Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Avropanın ən böyük ceyran məskəni – Reportaj
Tarix: 14.05.2018 | Saat: 16:28:00
Bölmə:Reportaj | çapa göndər

- Odur bax, görünür. Necə gözəldir, kaş toxuna biləydik. Deyəsən yaxınlaşır...

- Yox, yaxına gəlməz, ürkəkdir, adi tərpənişdən qorxub qaçır. Burada olduğumuzdan xəbəri yoxdur, yoxsa indi orada dayanardımı?Uzadqa dayanıb deyə, bizi görmür.

Amma biz onu görürük. Uzaqdan görünən ağappaq sinəsini, ürkək-ürkək başını tərpətməyini, arabir əyilib su içməyini... Qaçmaq üçün sanki əmr gözləyir. Və bu an havaya qalxan bir dəstə quş təbiət gözəlini hürküdür və bizi görüncə yerindən götürülərək gözdən itir. Şəninə şeirlər yazılan, əfsanələr qoşulan ceyranı izləyirik. Sanki “Animal Planet”dən filmə baxırıq.


Bu zövqü yaşamaq üçünsə nə Ceremi Ueyd, nə Nikolay Drozdov, nə də Qara Mustafayev olmaq lazım deyil. Sadəcə, təbiəti, onun yaratdıqlarını sevmək və ona adını çəkdiyimiz təbiət vurğunlarının gözü ilə baxmaq kifayətdir.
Baxmaq üçünsə Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Azərbaycan milli parklarına ekoturlarına qoşulmaq lazımdır. Ekoturizmin inkişafı məqsədi daşıyan və “Təbiətimiz evimizdir!” devizi ilə reallaşdırılan ilk ekotur media nümayəndələrinin iştirakı ilə Şirvan Milli Parkına olub. Nazirlik əməkdaşları və Şirvan Milli Parkı rəhbərliyinin də iştirak etdiyi tur zamanı jurnalistlərə park haqqında geniş məlumat verilib, iştirakçılar parkı bir neçə marşrut üzrə gəzərək qoruğu canlı olaraq görmüş olublar.

Sulara qərq olmuş şəhərdən qalanlar

Məkanla bizi ETSN-in Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin direktor müavini Hikmət Əlizadə tanış etdi. O, Şirvan Milli Parkı haqda jurnalistlərə məlumat verərək bildirdi ki, 2003-cü ildə Bakı şəhərinin Qaradağ, Salyan və Neftçala rayonlarının inzibati ərazilərində yaradılıb və 65580 hektarı əhatə edir.


H.Əlizadə deyir ki, milli parkın ərazisində ölkəmizin bir neçə əsrlik tarixini özündə yaşadan qalıqlar var. Belə ki, tarixi mənbələrə görə, Xəzər dənizi sahilində, indiki Salyan rayonunun ərazisində Bəndovan adlı bir şəhər mövcud olub. Bəndovan şəhərinin qalıqları hazırkı Şirvan Milli Parkı ərazisindəki Bəndovan burnunda və Xəzər dənizinin bu yerlərdəki sahillərində aşkarlanıb. Ərazidə aparılmış arxeoloji tədqiqatlar zamanı müxtəlif tipli tikili qalıqları, dulusçuluq kürəsinin qalıqları, orijinal şirsiz və şirli qablar, əmək alətləri, şüşə bəzək əşyaları, sikkələr və s. tapılıb.

Dənizdən tapılmış qabların üzərində heyvan və quş şəkilləri var. Mis, gümüş pullar Şirvanşahlar dövrünə aiddir. Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya İnstitutunun rəyinə görə, ərazidən tapılan saxsı qab parçaları müxtəlif dövrlərə X-XVII əsrlərə, mis sikkələr isə XIV əsrin axırlarına aid olub Şirvanşahlar dövlətinə məxsusdur. Arxeoloji materiallar Bəndovanın XIX-XIII əsrlərdə yaşayış məskəni olduğunu söyləməyə imkan verir. A.Bakıxanov da hələ 1840-cı ildə Bəndovan ərazisində Sualtı şəhər qalıqlarının olduğunu qeyd edib.
Ehtimal edilir ki, XIV əsrin əvvəllərində Xəzər dənizinin suyunun qalxması nəticəsində sahildəki bir sıra şəhərlər kimi Bəndovan da sulara qərq olub.

Çip-çipədən “Qızılqum”a

Ərazi barədə məlumatlı olduqdan sonra turist marşrutlarını göstərən lövhəylə tanış oluruq. Parkın əməkdaşı Seymur Kərimov deyir ki, qoruqda 11 turist marşrutu var, yerli və xarici turistlər bələdçinin köməyi ilə istənilən marşrut üzrə gedə bilərlər. Bəzi marşrutların adları maraqlı olduğundan jurnalistlərin gözündən yayınmır. Və bu adların yaranma tarixi ilə bağlı məlumat verilməsini istəyirik.


Parkın əməkdaşı Seymur Kərimov marşrut adlarının yaranma tarixi barədə bunları deyir: “Göldən kənar hissədə torpağa su çıxır. Həmin ərazi yerli əhali tərəfindən çip-çipə adlanır. Bu səbəbdən marşrut belə adlanır – Çip-çipə. Növbəti marşrut xətti “Yulğun piri”dir hansı ki, dəniz sahilinə yaxın pirdir. Min ilə yaxındır ki, Şamaxıdan əhali gəlib bu piri ziyarət edir. Ən uzaq marşrut “Bəndovan-tarixi məkan”dır. Palçıq vulkanlarının 65 faizi burada yerləşir. Qızılqaz gölü sırf göllə tanış olmaq üçün yaradılmış marşrutdur. “Qırmızıqum” qumlardan ibarət təpələrdir, burada ilanlar, tısbağalar var”.


Marşrutlara tanışlıqdan sonra turistlər üçün yaradılmış iki kabinetə daxil oluruq. İlk daxil olduğumuz otaqda turistlərə bukletlər, zibil tullantılarını atmaq üçün zibil torbaları və ən əsas da ziyarət üçün biletlər verilir. Biletlərin qiyməti 2 manatdır, uşaqlara giriş pulsuzdur. Daha sonra keçirik Məlumat Mərkəzi adlı digər kabinetə. Burada Bəndovan şəhərinin qalıqları xüsusi guşədə saxlanılır. Guşədə ceyran skeletlərinə, ilan qabığı, digər heyvanların qalıqlarına və qədim əşyalara rast gəlmək olar. Eyni zamanda otaqda uşaqların marağını çəkmək üçün “puzzle”lardan ibarət guşə var. Burada uşaqlar təbiət təsvirləri olan “puzzle”ları dağıdıb, yenidən qura bilərlər.

Qızılqaz gölü, qamış platforma, suda qurulan yuva...

Tanışlıq bitdikdən sonra qoruğa səfər başlayır. Əvvəlcədən seçdiyimiz marşrut üzrə hərəkət edirik. İstiqamət Qızlqaz gölü marşrutu üzrədir. Heyətin yarısı istəyinə uyğun olaraq piyada, yarısı isə avtobusla gedir. Gölün içərisinə doğru dəmir qurğular üzərində tikilən platforma uzaqdan diqqətimizi çəkir. Qızılqaz gölünün sahilində sağ tərəfdə yerləşən müşahidə platforması quşları müşahidə etmək, təbiətdən ürəkdolusu zövq almaq üçün mükəmməl məkandır. Hərtərəfi qamışla əhatə olunan platforma təbiətlə həmahənglik yaradır. Buradan gölün ortasında - qamışlıqda yuvada quran quşların yumurta dolu yuvasını da görmək olur.


Seymur Kərimov deyir ki, il ərzində əraziyə 230 növ quş gəlir: “Bunlardan 8 növü suda-quruda yaşayandır. 34 növ quş nəsli kəsilmək üzrədir və onların adı “Qırmızı kitab”a düşüb. Milli parkın iki növ daimi sakini var: turac və sultan toyuğu. Turac da “Qırmızı kitab”a düşüb. Qoruq ərazisində 82 növ bitki var. Yırtıcılardan canavar, çaqqal, tülkü yaşayır. Bundan başqa, ərazidə çölpişiyi, adı “Qırmızı kitab”da olan qamışpişiyi var. Gəmiricilər sinfindən olan və dünyada nadir rast gəlinən safsar da qoruq ərazisində məskunlaşan heyvanlardandır. Qaban, oxatan kirpi, adi kirpi kimi heyvanlara da burada tez-tez rast gəlinir”.
Qoruqda ov etməyə gəlincə, Şirvan Milli Parkının direktor əvəzi Füzuli Məmmədov qoruq ərazisində ova icazə olmadığını deyir: “Yalnız rəsmi icazədən sonra, elmi tədqiqatlar zamanı cox az sayda ova icazə verilə bilər”.
Qoruqda, xüsusən də gölün ətrafında hava çox təmizdir. Park rəhbərliyi bunu ərazidə təsərrüfatın olmaması ilə izah edir.

Ceyranlar niyə gizlənir?

Şirvan Milli Parkı ərazisi böyuk parklardandır. Parkı məşhur edən ceyranlarıdır. Hansı ki, bu təbiət gözəlləri özlərini göstərməyə xəsislik edir.
H.Əlizadə jurnalistlərə ceyranların hazırda balalama dövründə olduğunu və bu səbəbdən gizləndiklərini bildirdi. Buna baxmayaraq, gəzinti boyu bir neçə dəfə ya tək-tək, ya da sürü halında ceyranları görmək mümkün idi. Nazirlik təmsilçisi onu da qeyd etdi ki, Şirvan Milli Parkında hazırda 7 mindən çox ceyran var: “Bu da o deməkdir ki, Avropa milli parkları içində ən çox ceyran Şirvan Milli Parkındadır. Biz buradan ceyranları digər milli parklara da veririk ki, oralarda da çoxalsın. Şirvan Milli Parkından insan əlinin təması tamamilə yığışdırılıb, hər şey təbiətin öhdəsinə buraxılıb”.

Loğman da təbiətdədir, dərman da...

...Gözümüz ceyran axtarışındadır. Hava günəşlidir və ceyranları görmək şansımız çoxdur. Rəngi qurumuş otlardan seçilməyən ceyranları görmək elə də asan deyil, amma uzaqdan ağaran sinəsi onları ələ verir. Əvvəlcə cəmi bir ceyran gözə dəyir. Parkın mərkəzinə doğru irəlilədikcə, ceyran sürülərinə də rast gələcəyimizi deyirlər. Az keçməmiş, kolluqlar arasında bir dəstə ceyranın görünməyi ilə gözdən itməyi bir olur.
“Ceyranlar daha çox cütlük və 4-5 başlıq sürü formasında gəzirlər. Gecələr dişi ceyranlar yatır, erkəklər keşik çəkir. Gündüz olanda günün birinci yarısınadək erkəklər yatır, dişilər isə yem dalınca gedir. Sonra yenidən sürü şəklində gəzirlər”, - deyə parkın əməkdaşı ceyranların yaşamaq uğrunda mübarizəsindən danışır.


Yolboyu adam görüncə kolluğa doğru qaçan tülkü, çaqqal ceyran mövzusundan fikrimizi yayındırıb, buradakı yırtıcı heyvanlara marağımızı artırır. Park əməkdaşı vurğulayır ki, burada vəhşi heyvanların olması ceyran və digərlərinin sağlamlığı üçün vacibdir: “Bunu təbiət özü nizamlayır. Yəni xəstə heyvanları yırtıcılar yeməklə xəstəliyin digərlərinə keçməsinin qarşısını alır”.
Amma bu loğmanlıq heç də həmişə uğurlu “müalicə” ilə sonuclanmır. Çünki yırtıcılar balalama dövründə otyeyən heyvanların balasına da göz dikir.

60 faiz yerli, 40 faiz əcnəbi turistlər

Milli Parka turistlərin gəlişində də artım var. Ötən il ümumilikdə 1800 nəfər bura baş çəkib. Bu ilin qış fəslinə təsadüf edən ilk 3 ayında isə 500 nəfərə yaxın turist gəlib. S.Kərimovun sözlərinə görə, gələn turistlərin 40 faizini əcnəbilər təşkil edir: “Yerdə qalan 60 faizi yerli vətəndaşlardır. Əvvəllər turistlərin içində xaricilər çoxluq təşkil edirdi, amma son illərdə aparılan təbliğat nəticəsində artıq ölkə vətəndaşlarının diqqəti artıb qoruğa”.
Əsasən Almaniya, İngiltərə, Hollandiya kimi ölkələrdən turistlər gəlir. Park ərazisinə daxil olan zaman məlumat mərkəzi var ki, burada turistə bütün lazımi bilgilər verilir. Turistlər üçün də parka giriş 2 manatdır. Burada həmçinin monitor da var ki, turist yayımlanan filmdən əraziyə baxıb, hara getmək istədiyini seçir. Daha sonra isə istəyindən asılı olaraq ya bələdçi ilə, ya da bələdçisiz seçdiyi istiqamət üzrə hərəkət edir. Məlumat mərkəzində turistlərə həmçinin zibil atmaları üçün qab da verilir ki, onlar ətraf mühiti çirkləndirməsinlər.

Təbiət hamımızındır...

ETSN-nin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova deyir ki, ekoturizmin inkişafı məqsədi daşıyan və “Təbiətimiz evimizdir” devizi ilə reallaşdırılmasına başlanılan bu turlar davamlı olacaq: “Bu gündən yeni bir layihəyə start verdik - “Təbiətimiz evimizdir”. Press-turlarımız o biri parklarda da olacaq. Bu ekoturizmin təbliği üçündür. Jurnalistlər də yaxşı təbliğatçılar olduğu üçün ilk səfərimizi onlarla etdik. Təəssüf ki, vətəndaşlarımız milli parklara gəlib tanış olmaq istəmirlər. Biz istəyirik ki, bunu təbliğ edək, vətəndaşlarımız milli parklarımıza gəlsinlər. Gördüyünüz kimi, Şirvan Milli Parkında ekoturizm üçün marşrutlar müəyyən olunub, yaxşı şərait var”.
Nazirlik sözçüsü hər kəsi təbiəti və təbiətin yaratdığını qorumağa səsləyir: “Şirvan Milli Parkını canlı sərvəti ilə birlikdə qorumaq borcumuzdur. Burada canlı təbiətin necə mühafizə olunduğunu, o heyvanların qorunması üçün gecə-gündüz ayıq-sayıq olanları görmək üçün hər kəsi bu sərvəti görməyə dəvət edirəm. Təbiət hamımızındır, o cümlədən Şirvan Milli Parkı...”.
Qoruqdan ayrılmağımızla park əməkdaşının zəng etməyi bir olur. Xoş xəbər vermək üçün zəng ediblər – qoruqda ceyran balalayıb. Təbiəti sevdiyimiz kimi təbiət gözəlinin dünyaya gəlişinə də sevinirik.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
17.08.2018
16.08.2018
15.08.2018