yanaşı, ayrı-ayrı vətəndaşların problemləri ilə də yaxından məşğul olur və onların aradan qaldırılmasını təmin edir. Ona görə də rayon sakinləri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılovu öz xilaskarları bilir, problemlərini ona deyir, onun diqqət və qayğısı nəticəsində problemlərin həllinə nail olurlar”.

Rayon sakinlərinin sevincinə səbəb olan digər məsələ isə Qaradağda əhalinin məşğulluğunun artırılması, sahibkarlığa ciddi fikir verilməsi və sahibkarların mövcud iqtisadi potensialdan daha səmərəli istifadə etmələri üçün şəraitin yaradılmasıdır. Elə Qaradağ Rayon İcra Hakimiyyətindən də bildirdilər ki, rayonun sosial, iqtisadi həyatında son illərdə müşahidə olunan sürətli inkişaf 2017-ci il ərzində də saxlanılaraq həm sosial, həm də iqtisadi sahələrdə yeni nailiyyətin qazanılması ilə əlamətdar olub: “Belə ki, sənaye sahəsində 2017-ci ildə 929 mln 693 min manatlıq sənaye məhsulu istehsal edilib və xidmətlər göstərilib. Ötən il nəqliyyat sektorunda fəaliyyət göstərən müəssisələr tərəfindən 76 milyon 503 min manat, rabitə müəssisələri tərəfindən isə 3 milyon 464 min manat həcmində xidmət göstərilib. İstehlak bazarı dinamik inkişaf edib və pərakəndə ticarət şəbəkəsindən rayon əhalisinə 1 milyard 635 mln 968 min manatlıq istehlak məhsulları satılıb. Tikinti sektorunda bütün maliyyə mənbələri hesabına 101 milyon 502 min manat əsas fondlar istifadəyə verilib. Qaradağ rayonunda iqtisadi və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 322 milyon 404 min manat məbləğində investisiya yönəldilib. Əhaliyə göstərilən pullu xidmətlərin həcmi 109 mln 599 min manat təşkil edib. Bunlardan əlavə, ötən il həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində Qaradağ rayonunda bir çox layihələr icra edilərək yeni istehsal və xidmət müəssisələri yaradılıb. Yeni yaradılmış istehsal və xidmət sahələrində 255 yeni iş yeri yaradılıb: “Hazırda yeni istehsal və xidmət sahələrinin yaradılması istiqamətində tədbirlər davam etdirilir”.
Ümumiyyətlə, bu cür tədbirlərin davamlı keçirilməsi isə bu rayonda sahibkarlığın daha yüksək templə inkişaf etdiriləcəyini göstərir. Yuxarıda sadaladıqlarımız Qaradağın mövcud iqtisadi potensialından tam istifadə edilməsi demək deyil. Çünki ərazisinə görə Bakının yarısı qədər olmasına baxmayaraq, Qaradağda istifadəsiz sahələr və ərazilər çoxdur. Coğrafi vəziyyətini nəzərə alaraq, bu rayonu böyük sənaye mərkəzinə çevirmək üçün potensial imkanlar var. Ölkə Prezidenti İlham Əliyevin dediyi kimi, Qaradağ rayonunun ölkəmizin sənaye potensialının inkişafında öz rolu olmalıdır. İkinci sənaye mərkəzi Qaradağ rayonu olmalıdır. İnanırıq ki, dövlət başçısının səyləri nəticəsində iqtisadi-sosial potensialının dövriyyəyə cəlb edilməsi yolu ilə Qaradağ rayonunun ölkə iqtisadiyyatında və onun sosial həyatında rolu ən əlverişli səviyyəyə qalxacaq.

 

Məqalə Qaradağ Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün hazırlanıb.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
25.05.2018
24.05.2018
23.05.2018