Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Qara dəniz delfinləri Bakıda
Tarix: 07.10.2010 | Saat: 14:15:00
Bölmə:Reportaj | çapa göndər

Artıq bir neçə gündür paytaxt Bakı delfinlərin şousuna ev sahibliyi edir. Əslində bu şounu indiyədək yerli və ya xarici telekanallardan izləyə bilirdik. Şounu canlı görmək istəyənlər isə xarici ölkələrə üz tuturdu ki, bu sərgüzəştin də astarı üzündən baha çıxırdı. Çünki yolxərci və uzaq yolun yorğunluğu şoudan qazanılan müsbət emosiyanı tamamilə heçə endirirdi.
Qeyd edək ki, paytaxtda yenicə açılan Bakı delfinariyası izləyicilərə maraqlı şou-proqram yaşatmağa iddialıdır. Elə bu məkanın maraqlı və cəlbedici tərtibatı kompleksə baş çəkənlərə “gəl-gəl“ deyir. Delfinariyanın kənardan rəng və görüntü baxımdan iri hovuza bənzədilməsi diqqətimizi ilk çəkən məqam oldu. Yəni belə demək mümkünsə, məkan büsbütün dənizə və delfinlərə həsr edilib. Hətta kompleksin girişində müştərilərə təklif edilən aksessuarlarda da ancaq delfinlər əks olunub. Bu məkana düşənlər özlərini nağıllar aləmində də hiss edə bilərlər. Çünki delfinlərin maraqlı və baməzə hərəkətləri, insanın emosiyalarına reaksiya verməsi, sadəcə, onların heyvan olmadığını düşünməyə əsas verir. Bir sözlə, paytaxtın səs-küyündən, xoş olmayan atmosferdən, işdə yaranan stresslərdən yaxa qurtarmaq istəyənlərin bu məkana üz tutması məsləhətlidir.
Giriş 10 manatdır
Bakı delfinariyasının direktoru Kənan Bədirxan deyir ki, paytaxt sakinlərinin delfin şousunu izləməyə marağı böyükdür: “Biz bu məkanı sentyabrın 24-də açmışıq. Açığı, bu layihəni reallaşdırmaqda heç bir maraq güdmürük. Bizim əsas məqsədimiz uşaqların əyləncəsini təmin etmək, onlara maraqlı anlar yaşatmaqdır. Çünki şounun qiyməti cəmi 10 manatdır. Amma bizim delfinariya açılanda qeyri-dəqiq məlumatlar yayıldı ki, guya biletlər 100 manat dəyərindədir. Bu məlumatların hamısı əsassızdır. Bizdə həmçinin 1 yaşından 5 yaşına kimi uşaqlara şouya giriş pulsuzdur. Eyni zamanda aztəminatlı ailələrin uşaqlarına müəyyən güzəştlər nəzərdə tutulur. Hətta delfinariyanın açılışı günün internat məktəblərində yaşayan bir qrup uşağı şouya dəvət etmişdik. Onlar proqramda iştirakdan xüsusi zövq aldılar. Belə aksiyalar gələcəkdə də keçiriləcək“.
Amma direktor həftənin şənbə və bazar günləri biletlərin bir qədər baha satıldığını etiraf edir: “Şənbə və bazar günü qiymətlər 15 manat olur. Əslində bu da ciddi rəqəm deyil. Çünki xarici ölkələrdə belə şounun qiyməti xeyli bahadır. Onu da bildirim ki, günorta saat 1-də, 4-də və axşam saat 7 olmaqla gündə 3 dəfə şou göstərilir. Daha çox tamaşaçı isə axşam seansında olur. Digər tərəfdən bu layihəni reallaşdırmaq üçün 2 il hazırlıq gedib. İdeya kimi isə ilk dəfə Ukraynada görmüşük. Azərbaycandakı delfinariya Gürcüstandan sonra Qafqazda ikinci məkandır. Amma eşitdiyimizə görə, indi Ermənistanda da belə bir kompleks tikmək istəyirlər. Hesab edirəm ki, bu delfinariyanın açılışı həm də xarici turistlərin Azərbaycana marağını artıracaq“.
Qara dəniz delfinləri Xəzər balığını bəyənmir
Qeyd edək ki delfinlər qaradənizlidir və Ukraynadan gətirilib. K.Bədirxanın dediyinə istinadən, delfinlərlə Ukraynadan olan 40 nəfərlik komanda işləyir: “Hələ ki, erkək və dişi olmaqla 2 delfinimiz var. Onlardan birinin adı Marlin, digərinin adı isə Doridir. Birinin 3, digərinin 1 yaşı var və delfinlərin ömrü 30 ilə yaxındır. Onlar gün ərzində 35 kiloqrama yaxın balıq yeyirlər. Balıqlar ancaq Kara dənizin məhsuludur və Norveçdən gətirilir. Onu da deyim ki, balıqların 1 kiloqramını 35 manatdan alırıq. Çünki mütəxəssislər Xəzər dənizinin balığını delfinlər üçün məsləhət görmədiyindən ərzağı Norveçdən gətirmək məcburiyyətindəyik“.
Direktor hətta delfinlərin saxlanılması üçün istifadə olunan suyun da Qara dənizdən gətirildiyini deyir. Bu prosesin iqtisadi cəhətdən nə dərəcədə uğurlu olması barədə sualımızı isə birmənalı qarşılamır: “Siz istəyirsiniz ki, mən hər şeyi açıq danışım. Biz suyu bir dəfə gətirmişik və hazırda da həmin sudan istifadə edirik. Eyni zamanda bizdə Qara dəniz suyunu zənginləşdirmək üçün xüsusi qurğular var ki, həmin avadanlıqlar vasitəsilə su lazımi tərkibə salınır. Bu baxımdan delfinlərin suyunu rahat şəkildə hər saatda dəyişə bilirik“.
Uşaqlar üçün delfin terapiyası
Yeri gəlmişkən, bu proses Azərbaycanda ilk dəfə reallaşacaq. Ona görə reallaşacaq deyirik ki, delfinariya direktorunun sözlərinə görə, terapiya noyabrın 1-dən başlanacaq. Bununla bağlı Almaniyadan terapevtlər gələcək və onlar əvvəlcə müraciət edən uşaqların xəstəliklərini araşdıracaqlar: “Əgər bizə müraciət edən uşaqların xəstəlikləri delfin terapiyası ilə aradan qalxacaqsa, onlar reabilitasiyaya yazılacaqlar. Məlumat üçün bildirim ki, delfin terapiyası əsəb xəstəlikləri, uşaqlarda iflic, beyindaxili pozğunluqların aradan qaldırılması üçün effektlidir. Düşünürəm ki, bu terapiyaya maraq böyük olacaq“.
Şounun rus dilində idarə olunmasına gəlincə isə direktor bunu kadr çatışmazlığı ilə əlaqələndirdi: “Gələcəkdə azərbaycanlılardan ibarət məşqçilərin yetişdirilməsi üçün xüsusi kurslar təşkil ediləcək. Seçim xarici mütəxəssislər tərəfindən aparılacaq və məşqləri uğurla keçən namizədlər təhsillərini davam etdirmək üçün Almaniyaya göndəriləcəklər.
Xüsusi rejim tətbiq edilir
Qeyd edək ki, delfinlərin saxlanma şəraitinə də xüsusi diqqət yetirilir və hər 2 saaatdan bir həkim müayinəsi aparılır. K.Bədirxan bildirir ki, onların saxlandığı suyun temperaturu 24 dərəcədən yüksək olmamalıdır: “Əgər bu temperatur artıb-azalarsa, delfinlərin həyatı üçün təhlükə yarana bilər. Bu baxımdan ukraynalı komanda delfinlərimizin nazı ilə oynayır. Bundan başqa, onların gündə 3 dəfə şou göstərməsində problem yoxdur. Əksinə, delfin hərəkətli heyvan olduğundan bu şoudan xüsusi zövq alır. Yəni onlara biganə yanaşılsa, süstləşə bilərlər. Ümumilikdə isə delfinlər həftənin bazar ertəsi istirahət edirlər“.
Delfinariya direktoru söhbət əsnasında gələcəkdə kompleksin genişləndiriləcəyini də dedi: “Bu məsələ bizim planımızdadır. Şouya maraq böyük olduğundan kompleksi genişləndirmək niyyətindəyik. Amma delfinlərlə işləyə biləcək yerli mütəxəssislər olmadığından planımızı bir qədər təxirə salmışıq. Təbii ki, yerli mütəxəssislərdən ibarət tam komanda formalaşandan sonra bu məsələ reallaşdırılacaq“.
Delfinlərə nə qədər pul xərclənib?
Bu rəqəmin açıqlanmasında israr etsək də, delfinariyanın direktoru bununla bağlı fikir söyləməkdən yayındı. Onun sözlərinə görə, kommersiya sirri olduğundan bu məsələdə açıqlama verməyə lüzum görmür: “Bizim kompleks Bakı Əyləncə Mərkəzinin bir obyektidir. Yəni biz bu qurumun tərkibində fəaliyyət göstəririk və həyata keçirdiyimiz layihələrin maliyyə tərəfinin açıqlanmağını xoşlamırıq. Amma bununla yanaşı, bildirim ki, delfinlər bizim kompleksə hədiyyədir. Yəni onun kimlərsə tərəfindən neçə milyon dollara alınması barədə məlumatlar tamamilə əsassızdır“.
Sevinc, Naibə


Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
20.06.2019
19.06.2019