Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“Azərenerji” ASC: tarixi inkişaf yolu və strateji hədəflərə doğru
Tarix: 16.05.2018 | Saat: 19:30:00
Bölmə:Sosial | çapa göndər

Sənin işığından keçir bu yollar,

Sənin işığından keçirəm mən də.
Səni işıq-işıq içir bu yollar,
Öz işıq payımı içirəm mən də.

Sənin işığına köklənib hər yer,
İşığa yüklənib əlim, ayağım.
İşıq dirəkləri saxlaya bilmir,
Bu qədər işığı necə saxlayım…

Gecəni şəhərdən yuyur işığın,
Gecəyə gözündən yol çəkəcəklər.
İşıqdan işığa qonur arılar
Arılar işıqdan bal çəkəcəklər.

Baxıb işıl-işıl işarır adam,
Hardandı bu qədər işıq, bilmirəm.
İşığa bulaşır dilim, dodağım,
Üzümdən işığı yuya bilmirəm.

Bu qədər işığı hardan yığmısan,
İşıqdan od tutub yanır bu şəhər.
Gözləri qamaşır göy üzünün də
Çıxmağa utanır Günəş bu səhər...

Allah uzun ömür versin ustad şair Ramiz Qusarçaylıya. “Sənin işığından keçir bu yollar” adlı şeirində el sənətkarı işığa, nura o qədər böyük dəyər və qiymət verib ki, bu qiyməti, bu dəyəri istedadlı qələm sahibindən daha gözəl təsvir etməyə, daha geniş anlamda anlatmağa çətinlik çəkirəm, əlavə fikirlər söyləməyə çəkinirəm, deyəcək və yazacaq söz tapa bilmirəm. Arılar çiçəklərin, güllərin və ağacların şirələri ilə qidalanaraq bal hazırlasalar da, ustad şarimizin qaranlıq gecələri aydınladan, işıqlandıran, zülmətləri nura qərq edən elektrik enerjisini sözügedən şirələrə bənzətməsi, həmçinin Günəşi gecələr hər tərəfi çıraqban olan şəhərin işığından utandırması işığın, nurun cəmiyyətimiz və ictimaiyyətmiz üçün nə qədər dəyərli, qiymətli, əvəzedilməz və misilsiz bir sərvət olduğuna işarədir. Bəli, elektrik enerjisi bizim milli sərvətimizdir. Çünki bu sərvətimiz olmasa həyatımız iflic olar, iqtisadiyyatımız tənəzzülə uğrayar, sosial-iqtisadi inkişaf olmaz, nurlu arzularımız, işıqlı xəyallarımız, inamlı sabahlarımız gerçəkləşməz…
Bir zamanlar Azərbaycan zülmətə, qaranlığa qərq olmuş bir ölkə idi. İllər əvvəl işığa həsrət qalan, gecələri zülmət, qaranlıq olan Bakımız, bölgələrimiz, rayonlarımız, şəhər, qəsəbə və kəndlərimiz indi nura qərq olub, gecələr bərq vuran işıqlar binaları, küçələri, yolları, parkları, bağları və digərlərini çox aydın və gözəl göstərir, işıqlı, nurlu ətrafın füsunkar gözəlliyi və əsrarəngiz mənzərəsi insanı valeh edir. İndi hər kəs işıqlı gecələri də gündüzlər kimi, işıqlı səhərlərimiz kimi yaşayır. Sanki görmə qabiliyyətini itirmiş insan gözləri ilə olmasa da, qəlbinin, könlünün gözləri ilə nura, işıga bələnmiş bu gözəlliyi görür…

Enerji müstəqilliyi - ulu öndərimizin yadigarı

Məsəl var, deyirlər: “Keçmişindən ibrət götür, gələcəyini qur”. Həqiqətən də insan keçmiş fəaliyyəti dövründəki səhvləri, nöqsanları, uğurları analiz etməsə, necə deyərlər, yaxşını da, pisi də görməsə, gələcək işlərində müvəffəqiyyətlər qazana bilməz. Energetika sahəsindəki indiki uğurlarımız, bugünkü enerji müstəqilliyi, ölkəmizin “işıqlı Azərbaycan”a çevrilməsi də məhz keçmiş SSRİ dövründə, xüsusilə də ümummilli lider Heydər Əliyevin həm Azərbaycan SSR Mərkəzi Komitəsinin birinci katibi olduğu dövrlərdə, həm də onun 1993-cü ildə xalqın tələbi və təkidi ilə yenidən siyasi hakimiyyətə rəhbərlik etdiyi dönəmlərdə qazanılan nailiyyətlərin davamıdır. Məhz ulu öndərin təşəbbüsü və rəhbərliyi ilə 1970-80-ci illərdə Mingəçevirdə Cənubi Qafqazın ən iri istilik elektrik stansiyasının (İES) - “Azərbaycan” İES-in tikilərək istifadəyə verilməsi, 1970-ci ildə ümumi gücü 22 MVt olan Araz Su Elektrik Stansiyasının (SES), 1976-cı ildə ümumi gücü 50 MVt olan və hazırda erməni silahlı birləşmələrinin işğalı altında olan Tərtər SES-in, 1982-ci ildə ümumi gücü 380 MVt olan Şəmkir SES-in inşası, elektrik şəbəkələrinin sistematik inkişafı və respublikamızda dayanıqlı enerji sisteminin yaradılması məqsədilə elektrik verilişi xətlərinin və qovşaq yarımstansiyalarının istismara verilməsi, bir sıra yeni generasiya güclərinin işə salınması, enerjinin istehsalı və nəqli imkanlarının genişləndirilməsi, həmçinin ölkəmizdə və onun hüdudlarından kənarda azərbaycanlı gənclərin energetikanın müxtəlif istiqamətləri üzrə ali təhsil alaraq savadlı və bacarıqlı mütəxəssislər kimi yetişməsi bugünkü müstəqilliyimizə xidmət edən misilsiz tarixi nailiyyətlər olub. Hazırda milli energetika sisteminin ümumi generasiya gücünün 40 faizindən çoxunu təşkil edən, ölkəmizdə istehsal edilən elektrik enerjisinin 50 faizindən çoxuna sahib olan 2400 MVt gücündəki “Azərbaycan” İES Sovetlər İttifaqı dönəmində tikilərək istifadəyə verilməsəydi, müstəqil Azərbaycanın enerji təchizatında ciddi problemlər yaşana bilərdi.

Çünki 1988-1990-cı illərdə baş vermiş hadisələr, SSRİ-nin süqutu, həmçinin Azərbaycanın müstəqilliyinin ilkin dövrlərində rəhbər şəxslərin səriştəsizliyi, təcrübəsizliyi və naşılığı ucbatından ölkə energetikası acınacaqlı duruma düşdü, enerji sisteminə və o cümlədən enerji çatımazlığı üzündən iqtisadiyyata külli miqdarda maddi ziyan dəydi, texniki və təşkilati fəsadlar yarandı, generasiya gücü zəiflədi, ölkənin elektrik enerjisi ilə təchizatında ciddi problemlər meydana çıxdı və demək olar ki bütün respublika qaranlığa, zülmətə qərq oldu. Ona görə də Heydər Əliyev sözügedən problemlərin həlli üçün böyük əzmkarlıq və fədakarlıq göstərdi, enerji təhlükəsizliyinin təmin edilməsi üçün zəruri tədbirlər müəyyənləşdirdi, onun rəhbərliyi ilə mövcud elektrik stansiyalarının yenidən qurulması və modernləşdirilməsi üçün irimiqyaslı layihələr icra edildi, enerji sisteminin gücləndirilməsi üçün müasir texnologiyaların tətbiq olunduğu yeni elektrik stansiyaları, enerji blokları, elektrik verilişi xətləri, yarımstansiyalar istismara verildi. Köhnə elektrik stansiyalarının yenidən qurulması və yeni elektrik stansiyalarının tikintisi hesabına yeni generasiya gücləri istismara verildi. Hələ SSRİ dövründə inşasına başlanmış 112 MVt gücündə Yenikənd SES-in tikintisi yekunlaşdırılaraq istismara verildi, Bakı İEM-də 2 müasir qaz turbini quraşdırıldı və 107 MVt həcmində yeni generasiya gücü yaradıldı, 400 MVt gücündə “Şimal” ES inşa edilərək işə salındı. İri beynəlxalq bankların kreditləri ilə yanaşı, dövlət büdcəsindən ayrılan maliyyə vəsaitləri hesabına elektrik enerjisi sektorunun maddi-texniki bazası yeniləşdirildi və sair. Sadaladıqlarımla yanaşı, enerji sistemində idarəçliyinin yeni iqtisadi münasibətlərin tələblərinə uyğun qurulması üçün 1996-cı ildə dövlət başçısının fərmanı ilə “Azərenerji” ASC təsis edildi və onun səmərəli fəaliyyəti üçün lazımi şərait yaradıldı. Ümumilikdə 1993-2003-cü illərdə enerji sisteminin dirçəldilməsi üçün həyata keçirilən kompleks tədbirlər nəticəsində 700 MVt-dan artıq yeni generasiya gücü yaradıldı və ümumi generasiya potensialı 5 min MVt-a çatdırıldı.

Azərbaycan Avropanın elektrik enerjisi bazarında lider mövqe tutacaq

Ulu öndərin əsasını qoyduğu inkişaf strategiyası və strateji kurs Azərbaycanın gələcəyi üçün bir miras olduğuna görə bu kurs və strategiya 2003-cü ildən üzübəri Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Belə ki, son 15 il ərzində ölkə daxilində enerji təminatı əsaslı şəkildə yaxşılaşdırılıb, böyük infrastruktur layihələri icra olunub, 30-dan çox elektrik stansiyası tikilib, xeyli sayda yarımstansiya inşa edilib və yenidən qurulub, ümumi uzunluğu 10 min kilometrdən artıq olan elektrik verilişi xətləri çəkilib. Ölkənin hazırkı təqribən 6,5 min meqavat ümumi generasiya gücünün 3,9 min meqavatı məhz son 15 il ərzində ərsəyə gətirilib. Təkcə bir faktı qeyd etmək kifayətdir ki, 2017-ci il ərzində Cənubi Qafqazın ən böyük enerji istehsalçısı olan “Azərenerji” ASC tərəfindən istehlakçılar tələbatlarına uyğun olaraq, etibarlı və fasiləsiz elektrik enerjisi ilə təmin edilib, elektrik enerjisinin istehsalı 21,8 milyard kilovat-saat təşkil edib. Bunun 20,2 milyard kilovat-saatı İES-lərin, 1,6 milyard kilovat-saatı isə SES-lərin payına düşüb. Həyata keçirilmiş məqsədyönlü tədbirlərin nəticəsidir ki, bu gün respublikada elektrik enerjisi istehsalı nəinki daxili tələbatımızı tam ödəyir, həm də ixrac potensialı yaranıb, Azərbaycan elektrik enerjisini idxal edən ölkədən ixrac edən ölkəyə çevrilib. Enerji sisteminin tranzit imkanlarının genişləndirilməsi nəticəsində respubikamız bu günədək elektrik enerjisi ixracatında çox yüksək göstəricilərə nail olub.

Qeyd edək ki, bu gün ölkənin elektrik enerjisi üzrə regional bazarlarda, həmçinin “Şimal-Cənub” və “Şərq-Qərb” enerji dəhlizlərində fəal iştirakının təmin edilməsi məqsədlə Rusiya-Azərbaycan-Gürcüstan-Rusiya elektrik şəbəkələrinin vahid sinxron zonada birləşdirilməsi ilə əlaqədar zəruri texniki-təşkilati tədbirlər həyata keçirilir. Azərbaycan-Gürcüstan-Türkiyə enerji körpüsünün yaradılması isə bizə gələcəkdə Avropa elektrik enerjisi bazarına inteqrasiya olunmaq imkanı verəcək.

Əlavə edək ki, dövlət başçısının 6 dekabr 2016-cı il tarixli fərmanı ilə “Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsi”ndə elektrik enerjisi sektorunun strateji və prioritet hədəfləri dəqiqləşdiriib, elektrik stansiyalarının səmərəliliyinin artırılması və mövcud potensialdan səmərəli istifadə olunması, elektrik enerjisi itkilərinin azaldılması, elektrik enerjisi verilişinin və paylanmasının keyfiyyətinin yüksəldilməsi, həmçinin izafi təchizata görə qısamüddətli perspektivdə xalis elektrik enerjisinin ixracı imkanının nəzərdən keçirilməsi investisiya tələbatlı əsas tədbirlər kimi müəyyənləşdirilib. “Azərenerji” ASC-də həmin tədbirlərin icrası ilə bağlı üzərinə düşən vəzifə və öhdəlikləri vaxtında yerinə yetirmək üçün konkret fəaliyyət planı hazırlanıb və bu plan əsasında zəruri işlər aparılır. Strateji Yol Xəritəsinə uyğun olaraq, istismar müddəti başa çatmış və texniki göstəriciləri tələblərə tam cavab verməyən 110-500 kV gərginlikli yarımstansiyaların, elektrik verilişi xətlərinin müəyyən edilməsi və onların yenidən qurulması, 110-330 kV gərginlikli, müasir texnologiyaya cavab verən, yeni rəqəmsal yarımstansiyaların, idarə olunan elektrik verilişi xətlərinin inşa edilməsi üzrə layihələrin işlənib hazırlanması və həyata keçirilməsi istiqamətində məqsədyönlü işlər aparılır. “Şimal” ES-də gücü 409 MVt olan ikinci enerji blokunun, Lerik rayonunda gücü 16,5 MVt olan ES-in tikintisi həyata keçirilməklə yanaşı, yaxın perspektivdə 980 MVt gücündə “Yaşma”, 385 MVt gücündə “Səngəçal-2” İES-lərin inşası nəzərdə tutulur. Üstəlik, ötürücü infrastrukturun rəqəmsal texnologiyalar əsasında yenidən qurulması işləri daha da intensivləşdiriləcək. Bunlardan əlavə, dövlət başçısının tapşırığı əsasında bölgələrdə SES-lərin tikintisi də davam etdiriləcək.

Bir sözlə, hazırda Azərbaycanın enerji sistemini müasir dünya standartları səviyyəsində inkişaf etdirən, əhalinin və iqtisadiyyatın dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təchiz edən “Azərenerji” ASC-də həyat öz axarınca davam edir. Bu davamlılıq bizə daha nurlu sabahlar, daha işıqlı Azərbaycan bəxş edir və gələcəkdə də edəcək. Hər nurlu sabah isə bizə növbəti gündə də xoşbəxt və firavan yaşam ənam edəcək.

Təbriz Vəfalı

“Azərenerji” Açıq Səhmdar Cəmiyyəti və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim edilir.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
16.08.2018
15.08.2018
14.08.2018