Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Yeni tədris ilindən yeni qiymətləndirmə tətbiq olunacaq
Tarix: 25.05.2018 | Saat: 18:15:00
Bölmə:KİVDF | çapa göndər

Ekspertlər hesab edirlər ki, nəzərdə tutulan dəyişikliklər orta məktəblərdə bir sıra problemələrin aradan qaldırılmasına imkan yaradacaq

Gələn tədris ilindən Azərbaycanda orta məktəblərdə azyaşlı şagirlər üçün kiçik və böyük summativlərdə dəyişiklik nəzərdə tutulur. Bunu təhsil naziri Ceyhun Bayramov Milli Məclisin Elm və təhsil komitəsinin iclasında deyib.

Nazir bildirib ki, Təhsil Nazirliyinin nəzdində fəaliyyət göstərən Təhsil İnstitutu ilə birlikdə bu istiqamətdə işlər gedir, tədqiqatlar aparılır: “Düşünürəm ki, xüsusi olaraq aşağı yaşlı şagirdlər üçün kiçik və böyük summativlərdə növbəti tədris ilində bir sıra dəyişikliklər nəzərdə tutulacaq”.
Mövzu ilə bağlı fikirlərini bildirən təhsil eksperti Kamran Əsədovun sözlərinə görə, orta ümumtəhsil məktəblərində summativ qiymətləndirmə kiçik və böyük olmaqla iki formada aparılır: “Summativ qiymətləndirmə rəsmi qiymətləndirmədir və nəticələri keçirildiyi tarixdə sinif jurnalında qeyd olunur. Bu da o deməkdir ki, 2008-ci ildən bəri tətbiq edilən kurrikulum standartlarının tətbiqi, reallaşdırılması üçün bu çox vacibdir”.
Mütəxəssis bildirib ki, kiçik summativ qiymətləndirmə (KSQ) vasitələri fənni tədris edən müəllim, böyük summativ qiymətləndirmə (BSQ) vasitələri isə ümumi təhsil müəssisəsi rəhbərliyinin təşkil etdiyi komissiya tərəfindən hazırlanır: “Kiçik summativ qiymətləndirmə hər tədris vahidinin sonunda, altı həftədən gec olmayaraq müəllim tərəfindən keçirilir. Yəni, bu, şagirdin təhsil aldığı müddətdə əldə etdiyi bilik və bacarıqlarını nümayiş etdirmək üçün bir meydandır. Bundan başqa, 1-ci yarımildə böyük summativ qiymətləndirmədə üzrlü səbəbdən iştirak etməyən şagird dərsə qayıtdıqdan sonrakı bir ay ərzində BSQ-də iştirakı təmin edilir. 1-ci yarımildə böyük summativ qiymətləndirmədə üzrsüz səbəbdən iştirak etməyən və 2-ci yarımilin ilk bir ayı ərzində iştirakı təmin olunmayan şagirdin böyük summativ qiymətləndirmə üzrə qiyməti “0” qəbul olunur”.

Məsələyə münasibət açıqlayan təhsil eksperti Məlahət Mürşüdlünün fikrincə isə yeni islahatlara keçidə müəllimləri mütləq hazırlamaq lazımdır: “Summativ qiymətləndirmədə problemlər var idi. Bilirsiniz ki, bizim ümumi orta təhsil məktəbləri 2007-ci ildən kurikulum proqramı ilə işləyir. Bu günə qədər olan summativ qiymətləndirmə yazı-pozu işlərinə çox yol açırdı. Eyni zamanda da şagirdin bilik və bacarıqlarının qiymətləndirilməsi obyektivliyi pozulurdu. Bu, qiymətləndirmənin özündən gələn bir problem idi. Ona görə də burada sadələşdirilməyə, islahat aparılmağa ehtiyac var idi. Sözsüz ki, 1-ci sinifdən şagirdə 4-5 qiymətinin qoyulması düzgün deyil. Ətrafımıza baxsaq heç bir təhsil sistemində bu məsələlərin olmadığını görərik. Düşünürəm ki, indi aparılması gözlənilən islahatlar orta məktəblərdə mövcud olan formalizmi aradan qaldıracaq. Daha real şəkildə summativ qiymətləndirmə aparılmasına imkan yaradacaq. Burada təkcə kurikulum işi yox, həm də şagirdlərin həyatda bacarıqları da qiymətləndirilməlidir. Fikrimcə, bu sənəd bir çox problemləri aradan qaldırmağa xidmət edəcək”.
M.Mürşüdlü 100 ballıq qiymətləndirmə sisteminə keçidin artıq zamanı gəldiyini və bunun olduqca vacib olduğunu da bildirdi: “100 ballıq qiymətləndirmə sistemində yuxarıda sadaladığımız problemlər yoxdur. Təbii ki, yekun qiymətləndirmə uşaqlar yorulsa da, yorulmasa da olmalıdır. Biz hamımız bu prosesdən keçmişik. Ancaq burada pilləli qiymətləndirmə var. Ona görə də bu hesabatların hazırlanmasında, sənədlərin doldurulmasında formalizmə gedir. Faydalı, praktiki iş qalır bir kənarda, adamlar yalnız o sənədi, bu sənədi doldurmaqla məşğul olur. Çox müəllim heç bunu bacarmırdı. Düşünürəm ki, yeni islahatlara keçidə müəllimləri mütləq hazırlamaq lazımdır. Xüsusən də universitetlərdən gəlib yenicə müəllim işləyən məzunlar bu məsələdə çox əziyyət çəkir”.

Mövzu ilə bağlı fikirlərini bildirən təhsil eksperti Nadir İsrafilov deyib ki, əslində təhsil sahəsində tez-tez aparılan dəyişikliklər prosesin ahənginə mənfi təsir göstərsə də, bu sözləri təklif olunan yeniliklərə şamil etmək olmaz: “Çünki, summativlərlə bağlı, bütövlükdə qiymətləndirmə mexanizminin təkmilləşdirilməsi ilə bağlı məsələ sıradan olan bir məsələ deyil, zərurətdən irəli gələn və həllini gözləyən vacib məsələdir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 oktyabr 2006-cı il tarixli, 233 nömrəli qərarı ilə təhsilin məzmunu, təşkili və qiymətləndirilməsi ilə bağlı məsələləri özündə əks etdirən, konseptual sənəd olaraq Azərbaycan Respublikasında ümumi təhsilin konsepsiyası (Milli kurikulum) kimi təsdiq edilmiş bu sənədlər toplusu gözlənildiyi kimi, təhsil ideyamıza çevrilə bilmədi. Yəni, kurrikulum standartları əsasında hazırlanmış qiymətləndirmə mexanizmləri şagirdlərimizin nitq qabiliyyətini, yazı vərdişlərini, məntiqi təfəkkürünü nəinki inkişaf etdirdi, əksinə bir çox ziddiyyət və anlaşılmazlıqlar yaratmaqla vəziyyəti bir az da ağırlaşdırdı. Bu anlaşılmazlıqlar heç şübhəsiz ki, Azərbayçanda təhsil islahatlarının gedişinə də təsirsiz ötüşmədi. Kurrikulumla bağlı proseslərin son dərəcə geniş və əhatəli olduğunu nəzərə alsaq, onun təkcə konkret bir aspektinə – kurrikulumun tələbləri səviyyəsində hazırlanmış və 2009-cu ilin yanvarında təsdiq olunmuş “Ümumtəhsil sistemində qiymətləndirmə konsepsiyası”na gözucu belə diqqət yetirməklə məsələnin nə dərəcədə qəlizləşdirildiyinin və təhsil alanlarla təhsil verənlər üçün hansı əlavə problemlər yaratdığının şahidi olmaq o qədər də çətin deyil.

Bəri başdan deyim ki, kurrikulum əsasında hazırlanmış dərsliklər nə effekt verdisə, cəmiyyətdə nə kimi reaksiya doğurdusa, bu qiymətləndirmə də həmin effekti verməyə məhkum oldu. Çünki reallığa deyil, daha çox maliyyə ambisiyalarına söykənirdi. Sən demə, əvvəlki qiymətləndirmə müəllimin subyektiv mülahizəsinə əsaslanırmış və bu sistem şagirdlərdə təlimə marağı, məsuliyyət hissini azaldırmış. Buna görə də qiymətləndirmə sistemində zəruri dəyışikliklər edilməlidir. Nə idi bu dəyişikliklər? “Şagird biliklərinin qiymətləndirilməsi” anlayışını “şagird nailiyyətlərinin qiymətləndirilməsi” ifadəsi ilə əvəz etməklə deyəsən qiymətləndirmə sistemində köklü islahatlar apardığımızı zənn etdik. Buna sanki özümüz inanırmış kimi dıgərlərini də inandırmağa çalışdıq. Məsələn, biz rüblük qiymətləndirməni yarımillik qiymətləndirmə ilə əvəz etməklə, aralıq sinifdən-sinfə keçirmə imtahanlarını ləğv etməklə nəyə nail olduq? Bunun fərqinə varan, geniş təhlilini aparan, müsbətini, mənfisini ortalığa qoyan oldumu? Şagirdə nə öyrətmişıksə onu da tələb etməliyik. Öyrətdiklərimizlə tələb etdiklərimiz isə ekvivalent təşkil etmədi. İlk olaraq öyrətmənin,mənimsətmənin mexanizmlərini təkmiləşdirməliydik, sonra isə qiymətləndirmənin üzərində iş aparılmalıydı”.

Ekspert vurğulayıb ki, 2008-ci ildən tətbiq olunmağa başlayan kurrikulum növbəti tədris ilində başa çatır: “Elə Təhsil Nazirliyinin rəhbərliyi də, DİM rəhbərliyi də son müsahibə və çıxışlarında yeni tədris sistemi ilə oxuyan məzunlarımızın biliklərinin qiymətləndirilməsinin fərqli sistem tələb etməsi məsələsinə dəfələrlə toxunmuş, mövcud qiymətləndirmənin doğru olmadığını vurğulamışlar. Bu mənada hesab etmək olar ki, doğru yolu tapmaq üçün məhz summativlərdən başlamaq lazım idi. Bu addım hər şeydən əvvəl müəllimləri əlavə yükdən, ən başlıcası isə şagirdlərimiz lazımsız stressdən, fiziki və mənəvi gərginlikdən azad edəcəkdir. Mən bu summativlərin yarada biləcək fəsadlarına diqqəti hələ bu sənədlər ilkin müzakirə mərhələsində olanda bildirmişdim. Təəsüf ki, o vaxt nəzərə alan olmadı və nə az, nə çox 10 il həmin yükü daşımalı olduq. Əvvəlki illərdən fərqli olaraq, Təhsil Nazirliyinin bu kimi vacib və əhəmiyyətli məsələləri ictimai müzakirəyə çıxarması yalnız təqdirəlayiqdir. Ümid etmək olar ki, geniş müzakirələr və dinləmələr yolu ilə, ictimai rəyi nəzərə almaqla müvafiq qərar qəbul ediləcək ki, bu da qiymətləndirmə sahəsində təkrar olaraq əlavə dəyışikliklər aparılması ehtimalını minimuma endirəcək. Eyni zamanda, qiymətləndirmə prosesindəki boşluqları aradan qaldıracaq”.

Sevinc

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında hazırlanıb.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
19.11.2018
18.11.2018
17.11.2018