Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Turanı birliyə səsləyən şair-filosof
Tarix: 16.05.2018 | Saat: 20:45:00
Bölmə:Sosial | çapa göndər

Azərbaycan Yazıçılar Birliyi “Natavan” klubunda tanınmış şair-filosof Hacı Loğman Məhəmmədoğlunun anadan olmasının 55 illik yubileyi keçirildi. Tədbiri folklorşünas-alim Elxan Məmmədli açaraq yubilyarı təbrik etdi.

Filologiya elmləri doktoru, professor Buludxan Xəlilov şairin keçdiyi həyat yolundan danışdı. Bildirdi ki, Hacı Loğman bir şair, alim kimi misilsiz qələm sahibidir: “Onun özünəməxsus dəst-xətti var. Şairin Aşıq Ələsgər haqqında yazdığı tədqiqat əsəri, sözün əsl mənasında, ədəbiyyatı silkələdi. Hacı Loğmanın “Aşıq Ələsgər” əsəri Sovetlər dönəmindən qalmış durğun metodikanı alt-üst etdi. Ədəbiyyata, poeziyaya yeni baxış, yeni forma, yeni məzmun gətirdi. Hacı Loğman heç özü də bilmədən mətinşünaslığın əsasını qoydu. Poeziyanın etnoqrafik tarixi analizin əsasını, təməlini yeni baxışla dəyişdi. Bu əsər ədəbi mühitdə böyük bir qısqanclıq yaratsa da, Hacı Loğman dəyişmədi. Bu xarakter onun mükəmməl biliklərə malik olmasından irəli gəlir. Hacı Loğmanın böyüklüyü ondadır ki, öz sözünün arxasında durmağı bacarır və fikirlərini əsaslı, elmi şəkildə təhlil edir. O, mükəmməl bir qələm sahibi olmaqla bərabər, həm də bütöv bir şəxsiyyətdir.Yaxşı dost, yaxşı yoldaş və yaxşı həmkardır. Məhz bu cür şəxslərin dövlətçiliyin qorunmasında, eləcə də Azərbaycan ədəbiyyatının qüdrətinin dünyanın ədəbi ictimaiyyətinə çatdırılmasında müstəsna xidmətləri var”.

Ədəbiyyatşünas-alim, tənqidçi, professor Qurban Bayramov Hacı Loğmanı ilk dəfə olaraq, 65 illik yubileyində tanıdığını dedi. Alimin sözlərinə görə, o, mərhum şairimiz İlyas Tapdıqla məclisin axırına yaxın gəlsə də, öz sazı-sözü ilə məclisə yeni bir ovqat gətirdi. Məclis yenidən canlandı: “Elə o gündən də Hacı Loğman bir şair, söz sahibi kimi mənim yaddaşıma yazıldı. Hacı Loğmanın bir qələm sahibi kimi əhatəsi çox genişdir. Mən sosial şəbəkədə onun yazılarını, şeirlərini oxuyub mütaliə edirəm. Onun yaradıcılığında əsl şair ürəyi döyünür. Onun bir əli Təbrizdə, Tehranda, bir əli Dərbənddə, bir əli Türkiyədə, Orta Asiyada olmaqla, Turanı birliyə səsləyir. Burada çox-çox fikirlər onun haqqında deyildi. Bu deyilənlərə əlavəm odur ki, Güney ədəbiyyatında Təbriz mühitində Hacı Loğmanı bir şair, alim kimi bizdən yaxşı tanıyırlar. Görünür, onlar bizdən daha çox mütaliə edirlər”.

Şairlərdən Oqtay Rza, Musa Ələkbərli, Knyaz Aslan, Hacı Malik Xəlilov, Kəmallədin Qədim, Rəşid Mahmudov, Hacı İlqar, el ağsaqqalı Abbas Mazanov, bədii söz ustası Namiq Məna, simli alətlər ustası Behbud Ağakişiyev BDU-nun kitabxanaçılıq kafedrasının müdiri Elçin Əhmədov, xanəndə Hacı Aqil, Loğman yaradıcılığı haqqında fikir söylədilər.
Xalq Artisti Eldost Bayram şairin bir neçə şeirini səsləndirdi. Gəncə şəhərindən gələn Aşıq Rasim Gədəbəyli, Aşıq Toğrul Ayrımelli, balaban ustası Eldəniz Elxanoğlu və Aşıq Sərdar gözəl ifaları ilə məclisi zinətləndirdilər.
Eyni zamanda, şairin uşaqlıq dostları Rafiq Məmmədov, Qələndər Qasımov və Nəzakət Qasımova uşaqlıq illərinin xatirəsini bölüşərək, şairin keçdiyi mənalı həyat yolundan danışdılar.
Sonda yubilyara söz verildi. Hacı Loğman əvvəlcə bir neçə şeirini oxudu. Sonra məclis iştirakçılarına zəhmət çəkib gəldiklərinə görə, öz təşəkkürünü bildirdi.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
21.10.2018
20.10.2018
19.10.2018