Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Güzəştli mənzillər kimlərə verilməlidir? - ERSPERT TƏKLİFİ
Tarix: 21.05.2018 | Saat: 19:15:00
Bölmə:Sosial | çapa göndər

Sosial mənzillərin satışı ilə bağlı mayın 7-də keçirilmiş seçim mərhələsinin nəticələri ləğv edildikdən sonra seçim meyarlarının təkmilləşdirilməsi və yeni mexanizmlərinin tətbiqi daha da aktuallaşıb. Aydındır ki, güzəştli mənzil seçimində "first-come, first-served” prinsipi seçimdə ədalətin təmin edilməsi üçün yetərli deyil. Belə görsənir ki, kompüterdə daha cəld işləyə bilənlər ev seçimində daha çox üstünlüyə malikdir.

İqtisadçı-ekspert Vüqar Bayramov hesab edir ki, bu yanaşma sosial meyar deyil, daha çox texniki vərdişlərlə bağlıdır və güzəştli mənzil seçimində sosial mexanizimlərinin tətbiqinə ehtiyac var:
"Təssəvür edin ki, həyat yoldaşını itirmiş və himayəsində uşaqlar olan xanım kompüterdən cəld istifadə edə bilmədiyinə görə sosial evə sahib olmaqdan mərhum olur. Bu təbii ki, sosial ədalət prinsipinə uyğun deyil. Nəyi təklif edirik? Güzəştli kateqoriya prinisipi saxlanılmaqla "çevik seçim” mexanizmdən sosial meyarlara keçid həyata keçirilməlidir. Təxminən 8 minə yaxın vətəndaşımız sosial mənzilə sahib olmaq istəyir. Daha məqsədə uyğun olardı ki, Mənzil İnşaatı Dövlət Agentliyi müraciətlərinin sosial struktruna uyğun olaraq seçim meyarları müəyyənləşdirsin. Müraciətlər sosial kriteriyaya uyğun olaraq qruplaşdırılmalıdır. İlkin olaraq daha çox sosial dəstəyə ehtiyacı olan vətəndaşlar evlə təmin edilməlidir".

V.Bayramov qeyd edib ki, birinci mərhələdə mənzili olmayan şəhid ailələri, ailə başçısını itirmiş ailələr və mənzili olmayan elmlər doktorlarına mənzillər təklif edilə bilər: "Xüsusən də himayəsində azyaşlı uşaqları olan, həyat yoldaşını itirmiş xanımlara belə imkan yaradılması məqsədə uyğundur. Çünki həmin ailələrin daha çox sosial qayğıya ehtiyacı olduğundan onların mənzil probleminin ilk növbədə həll edilməsi vacibdir. Çox uşaqlı evi olmayan aztəminatlı ailələr də prioritet qrupa daxil oluna bilər. Sonrakı mərhələdə isə digər sosial qrupların güzəştli mənzillərdən istifadə imkanı verilməlidir. Bütövlükdə, mənzil bölgüsündə ardıcıllığın texniki deyil, sosial meyarlar üzrə müəyyənləşdirilməsinə ehtiyac var".
Sosial evlərlə bağlı ümidlənənləri indi bir sual düşündürür. Sosial mənzillərin şərtlərinə uyğun gəlməyənlər nə etsinlər? Götürək Quliyevlər ailəsini. Ailə uzun müddətdir kirayədə yaşayır. Sosial mənzillərin tikintisi ilə bağlı qərarı böyük sevinclə qarşılasa da, şərtlər açıqlandıqdan sonra mənzilə sahib olmaqdan ümidlərini tamamilə kəsiblər.

Çünki onlar heç bir sosial kateqoriyaya daxil deyillər. Ailənin başçısı hesab edir ki, kateqoriyaların müəyyənləşdirlməsi ədalətli deyil: “Biz ayda kirayəyə ödədiyimiz məbləği sosial mənzil üçün ödəyə bilərik. Amma güzəştli mənzil almaq hüququndan məhrumuq”. Cəfərovlar ailəsi kimi minlərlə evsiz ailə var ki, onlar da müəyyən edilmiş kateqoriyalara uyğun gəlmirlər. Narazılıq yaradan həm də müraciət üçün 35 yaşın müəyyən edilməsidir.

Təklif ediləcək ilk sosial evlərə güzəştli ipoteka almaq hüququ olan gənc ailələr sahib ola biləcək. Bunlar şəhid ailəsinin üzvü (əri/arvadı, övladları), Milli Qəhrəman (özü, əri/arvadı, övladları), məcburi köçkün və ya ona bərabər tutulan şəxs, ən azı 3 il dövlət qulluğunda qulluq edən, o cümlədən dövlət qulluğunun xüsusi növündə xidmət keçən şəxs, ən azı 5 il dövlət ümumtəhsil məktəbində müəllim işləyən şəxs, fəlsəfə doktoru elmi dərəcəsi olan şəxs, idman sahəsində xüsusi xidmətləri olan şəxs (fəxri bədən tərbiyəsi və idman xadimi, ölkə miqyaslı yarışların qalibi (I yer), beynəlxalq miqyaslı yarışların mükafatçısı (I, II və ya III yer) olanlardır. Gənc ailə üçün yaş həddi 35-dir.

Həmçinin, yaşından və ailə vəziyyətindən asılı olmayraq elmlər doktoru elmi dərəcəsi olan şəxs, ən azı 15 il dövlət qulluğunda qulluq edən şəxs, ən azı 3 il hərbi xidmətdə olan (müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçulardan başqa), həmçinin ehtiyata və istefaya buraxılmış Azərbaycan Respublikasının hərbi qulluqçuları, ən azı 3 il daxili işlər orqanlarında xidmət keçən xüsusi rütbəsi olan şəxslər də bu imkandan yararlana biləcəklər.

Sosial mənzillər bir, iki və üç otaqlı olmaqla inşa edilir. Bir otaqlı mənzil üçün qiymət təxminən 130-150, 2 otaqlı üçün 200-210 manat, 3 otaqlı üçün isə 300- 320 manat olacaq. İlkin ödəniş 10 faiz təşkil edəcək. Yasamalda inşa edilən sosial binalarda təxminən 1900 mənzilin istifadəyə veriləcəyi gözlənilir.
İqtisadçı ekspert Samir Əliyev də hesab edir ki, əslində bu, sosial evlərdən daha çox ucuz evlər kateqoriyasına uyğun gəlir: “Yəni sosial evlərin mahiyyəti bir qədər fərqlidir və bu bizim qanunvericilikdə də əksini tapıb. Burada əsas məqsəd aztəminatlı təbəqəni evlə təmin etməkdir. Əgər layihə sosial xarakterlidirsə, onda sosial baxımdan aztəminatlı insanlar hədəfdə olmalıdır. Kimsə yarışlarda yer tutursa, bir neçə evin pulunu mükafat kimi alırsa, onları bu kateqoriyaya salmaq düzgün deyil. Bu, artıq sosial baxımdan zəif olan insanların yaşayış səviyyəsini yaxşılaşdırmaq kateqoriyasından onsuz da sosial vəziyyəti yaxşı olan kateqoriyanın vəziyyətinin daha da yaxşılaşdırılması kateqoriyasına keçir. Mənzillər mütləq şəkildə hansısa tanınmış adama yox, gəlirləri az olan, sosial baxımdan həssas təbəqəyə verilməlidir”.

Ekspert əlavə edib ki, xarici ölkələrdə sosial evlərə münasibətdə normativlər var: “Bizdəki “xruşovkalar” tam sosial ev statusuna uyğun gəlir. Yəni sosial ev insanların yaşaması üçün minimal tələbatı ödəyirdi. Məsələn, komersiya şirkətlərinin tikdiyi evlər 100-200 kv metrdir. Bu, sosial ev ola bilməz. Sosial evlər eyni standartlar əsasında tikilməlidir. Yəni geniş evlər olmalı deyil. Bütün bu amilləri nəzərə alsaq, sosial evlər ucuz başa gəlməlidir. Hətta mən deyərdim daha ucuz. Torpaq dövlət tərəfindən verilib, əlavə xərclər yoxdur, ona görə daha ucuz olmalıdır. Amma görünür ki, burda da daha çox gəlir əldə etmək məqsədi özünü göstərir, nəinki əhalini sosial evlə təmin etmək məqsədi”.

S.Əliyev düşünür ki, gələcəkdə şərtlərin dəyişdirlməsinə ehtiyac var: “Şərtlər yüngülləşdirilməli, əhatə dairəsi genişləndirilməli, ünvanlı olmalıdır. Yəni sosial baxımdan yaşayış səviyyəsi aşağı olan insanlara yönəlik siyasət olmalıdır. Bu, ayda 1000-2000 manat maaş alanlar üçün olmalı deyil. Ona görə də əsas kriteriya kimi sosail gəlirlik səviyyəsi götürülməlidir, yaş iknci üçüncü dərəcəli olmalıdır. Gələcəkdə müəyyən işbazların kommerisya fəaliyyətinə çevrilməməsi üçün maksimum şəffaflıq və ünvanlılıq olmalıdır”.
Qeyd edək ki, məsələ sosial şəbəkələrdə də müzakirəyə çıxarılıb və insanlar həm kateqoriyalar, həm aylıq ödəniş, eyni zamanda yaş senzinin müəyyən edilməsindən narazılıqlarını bildiriblər.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
19.06.2018
18.06.2018
17.06.2018