Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Yer altında yaşayan şəhər
Tarix: 07.10.2010 | Saat: 14:15:00
Bölmə:Reportaj | çapa göndər

“Tarix bizim keçmişimizdir“ sözü əbəs yerə deyilməyib. Azərbaycan xalqının tarixi isə olduqca fərqli və zəngindir. Hələ qədimlərdən bizə miras qalan abidələr bu gün bizim necə xalq olduğumuzdan, hansı adət-ənənələrlə yaşadığımızdan xəbər verir.
Hər qazıntı bir tarix, bir zənginlik dolu xəzinədir. Azərbaycan zaman-zaman yadellilərin işğalına məruz qalsa da, bu gün də zəngin tarixi keçmişini qoruyub-saxlayır. Bizə qalansa bu xəzinəni aşkar edərək, araşdırıb dünyaya göstərməkdir.
(II yazı)
Ağsu şəhərində qazıntılar aparan fədakar tarixçilərimizin də amalı elə budur. Bu işdə çalışan insanlar çox ağır, məsuliyyətli, şərəfli və çətin bir peşə ilə məşğuldurlar. Bu işlə məşğul olan şəxslər və onların iş prinsipləri haqqında ötən sayımızda məlumat vermişdik. Bu dəfə isə istərdik ki, qazıntılar zamanı aşkarlanan şəhərin qalıqları haqqında məlumatları oxuculara çatdıraq. Bəli, orta əsr Ağsu şəhərində aşkarlanmış zəngin, rəngarəng, müxtəlif formalı və istifadə yerlərinə görə müxtəlif təyinatlı maddi mədəniyyət qalıqları arasında metal məmulatları da tapılıb. Aşkarlanan metal məmulatların müxtəlif çeşiddə olmasının ən başlıca səbəbi Azərbaycanın xammal ehtiyatları-kaolin yataqlar, qiymətli daşlar, gil ehtiyatları və sair ilə zəngin olmasıdır. Qazıntı aparılan III - IV sahədə XVIII əsrin özünəməxsus tikililəri, məhəllələri, Şirvan memarlıq üslubunda inşa olunan hamam kompleksi, istehsal ocaqları, dəmirçi kürələri, emalatxanalar, şəhər əhalisini çörəklə təmin edən təndirlər, iş zamanı sənətkarların istifadə etdikləri əmək alətləri, məişət və təsərrüfat avadanlıqları aşkar edilib. Maraqlı amil ondadır ki, həmin emalatxanalar bir-birinin yaxınlığında inşa edilmiş və burada çalışan sənətkarlar sənətin müxtəlif sahələri, o cümlədən keramika, daşişləmə, dəmirçilik, misgərlik, şüşəişləmə, sümükişləmə və digər sənətlərlə məşğul olublar. Qeyd edilən dövrdə bəzi sənət sahələri zəifləyib tənəzzülə uğrasa da, metalişləmə əvvəlki illərdə olduğu kimi qalaraq XVIII əsrdə inkişaf edib və aparıcı sənət sahələrindən birinə çevrilib.
Etnoqrafik müşahidələr əsasında aydınlaşıb ki, qədim dəmirçilik sənəti ilə əsasən yerli ustalar, misgərliklə isə Lahıc ustaları məşğul olublar.
Xüsusi maraq doğuran tapıntılardan ən əsası təqribən IV - V əsrlərə məxsus olanlardır. Həmin əsrlərdə İranın Gilan vilayətindən əsasən Girdiman ərazilərinə köçürülən sənətkar ailələri nəslindən olan ustalar sonralar Lahıc, Əhən, Dəmirçi kəndlərində ata-babadan öyrəndikləri bu sənəti yaşadaraq daha da inkişaf etdiriblər. Xatırladaq ki, III qazıntı sahəsindən həmçinin dəmirçi ocaqları, onların yaxınlığında isə çoxlu metal külçələr aşkarlanıb.Onlar arasında dairəvi, ellipsvarı, yastı və qabarıq formada olan külçələrə də rast gəlmək olur. Belə metal külçə və çıxarlar Azərbaycanın digər orta əsr abidələrindən də bizə məlumdur. Qazıntı gedən sahədə dəmirçi emalatxanasının ətrafından külli miqdarda metal çıxarları aşkar edilib. Həmin sahədən dəmirçi ustaların istifadə etdiyi müxtəlif ölçülü və müxtəlif formalı daş əşyalar da tapılıb. III sahədə öyrənilmiş dəmirçi emalatxanası ərazisində tullantılarla yanaşı, kəsilmiş, lakin istifadə olunmamış xammal qalıqları da aşkarlanıb. Tapıntıların təhlili göstərir ki, dəmirçi ustalar məmulatın hazırlanmasında qaynaqetmə üsulundan da istifadə ediblər. Bu zaman dəmir parçaların qaynaq ediləcək hissələri qızdırılır, bir-birinin üstünə qoyularaq döyülürdü. Proses hissələr bir-birinə birləşənə qədər aparılırdı. Buna bıçaqların, dəhrələrin, baltaların dəstək hissələrini misal göstərmək olar. Qazıntılar zamanı aşkarlananlar arasında dəmirçi ustaların istifadə etdikləri əmək alətləri - çəkic, dəmirçi maşası, deşikaçan, məişət və təsərrüfat əşyaları, qazanlar, dəmir qaşıq, balta, dəhrə, qarmaq və halqalar, qayçılar, oymaqlar, nal nümunələri, buxov, mıx, cəftə, halqa, eyni zamanda silah qalıqları, misgərlik sənəti, misdən düzəldilmiş qapaq, cam, şamdanın altı, çırağın lalası, qaşıqlar və bu kimi əşyalar aşkar edilib. Həmin dövrdə istifadə edilən zərgərlik nümunələri quruluşularına görə müxtəlif formalarda olub. Onları baş, döş, geyim, qol bəzəkləri, muncuqlar və digər zərgərlik nümunələri kimi qruplara ayırmaq olar. Boyun, döş və yaxa bəzəkləri əsasən medalyonlardan ibarətdir ki, bunlar da misdən hazırlanmış dairəvi və oval şəkillidir. Ağsu qazıntıları zamanı aşkarlanmış medalyonlardan birinin səthi nəbati təsvirlərlə zəngin bəzədilib. Digərləri isə nazik mis təbəqədən sadə üsulla hazırlanıb. Medalyonlar arasında bir medalyon isə ürək formasındadır. Yan tərəflərində səliqə ilə deşiklər açılıb, orta hissədə qönçə-gül və sünbül təsvirləri işlənib. Təsvirlər yapma üsulundan istifadə edilməklə işlənilib. Medalyonların isə hazırlanmasında döymə üsulundan istifadə edilib.
Qazıntılar zamanı az da olsa geyim bəzəkləri - kəmər hissələri, toqqa, toqqaqabı da aşkarlanıb. Bu nümunələr isə əsasən misdən və gümüşdən hazırlanandır. Son orta əsrlərdə kəmərlər ayrı-ayrı hissələrdən ibarət hazırlandıqdan sonra qaynaq üsulu ilə birləşdirilir. Qaynaq ediləcək hissələr qatlanaraq bir-birinin içərisinə geydirilir və isti kürədə qızdırıldıqdan sonra zərif döymə üsulu ilə iş başa çatır. Məişət və təsərrüfat əşyaları sırasında III və IV qazıntı sahələrindən çıxan bıçaq, balta, dəhrə, qazan, qaşıq, qayçı, ərsin, oymaq və digər əşyalar var ki, onların arsında diqqətimizi çəkən bıçaqlardır. Əksəriyyətinin isə tutacaq yeri ensizdir. Enli olan kəsər hissə uca doğru getdikcə sivriləşir. Uzun müddət istifadə olunduğundan kəsər yerlərində də naziklik hiss edilir. İstidöymə üsulu ilə hazırlanmış bıçaqların dəstəyində qaynaq izləri, bəzilərində isə taxta qalıqlar var. Etnoqrafik müşahidələrə əsasən, kiçikölçülü bıçaqların məişətdə, iriölçülü bıçaqların isə ovçuluqda, bəzən isə hərbdə istifadə edildiyi haqqında fikir söylənilir.
Son orta əsrlərdə xörək bişirilən saxsı qazanlarla yanaşı, dəmir qazanlardan da istifadə olunduğu bildirilir. Nümunə olaraq qazma yerindən tapılan qalın divarı, qazana məxsus fraqmentləri misal göstərmək olar. Dəmirdən hazırlanmış bu qazan iri gövdəyə və qulaqvarı qulpa malikdir. Daha 2 ədəd qazan nümunəsi V qazıntı sahəsində 50 sm dərinlikdən tapılıb. Enli gövdəyə malik nümunədən ehtimal olunur ki, tiyan kimi də istifadə etmişlər. Xatırladaq ki, belə qazan hissələri Naxçıvan və Şamaxıdan da tapılıb. Onların içərisində olan dəmir qayçılar göstərir ki, son orta əsrlərdə bu əşyalar əhalinin məişətində mühüm rol oynayıb. Qazıntılar zamanı nal nümunələrinə də rast gəlmək mümkündür. Nalbəndlik ayrıca sənət sahələrindən biri olan və son orta əsrlərdə formalaşmış sənətkarlıq sahələrindən birinə çevrilib. Bu sənətin sürətlə inkişafına başlıca səbəb tez-tez müharibələrin törədilməsi nəticəsində süvari qoşunların atlarının nallarının dağılmaması və bu “nəqliyyat“ növünə tələbatın artması olub. III qazıntı sahəsindən buxov və 1 ədəd buzov açarı da tapılıb ki, boru formalı olan buzovların orta hissəsində novşəkilli yarığı var. Buxovların baş tərəfləri dairəvi formalıdır və qaynaq üsulu ilə bir-birinə birləşdirilib. Bundan başqa, qazıntı aparılan sahədən müxtəlif ölçülü və müxtəlif formalı mıxlar və dəmir əşyalara da təsadüf edilib. Müəyyənləşdirilib ki, həmin əşyalardan tikinti sahəsində istifadə olunub. İri mıxların uzunluğu 15 - 22, kiçik mıxların uzunluğu isə 3 - 5 sm-dir. Baş hissələri dairəvi, papaqvarı, göbələkvarı formalı olsa da, bir qayda olaraq hamısı uca doğru sivriləşir. Həm iri, həm də kiçikölçülü mıxların bir qisminin en kəsiyi dairəvi, bir qismininki isə dördkünc formalıdır. Kobud mıxlarla yanaşı, qazıntı zamanı nazik və şişuclu nümunələrə də təsadüf edilir. Ehtimal olunur ki, belə mıxlar evlərin daxilində istifadə edilmək üçün hazırlanıb.
Ağsu qazıntıları zamanı cəftə və halqa nümunələrinə də tez-tez təsadüf olunur. Formalarına görə belə cəftələri 2 qrupa bölmək olar. Onların bir hissəsini çubuq formasında düzəltdikdən sonra bərabər qatlanaraq sivriləşdirilib, qatlanan hissə isə qıfıl keçirmək üçün halqavarı formaya salınıb. Dəmir cəftələrin əsasən bir ucu döyülüb sivriləşdirilib, digər ucu isə halqa şəklinə salınaraq istifadə olunub. Həmin cəftələr qapı, pəncərə, sandıq və mücrülərin bağlanmasında istifadə edilib. Cəftələrin bəziləri 2, bəziləri isə 1 hissədən ibarətdir. Darvaza və qapıları bağlanmaq üçün düzəldilib. Qazıntılarda tapılan halqaların diametrləri 10 - 14, kiçiklərinin diametri isə 4 - 6 sm-dir. Arxeoloji qazıntılar nəticəsində 4-cü kvadratda inşaat materialına aid 1 ədəd dəmir bənd də tapılıb. Onun enli hissəsi 4, uzunluğu isə 7 sm-dir. Bəndlərdən daşı daşla, ağacı ağacla və ya əksinə, məmulatları bir-birinə birləşdirmək üçün istifadə olunub. Ağacları bərkidən zaman bəndin mıx formalı ucları zərblə ağaca vurulduğu halda, daşlarda isə ilk növbədə oyuqlar açılmış, çənbərlərin ucları oyuqlara keçirilərək bərkidici məhlulla boşluqlar doldurulub. Yazılı qaynaqlardan məlum olur ki, bəndlərdən, xüsusilə də iri dəmir bəndlərdən qala divarlarının tikintisində geniş istifadə edilib. Təsviri verilən bu nümunələr güclü korroziyaya uğrasalar da, öz ilkin formalarını saxlayıblar və oxşarları Azərbaycanın son orta əsr abidələrindən də məlumdur.
Bundan əlavə, axtarışlar zamanı məişət və təsərrüfat əşyaları ilə yanaşı, müxtəlif növ silah qalıqları da aşkarlanıb. Onlar uzaqvuran silahların, ox uclarının, əl topunun, güllənin və sairin qalıqlarından ibarətdir. Bu növ tapıntılar içərisində diametri 20 sm olan və hazırlanarkən misin tərkibinə qurğuşun qatılmış əl topu daha çox maraq doğurur. Həm III, həm də IV qazıntı sahəsindən odlu silaha aid bir neçə güllə də tapılıb.
III qazıntı sahəsində dəmirçi emalatxanası ərazisində kiçik deşikləri olan dəmir qaba məxsus fraqmentlər aşkarlanıb. Əşyanın hündürlüyü 5,5 sm-dir. Eyni zamanda yazılı mənbələrdən məlumdur ki, Azərbaycan şəhərlərində, o cümlədən Şirvanda toxuculuq sənəti elə yüksək səviyyədə inkişaf edib ki, yun sapdan geyim üçün müxtəlif növ parçalar toxunub və paltarlar tikilib. Həmin dövrlərdə misgərlik sənəti də inkişaf edib. Buna da səbəb Azərbaycanda mis yataqlarının zəngin olmasıdır. O.Həbibullayev misgərlik sənətinin e.ə. 5-ci minilliyin II yarısından başlandığını göstərir. İ.Nərimanov isə Qazax rayonunun Qarğalartəpə yaşayış yerindən tapılmış mis muncuq dənəsini ən qədim əşya hesab edir. Dəmirçilik sənətində olduğu kimi, mis əşyaların istehsal prosesi də mərhələlərlə yerinə yetirilir. Tədqiqatçıların fikrincə, misgərlik sənətində qalay, duz və qurğuşundan hazırlanmış qaraqaynaq, sink, bürünc və tənəkardan ibarət “misqaynaq“ adlanan 2 cür lehim işlənmişdir. Etnoqrafların fikrincə, açıq calaqlar daxildən və xaricdən, örtülü calaqlar isə ancaq xaricdən lehimlənir və kürədə qızdırılaraq möhkəm yapışdırılır.
İşin ardıcıllığını yazmaqda əsas məqsədimiz isə bu tarixi abidələrin, tapıntıların millətimizə, xalqımıza məxsus olduğunu bir daha sübut etməkdir. Çünki zaman-zaman tarixi abidələrimiz digər işğalçı yadellilər tərəfindən mənimsənilib. Hətta bu kimi işlərdən xəbəri olmayanlar sonradan “bu tarix bizimdir“ deyib, nələrisə sübuta yetirməyə çalışıblar. Buna ən yaxşı misal isə bu gün düşmənimiz olan ermənilərdir ki, hər zaman torpağımızda, tariximizdə, keçmişimizdə və bu günümüzdə də gözü olub. Ümid edirik ki, bundan sonra tariximizi öz adına çıxarmaq istəyənlər buna nail ola bilməyəcəklər.
(Mövzuya yenidən qayıdacağıq)

Qələndər, Pərvin
Bakı - Ağsu - Bakı


Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
26.06.2019
25.06.2019