Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Təhsillə bağlı yeni layihəyələr icra olunacaq
Tarix: 23.05.2018 | Saat: 18:15:00
Bölmə:KİVDF | çapa göndər

Bu layihələrdən 41-i ümumi təhsil müəssisələri, 125-i isə fərdi kateqoriya üzrə dəstəklənəcək

Təhsil Nazirliyinin elan etdiyi təhsildə inkişaf və innovasiyalar üzrə II qrant müsabiqəsinin yekun nəticələri məlum olub. Sözügedən nazirliyin Təhsilin inkişafı proqramları şöbəsinin müdiri Emin Əmrullayev bildirib ki, qrant müsabiqəsi "İlin ən yaxşı məktəbi" və "İlin ən yaxşı müəllimi" müsabiqələrinin yerinə təşkil olunur.

Onun sözlərinə görə, müsabiqəyə ümumi təhsil müəssisələri və fərdi kateqoriya üzrə ümumilikdə 850 layihə təklifi daxil olub: "Təşkilat Komitəsi Ekspert Qrupunun rəyi əsasında ümumi təhsil müəssisələri kateqoriyası üzrə 41, fərdi kateqoriya üzrə 125 layihənin dəstəklənməsini məqsədəuyğun sayıb. Müsbət qərar verilən 166 layihənin maliyyələşdirilməsi Təhsil Nazirliyi tərəfindən təsdiqlənib".
Şöbə müdiri qeyd edib ki, müsabiqədə layihəsi qalib olmayan şəxslər apelyasiya müraciəti edə bilərlər.
Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov əlavə edib ki, qrantlar QHT-lərə verilmir: "Müsabiqə dövlət ümumi təhsil müəssisələri və bu müəssisələrdə çalışan pedaqoji işçilər üçün elan edilib".
Qeyd edək ki, təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsinin keçirilməsində başlıca məqsəd təhsil müəssisələrində və təhsilverənlərdə sağlam rəqabəti və innovativ fəaliyyəti stimullaşdırmaqdan ibarətdir. Müsabiqə 9 mövzu - təhsil müəssisələrinin dövlət-ictimai uğurlu idarəetmə modellərinin aşkarlanması, dəstək verilməsi və yayılması; pedaqoji işçilərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi; zəruri tədris-metodiki bazanın, məktəbdə metodik xidmət sisteminin təkmilləşdirilməsi, müasir texnoloji infrastukturun formalaşması və inkişafı; istedadlı uşaqların aşkar olunması və dəstəklənməsi üçün yaradıcı mühitin inkişaf etdirilməsi; sağlamlıq imkanları məhdud uşaqların təhsil alması üçün xüsusi imkanların və şəraitin yaradılması; psixoloji xidmətin təşkili və effektivliyinin artırılması; tədrisin keyfiyyətinin idarə olunmasında müasir qiymətləndirmə vasitələrinin tətbiq edilməsi; tədrisdə xüsusi distant texnologiyaların istifadə sistemlərinin inkişafı və ümumi təhsilin yeni məzmununu ehtiva edən kurikulumlarla (təhsil proqramları) iş prosesində müasir təlim texnologiyalarının tətbiqi; təhsil və maarifçilik xarakterli tədbirlərin təşkili üzrə keçirilir.

Qaydalara əsasən, müsabiqədə iştirak etmək istəyən şəxslər www.grants.edu.az saytından qeydiyyatdan keçməli və müvafiq sənədləri sistemə yükləməli idilər. Layihələrin təqdim olunmasına dair əsas tələblərə gəlincə, ümumi təhsil müəssisələri kateqoriyası üzrə müsabiqədə dövlət tam orta ümumi təhsil müəssisələri iştirak edə bilərdilər. İbtidai və orta ümumi təhsil müəssisələri yalnız tam orta ümumi təhsil müəssisələri ilə birgə layihə ilə müraciət edə bilərdilər. Fərdi kateqoriya üzrə müsabiqədə təşkilati-hüquqi formasından asılı olmayaraq bütün ümumi təhsil müəssisələrində çalışan pedaqoji işçilərin müraciət etmək imkanları var idi. Ümumi təhsil müəssisələri və pedaqoji işçilər müsabiqəyə yalnız 1 layihə təqdim edə bilərdilər. Hər iki kateqoriya üzrə təqdim olunan layihə təkliflərinin icra müddəti 3 aydan az, 12 aydan çox olmamalıdır.
Xatırladaq ki, 2016-cı ilin avqustun 3-də prezident İlham Əliyev “Ən yaxşı ümumtəhsil müəssisəsi və ən yaxşı müəllim mükafatlarının təsis edilməsi haqqında” sərəncamın ləğv edilməsi və “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planı”nın icrası ilə əlaqədar bəzi məsələlər haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, “Ən yaxşı ümumi təhsil müəssisəsi” və “Ən yaxşı müəllim mükafatları” üçün Azərbaycan Respublikasının dövlət büdcəsində hər il üzrə nəzərdə tutulan vəsait təhsildə inkişaf və innovasiyalar üzrə qrant layihələrinin həyata keçirilməsinə yönəldilib. Ötən il bu məqsədlə Nazirlər Kabineti "Təhsildə inkişaf və innovasiyalar üzrə qrantların məbləği və ayrılması şərtləri, o cümlədən vəsaitlərin verilmə prosedurları, monitorinqin aparılması, hesabat və qiymətləndirmə üzrə tələblər”i təsdiq edib. Həmin tələblərə görə, təhsildə inkişaf və innovasiyalar üzrə qrantların ayrılması üçün Təhsil Nazirliyi tərəfindən ildə bir dəfə müsabiqə keçirilir. Qrant müsabiqəsi 2 kateqoriya – ümumi təhsil müəssisələri və fərdi layihələr üzrə keçirilir.
Qrantlar və müsabiqənin keçirilməsi ilə bağlı tələb olunan xərclər hər il bu məqsədlə dövlət büdcəsində Təhsil Nazirliyi üçün nəzərdə tutulmuş vəsaitlər, habelə qanunvericiliklə qadağan olunmayan digər mənbələr hesabına maliyyələşdirilir.

Ümumi təhsil müəssisələri kateqoriyası üzrə bir layihə üçün ayrılmış qrant məbləğinin dəyəri 100 000 manatdan, fərdi layihələr kateqoriyası üzrə isə 10 000 manatdan çox olmamalıdır. Şərtlərə görə, ümumi təhsil müəssisələri kateqoriyası üzrə müsabiqədə istənilən dövlət tam orta ümumi təhsil müəssisəsi iştirak edə bilər. İbtidai və orta ümumi təhsil müəssisələri yalnız tam orta ümumi təhsil müəssisələri ilə birgə layihə ilə müraciət edə bilərlər. Həmçinin fərdi layihələr kateqoriyası üzrə müsabiqədə iştirak üçün mülkiyyət formasından asılı olmayaraq, bütün ümumi təhsil müəssisələrində işləyən pedaqoji işçilər müraciət edə bilərlər. Ümumi təhsil müəssisələri kateqoriyası üzrə maliyyələşdirilməsi barədə qərar qəbul olunmuş layihələrə ayrılacaq qrantlar bağlanılmış qrant müqaviləsi əsasında 3 mərhələdə ödənilir. Birinci mərhələdə vəsaitin 30 faizi, ikinci mərhələdə 40 faizi və layihənin yekun hesabatı təqdim edildikdən sonra isə qalan 30 faizi nağdsız qaydada ödənilir. Fərdi layihələr kateqoriyası üzrə maliyyələşdirilməsi barədə qərar qəbul olunmuş layihələrə ayrılacaq qrantlar mövcud qanunvericiliyə uyğun qaydada bağlanılmış qrant müqaviləsi əsasında 2 mərhələdə ödənilir. Birinci mərhələdə vəsaitin 70 faizi, ikinci mərhələdə isə qalan 30 faizi nağdsız qaydada ödənilir.
Yeri gəlmişkən, təhsildə inkişaf və innovasiyalar üzrə 1-ci qrant müsabiqəsi ötən ilin avqust ayında elan edilib. Müsabiqə çərçivəsində ümumi təhsil müəssisələri kateqoriyası üzrə 78, fərdi kateqoriya üzrə isə 213 layihə təklifi daxil olub. Təşkilat Komitəsi Ekspert Qrupunun rəyi əsasında ümumi təhsil müəssisələri kateqoriyası üzrə 38, fərdi kateqoriya üzrə 84 layihənin dəstəklənməsini məqsədəuyğun sayıb, ümumilikdə 122 layihənin maliyyələşdirilməsi Təhsil Nazirliyi tərəfindən təsdiqlənib.

Qeyd edək ki, təhsildə inkişaf və innovasiyalar üzrə birinci qrant müsabiqəsində maraqlı layihələr icra olunub. Məsələn, birinci qrant müsabiqəsində fərdi kateqoriya üzrə qalibi olmuş layihələrdən biri - “Şagirdlərin yaradıcı peşələrə marağının artırılması” layihəsi çərçivəsində ustad dərsləri təşkil olunub. Bakının Binəqədi rayonundakı Namiq Fərəczadə adına 100 nömrəli tam orta məktəbin şagirdləri üçün keçirilən ustad dərslərinin tədrisinə müvafiq sahələr üzrə təcrübəli mütəxəssislər cəlb ediliblər. Layihənin məqsədi məktəbin texnoloji sahədə xüsusi istedada malik olan şagirdlərini seçmək, onların bu sahəyə maraqlarını artırmaqdan ibarət olub.Ustad dərsləri dərzi-toxucu, rəssam-heykəltəraş, modelyer dizayner və dekorativ tətbiqi sənət qrupları üzrə aparılıb. Qrupların hər birində 10 nəfər olmaqla xüsusi istedada malik 40 yaradıcı şagird iştirak edib.
Təhsildə inkişaf və innovasiyalar üzrə birinci qrant müsabiqəsi çərçivəsində “Fiziki qüsurlu istedadlı məktəblilərin I Ümumrespublika Forumu” adlı layihəyə də həyata keçirilib. Layihə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 59 nömrəli tam orta məktəbdə reallaşdırılıb. Layihənin əsas məqsədi ümumilikdə sağlamlıq imkanları məhdud olan, o cümlədən valideyn himayəsindən məhrum edilmiş xüsusi istedadlı, yaradıcılıq qabiliyyətləri olan yeniyetmə və gənclərin cəmiyyətə inteqrasiyası, onların ictimai həyatdan uzaqlaşmasının qarşısının alınması olub. Layihə çərçivəsində sağlamlıq imkanları məhdud olan uşaqlar üçün xüsusi internat məktəblərində təlimlər təşkil edilib.

Sevinc

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında hazırlanıb.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
19.11.2018
18.11.2018
17.11.2018