Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Ali məktəbə sənəd verən keçmiş məzunlar
Tarix: 15.05.2018 | Saat: 18:15:00
Bölmə:KİVDF | çapa göndər

2010-cu ildən etibarən sənəd verənlər arasında əvvəlki illərdən məzun olanların sayı getdikcə azalır

"Son on üç ildə ölkədə məzun olanların sayı 40 min nəfərə yaxın azalıb". “Report” xəbər verir ki, ötən il ümumtəhsil müəssisələrini 83 679 məzun bitirib. Məlumata görə, son on üç ildə məzunların sayı 39 429 nəfər azalıb. Bu meyil artıq bir neçə ildir ki, müşahidə olunur.

Son on üç ildə məzunların sayı 32.03 faiz azalıb. Bu, ali təhsil müəssisələrinə qəbul imtahanlarında iştirak edənlərin sayında da özünü göstərir. 2016-cı illə müqayisədə məzunların sayı 3 651 nəfər azalıb. Bununla belə qeyd etmək lazımdır ki, sənəd verənlərin tərkibində cari ilin məzunlarının payı heç də azalmır, əksinə artır. Belə ki, ötən il sənəd verənlərin 75.83 faizini (59404 nəfər) builki məzunlar təşkil edib.
Qeyd edək ki, 2010-cu ildə ali təhsil müəssisələrinə sənəd verənlər arasında həmin ilin məzunlarının payı 55.63 faiz, 2011-ci ildə 58.39, 2012-ci ildə 58.84, 2013-cü ildə 60.66, 2014-cü ildə 64.05, 2015-ci ildə 66.04 və 2016-cı ildə 68.31faiz olub. Göründüyü kimi, 2010-cu ildən etibarən sənəd verənlərin arasında əvvəlki illərin məzunlarının payı getdikcə azalır, cari illərin məzunlarının payı isə artır. Bunun əsas səbəbi hər il ali təhsil müəssisələrinə qəbul üçün ayrılan plan yerlərinin ciddi şəkildə artırılması və nəticədə qəbul olanların sayı artdıqca, növbəti il üçün əvvəlki illərin məzunları arasında qalığın azalmasıdır. Bu isə öz növbəsində ümumiyyətlə abituriyentlərin tərkibində əvvəlki illərin məzunlarının payının azalması ilə nəticələnir.
Ali təhsil müəssisələrinə qəbul üçün ayrılmış yerlərin 32.29 faizi I, 30.14 faizi II, 22.84 faizi III, 7.55 faizi IV, 7.19 faizi isə V qrupun payına düşür. 2016-cı illə müqayisədə plan yerləri I qrupda 1.23, II qrupda 5.37 və V qrupda 7.46 faiz artıb, III və IV qruplarda isə müvafiq olaraq 0.12 və 2.72 faiz azalıb.

Yeri gəlmişkən, DİM-in nəşr etdiyi “Abituriyent” jurnalının 12-ci nömrəsində bildirilib ki, 2017-ci ildə 11-ci sinfi bitirən şagirdlər 2006-cı ildə 1-ci sinfə daxil olublar. Dövlət Statistika Komitəsinin verdiyi məlumata əsasən, 2006-cı ildə 1-ci sinfə daxil olan şagirdlərin sayı 117 330 nəfər olub: “2015-ci ildə 9-cu sinfi bitirən şagirdlərin sayı 108 565 nəfər idi. 2015-ci ildə 9-cu siniflər üzrə buraxılış imtahanında faktiki olaraq 105 608 nəfər şagird iştirak edib. Həmin ildə 2957 nəfər şagirdin buraxılış imtahanında bu və ya digər səbəbdən iştirak etmədiyini nəzərə alsaq, məlum olur ki, 2006-cı ildə 1-ci sinfə daxil olan şagirdlərin təxminən 7.5 faizi ümumi orta təhsil almayıb və onların təhsili haqqında heç bir məlumat yoxdur. Qeyd olunduğu kimi, 2015-ci ildə ölkədə 9-cu sinif üzrə buraxılış imtahanında iştirak edən şagirdlərin sayı 105 608 nəfər olub və bu şagirdlərin təxminən 17 faizi təhsilini davam etdirməyib. Bu kontingent buraxılış imtahanlarında, əsasən, "2" və "3" qiymət alanlardır. Qeyd etmək lazımdır ki, belə zəif nəticə göstərən şagirdlərin 71 faizi kənd məktəblərini təmsil edir. IX sinfi bitirənlərin yalnız 7 faizi təhsilini peşə liseylərində və orta ixtisas təhsili müəssisələrində davam etdirib. Şagirdlərin qalan 77 faizi isə 2017-ci ildə tam orta təhsilini başa vurub. Nəticədə, 2006-cı ildə 1-ci sinfə daxil olan 117 330 şagirdin 71 faizinin tam orta təhsil səviyyəsini, 22 faizinin isə ümumi orta təhsil səviyyəsini başa vurduğu məlum olub. 2017-ci ildə tam orta təhsilini başa vurmuş şagirdlərin təxminən 25 faizi təhsilini davam etdirməməyi qərara alıb və ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul üçün müraciət etməyib. Onların 64 faizi oğlan, 36 faizi qız şagirddir”.
Jurnalda qeyd olunub ki, 2017-ci ildə ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul üçün 62842 şagird, yəni 2006-cı ildə 1-ci sinfə daxil olan şagirdlərin yalnız 54 faizi ərizə verib: “Yuxarıda sadalananları ümumiləşdirərək qeyd etmək olar ki, 2006-cı ildə 1-ci sinfə daxil olan 117330 şagirdin 61faizi əmək bazarına heç bir peşə və ixtisas üzrə təhsil almadan çıxacaq”.

Mövzu ilə bağlı fikirlərini bildirən təhsil eksperti Şahlar Əsgərov son illər ali məktəblərə sənəd verən abituriyentlərin sayında müşahidə edilən azalma tendensiyasını narahatedici məqam kimi qiymətləndirib: «Axı, indiki şəraitdə bizim gənclər niyə oxumağa maraq göstərməsinlər. Əgər biz inkişaf etmiş ölkələrlə rəqabət aparmağa iddialıyıqsa, deməli, cəmiyyətdə savadlı insanların çəkisini artırmalıyıq. Məsələn, bu gün Cənubi Koreyada orta məktəbi bitirən hər 100 şagirdin 99-u, Amerikada hər 100 şagirdin 96-sı ali təhsil dalınca gedir. Mən demirəm ki, bizdə də hər kəs ali təhsil dalınca getsin, ölkədə kifayət qədər orta ixtisas müəssisələri var. Elə etmək lazımdır ki, ali təhsilə maraq göstərməyənlər peşə ixtisaslarına meyil göstərsinlər. Əslində, orta məktəb məzunlarına bir neçə dəfə imtahan həyəcanı yaşatmaq doğru deyil. Bəzi uşaqların psixologiyası çox zəifdir, onlar əlavə yükün altına girmək istəmirlər. Bu baxımdan da ali məktəbə sənəd təqdim etməyə maraq göstərmirlər. Mən həmişə demişəm ki, əslində sistem elə qurulmalıdır ki, həm ali, həm də orta ixtisas məktəblərinin qapısı məzunlara taybatay açılmalıdır. Amma bu müəssisələrin çıxış qapısı olduqca «dar» olmalıdır. Yəni, ali təhsil həvəsində olanların hər birinə ali məktəbə qəbul olmaq imkanı yaradılmalıdır. Lakin sonda ali məktəb diplomunu ən layiqliləri qazanmalıdır. Təbii ki, bu əmək bazarındakı mövcud durumu da müsbət istiqamət dəyişə bilər. Çünki indi əmək bazarında ən böyük problem işəgötürənin savadlı, rəqabət qabiliyyətli kadr tapa bilməməsidir».

Mövzu ilə bağlı fikirlərini bildirən təhsil eksperti Kamran Əsədov da orta məktəblərdə təhsil alan şagirdlərin sayının ildən-ilə azalması faktı ilə razılaşdığını deyib.Onun sözlərinə görə, bu da sonradan təhsilini davam etdirmək istəyənlərin sayına ciddi şəkildə təsir göstərir: "Əgər 2010-cu ildə ali məktəblərə qəbul olmaq üçün sənəd təqdim edən abituriyentlərin sayı 110 min idisə, 2016-cı ildə bu rəqəm 85 minə qədər azaldı. Lakin bu, təhsilini ali məktəblərdən başqa digər pillələrdə davam etdirmək istəyənlərin sayında artım ilə nəticələndi. Bilirsiniz ki, kolleclərə qəbul olmaq istəyənlər IX sinfi bitirdikdən sonra bu imkanlardan istifadə etmək hüququna malikdir. Ona görə də, ümumi orta təhsil (IX sinif) pilləsindən sonra məzunların müəyyən faizi təhsilini orta məktəblərdə deyil, kollec və peşə məktəblərində davam etdirir. Tam orta təhsil bazasından (XI illik) məzun olmuş şagirdlərin sayında da azalma müşahidə olunur ki, bu da onların ali məktəblərə sənəd təqdim etməməsi, əvəzində kollec və peşə hazırlığı ilə əlaqədar olaraq baş verir”.

Məsələyə münasibət bildirən təhsil eksperti Nadir İsrafilov hesab edir ki, son illər orta məktəbi bitirən məzunların sayının azalmasının müxtəlif səbəbləri var: “Hesab edirəm ki, burada nəsillərin say fərqi öz rolunu göstərir. Məsələn, sovet dövründə nəsillərin say artımına ciddi şəkildə fikir verilməklə yanaşı, dövlət tərəfindən həmin ailələr üçün yardımlar ayrılırdı. İndi belə güzəştlər edilmir. Ona görə də hazırda iki uşaqdan artıq ailələrə çox nadir hallarda rast gəlmək mümkündür. Sovet dövründə isə ailələrdəki uşaqların sayı ən azından 4-5 nəfər olurdu. Bu dövlətin yeritdiyi siyasətin tərkib hissəsi idi. Aparılan siyasət nəticəsində gənc və yeniyetmə nəsil kifayət qədər üstünlük təşkil edirdi. Bu da məzunların sayına təsir göstərirdi.Düzdür, hazırda ölkədə demoqrafik durum elə də acınacaqlı deyil. Amma gələcəkdə bu sahədə müəyyən problemlərin yaranacağını istisna etmək olmaz. Ola bilsin ki, indi ailələr üçün 1 və ya 2 uşağı saxlamaq asandır. Lakin biz bunun gələcəyini də fikirləşməliyik. Dövlət ciddi demoqrafik problemlərin ortaya çıxmaması üçün stimullaşdırıcı addımlar atmalıdır. Yoxsa, gələcəkdə orta məktəblərimiz şagirdsiz, ali məktəblərimiz isə tələbəsiz qala bilər”.

Sevinc

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında hazırlanıb.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
18.10.2018
17.10.2018