Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“ASAN Viza” kimlər üçün faydalı olacaq?
Tarix: 15.05.2018 | Saat: 19:30:00
Bölmə:Sosial | çapa göndər

Mayın 15-dən etibarən, 15 dövlətin vətəndaşları Azərbaycanın hava limanlarında “ASAN Viza” sistemi ilə viza ala bilirlər. Hafta.az-ın məlumatına görə, bu yenilikdən Qətər, Oman, Səudiyyə Ərəbistanı, Bəhreyn, Küveyt, Yaponiya, İndoneziya, İran, Çin, Cənubi Koreya, Malayziya, Sinqapur, Türkiyə, İsrail və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) vətəndaşları faydalana biləcəklər.

Qeyd edək ki, 2017-ci ilin yanvar ayından “ASAN viza” sistemi vasitəsilə əcnəbilərə 3 saat ərzində elektron vizalar verilir və bunun müqabilində 20 ABŞ dolları məbləğində dövlət rüsumu alınır. Bu ilin mayına kimi 420 minə yaxın əcnəbiyə “ASAN Viza” sistemi vasitəsilə elektron viza verilib.
Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (“ASAN xidmət”) sədri Ülvi Mehdiyev deyib ki, "ASAN viza"nın qiyməti 20 dollardır: "Amma aeroportda sistem necədirsə, biz də eyni qaydada işləyəcəyik, yəni viza Yaponiya üçün ödənişsizdir, Türkiyə üçün isə 10 dollardır. Digər dövlətlər üçün isə bu məbləğ 20 dollardır".

Onun sözlərinə görə, bu gündən 15 dövlətin vətəndaşlarına Heydər Əliyev Hava Limanında "ASAN viza"ların verilməsinə başlanılıb: "Yaxın müddət ərzində ölkəmizdəki digər beynəlxalq hava limanlarında da "ASAN viza"lar veriləcək. Əvvəllər də hava limanlarında vizaların verilməsi həyata keçirilib. Lakin yeni sistemin fərqi insan amili tamamilə aradan qaldırılmasındadır. Əcnəbilər terminallara yaxınlaşaraq, pasport məlumatlarını yükləməklə maksimum 2 dəqiqə ərzində viza alaraq ölkəyə daxil ola biləcək. Sistem şəffaf və avtomatikdir".
Ülvi Mehdiyev deyib ki, aeroport 24 saat işlədiyi üçün dövlət agentliyi də sistemi ona uyğun qurub: "İşçilər növbətçilik rejimində işləyəcək. Hər hansı texniki problem olarsa, dərhal müdaxilə olunacaq".
Növbəti bir ay ərzində Gəncə, Lənkəran, Qəbələ və digər hava limanları da "ASAN viza" sisteminə keçəcək.
Ülvi Mehdiyev deyib ki, hazırda Heydər Əliyev Hava Limanında "ASAN viza"nın 14 terminalı quraşdırılıb, bank pəncərəsi və digər köməkçi pəncərələr fəaliyyət göstərir: "Əcnəbi rüsumu "online" və banka yaxınlaşıb ödəyə bilər".

"ASAN viza” sisteminin təqdirəlayiq olduğunu vurğulayan ekspert Azər Allahverənov müsbət gözləntilərinin olduğunu deyib: "Bu sistemin tətbiqi xarici ölkələrdən Azərbaycana turist axınının çoxalmasına şərait yaradacaq. Bu günə qədər viza alınması istiqamətində yaradılan bürokratik əngəllərlə bağlı çoxsaylı şikayətlərin şahidi olmuşuq. Bu sahədə qeydə alınan neqativ hadisələr də nəticə etibarilə Azərbaycana gələn əcnəbilərin sayına mənfi təsir edirdi. Adətən, insanlar viza almaq imkanları operativ və mobil olan ölkələrə üz tuturlar”. A.Allahverənovun sözlərinə görə, "ASAN viza” sisteminin mahiyyəti ondan ibarətdir ki, bundansonrakı mərhələdə Azərbaycana gəlmək istəyən əcnəbilər üçün maksimum dərəcədə əlverişli şərait yaradılsın. Turizm məqsədi ilə Bakıya səfər etmək istəyən xarici ölkə vətəndaşları vaxt itirməsinlər. Elektron müraciət vasitəsilə vizalarını alsınlar: "Çox az ölkələrdə vizaların alınması vahid portal vasitəsilə həyata keçirilir. Hesab edirəm ki, Azərbaycanın bu təcrübəsi bir çox dövlətlərin viza təminat sistemi üçün örnək rolu oynamalıdır”.
Bu sistemin nə dərəcədə effektiv olacağına gəldikdə isə ekspert deyib ki, sistem artıq işə düşüb və az müddət ərzində bunun nə dərəcədə uğurlu bir sistem olduğunun fərqinə varacağıq.

İqtisadi Sosial İnkişaf Mərkəzinin rəhbəri, iqtisadçı-ekspert Vüqar Bayramov "ASAN viza” sisteminin həm turizm sektorunun inkişafı, həm də ölkə iqtisadiyyatına sərmayələrin cəlb edilməsi baxımından vacib olduğunu deyib. Onun sözlərinə görə, bu gün ölkəmizdə turizm sektoruna mane olan faktorlardan biri məhz vizanın alınması ilə bağlıdır: "Xüsusilə də Avropa ölkələrinin vətəndaşları Azərbaycan vizası almaq üçün müəyyən müddət gözləmək məcburiyyətində qalırdılar ki, bu da turistlərin, eləcə də ölkəmizə gələn iş adamlarının sayına mənfi təsir göstərirdi. "ASAN viza” sisteminin əsas mahiyyətini onun inkişaf etmiş ölkələr, eləcə də Avropa Birliyi ilə liberallaşdırılması təşkil edir. Belə ki, Avropa ölkələrinin vətəndaşları "ASAN xidmət”dən istifadə etməklə qısa zamanda viza almaq imkanına malik olacaqlar. Turistin qısa müddətdə viza ala bilməsi, onun ölkəyə olan marağının artmasına səbəb olan amillərdən sayılır”.

Ekspertin qənaətincə, "ASAN viza” sisteminin yaradılması ölkənin biznes inkişafına da müsbət təsirini göstərəcək: "Aparılan monitorinqlər göstərir ki, bəzi hallarda vizaların alınması ilə bağlı prosedur qaydalarının çox olması nəticə etibarilə iş adamlarının ölkəyə gəlməsini əngəlləyir. Lakin bu sistemin yaradılmasından sonra xarici iş adamlarının ölkəyə cəlb edilməsi imkanları daha da genişlənəcək, digər tərəfdən də ölkəmizə investisiya qoymaqda maraqlı olan biznesmenlərin Azərbaycana tez-tez gəlməsinə şərait yaranacaq. Bütün bunları nəzərə alaraq deyə bilərəm ki, yeni sistem həm ölkə turizminin inkişafına, həm də iqtisadiyyatımıza müsbət təsir göstərəcək”.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
16.08.2018
15.08.2018
14.08.2018