Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“Ermənilər məni işdən çıxarmaq istəyirdilər”
Tarix: 23.05.2018 | Saat: 19:30:00
Bölmə:Sosial | çapa göndər

Müdriklər demişkən: “Aslanın erkəyi, dişisi olmaz». Vətənimizdə elə qadınlarımız var ki, mərd, mübariz olurlar. Öz ağılı, ziyalılığı ilə seçilir, öz xeyirxahlıq missiyalarını həyata keçirirlər. Belə qadınlarımızdan biri də sabiq millət vəkili Lalə Abbasovadır. Lalə Abbasova Xaçmaz rayonunda doğulub, boya-başa çatıb. İxtisasca jurnalistdir.

 

“Arzum hüquqşünas olmaq idi”

Lalə xanım deyir ki, uşaqlıqdan onun arzusu hüquqşünas olmaq idi:

– Ancaq bu arzum reallaşmadı. 1972-ci ildə Xaçmaz şəhər 45 saylı orta məktəbin rus bölməsini bitirib, Moskva Dövlət Universitetinin hüquq fakültəsinə sənəd verdim. Təəssüf ki, imtahanlardan az bal topladığıma görə, müsabiqəyə düşdüm. Rayona qayıtdım və Xaçmaz Balıqçılıq Zavodunun nəzdində fəaliyyət göstərən 7 illik uşaq musiqi məktəbində musiqi müəllimi işlədim. Həftənin iki gününü musiqi məktəbinə gedirdim. Yenə də arzum hüquqşünas olmaq idi. Ona görə də mənə 1 il fəhləlik stajı lazım idi. Bu səbəbdən, Xaçmaz rayon 1 saylı sovxozda fəhlə işlədim. Böyük bacım Nərmin Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində təhsil alırdı. Çox götür-qoy etdim və qərara gəldim ki, sənədlərimi jurnalistika fakültəsinə verim. Və 1975-ci ildə BDU-nun jurnalistika fakültəsinin qiyabi şöbəsinə qəbul olundum. Tələbə ola-ola “Vışka” qəzetində korrektor vəzifəsində çalışdım. 21 il adıçəkilən mətbu orqanında Baş redaktorun müavini vəzifəsinə kimi yüksəldim. Eyni zamanda, “Bakı” və “Baku” axşam qəzetləri ilə də əməkdaşlıq edirdim. Eləcə də Dövlət Radiosunun türk bölməsində uşaqlar üçün maraqlı verilişlər hazırlayırdım.


“SSRİ dağılandan sonra...”


Müsahibim deyir ki, SSRİ dağılandan sonra, “Vaş dom” jurnalına rəhbərlik edib. Onun sözlərinə görə, 1999-cu ildə qəzet açmaq qərarına gəlib:
– 2000-ci ilin yanvarında qadınlardan bəhs edən “Mir jenşinı” qəzetini təsis etdim. Eyni zamanda, adıçəkilən qəzetin nəzdində “Xeyriyyə Fondu” yaratdım. Fonda imkanlı dostları və insanları cəlb etdim. Fondun hesabına yığılmış maliyyə vəsaiti ilə Quba rayonunun Zərdabi kəndində yerləşən Uşaq Evini himayəyə götürdüm. Mən həm də Beynəlxalq Qadınlar Klubunun (BQK) üzvü idim. Adıçəkilən qurumun üzvlərinin yarısı xarici ölkələrdən Bakıya işləməyə gələn əcnəbilər idilər. “BQK” xeyriyyəçilik missiyasını yerinə yetirirdi. Bakı şəhərində fəaliyyət göstərən uşaq evlərinə yardımlar edirdik. Bizimlə işləyən əcnəbi qadınlar biz azərbaycanlı qadınlara yuxarıdan-aşağı baxırdılar. Onlar bizim savadlı və zəngin, alicənab, yüksək biliyə malik qadınlarımızın olduğunu düşünmürdülər. Və bu onların hərəkətlərində də açıq-aşkar hiss olunurdu. Onların bu hərəkətləri mənə çox toxundu. Qərara gəldim ki, Azərbaycan qadınları haqqında bir ensiklopediya yaradım və bununla da onlara sübut edim ki, heç də onlar düşünən kimi deyil.
Azərbaycan qadınları müsəlman, kübar xanımlardır. Azərbaycan, rus və ingilis dillərində 3 il ərzində 3 cildlik “XXI əsrin Azərbaycan qadınları” ensiklopedik toplusunu yaratdım. Həmin toplunu Türkiyədə yüksək poliqrafik keyfiyyətlə çap etdirdim. Bu kitabları 78 ölkənin birinci xanımlarına ərməğan olaraq göndərdim. Hətta o zaman bəzi ölkələrin birinci xanımlarının təşəkkür məktublarını aldım və bu məni çox sevindirirdi. Bu işlərimlə yanaşı, mən həm də BDU-nun jurnalistika fakültəsində müəllim kimi də fəaliyyət göstərirdim.


“Bir jurnalist həmkarım dedi ki...”


Lalə Abbasova söyləyir ki, 2004-cü ildə bir jurnalist həmkarı ona yaxınlaşıb deyir ki, sizdən yaxşı millət vəkili olar:
– 2005-ci ildə 55 saylı Xaçmaz Rayon Seçki Dairəsindən deputatlığa namizədliyimi irəli sürdüm və seçicilərin səs çoxluğunu qazanaraq, millət vəkili seçildim. Mən bir millər vəkili kimi, ən çox seçicilərimin arasında olub, onların problemlərini Milli Məclisin komissiyalarına çatdırırdım və bu da öz həllini tapırdı. O dövrdə bir neçə layihə işləyib hazırlamışdım. Ancaq həmin layihələri ictimailəşdirmək üçün vəsait tələb olunurdu. Bu səbəbdən də Qadın və Tərəqqi İctimai Birliyini yaratdım və ölkəmizdə olan sosial problemlərlə bağlı 4 layihə – “Geni modifikasiya olunmuş (GMO ) məhsullara yox deyək”; “Ailə qurarkən icbari müqavilə - ailənizin sığortalanmasıdır”; “Erkən nikahlar” və “Dünya kinematoqrafiyasında eybəcərliklərə yox deyək” layihələrini Milli Məclisə təqdim etdim. Bunlardan ikisi öz həllini tapdı. Altı kitabın müəllifiyəm, 12 mahnı bəstələmişəm. Mahnılarım tanınmış müğənnilər tərəfindən ifa edilir.

 

«Hamı kimin kim olduğunu gözəl gördü»


Müsahibim 2009-cu ildə millət vəkili kimi, Türkiyənin “AVAZ” telekanalına dəvət olunduğunu söyləyir:
– Aparıcı mənə belə bir sualla müraciət etdi ki, əgər Türkiyə Ermənistanla sərhədləri açsa, onda Azərbaycan hansı addımları atar? Cavab verdim ki, biz də sizə təbii qaz vermərik. Lakin bəziləri deputatlıq fəaliyyətimə kölgə salmağa çalışırdılar. Ünvanıma qara yaxıb deyirdilər ki, guya mən bir çox hökumət adamlarına qarşı lazım olmayan ifadələr işlətmişəm. Amma zaman keçdi, hamı kimin-kim olduğunu gözəl gördü və anladı.


“Ermənilər məni işdən çıxarmaq istəyirdilər”


Sabiq millət vəkili söyləyir ki, hələ sovet dönəmində “Vışka” qəzetində işləyərkən, onunla birgə çalışan milliyyətcə erməni olan jurnalistlərin xislətləri açıq şəkildə özünü büruzə verirdi:
– Təxminən, 1984-cü il olardı. Adıçəkilən mətbu orqanında Roza Markaryan adlı yaşlı bir erməni qadını korrektor vəzifəsində çalışırdı. Türkləri görməyə gözü yox idi. Ona görə də bizim millətcə azərbaycanlı olan jurnalist həmkarlarıma sataşır və ünvanlarına xoşagəlməz ifadələr işlədirdi. Baxmayaraq, mən onun qızı yerindəydim, amma onun bu ifadəsinə dözməyərək layiqincə cavabını verirdim. Roza Markaryan bir gün şər ataraq, məndən qəzetin həmkarlar təşkilatına şikayət ərizəsi yazdı. Bununla bağlı həmkarlar təşkilatı iclas keçirdi və məsələyə münasibət bildirdi. Çox çalışdılar ki, məni işdən çıxarsınlar, amma bacarmadılar. Mənə yağlı töhmət verdilər. 1980-ci illərin əvvəlində belə bir əhvalat başıma gəlib. Açığını deyim ki, gözəl şirniyyat bişmişləri bişirirdim. Novruz Bayramında bişirdiyim şirniyyatdan və dəmlədiyim plovdan “Vışka” qəzetinin redaksiyasına gətirib nahar vaxtı süfrə açdım. Erməni jurnalist həmkarlarım yeməkdən yeyib, sonra da gedib qəzetin Baş redaktoru İvanova şikayət etdilər ki, Lalə redaksiyada Novruz süfrəsi açıb. Çünki o zamanlar Novruz Bayramının dövlət səviyyəsində keçirilməsi ölkəmizdə yasaqlanmışdı. Əgər tanınmış jurnalist həmkarım Dilbər Axundzadə olmasaydı, məni işdən azad edəcəkdilər. Dilbər xanım İvanovu inandırdı ki, bu, heç də ermənilər deyən kimi deyil, Lalə, sadəcə olaraq, bu şirniyyatı bizim üçün bişirib. Bu süfrənin Novruz Bayramına heç bir aidiyyəti yoxdur. Bu dəfə də ünvanıma yazılı töhmətlə kifayətləndim.
Lalə Abbasova hazırda işsiz olduğunu vurğulayaraq deyir ki, yenə də işləməyə böyük marağı, bacarığı var. İstəyir ki, bir çox sahələrdə çalışaraq, dövlətinə və xalqına xidmət göstərsin.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
19.11.2018
18.11.2018
17.11.2018