Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Olimpiada qaliblərinə güzəşt
Tarix: 16.05.2018 | Saat: 18:15:00
Bölmə:KİVDF | çapa göndər

Gələcəkdə bu kateqoriyadan olan gənclər ali məktəblərə müsabiqədənkənar qəbul oluna bilərlər

"Təhsil Nazirliyi beynəlxalq olimpiada qaliblərinin istənilən ixtisas üzrə, Respublika fənn olimpiadaları qaliblərinin isə qalib olduqları fənlərə uyğun ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul edilməsinə dair qanunvericilikdə müvafiq dəyişikliklərin edilməsi üçün təkliflər hazırlayıb".

"Report"un məlumatına görə, bunu təhsil naziri Ceyhun Bayramov deyib.
O bildirib ki, təkliflər artıq aidiyyəti qurumlarla razılaşdırma mərhələsindədir. Nazir əlavə edib ki, hazırlanmış təkliflər Milli Məclisə də təqdim olunacaq: "Respublika fənn olimpiada qalibləri çox yüksək hazırlığa malikdirlər. Hazırda dünya fənn olimpiada qalibləri müvafiq ixtisaslara müsabiqədənkənar qəbul oluna bilirlər. Şagirdlərin olimpiadada iştirakını stimullaşdırmaq üçün dünya fənn qaliblərinin istənilən ixtisas, respublika fənn olimpiada qaliblərinin isə qəbul olduqları fənn üzrə ali məktəblərə müsabiqədən kənar qəbul olunması onlar üçün stimullaşdırıcı rol oynaya bilər. Buna görə də bu məsələ ilə bağlı təkliflər hazırlamışıq".
Məlumat üçün vurğulayaq ki, “Təhsil haqqında” Qanunun 26.5-ci maddəsinə əsasən, dünya fənn olimpiadalarının, yüksək səviyyəli beynəlxalq müsabiqələrin və yarışların qalibləri müvafiq ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunurlar. Hazırda bu kateqoriyadan olan abituriyentlər sənədlərini Dövlət İmtahan Mərkəzinə və ya Mərkəzin regional bölmələrinə (Naxçıvan, Gəncə, Xaçmaz, Lənkəran, Şəki, Göyçay, Şirvan, Bərdə) təqdim etməlidirlər. Sənədlərə ümumi qaydada təsdiq olunmuş “Abituriyent elektron ərizəsi” formasının surəti; müvafiq nailiyyətləri təsdiq edən sənədlərin surəti (diplom, yarışın protokolu) daxildir və namizədlər müvafiq sənədləri mayın 31-dək təqdim etməlidirlər.

Müvafiq ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunmağa əsas verən dünya fənn olimpiadalarının, yüksək səviyyəli beynəlxalq müsabiqələrin və yarışların siyahısına gəlincə, bu siyahıya fizika, kimya, biologiya, riyaziyyat, informatika fənləri üzrə dünya olimpiadaları, olimpiya oyunları və olimpiya idman növləri üzrə Dünya və Avropa çempionatı və birincilikləri, Beynəlxalq Olimpiya Komitəsi tərəfindən tanınmış qeyri-olimpiya idman növləri üzrə Dünya və Avropa çempionatı və birincilikləri, beynəlxalq muğam ifaçılarının müsabiqəsi (Bakı, Azərbaycan),vokalçıların Bülbül adına beynəlxalq müsabiqəsi (Bakı, Azərbaycan), Ggnc pianoçuların beynəlxalq müsabiqəsi (Tbilisi, Gürcüstan), Şopenin yaradıcılığına həsr edilmiş Baltikyanı ölkələrin gənc pianoçularının beynəlxalq müsabiqəsi (Narva, Estoniya),“Bravo” beynəlxalq gənc skripkaçılar müsabiqəsi (Namür, Belçika),gənc pianoçuların “Stupen k masterstvu” beynəlxalq müsabiqəsi (Sankt-Peterburq, Rusiya), gənc pianoçular, skripkaçılar və violonçelçilərin beynəlxalq müsabiqəsi (Tallinn, Estoniya), gənc trubaçıların beynəlxalq müsabiqəsi (Stara Zaqora, Bolqarıstan), gənc musiqiçilərin Solhi Al Vadi adına beynəlxalq müsabiqəsi (Dəməşq, Suriya), gənc violonçelçilərin Antonio Janiqro adına müsabiqəsi (Roqec, Xorvatiya) daxildir.
Yeri gəlmişkən, bu gün ölkəmizdə istedadlı şagirdlərin aşkara çıxarılmasında respublika üzrə keçirilən fənn olimpiadalarının da müstəsna rolu var. Məktəblilərin fənn olimpiadalarının təşkili və keçirilməsi qaydaları Azərbaycan Respublikası Təhsil Nazirliyi haqqında Əsasnamənin 8.14-cü bəndinə uyğun olaraq hazırlanıb. Fənn olimpiadalarının yekunlarına görə, şagirdlərin əldə etdiyi nəticələr müvafiq fənn müəllimlərinin, məktəbin, yerli təhsili idarəetmə orqanının fəaliyyətinin qiymətləndirilməsində əsas meyarlardan biri kimi nəzərə alınır. Ümumi təhsil müəssisələrinin rəhbərləri, yerli təhsili idarəetmə orqanları istedadlı şagirdlərin müəyyənləşdirilməsi və fənn olimpiadalarına hazırlığını təmin etmək üçün birbaşa məsuliyyət daşıyırlar.

Qaydalara görə, fənn olimpiadaları IX-XI sinif şagirdləri cəlb olunmaqla Azərbaycan dili və ədəbiyyat, tarix, coğrafiya, riyaziyyat, fizika, kimya, biologiya, informatika fənləri üzrə təşkil edilir. Fənn müəllimi və məktəb psixoloqunun təqdimatı əsasında xüsusi istedadı ilə seçilən aşağı sinif şagirdləri də fənn olimpiadalarına cəlb oluna bilər.
Fənn olimpiadalarının respublika mərhələsinin yarımfinal turunda iştirak edəcək şagirdlər rayon (şəhər) mərhələsinin nəticələrinə əsasən respublika təşkilat komitəsinin qərarı ilə müəyyənləşdirilir. Rayon (şəhər) mərhələlərində hər bir fəndən sualların ən azı 60 faizinə düzgün cavab vermək şərtilə hər sinif üzrə ilk 3 yeri tutmuş şagird yarımfinal mərhələsində iştirak etmək hüququ əldə edir. Gəncə və Sumqayıt şəhərlərindən hər sinif üzrə ilk 5 yeri tutmuş şagird, Bakı şəhərindən isə hər sinif üzrə ilk 20 yeri tutmuş şagird yarımfinal mərhələsində iştirak etmək hüququ əldə edir. Bu mərhələnin yarımfinal turunda suallar siniflər üzrə respublika fənn olimpiadalarının münsiflər heyəti tərəfindən məktəb proqramına uyğun və nisbətən çətinləşdirilmiş qapalı test formatında hazırlanır. Respublika mərhələsinin yarımfinal turunda şagirdlərə fənlərdən asılı olaraq 30-40 sual təqdim edilir və cavablandırma üçün 3 saat vaxt ayrılır.

Fənn olimpiadalarının respublika mərhələsinin final turu iki yaş qrupu üzrə - aşağı yaş qrupu ( IX siniflər və aşağı) və yuxarı yaş qrupunda (X-XI siniflər) keçirilir. Respublika mərhələsinin yarımfinal turunda hər fəndən sualların ən azı 70 faizinə düzgün cavab vermək şərtilə ən yüksək nəticə göstərmiş aşağı yaş qrupu üzrə 20 şagird, yuxarı yaş qrupu üzrə isə 40 şagird final mərhələsində iştirak etmək hüququ əldə edir. Final turunun sualları fənn olimpiadalarının münsiflər heyəti tərəfindən yaş qruplarına uyğun olmaqla açıq tipli suallar formatında hazırlanır. Respublika mərhələsinin final turunda şagirdlərə fənlərdən və yaş qruplarının xüsusiyyətləri nəzərə alınmaqla 5-7 sual, Azərbaycan dili və ədəbiyyatı fənni üzrə 3 sual Azərbaycan dili, 2 sual isə ədəbiyyatdan olmaqla ümumilikdə 5 sual, tarixi fənni üzrə isə 3 sual Azərbaycan tarixi, 2 sual isə ümumi tarixdən olmaqla ümumilikdə 5 sual təqdim edilir və imtahan üçün 3 -4 saat vaxt ayrılır.
Məlumat üçün onu da vurğulayaq ki, hər il finala 500 nəfərə yaxın şagird çıxır. Ötən il respublika fənn olimpiadalarında iştirak edən səkkizinci və doqquzuncu sinif şagirdləri 48 qızıl, 85 gümüş və 130 bürünc olmaqla, 263 medal qazanıblar. Olimpiadaların rayon (şəhər) mərhələsində 30 mindən artıq şagird, respublika mərhələsinin yarımfinal və final turlarında müvafiq olaraq təqribən 6.500 şagird iştirak edib. Bundan başqa ötən il Azərbaycan məktəbliləri beynəlxalq fənn olimpiadalarında iki qızıl, altı gümüş, 30 bürünc medal olmaqla, ümumilikdə 38 medal qazanıblar.
Bu il respublika fənn olimpiadalarında iştirak edən qaliblərin mükafatlandırılması mərasimində Təhsil İnstitutunun direktoru vəzifəsini icra edən Emin Əmrullayev bildirib ki, olimpiadanın nəticələrinə görə 45 nəfər qızıl, 89 nəfər gümüş, 142 nəfər bürünc olmaqla, ümumilikdə, 276 nəfər qalib elan olunub.

Emin Əmrullayev həmçinin deyib ki, Azərbaycanda olimpiada qalibləri daha çox tibb ixtisasını seçirlər.Onun sözlərinə görə, bu il keçirilən qəbul imtahanlarında iştirak edən respublika fənn olimpiada qaliblərindən biri 700 bal toplayıb. E.Əmrullayev əlavə edib ki, Azərbaycanda olimpiada qaliblərinin qəbul imtahanlarında topladıqları orta bal 657-dir.
Olimpiada qaliblərini təbrik edən təhsil naziri Ceyhun Bayramov 33 mindən çox şagirdin iştirak etdiyi Respublika fənn olimpiadalarının artıq adi yarış deyil, elm və bilik hərəkatına çevrildiyini vurğulayıb.
Nazir qeyd edib ki, bu il Respublika fənn olimpiadalarında əldə edilən 298 medalın 157-si Bakı, 141-i isə digər bölgələrin payına düşür. Ümumilikdə, Azərbaycanın 50 müxtəlif bölgəsində təhsil alan şagirdlər olimpiadanın qalibləri sırasına düşüb.
Beynəlxalq olimpiadalarda nəticələrin ildən-ilə yaxşılaşdığını və qısa müddətdə böyük nailiyyətlərin əldə edildiyini vurğulayan təhsil naziri bildirib ki, Azərbaycan məktəbliləri 1994-cü ildən beynəlxalq olimpiadalarda 314 medal qazanıb. Son 5 il ərzində isə məktəblilər 3 qızıl, 21 gümüş və 85 bürünc medal olmaqla, ümumilikdə, 109 medal qazanıblar. Bu da müstəqillik dövründə qazanılmış bütün medalların, təxminən, 3 faizi edir.

Sevinc

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında hazırlanıb.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
21.10.2018
20.10.2018
19.10.2018