Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Turisti bol, şəraiti bərbad məkan – “Yanardağ” - REPORTAJ
Tarix: 07.05.2018 | Saat: 19:30:00
Bölmə:Reportaj | çapa göndər

Hələ il yeni başlamışdı, eşitdik ki, “Yanardağ” qoruğu yenidən qurulacaq. Hətta qoruğun yeni layihəsinin şəkilləri də yayılmışdı. Layihə italiyalı memarlar Laura Peretti və Sandro Tetiyə məxsus idi. 

Bundan öncə isə ərazidə müasir muzey kompleksinin yaradılması ideyasını prezident İlham Əliyev irəli sürüb. Yeni muzey konsepsiyası olan layihə Yanardag - Enerji Muzeyi - Alov Teatrı və Azərbaycanın təbii sərvətini və tarixi spesifikasını əks etdirir.
Bundan əlavə, italiyalı memarların və dizaynerlərin layihəsi gələcək muzeyin həm də açıq səmada teatr səhnəsi kimi istifadə olunmasına imkan verəcəkdi. Layihənin icrasında metalkonstruksiya və şüşədən istifadə olunması təklif edilir. Aradan, təxminən, yarım il vaxt keçib, vəziyyətin nə yerdə olduğunu öyrənmək üçün “Yanardağ”a baş çəkdik.
Mərkəzdən birsaatlıq məsafədə yerləşir - Bakının 30 kilometrliyində. Bura Abşeronun ən hündür zirvəsi hesab olunur və dəniz səviyyəsindən 86 metr hündürlükdədir. “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğuna 64,55 hektar ərazi ayrılıb. Bu əraziyə Qurd yuvası, 1 000 yaşı olan iki qəbiristanlıq və qədim məscid, Qotur su bulağı, Əli daşı, Kardaşı, Qırməki vadisi və Yanardağ daxildir.
“Yanardağ” - Abşeron yarımadasında Məhəmmədi kəndi ərazisində, dağın ətəyində təbii qazın çıxması nəticəsində alovlanan, tarixi bilinməyən təbiət abidəsidir. Abidənin tarixi ilə bağlı dəqiq məlumat olmasa da, haqqında ilk yazılı məlumatı hələ V əsrdə yaşamış Bizans alimi və səyyahı Paniliy Prisk verib. O, “Qafqaz Albaniyasına səyahət” əsərində Xəzər dənizi sahillərində qayalardan qalxaraq gecə-gündüz yanan alovlardan bəhs edib.

O ancaq açıq havada yana bilər

“Yanardağ”la bağlı çoxlu əfsanə var. Deyirlər ki, dağ şimşək nəticəsində yanmağa başlayıb. Eramızın əvvəllərindən yanmağa başlayan odu bu günə kimi nə yağış, nə çovğun, nə də qar söndürə bilib.
Onu da deyirlər ki, əvvəllər “Yanardağ”ın əks istiqamətində yanan üç təpə olub, indi isə həmin təpələr sönüb. Bakının rəmzi hesab olunan üç yanar alov dili və dəniz simvolu da “Yanar dağ”ın mövcudluğuna istinadən qəbul edilib. Bəziləri bura dini inanc yeri kimi, bəziləri isə təbiət hadisəsi kimi baxır.
Əvvəllər bu abidə dünya atəşpərəstlərinin müqəddəs məkanına çevrilibmiş. Dağın ətəyində dünyanın bütün guşələrindən atəşpərəstlər toplaşarmışlar. Bundan əlavə, Yanardağ buddistlərin də ziyarət yeri olub və onlar bu dağın müqəddəsliyinə inanıb, onun ətəyində meditasiya ediblər. Hətta indiyə kimi onu müqəddəs yer sayıb ziyarət edənlər var.
Dağ zəngin neft və qaz yataqları olan ərazidə yerləşir. Dağda alovu yaradan maddə metan qazı ilə kükürdün qarışığıdır. Sözügedən maddə istifadə üçün yararsızdır və onu yandırmaq qeyri-mümkündür. Belə qazın yanması yalnız açıq havada baş verir. Bağlı məkanda isə partlayış yaradır.

Yağıntı zamanı alov daha da güclənir

Yanğının üzərinə yağış yağan zaman o, daha da güclənir, alovun daimi çıxdığı yerlərdən əlavə, digər yelərdən də alov çıxır. Qış fəslində isə torpağın yumşalmasından kükürd üzə çıxaraq alovu daha da şiddətləndirir. Deyilənə görə, bəzən “Yanardağ”da alovun hündürlüyü 10-15 metrə çatır.
Azərbaycan Prezidentinin 2007-ci il mayın 2-də imzaladığı Sərəncam ilə “Yanardağ”ın ərazisi dövlət tarix-mədəniyyət və təbiət qoruğu elan edib. Qoruğun turizm marşrutuna daxil edilməsi, qorunması və burada turizmin inkişaf etdirilməsi üçün Mədəniyyət və Turizm Nazirliyi tərəfindən müvafiq tədbirlər görülür. Bəs qoruq necə qorunur və inkişaf etdirilir?
Suala cavab tapmaq üçün qoruq ərazisinə daxil olmaq lazımdır. Hazırda "Yanardağ"ı ziyarət etmək üçün bir nəfər yerli və xarici vətəndaş 2 manat (bələdçi ilə 5 manat), tələbə 1 manat (bələdçi ilə 3 manat), məktəbli 20 qəpik (bələdçi ilə bir manat) ödəməlidirlər.

Bələdçisiz turistlər

Son illərdə ölkəyə turist axını “Yanardağ”a gələn qonaqların sayına da böyük təsir göstərib. Burada istər qrup şəklində, istərsə də ayrı-ayrı turistlərə tez-tez rast gəlmək olur. Nəzarətçi ilə ziyarət edənlər də olur, nəzarətçisiz gəzənlər də. “Yanardağ”ın vəziyyəti buranı nəzarətçisiz gəzməyi sərfəli edir. Çünki veriləcək suallara cavab tapmaq çətindir. İllərdir, turist axınına məkan olan qoruq baxımsız vəziyyətdədir. Dağın yanan hissəsi ilə üzbəüz olan tikili əvvəllər çayxana kimi fəaliyyət göstərib, indi isə istifadəsiz qaldığı üçün uçulub dağılır. Sınıq pəncərələrdən çıxan cırıq pərdələr havada yellənir, pilləkənlər uçulub-tökülür. Ərazi təmiz olsa da, məkanın təqdimatı aşağı səviyyədədir. Turistlər bələdçilik edən şəxslər yoxdur. Məkan və tarixi abidələr barədə məlumat verilmir.
Məsələn, qavaldaşlar qoyulub, amma onların nə məqsədlə olduğu izah olunmur. Turistlər də elə bilir ki, daşları bir brinə sürtəndə od çıxır, daha bilmirlər ki, o daşlar musiqi effekti verir.

Ümumiyyətlə, məkanın nə özü, nə də ərazidəki tapıntılar barədə bir dənə də olsun yazılı məlumat yoxdur, hansı ki, bələdçisiz belə onun vasitəsilə turistlər məlumat ala bilsinlər. Ərazidəki tikililərdən axan kanalizasiya suyu isə əsl çirkab mənbəyidir və düz dağın ətəyinə axıdılır.

Qeyd edək ki, 2017-ci il dekabrın 29-da Prezident İlham Əliyev “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunu ziyarət edib. Qoruqdakı vəziyyətlə tanış olan dövlət başçısı burada şəraitin dözülməz olduğunu bildirib. Qeyd edib ki, bu qoruğa həm Azərbaycan vətəndaşları, həm də çoxsaylı turistlər gəlir və buradakı şərait ölkəmizin bugünkü inkişaf səviyyəsinə uyğun deyil. Prezident İlham Əliyev aidiyyəti dövlət qurumlarına ciddi tapşırıq verib ki, bu dözülməz vəziyyət qısa müddət ərzində aradan qaldırılsın, Azərbaycan vətəndaşları və turistlər üçün yüksək standartlara cavab verən şərait yaradılsın.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
23.05.2018
22.05.2018