Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Universitetlərin nəzdində kolleclər açılacaq
Tarix: 24.05.2018 | Saat: 18:15:00
Bölmə:KİVDF | çapa göndər

Ekspertlər hesab edirlər ki, bu addım gənclərin orta ixtisas təhsili ilə əhatəolunma səviyyəsini artıra bilər

Azərbaycanda ali təhsil müəssisələrinin müvafiq struktur bölmələrində təsisçinin razılığı ilə orta ixtisas təhsili də həyata keçirilə bilər. Qeyd edək ki, bununla bağlı "Təhsil haqqında" qanuna yeni dəyişikliklərin edilməsi təklif olunur. Qanuna təklif edilən dəyişikliklərə görə, ali təhsil müəssisələrində orta ixtisas təhsilinin təşkili qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən ediləcək.

Təklif edilən əlavədə qeyd edilir ki, doktorantura təhsili ali təhsil müəssisələrində, elmi müəssisə və təşkilatlarda yaradılan doktoranturalarda (hərbi təhsil müəssisələrində adyunkturalarda) həyata keçirilir və müvafiq elmi dərəcələrin verilməsi ilə başa çatır. Ali təhsil müəssisələrində, elmi müəssisə və təşkilatlarda, habelə digər təşkilatlarda çalışan elmi-pedaqoji kadrlara elmi dərəcələrin verilməsi dissertantlıq yolu ilə reallaşdırılır.
Yeri gəlmişkən, "Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üz-rə Strateji Yol Xəritəsi"ndə göstərilib ki, Azərbaycanda universitetlərin nəzdin-də 2 illik sub-bakalavr pilləsi (kolleclər) yaradılması nəzərdə tutulur. Sənəddə qeyd olunub ki, bu addım gənclərin orta ixtisas təhsili ilə əhatəolunma səviyyəsini artıra bilər. Bunun üçün ilk peşə və orta ixtisas təhsili müəssisələrinin mövcud vəziyyəti araşdırılacaq, onların infrastruktur, maddi-texniki baza, müəllim-pe-daqoji heyətinin potensialının qiymətləndirilməsi aparılacaq. Peşə təhsili müəs-sisələri şəbəkəsinin rasionallaşdırılması planına əsasən, peşə təhsili müəssisələrinin birləşdirilməsi və müəyyən peşə istiqamətləri üzrə ixtisaslaşmış peşə təhsili mərkəzlərinin yaradılması təşviq olunacaq. Peşə təhsili müəssisələrinin mövcud müəllim-pedaqoji heyətinin diaqnostik qiymətləndirilməsi və onların bilik və bacarıqlarının artırılması, yeni müəllim heyətinin peşə təhsili və təlimi prosesi-nə cəlb edilməsi ilə bağlı tədbirlər dəstəklənəcək. Peşə təhsili müəssisələrinin mövcud müəllim-pedaqoji heyətinin potensialı və peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi və ixtisasının artırılması, prioritet ixtisaslar üzrə yüksək peşəkarlığa malik istehsalat təlimi ustalarının və pedaqoji heyətin cəlb olunma-sı üçün zəruri tədbirlər həyata keçiriləcək. Həm işəgötürənlər, həm də onların tədris prosesinə cəlb ediləcək mütəxəssisləri üçün müvafiq həvəsləndirici və stimullaşdırıcı tədbirlər müəyyən ediləcək.
Xatırladaq ki, sözügedən Yol Xəritəsinə uyğun olaraq 14 kollec müvafiq qayda üzrə biri digərinə birləşdirilib, 3 kollec profil üzrə müvafiq ali təhsil müəssisələrinin tabeliyinə verilib.

Mövzu ilə bağlı fikirlərini bizimlə bölüşən təhsil eksperti Nadir İsrafilov deyib ki, "Təhsil haqqında"qanuna əlavə ediləcək hər bir dəyişikliyin geniş müzakirəyə ehtiyacı var: "Əgər diqqət yetirsək açıq- aydın görünür ki, "Təhsil haqqında" qanuna edilən son dəyişikliklər əsasən təhsil müəsisələrinin səlahiyyətlərinin artırılmasına, əgər belə demək mümkündürsə, bir növ zamanın qabaqlanmasına hesablanıb. Məktəbəqədər təhsilə artıq əvvəllərdə olduğu kimi 3 yaşdan deyil, 1 yaşdan qəbul, 6 yaşı tamam olmayan uşaqların da məktəbə daha erkən cəlbı, müəllimlərin diaqnostik qiymətləndirilməsi hələ axıra qədər başa çatdırılmadığı halda sertifikasiya məsələsinin ortalığa atılması, orta ümumi təhsilin hər üç səviyyəsində dövlət təhsil müəssisələrinə təhsil proqramlarını ödənişli əsaslarla təşkil etmək hüququnun verilməsi, o cümlədən də ali təhsil müəssisələrinin müvafiq struktur bölmələrində təsisçinin razılığı ilə orta ixtisas təhsili də həyata keçirmək səlahiyyətlərinin verilməsi və s. bu kimi dəyişikliklər o qədər də real və ümidverici görünməməklə bərabər, gələcəkdə özünü doğruldub-doğrultmayacağı da sual altında qalır. Heç də az şahidi olmamışıq ki, Milli Məclis sona qədər düşünülməmiş qəbul etdiyi qərarlarını dəfələrlə dəyişib. Digər tərəfdən, ötən ilin dekabrında Azərbaycanda kolleci yüksək nəticələrlə bitirən məzunların ali məktəblərin eyni ixtisaslarına Dövlət İmtahan Mərkəzinin keçirdiyi qəbul imtahanlarını vermədən qəbul oluna biləcəkləri barədə də təklif verilmiş, bunu "Təhsil haqqında" qanunda və Təhsilin İnkişafı üzrə Dövlət Strategiyasında da təhsilin fasiləsizliyinin təmin edilməsi müddəasının olması ilə əsaslandırmışdılar. Halbuki, bunun üçün ilk növbədə ali məktəb və kolleclərin ixtisaslarının unifikasiyası başqa sözlə, kollecdəki ixtisasla ali məktəbdəki ixtisasın adı eyni olması tələb olunur.

Ümumiyyətlə, istər təklif olunan forma- ali təhsil müəssisələrinin müvafiq struktur bölmələrində, istərsə də ali təhsil müəssisələrinin nəzdində kolleclərin fəaliyyət göstərməsi təcrübəsi dünya ölkələrində çoxdan mövcuddur. Bizdə də son illər bir neçə kollec universitetlərin nəzdində fəaliyyətə başlayıb. Hesab edirəm ki, müvafiq qaydalar hazırlanıb ictimailəşdirilmədən, ümumi ictimai rəy öyrənilmədən, bunun pedaqoji və psixoloji cəhətləri əsaslandırılmadan, işlək mexanizminin olub-olmamamasına tam əminlik yaranmadan, təkcə kimin və ya kimlərinsə təklifi əsasında qəbul olunan hər hansı bir qərar uzunömürlü ola bilməz. Ümumiyyətlə, qanuna əlavə ediləcək hər bir dəyişikliyin geniş müzakirəyə ehtiyacı var".

Məsələyə münasibət bildirən təhsil eksperti Kamran Əsədov bizimlə söhbətində deyib ki, orta ixtisas təhsili müəssisələri orta təhsil bazasında cəmiyyətin və əmək bazarının tələbatına uyğun olaraq, müxtəlif sənət və kütləvi peşələr üzrə ixtisaslı işçi kadrlar hazırlığını təmin edir: "Orta ixtisas təhsili müəssisələri mülkiyyət formasından asılı olmayaraq dövlət, özəl və bələdiyyə qurumların təhsil strukturlarında həyata keçirilir və məzunlara müvafiq istiqamətlər üzrə subbakalavr dərəcələrinin verilməsi ilə başa çatır. Əsas meyarı orta təhsili bazasından cəmiyyətin və əmək bazarının tələbatına uyğun olaraq, istehsal və xidmət sahələri üçün müxtəlif ixtisaslar üzrə orta təhsilli mütəxəssis hazırlığını təmin etmək olan orta ixtisas təhsili müəssisələri son dövrlər ərzində müəyyən qədər geriləməyə məruz qalıblar. Buna görə də onlar arasında rəqabət mühiti formalaşdırmaq lazımdır. Nəzərə alsaq ki, "Təhsil haqqında" qanunun tələblərinə görə ölkədə fəaliyyət göstərən ali təhsil müəssisəəri tam orta təhsil və orta peşə-ixtisas təhsili bazasından cəmiyyətin və əmək bazarının tələbatı nəzərə alınmaqla yüksək ixtisaslı mütəxəssis hazırlığını təmin edir bu o deməkdir ki, onların nəzdində kolleclərin - orta ixtisas təhsili müəssisələrinin yaradılması bu pillədə təhsilin inkişafına təkan verəcəkdir. Lakin qanun layihəsinin dəyişikliyi zamanı aidiyyəti dövlət qurumlar mütləq ali təhsil müəssisələrinin nəzdində fəaliyyət göstərəcək kolleclərə qəbulun ümumi orta təhsil bazasından, yoxsa tam orta təhsil bazasından həyata keçiriləcəyini nəzərə almalıdırlar".

Ekspert onu da vurğulayıb ki, bu addım gənclərin orta ixtisas təhsili ilə əhatəolunma səviyyəsini artıra bilər: "Bunun üçün ilk növbədə orta ixtisas təhsili müəssisələrinin mövcud vəziyyəti araşdırılmalı, onların infrastruktur, maddi-texniki baza, müəllim-pedaqoji heyətinin potensialının qiymətləndirilməsi aparılmalıdır ki, yeni yaradılacaq kolelclərin qeyd olunan resurları əvvəlkilərdən yaxşıya doğru fərqlənsin. Düşünürəm ki, bütün ixtisaslar üzrə yaradılacaq kolleclərdə kazdr hazırlığını həyata keçriməyə ehtyac yoxdur. Müəyyən ixtisaslar üzrə Azərbaycanda mövcud universitetlərin nəzdində 2 illik sub-bakalavr pilləsi (kolleclər) yaradılsa daha effektiv olacaq. Vacib bir məqamı da qeyd edim ki, bir çox ixtisaslar var ki, onlar həm orta ixtisas məktəblərində, həm də ali məktəblərdə var. Sonda işə qəbul zamanı ali məktəbləri bitirənlərə üstünlük verilir. Ona görə də, təklif edirəm ki, bir sıra ixtisaslar ya yalnız orta ixtisas məktəblərində, ya da ali məktəblərdə tədris edilsin. Yalnız onlardan biri bu sahə üzrə mütəxəssis buraxsın. Bundan başqa, işə qəbul zamanı təhsil pilləsinin hansı olması fərqi qoyulmasın. Çünki, hər kəs bilir ki, əgər bu pilləni bitirsə, işlə təmin olunmayacaq. Orta ixtisas məktəblərinə marağın az olmasının başqa bir səbəbi də odur ki, onların yerləşdiyi ərazilər uzaqdadır, binaları o qədər də müasir deyil və maddi texniki bazası zəifdir".

Sevinc

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında hazırlanıb.



Bölməyə aid digər xəbərlər
08.11.2018 Dünya Elm Günu

Xəbərə şərh yaz
13.11.2018
12.11.2018
11.11.2018