Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“Kaspi nəşrləri” seriyasından iki yeni kitab təqdim olunub
Tarix: 01.06.2018 | Saat: 14:25:00
Bölmə:Sosial | çapa göndər

Beynəlxalq Mətbuat Mərkəzində “Kaspi nəşrləri” seriyasından iki yeni kitab – “XX əsr Azərbaycanın görkəmli dövlət qurucuları” və tərtibatçısı Vilayət Quliyev olan “Əlimərdan bəy Topçubaşov - “Kaspi”dən seçmələr” kitabı təqdim edilib.

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə çap olunan kitablar geniş oxucu kütləsinə Azərbaycan Mətbuat Şurası, “Kaspi” qəzeti və “Kaspi” Təhsil Şirkətinin təşkilatçılığı ilə təqdim olunub.

 Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib ki, Azərbaycan və rus dillərində nəşr edilən “Əlimərdan bəy Topçubaşov “Kaspi”dən seçmələr” kitabında Azərbaycan Xalq Cümhuriyyətinin qurucu atalarından birinin – görkəmli ictimai-siyasi xadim, diplomat və publisist Əlimərdan bəy Topçubaşovun 1898-1906-cı illərdə baş redaktoru olduğu “Kaspi” qəzetində dərc edilmiş məqalələrindən bir qisminin Azərbaycan dilində tərcüməsi toplanılıb: “Bu yazılarda Azərbaycanın və bütövlükdə Cənubi Qafqaz regionunun XX əsrin əvvəllərindəki həyatı özünün ən müxtəlif yönləri və istiqamətləri ilə əksini tapıb. Əlimərdan bəy Topçubaşov Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından biri, dövrünün nəhəng simalarından idi. Onun bu kitabda toplanan məqalələri bu gün üçün də çox aktualdır. Əlimərdan bəy Topçubaşov öz məqalələri ilə xalqın maarifləndirilməsində mühüm rol oynayıb”. 

“Kaspi nəşrləri” seriyanın rəhbəri və redaktoru Sona Vəliyeva nəşr olunan kitabların əhəmiyyətindən danışıb. O qeyd edib ki, “Kaspi nəşrləri” seriyası öz fəaliyyətində xalqımız üçün vacib olan mövzulara geniş yer verir: ““Kaspi nəşrləri” seriyası 15-ə qədər kitab nəşr edib, lakin bu iki kitab bizim üçün daha əzizdir. Kitabın birinci hissəsi ulu öndər Heydər Əliyevə həsr olunub. Ulu öndərin Azərbaycan Xalq Cümhuriyyətinin istiqlal düşüncəsinin sovet dönəmində sönməyə qoymaması bizə bu kitabın birinci hissəsinin Heydər Əliyevə həsr etməyə imkan verdi. Ulu öndər Heydər Əliyev Xalq Cümhuriyyətinin qurucularının xaricdə olan məzarlarının tapılması, onların arxivlərinin toplanması, fəaliyyətlərinin tədqiq edilməsi istiqamətində böyük işlər görüb”.

 S. Vəliyeva əlavə edib ki, kitablar geniş oxucu kütləsi üçün nəzərdə tutulur və Azərbaycanın görkəmli dövlət xadimlərinin tanıdılması istiqamətində mühüm rol oynayacaq: “Eyni zamanda demək istəyirəm ki, “Kaspi nəşrləri” seriyası çərçivəsində Həsən bəy Zərdabinin Dumada çıxışlarının tərcümə olunması və nəşr edilməsi nəzərdə tutulur. Qoy xalqımız onun min bir çətinliklə Dumada keçirdiyi qanunlar, gördüyü işlərlə tanış olsunlar”.

 Tədbirdə çıxış edən professor Cahangir Məmmədli kitabları böyük informasiya mənbəyi kimi dəyərləndirib. O, təqdim olunan yeni nəşrlərin Azərbaycanın dövlət qurucularının tanıdılması işində mühüm rol oynayacağını da diqqətə çatdırıb.

 Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli yeni nəşrlərin tariximiz üçün əhəmiyyətindən danışıb.

 Digər çıxışçılar – Azəri-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, "Şərq" qəzetinin baş redaktoru Akif Aşırlı və başqaları kitabların əhəmiyyətindən danışıb, onların nəşrini yüksək qiymətləndiriblər.

 Tədbirdə həmçinin hər il bir şəxsə verilən “Kaspi” mükafatının bu ilki sahibinin adı açıqlanıb. Bu ilki mükafatın sahibi sənətşünas alim Ziyadxan Əliyev olub.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
19.06.2018
18.06.2018
17.06.2018