Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Taksi sürücüləri aksiya keçirə bilər
Tarix: 07.10.2010 | Saat: 14:15:00
Bölmə:Araşdırma | çapa göndər

Taksi fəaliyyətində aparılan islahatlar bu sahədə çalışanların narazılığına səbəb olub. Öyrəndik ki, ölkəyə yeni taksilərin gətirilməsi və bu taksilərdə 3 min nəfərin işləyəcəyi, qalanlarının isə işsiz qalacağı, köhnə taksilərin xətdən çıxarılacağı, sürücü işləmək üçün ingilis dilinin tələb olunması və bu kimi xəbərlərə sürücülər etiraz edir. Taksi sürücülərinin etiraz aksiyası keçirəcəyi ilə bağlı məlumatlar da gündəmdədir.
Yeri gəlmişkən, hazırda Bakıda 5000-ə yaxın taksi fəaliyyət göstərir. Bu isə o deməkdir ki, yeni qanunların tətbiqindən sonra hər 3 taksidən 1-i ləğv olunacaq ki, bununla da hazırda bu sahədə işlyəyən 8 mindən çox adam işsiz qala bilər.
Nəqliyyat Nazirliyi isə hələlik yeni taksilərin kimlərə və hansı şərtlərlə verilməsi ilə bağlı dəqiq məlumat vermir. Məlum olan yalnız odur ki, paytaxt ərazisində fəaliyyət göstərəcək bənövşəyi rəngli “Tx4“ markalı “London“ taksilərində işləmək yalnız 3 min nəfərə nəsib olacaq. Sürücülərdən isə ingilis dili bilmək və şəhəri yaxşı tanımaq tələb edilir. Hələlik taksilərin nəğd, icarə və ya kredit yolu ilə veriləcəyi isə məlum deyil. Sürücülərin etirazlarını öz dillərindən eşitmək və hazırkı taksi bazarının durumunu öyrənmək məqsədi ilə taksi sürücülərinin özləri ilə söhbətləşmək qərarına gəldik. Yolumuzu taksilərin daha sıx olduğu bir neçə ərazidən saldıq. Şəhərin mərkəzi hissəsində küçənin tinində bir neçə taksi sürücüsünü görüb onlara yaxınlaşdıq. Gəlişimizin məqsədini bilən taksi sürücülərinin elə bil dərdi təzələndi. Sürücülər hamılıqla bildirdilər ki, bu cür islahatlar sahibkarlıq fəaliyyətinin məhdudlaşdırılması deməkdir: “Əgər bizim fəaliyyətimiz məhdudlaşarsa, bunun əvəzində kompensasiya tələb edəcəyik“.
Sürücülər həmçinin Nəqliyyat Nazirilyinin qarşısında piket keçirərək haqlarını tələb edəcəklərini də dedilər: “Hər ay vergi ödəyirik. Bizim VÖEN-imiz də var. Taksi sürücülərini qeydiyyata alıblar. Fəaliyyətimiz qanunsuzdursa, nəyə görə pul ödəyirik?“.
Taksi sürənlər arasında müəllim də var, elmlər namizədi də
Bu xəbər uzun illər taksi sürücüsü işləyən Əlfəddin Qurbanovun da kefinə soğan doğrayıb: “Bu xəbəri eşitdiyim gündən elə bil tikan üstündə oturmuşam. Sürücü babayam. Ömrüm boyu işim, vəzifəm bu olub. 40 ildir ailəmi taksi sürməklə dolandırıram. Çörəyim bu köhnə maşınımdan çıxır. Taksi fəaliyyəti məhdudlaşsa, bizim güzəranımız necə olacaq? Yaxşı mən razı. O təzə maşınlardan birini versinlər mənə, bu maşını aparım qoyum qaraja. Amma yəqin ki, təzə maşını havayı verməyəcəklər. Taksi sürücüsünün pulu hardadır ki, təzə maşın alsın“.
Sürücü Namiq Məmmədov da taksi fəaliyyətində aparılan islahatların onun kimi yüzlərcə sürücünü gündəlik qazandığı 5 - 10 manatından edəcəyini dedi: “Deyirlər taksi sürücüsü ingilis dili bilsin, imtahan versin. Biz əliqabarlı fəhlələrik. Elə ingilis dilini bilsəydik özümüzə yaxşı bir iş tapardıq da. Daha niyə taksi sürürük. Deyirlər taksiləri yığışdıranda tıxaclar da aradan qalxacaq. Ömrümü Bakıda yaşamışam. Bu şəhərin hər çığırına bələdəm. Tıxacları bu şəhərdə taksilər yox, iritutumlu avtobuslar yaradır. Həm də son illər Bakıda maşın əlindən tərpənmək olmur. Burda taksilərin günahı nədir? Bu gün taksi sürənlər arasında müəllim də var, elmlər namizədi də. Hərə dolanmaq üçün köhnə-külə maşınının üstünə “şaşki“ qoyub çörəkpulu qazanır. Yaxşı ev-eşiyimiz yox, dolanışığım da göz qabağında“.
Əslən Bərdəli olan İmran kişi isə ixtisasca müəllimdir. O müəllim məvacibi ilə böyük ailəsini dolandıra bilmədiyi üçün iş-gücünü atıb Bakıya gələrək “taksovat“lıqla məşğul olur: “Özüm ali təhsilli müəlliməm. Məktəb direktoru 1 aklad dərs üçün müəllimdən rüşvət istəyir. Məktəbdən 120 manat maaş alırdım. Ona görə də işimi ataraq köhnə maşınımı da götürüb Bakıya gəldim. Əsasən şadlıq evlərinin, xəstəxanaların qarşısında işləyirəm. Birtəhər ailəyə qazanc aparıraram. İndi də deyirlər ki, rayon maşınların Bakıdan çıxaracaqlar. Mən də istəyirəm rahatca evimdə yaşayıb, işləyim. Amma dolanmaq olmur axı“.
İmran müəllim taksi sürücüsünün cəmiyyətdə nüfuzunun ən aşağı səviyyədə olmasından da şikayətləndi: “Mənim atam bizi taksi sürməklə dolandırıb, oxudub. Sovet dövründə elə bir qayda-qanun var idi ki, hər yoldan ötən taksi sürücüsü ola bilməzdi. Hətta taksi sürücüsünün adı gələndə evin ən gözəl qızını ona verirdilər. İndi isə bizimlə aşağılayıcı tonda danışırlar. İnsan özü-özünə nifrət edir. Amma neyləmək olar. Ailəmizi birtəhər dolandırmalıyıq da. Müəllim maaşı yaxşı olsa idi, mən nəyə görə taksi sürməli idim... Neyləsin yazıq müəllimlər. Elə müəllimlər tanıyıram, gündüz dərs deyir, gecələr taksi sürməklə güzəran keçirir“.
Hər taksinin öz ərazisi var
Müxtəliftaleli taksi sürücülərinin hərəsi öz dərdini anlatmağa çalışırdı. Onların bəziləri isə bütün bu yeniliklərin pul yığmaq üçün bəhanə olduğunu deyir: “Pul tələsidir, başqa heç nə. Görə-görə gəlmişik. Gah deyirlər maşının köhnədir, get rənglə, bu qədər də pul ver. Gah deyirlər mərkəzdə dayanmaq istəyirsənsə, əlavə pul ver. Heç nədən nömrəni açırlar. Hamısının da başında pul durur. İndi də deyirlər köhnə maşınlar işləməsin. Köhnə maşınlarda bilinir ki, onların sahibi kasıblardır. Yazıq kasıb təzə maşını necə alsın? Bizim işimiz Allaha qalıb“.
“Bəs gündəlik qazancınız nə qədər olur“ sualının cavabında sürücülər bunun taksinin fəaliyyət göstərdiyi yerdən çox asılı olduğunu dedilər. Yeri gəlmişkən, hazırda paytaxt ərazisində fəaliyyət göstərən taksilərin hərəsinin öz ərazisi var və bu əraziyə digər bir taksi daxil ola bilməz. Məsələn: “Sabir bağı“nın yaxınlığında uzun illər “işləyən“ sürücülər söylədilər ki, bu gün (dünən) 1 nəfər də olsa müştəri onlara yaxınlaşmayıb. Mərkəzi Kliniki Xəstəxananın yaxınlığındakı sürücülər isə xəstəxanadan çıxanların çoxunun evə taksi ilə getdiyini bildirdilər: “Qazanc həm də sürücünün özündən asılıdır. Nə qədər çox işləsən, o qədər də qazanacaqsan. Müştəri olanda şükürlər olsun, narazılıq etmirik. Babat dolanırdıq. Dayanmadan işləsək 15 - 20 manat qazana bilərik. Ancaq qazancımızın hamısı özümüzə qalmır axı. Hər gün benzin alırıq, bundan əlavə, maşın durmadan işlədiyi üçün hər dəfə bir hissəsi sıradan çıxır. Ehtiyat hissələrinin də qiyməti günbəgün bahalaşır“.
“Gedişhaqları nəyə görə bahadır“ sualının cavabında isə sürücülər bunu da xərclərinin çox çıxması ilə əlaqələndirdilər: “Taksidən adətən kasıb təbəqə istifadə edir. Varlıların hamısının maşını var. Ən çox toydan çıxanlar, toya gedənlər, xəstəxanaya xəstə aparanlar və ya ordan xəstə çıxaranlar, bir də ticarət mərkəzlərindən alış-veriş edənlər taksilərdən çox yararlanırlar. Bir də dəmir yolu və avtovağzal ətrafında taksilərə ehtiyac olur. Ümumilikdə isə əhali marşrutlardan, metrodan istifadə edir“.
“VAZ 11“ markalı şəxsi avtomobili ilə taksi xidməti göstərən Mübariz Məmmədov isə deyir ki, əgər həqiqətən köhnə maşınlara qadağa tətbiq edilərsə, rayonlararası taksi sürənlərin vəziyyəti daha açınacaqlı olacaq: “Bir də deyirlər hər rayon taksisinin öz rəngi olacaq. Onda başqa rayondan şəhərə müştəri gətirənlərin də bazarı bağlanacaq. Mən daha çox Salyan, Sabirabad - Bakı marşrutu ilə işləyirəm. Şəhərdaxili taksidə qazanc azdır. Şəhərlərarası taksi sürmək daha sərfəlidir. Bu işdə yüzlərcə mənim kimi sürücü çalışır. Bizim vəziyyətimizi düşünmürlər? Bütün sürücülər adından tələb edirik ki, əlaqəli qurumlar bizi qəbul edib problemlərimizi dinləsinlər. Yüzlərcə ailəni çörəksiz qoymaq günahdır?“.
Ağdam rayonundan olan məcburi köçkün sürücü isə Bakıda yaşayan məcburi köçkünlərin böyük hissəsinin taksovatlıq etdiyini dedi: “Külfətimizi məhz bu yolla dolandırırıq. Mən də istəyirəm normal işim, yaxşı maşınım olsun. Nəyimə lazımdır səhərdən axşamadək yolun kənarında durub adam pusam ki, görüm taksiyə minəcək, ya yox. Bu köhnə maşın da bu yolda sıradan çıxıb. Düzəltdirmək də olmur. Bizi bundan da məhrum edirlərsə, heç olmasa, işlə təmin etsinlər. Əgər təzə qayda tətbiq olunsa, böyük işsizlər ordusu ortaya çıxacaq. Köhnə maşını olan sürücüləri xətdən uzaqlaşdırmaq əvəzinə onlara güzəştlərlə yeni maşınlar versinlər“.
Məcburi köçkün bu peşənin sürücülərin həyatları üçün riskli olduğunu da dedi: “Elə olur ki, necə kilometr yolu 4 - 5 manata sürürük. Bir də görürsən, şadlıq evindən bir sərxoş çıxıb üstümüzə bıçaq çəkir ki, məni pulsuz aparmalısan. Ya da mənzilbaşına çatanda pul verməkdən imtina edir. Çörəkpuluna görə dözürük. Elə vaxtlar da olur ki, gecələr də maşında yatırıq. Bu iş insandan əsəb, gərginlik tələb edir. Bəzən də yolların bərbad vəziyyətdə olması adamı təbdən çıxarır. Elə vaxtlar da olur ki, saatlarla tıxaclarda qalırıq. Təsəvvür edin ki, səhər saat 7-dən, gecə 12-yə kimi istirahət etmədən bu cür şəraitdə maşın sürmək nə deməkdir. Biz də razıyıq ki, təzə taksilərdəki vəziyyət qat-qat yaxşıdır. Sürücü ilə müştəri arasında arakəsmə, rahat salon və sair hamımızın ürəyincədir. Ancaq heç bir sürücü inanmır ki, o maşınlara sahib çıxa bilsin. Ona görə də sürücülər işsiz qalsalar, bir araya gəlib öz sözlərini deyəcəklər“.
Bu məqamda avtomobilə müştəri yaxınlaşır və söhbəti yarımçıq kəsməli oluruq. Qiymətdə razılaşdıqdan sonra taksi yerindən tərpənir. Biz isə eşitdiklərimizi oxucularımıza çatdırmaq üçün redaksiyaya tələsirik
Mirvari


Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
19.06.2019
18.06.2019