Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Türk dünyasının qızıl tarixi – “Qızıl adam”
Tarix: 18.05.2018 | Saat: 13:34:00
Bölmə:Maraqlı | çapa göndər

Qazaxıstanın Azərbaycandakı səfirliyinin təşəbbüsü ilə mayın 22-də Azərbaycan Milli Tarix Muzeyində “Böyük Çağın Mirası: Zərgərlik sənətinin şah əsərləri” adlı sərgi açılacaq. 

Qazaxıstanın ölkəmizdəki səfirliyindən Hafta.az-a verilən məlumata görə, sərgi bu ölkənin Milli muzeyi ilə birgə “Qızıl adam”ın dünya muzeylərində təqdimatı” layihəsi çərçivəsində baş tutacaq. Mərasimdə Qazaxıstanın Milli Muzeyinin direktor müavini A.K. Satubaldin, tarix elmləri doktoru, professor Z.S. Samaşeva, Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı, AMEA-nın vitse-prezidenti İsa Həbibbəyli və başqaları iştirak edəcək.

Bir az da “Qızıl adam”la bağlı məlumata nəzər yetirək:

“Qızıl adam” və ya «Qızıl geyimli adam» kimi adlandırılan bu tapıntı 1969-cu ildə arxeoloq alim Kamal Akişevin başçılığı altında arxeoloji ekspedisiya tərəfindən Almatının 60 kilometr şərqində, İssık çayının sahilindəki kurqanların birində tapılıb. Kurqanın hündürlüyü 6, diametri 60 metrdir.

Məlumat üçün bildirək ki, Esik adlı 800 hektarlıq bu sahədə 27 böyük və 55 kiçik kurqan var. 1963-cü ildə İssıq-göl daşaraq byuradakı kurqanların bir çoxunu yuyub aparıb. 1970-ci ildə buldozerlər buradakı bir təpəlikdə tikinti üçün qazma işləri görərkən işçilər yonulmuş qayaya rast gəlirlər. Bununla bağlı Almatı muzey rəhbəri Bekin Nur Muhamməd və Kamal Akşiyev bir heyətlə əraziyə gələrək ilkin bilgilər əldə edirlər. Beləliklə, ilk tədqiqatlar Orta Asiya tarixinin yenidən yazılacağını şərtləndirir.

İlk tədqiqatçılardan Nur Muhamməd məzarı aşkar etməsini bu cür xatırlayır: “İnşaat əsnasında 6 metr yüksəklikdə, 60 metr genişlikdə iki quyu qazılırdı...Taxtanın üzərində kilim, kilimin üstündə qumaş vardı və cəsəd onun üzərinə qoyulmuşdu - başı qərbə, ayağı şərqə dönükdü. İşləri dayandırdılar və tarixçi olduğum üçün mənə xəbər verdilər. Məzara çatdıqda torpağı əllərimlə qazmağa başladım. Öncə taxta parçalarını çıxardım, lakin taxtalar günəşi görüncə əlimdən düşdülər və toza çevrildilər. Bir az daha qazdıqda gözlərim parıltıdan qamaşdı və uzun müddət məzara baxa bilmədim. Yanımdakılar da baxa bilmədi. Gözlərimi ovuşdurduqdan sonra qızıl geyimi gördüm... Taxta tabut içində idi. Yanında, üzərində yazılar olan çanaq, əlində də bir üzük vardı. Üzüyü götürüb barmağına taxdım. Cəsədi qızıl geyimi ilə birgə qaldırdıqda, altındakı taxtalar və cəsəd toza çevrildi. Böyük həyəcan içərisindəydik...Dürüst hərəkət etdik. Ruslar gəldilər və sümük parçalarını apardılar...”

“Qızıl adam”ın geyimi başından corabına qədər, o cümlədən kəməri və qılıncı da saf qızıldan hazırlanıb. Cəsədin corabı ilə diz sümüyü arasında üçbucaq və dördbucaq şəkilli 4800 parça qızıl yerləşdirilib. Bu, dünyada firon Tutanhamonun qəbrindən tapılan qızılların sayından sonra ikincidir. Döyüşçünün köynəyi əsasən qızıl ox uclarından və qızıldan tökülmüş şir başından ibarətdir. Qızıldan düzəldilmiş boyunbağı üst-üstə dörd dəfə dolanıb. Barmağında iki qızıl üzük var ki, bunların birinin üzərində börklü kişi motivi işlənib. Üzüklər alimlərdə cəsədin xaqan və ya şahzadə olma ehtimalını yaradır. Şahzadənin üst geyimi qırmızıya boyanmış dəridən ibarətdir, üzərində yırtıcı heyvan rəsmləri və dördbucaq formalı qızıllar yer almaqdadır. Dəridən tikilmiş şalvarının eni 20-25 sm-dir. Uzunluğu 1 metrə yaxın olan kəməri dördbucaq formalı 16 parça qızıldan ibarətdir, üzərində 3 böyük yatmış formalı maral rəsmi yerləşir. Ayaqqabısı keçədən düzəldilmiş və üzəri üçbucaq formalı qızıllardan ibarətdir.

“Qızıl adam”ın başına taxdığı 60-65 sm hündürlüyündəki börk onun milli mənsubiyyətini əks etdirir. Belə ki, bu börk bir çox türk xalqlarına məxsus geyimdir və üzərindəki əşyalar da totem xarakterlidir. Börkdə dağ qoyunu, iribuynuzlu dağ keçisi, qanadlı at, 4 quş qanadı, 4 aslan, aslan dağda, 6 ədəd şir başı, 2 at, 5 dağ keçisi, 5 quş heykəli, tacşəkilli başlıq, 2 kiçik quş qanadı, 4 uzun quş qanadı, 5 yarpaq, 7 kiçik yarpaq, 4 ox, 4 dağ zirvəsi, 5 ağac və sair təsvir olunub.

Həmçinin, cəsədin yanında qırmızı taxtadan qın içində qızıl qəbzəli dəmir qılınc, taxta və dəri qını olan bir xəncər, ucu qızıldan olan bir ox, bir qamçı, içində tunc güzgü və qırmızı boya olan ipək çanta. Eləcə də tabaqlar, vazalar, güzgü və daraq qabları, gümüş qaşıqlar, hətta içində yeməl olan müxtəlif qablar tapılıb. Həmin gümüş qablardan birinin üzərində isə qədim türk yazısından ibarət işarələr aşkarlanıb.
Qazaxıstan Elmlər Akademiyasının professoru Qayneddin Musabəyin araşdırması nəticəsində məlum olub ki, Esik yazısı Orxon yazılarından 1000 il əvvələ aiddir və hər bir işarə bir hərfi deyil, hecanı bildirir. Geyimin türk xalqlarına məxsusluğunu isə mifoloq-professor Mirəli Seyidov türk inanc və mifləri çərçivəsində araşdıraraq, sübut edir.

Yeri gəlmişkən, yazılardan bəlli olur ki, “Qızıl adam” adlandırılan 2500 illik cəsəd Göy tanrılarına inanan türk saqalarının 23 yaşlı şahzadəsinə məxsusdur.

Sonda qeyd edək ki, 1993-cü ildə Qazaxıstanın şimal-şərqində - Altay dağlarında ikinci qızıl geyimli cəsəd tapılıb. Üçüncü “qızıl adam”ın məzarı isə yenə də Qazaxıstanda - Atıray ərazisində aşkarlanıb. Esiklə yanaşı Türküstanın Talgar, Böyük və Kiçik Almatı, Kaskelen, Kurtı, İli, Karakemer, Çilik, Çarın, Kegen, Karkara, Karatal, Ağsu, Lepsı ərazilərində zəngin məzarlara rast gəlinir...



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
21.06.2018
20.06.2018