Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Əmlakını xanımına etibar edənlər - ARAŞDIRMA
Tarix: 01.05.2018 | Saat: 14:42:00
Bölmə:Araşdırma | çapa göndər

Mühafizəkar Azərbaycan ailələrində əmlakın adətən ailə başçılarının – kişilərin adına olmasını illərdir qayda imiş kimi qəbul etmişik. Son vaxtlar bu məsələdə “yumşalma” hiss olunur, artıq əmlakı bölüşmək kimi proses baş verir.

Daşınmaz əmlak, bank depozitləri, avtomobil və digər qiymətli sayılan əşyaların evin xanımın adına sənədləşdirilməsi tendensiyaya çevrilib.
Məlumdur ki, cərimələr, sanksiyalar son illər həyatımızın böyük bir hisisəsini əhatə edir. Ailə başçısının hər hansı vergi borcuna və yaxud digər öhdəliyinə görə əmlakına həbs qoyulması ailənin bütün işini iflic edir. Məsələn, avtomobilə həbs qoyulması ailə üzvlərinin hamısının piyada qalması deməkdir.
Mütəxəssislər hesab edir ki, bu və digər səbəblərə görə, əmlakın bir qisminin ailə üzvlərinin, əsasən də evin xanımın adına sənədləşdirilməsi çətin vəziyyətdən çıxış yolu sayılır.

Fakt var, səbəb yox…

Son aylar əmlakın ailə üzvlərinin adına sənədləşidirlməsi və yaxud bağışlanması hallarının artdığını paytaxtdakı notariat kontorlarından da təsdqilədilər.

7 saylı notariat kontorunun xüsusi notariusu Vədətov Nadir deyir ki, son aylarda olunan müraciətlər arasında ərin əmlakını arvadına bağışlaması faktları olub. Lakin onlar prosesin səbəbləri barədə hər hansı məlumat öyrənməyiblər.

Binəqədi rayonu 11 saylı notariat kontorunun hüquqşünası Günel Əhmədova da iki ay əvvəldən başlayaraq belə prosesin sürətləndiyini desə də, səbəbi bilmədiyini dedi.

İstiqrazı xanımının adına alanlar

Maraqlıdır, uzunmüddətli olması ilə son vaxtların dəbdə olan hədiyyəsi sayılan istqirazların da evin xanımının adına alınması halları çoxalıb.

SOCAR istqirazalarının satışını həyata keçirən "PSG Kapital" investisiya şirkətinin təmsilçisi Sevinc Gəncəliyeva deyir ki, istiqrazlar dövriyyəyə buraxılandan proseslə tanışdır və bu müddətdə ən çox müşahidə etdiyi kişilərin həyat yoldaşlarına qiymətli kağız hədiyyə etməsidir:

“İstiqrazı hədiyyə üçün alanlar çoxdur. SOCAR buraxdığı istiqrazların likvidliyinə təminat verir. İstənilən vaxt istiqrazı qaytara bildikləri üçün bu, tez-tez qərar dəyişən qadınlar üçün sərfəli hədiyyədir. Ər-arvad birlikdə bizə müraciət edir və biri digərinin adına alır və yaxud öz adına alıb sonra notariusdan aidiyyəti şəxsin adına köçürənlər də var. Əgər cütlük yaxınlaşırsa, əmin oluruq ki, istiqrazı xanımın adına alacaq. Hər gün belə təxminən 4-5 nəfər müştərimiz olur. 

Qeyd edim ki, prosesdə xanımların təşəbbüskar olduğunu bilmək çətin deyil, çünki söhbət zamanı da müşahidə edirik ki, onları bu qiymətli hədiyyəyə görə çox sevinirlər”.

Boşanmış qadın - etibarlı mülk ortağı

Daşınmaz əmlak üzrə ekspert Nüsrət İbrahimov tendensiyanı belə şərh edir: “Sovet dönəmində belə bir ənənə var idi. Ölkədən daha çox kişilər çıxdığına görə əmlakın evin xanımının adına keçirilməsi zərurəti var idi. Bu, sənədləşdirmədə hər hansı problem ortaya çıxacağı təqdirdə, ailə başçısının uzaqda olmasının prosesə mane olmaması üçün edilirdi.

Bəziləri isə hüquqi baxımdan riskli sahələrdə çalışdığı üçün əmlaklarını qorumaq məqsədi ilə onu ailə üzvlərinin adına keçirirdi. Son vaxtlar isə tendensiyaya çevrilən daha bir fakt saxta boşanmalardır ki, bu zaman da əmlakın bir qismi həyat yoldaşının adına sənədləşdirlir. Bu, həyat yoldaşı ilə hər hansı bağlılığın olmadığını sübut etmək məqsədi daşıyır və onları əmlakın əldən çıxması ilə bağlı yaranacaq təhlükədən qismən xilas edir”.

“Kişilər var-dövlətlərinin əldən çıxa biləcəyindən ehtiyat edirlər”

“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birlyinin sədri Mehriban Zeynalova isə Nüsrət İbrahimovun dediklərinin əksini söyləyir.

Məlumdur ki, məhkəmə çəkişmələrində mülki işlər - ər-arvad arasında əmlak bölgüsü məsələsi həmişə üstünlük təşkil edib. Şikayətlər arasında qadınların əmlak bölgüsündən kənarda qalması problemi qeyri-hökumət təşkilatlarını da hərəkətə gətirən səbəblərdən olub. M.Zeynalova deyir ki, kişilərin əmlakını xanımlarının adına sənədləşdirməsi sovet dönəmində daha aktual idi, çünki boşanma halları az idi. İndi isə əmlakı qadının adına keçirməyə risk eləmirlər, çünki boşanma halları çoxalıb və kişilər var-dövlətlərinin əllərindən çıxa biləcəyindən ehtiyat edirlər: “Bizə müraciət edən qurbanların əksəriyyəti əmlak bölgüsü problemi yaşayır. Bütün əmlakın kişinin adına olması üzündən çətinlik yaşadığı üçün bizim sığınacağa müraciət edən yüzlərlə qadın var. Ümumi vəziyyət dəyişilməzdir – hazırda əmlak böyük faiz hesabı ilə kişilərin adınadır. Yalnız avtomobil alğı-satqısında cüzi də olsa fərq hiss olunur. Bu da qadın sürücülərin sayının artmasından irəli gəlir”.

Kommunist rejimindən qalma ənənə

Hüquqşünas Namizəd Səfərov təsdiqləyir ki, bu tendensiya uzun müddətdir ölkədə var və kommunist rejimindən qalma ənənədir: “Hələ sovet dönəmində iççilərin adına rəsmi əmək haqqı az məbləğdə göstərilirdi, rüşvət faktı isə çox olduğu üçün vəzifə sahibləri qeyri-qanuni yolla qazandıqlarını leqallaşdırmaq üçün onu ailə üzvlərinin adına sənədləşdirirdi.

İndi isə kapitalizm cəmiyyətində yaşadığımıza baxmayaraq, dövlət əmlakının, ictimai əmlakın mənimsənilməsi, oğurluq halları heç də sovet dönəmindəkindən geri qalmadığına görə əmlakını etibarlı şəxsləriın – ailə üzvlərinin adına keçirməsi tendensiyaya çevrilib.
Hazırda elə vəzifəli şəxslər var ki, ölkənin iri müəssisə və şirkətlərinə sahibdir, amma həmin obyektlər onların öz adına yox, etibarlı adamlarının adınadır. O şəxslər özləri də bilir ki, etdikləri qeyri-qanunidir. Qanuni olsaydı onun vergi sənədləri, maliyyə hesabları qaydasında olardı və sahibkar aidiyyatı qurumlar qarşısında gözükölgəli olmazdı. Bunlar olmadığına görə əmlakı başaqasının adına qeydiyyata salırlar. Bu isə onları xilas eləmir. Çünki məhkəmə şəxsin törətdiyi cinayəti aşkar edəndə bütün əmlak müsadirəyə gedir”.

Psixoloji rahatlıq üsulu

Məlum olduğu kimi Əmanətlərin Sığortalanması Fondu şəxsin bank hesabında olan əmanətlərin 30 min manata qədərini sığortalayır. Odur ki, banka bundan yüksək məbləğdə vəsait qoymaq istəyən digər şəxslərin adına hesab açmalı olur. Bu şəxslər isə etibarlı hesab olunan ailə üzvləri olur.

Namizəd Səfərov deyir ki, daşınmaz əmlak kimi bank hesabları da məhkəmə predmeti sayılır: “Xatırlayırsınızsa son illər ölkədə “Rabitə işi”ndə, Azərbaycan Beynəlxalq Bankı ilə bağlı məsələdə oxşar hallar var idi - vəzifəli şəxslərin əmlakının bir qismini ailə üzvlərinin adına sənədləşdirmsi faktı üzə çıxmışdı. Lakin bu, onları xilas etmədi.
Bu, sadəcə psixoloji rahatlıq üsuludur. Yəni sərvəti ailə üzvlərinin adına sənədləşdirməklə etibarlı sığortalamaq mümkün deyil. Nə düşündüyümzdən asılı olmayaraq istintaq onun necə əldə olunduğunu müəyyən edir. Qanunverciliyə görə, əgər əmlakın cinayət yolu ilə əldə olunduğu sübut olunarsa, əmlak müsadirəyə gedir. Əmlakını həyat yoldaşının, övladlarının və digər qohumlarının adına rəsmiləşdirməsi şəxsi əsuliyyətdən yayındıra bilməz”.

Statistika aparılmır

Maraqlıdır, ölkədə daşınmaz əmlakın neçə faizi evin xanımının adına sənədləşdirilib? Sualla Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti və Dövlət Statistika Komitəsinə müraciət etdik.

Sorğumuza cavab olaraq bildirildi ki, Azrbaycanda daşınan və daşınmaz əmlakın neçə faizinin qadın, neçə faizinin isə kişilərin adına olmasına görə cins bölgüsü aparılmır. Baxmayaraq ki, hələ də Azərbaycanda ər və arvadın qarşılıqlı razılaşmaya əsasən bağladığı ən vacib sənədlərdən biri – nikah müqaviləsinə münasibət birmənalı deyil. Və qeyd etdiyimiz kimi ən qalmaqallı məhkəmə çəkişmələri məhz əmlak bölgüsü ilə bağlı olub.

Erməni artisti müflis edən qadın

Yeri gəlmişkən, 82 yaşlı SSRİ xalq artisti Armen Cigerxanyan 2016-cı ildə özündən 44 yaş kiçik olan 38 yaşlı Vitalina Sımbalyuk-Romanovskaya (Виталина Цымбалюк-Романовская) ilə ailə qurub. Aktyor ötən ay səhhətində yaranan problemlə bağlı xəstəxanaya yerləşdirildikdən sonra xanımı əmlakı ələ keçirərək onu evə buraxmaqdan imtina edib.

Məlum olub ki, rəsmi nikaha girdikdən sonra aktyor özü bütün əmlakını həyat yoldaşının adına rəsmiləşdiribmiş. Bu isə onun müflis olması ilə nəticələnib. Deməli, “Qadına ev versən yuva edər” misalı heç də həmişə keçərli deyil. Necə deyərlər qadın adamı rəzil də edər, vəzir də...



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
19.05.2019
18.05.2019