Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Ailə münaqişəsinin qurbanları - REPORTAJ
Tarix: 12.06.2018 | Saat: 18:15:00
Bölmə:Reportaj | çapa göndər

Tərtəmiz, hər iki tərəfində təmtəraqlı həyət evləri sıralanan küçəboyu irəliləyib, 23 saylı darvazanın qarşısında dayandım. Verilən ünvan buraydı – adi insani haqları əllərindən alınmış, günləri döyülüb-söyülməklə, təhqir olunmaqla keçən anaların divarın küncündə çarəsizliklərinə qısılıb göz yaşı tökən, içində günahların baiskarı olan ataya, bəzənsə ümumiyyətlə insanlığa nifrət kövrükləyən, ölub-keçənlərdən xəbərsiz körpələrini də götürüb qaçaraq sığındığı ümid yuvası.

 

Ümid yeri

 

Ehmalca qapını aralayıb həyətə boylandım – balaca, səs-küylü uşaqlar ora-bura qaçışır, ortayaşlı bir qadın da onları sakitləşdirməyə çalışırdı.
Yaxınlaşan ortayaşlı xanıma jurnalist olduğumu, gəlməkdə məqsədimin zorakılıq qurbanına çevrilmiş qadın və uşaqlarla görüşüb, reportaj yazmaq olduğunu, hətta bunun üçün sığınacağı himayə edən “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalovadan icazə aldığımı dedim. Razılaşdılar. Evin arxasındakı, başbaşa iki böyük yemək stolunun qoyulduğu balaca həyətə keçdik.
Həyətdə xeyli uşaq vardı, səs-küydən ağız deyəni qulaq eşitmirdi. Aralarında azərbaycanlılarla yanaşı, çox sayda ruslar da olan uşaqlar bir andaca başıma yığışıb, maraqla gözlərini əlimdəki kağız-qələmə dikdilər.
- Atam bizə çox əziyyət verib. Hər gün nəyəsə görə hirslənirdi, başlayırdı anamı döyüb-söyməyə. Çox vaxt da içkili olurdu deyə, bizə verdiyi əzabdan necə zövq aldığını hiss edirdim, - deyir yeddi yaşlı Rita. ¬ “Bir dəfə anam xəstə yatırdı, atam gəldi ki, kiməsə verməyə pul lazımdır. Anam da dedi ki, pulu yoxdur. Bu sözdən sonra atamı görsəydiniz... Özü də araq içmişdi - ayaqüstə dayana bilmirdi, xəstə anamım saçından yapışıb yerə çırpdı”, - deyən Rita bildirir ki, əslində, atası işləyirdi, anasından eşitdiyinə görə, qazancı da pis deyildi. Amma evə-ailəyə bir qara qəpik gətirmirmiş.

 

“Hə, qayıdaram...”

 

Bu ailənin problemi yalnız valideynlər arasında deyilmiş, uşaqlar da hər gün zorakılıqla üzləşiblər. Rita deyir ki, hər gün anasının döyülməsi onda atasına qarşı nifrəti artırıb. Həm də anasına kömək edə bilmədiyi üçün çox əziyyət çəkib. “Anamı döydükcə qorxudan stolun altına girirdim, ağlayırdım. Atam ağladığımı görən kimi mənə hücum edirdi, döyürdü, qaldırıb döşəməyə vururdu”, - deyən Ritanın sözlərinə görə, bütün bunlar onun yaddaşında qorxulu kinolar kimi qalıb. İndi rahatdırlar, heç kim anasını döymür, artıq o özü də ağlamağı unudub.
Ancaq bir mənəvi məsələ də var: nə qədər zalım olsa da, o, yenə atadır. Ola bilər o, bundan sonra araq içməsin, başqa zərərli vərdişləri də unutsun və ailəsini yenidən başına toplamaq istəsin. Görəsən, yaşadığı əzablardan dəmir kimi bərkimiş balaca Rita təkrar atasının yanına qayıdarmı? Bu balaca qız bir anlığa gözlərini masaya dikərək fikirləşir və “Hə, qayıdaram! Axı o məni anamın yanına aparacaq”, - deyir.
Bu yerdə qeyd edim ki, sığınacaqdakı uşaqlar fərqli ailələrdən gəlsələr də, fikir və düşüncələri, gələcəyə baxışları çox vaxt üst-üstə düşür. Onlar birmənalı şəkildə zorakılığın əleyhinədirlər və hətta ailələrini dağıdan bu dəhşətli münasibətin bir daha təkrarlanmaması üçün mübarizə aparacaqlarını da bildirirlər. Məsələn, atasına nifrət edən Rita, neçə illərdir ki sevinməyi yadırğayan anasının xoşbəxt olması naminə yenidən ailələrinin bir araya gəlməsini, nifrətini içində boğaraq atası ilə birlikdə yaşamağı arzulayır.

 

“Mən atam kimi olmayacağam”

 

Yeddi yaşlı Kamilin düşüncə tərzi isə daha müasir, bir az da fəlsəfi mahiyyət daşıyır. Deyir ki, eynən Rita kimi o da atasından ömürboyu şiddət görüb, döyülüb-söyülüb, təhqir olunub. “Üç ildir burdayıq. Anam, mən və iki bacımla birlikdə burda yaxşı yaşayırıq. Öz evimiz olmasa da, qulağımız dincdir, kimsə bizi qorxutmur. Amma böyük qardaşım atamın yanındadır, bəzən onu çox görmək istəyirəm”, - deyən Kamil bildirir ki, anasının öz həyat yoldaşı tərəfindən şiddətə məruz qalması onda zorakılığa qarşı mübarizə əhvalını gücləndirib. Onun dediklərindən: “Mən heç vaxt atam kimi olmayacağam. Ola bilər, gələcəkdə öz ailəm olanda bizdə də problem yaşansın. Amma çalışacağam, hər dəfə danışıqlar yolunu tutum. Yəni bunu belə edək, onu o cür edək... Bu vaxt yəqin ki, hər ikimiz razılaşacağıq və atamla anam arasında yaşanan dava-dalaşı təkrar etməyəcəyik”.
Çox maraqlı yanaşmadır: uşaqkən yaşadığı məişət zəminli zorakılıq onda ideal ər, yaxşı ata olmaq arzusu yaradıb. Ümumiyyətlə, sirr deyil ki, gələcəyin cəmiyyəti bugünkü ailələrdə hazırlanır, şərait necədirsə, özünə uyğun da cəmiyyət yetişdirir; məsələn: Kamilin hazırda atası ilə qalan qardaşı Əli kimi. Sığınacağın adının çəkilməsini istəməyən əməkdaşı deyir ki, bir dəfə Əli bura qardaş-bacılarını görməyə gəlib. Sığınacaqda qaldığı qısa vaxt ərzində uşaqlarla olduqca zorakı davranıb, dalaşıb, hədələyib və sair. “Onun cəmi 10 yaşı var, amma indidən hiss olunur ki, necə deyərlər, atıb-kəsməyi sevir. Təsəvvür edirsinizmi, 10 yaşlı balaca oğlan indidən istəyir ki, tay-tuşları ondan qorxub-çəkinsinlər. Bu, faciədir. Məhz ailəsinə zülm edən zalım atanın yanında böyüdüyü, oradakı qeyri-normal şəraitdən bəhrələndiyi üçün özünü atasına oxşatmaq, onun davranışını təkrarlamaq istəyir”, - deyir sığınacağın əməkdaşı.
Bu yerdə xatırladaq ki, Kamil də səhvlərini düzəltdiyi, “Bağışlayın, bir də sizə toxunmayacağam”, - deyəcəyi təqdirdə, atasının ocağına qayıda biləcəyinə eyham vurur.
Ata sarıdan 10 yaşlı Məhəbbətin də bəxti gətirməyib. Bir aydır ki, sığınacaqda yaşadıqlarını deyən Məhəbbət deyir ki, 9 yaşlı bacısı Pərvin və anası da yanındadır. Heç vaxt onlara ata qayğısı göstərməyən, içkini və bəzi pis vərdişləri həyatının amalı hesab edən atası isə uzun müddətdir Rusiyadadır. Əlbəttə, o, Rusiyaya gedəndən sonra, nənə-baba da gəlindən, nəvələrdən üz çevirib, onları evdən çıxarıb.

 

Təhsil çıxış yoludur

 

Sığınacağın ən fərqli sakini milliyyətcə rus olan 17 yaşlı Maşadır. Söhbətləşdiyim, hamıdan fərqli olan Maşanın atasından şikayəti yoxdur. Deyir ki, düzdür, ata-anası ayrı yaşayırlar. Amma atasından şikayətçi deyil. “Anam barədə heç nə demək istəmirəm. Atam isə hazırda Salyanda işləyir. Bizim sənədlərimiz qaydasında deyil. Danışılıb, müəyyən rüsumları ödəməklə, sənədləri hazırlamaq mümkündür. Ona görə də atam işləyib pul yığır. İşlərimizi qaydasına salandan sonra, mən atamla birlikdə Rusiyaya gedəcəyəm”, - deyir Maşa.
Artıq həyatın təzadlarını dərk edən Maşa düşünür ki, gələcəkdə ailənin dağılmaması, məişət xarakterli problemlərin ortaya çıxmaması üçün təhsil almaq, dünyagörüşü artırmaq vacibdir. O, ev dizayneri kimi müasir və gəlirli sahənin mütəxəssisi olmaq arzusundadır. “Şəxsən mən təhsil və iş karyeramı qaydasına salandan sonra, ailə qurmaq barədə düşünə bilərəm”, - deyən Maşaya görə, ümumiyyətlə, cinsindən asılı olmayaraq insanlar dinləməyi bacarmalıdırlar. Bu halda ərlə-arvad arasında heç vaxt acı sonluğa gətirib çıxaran qarşıdurma baş verməz.

 

Ata oğlanları alıb, ananı qovdu



Bir məsələni də qeyd edək ki, uşaqlar həmişə valideynlərin yanlış qərarlarının qurbanı olurlar. Yəni ailə qurmadan öncə tərəflər bir-birlərini daha dərindən tanısa, çevrələrini əhatə edən insanların münasibətini dəqiqləşdirə və bir-birlərini hər cür mümkün mənfi təzyiqlərdən qorumaq təminatı verərlərsə, uşaq da ziyan çəkməz. Bərdədən sığınacağa pənah gətirmiş Elnaz, görünür, məhz seçdiyi insanı və ətrafını daha yaxşı tanıya bilməyib. Baxmayaraq ki, ikiillik sevgidən sonra evləniblər. Bu gənc xanım 20 yaşında ər evinə köçüb. Yoldaşı ona qarşı yaxşı davransa da, bir müddət sonra kənar təzyiqlər öz işini görüb – qayınana oğlu ilə gəlinin arasını vurmağa başlayıb. Gənc olmasına baxmayaraq (hazırda 31 yaşı var – V.T.), 6 övlad dünyaya gətirən Elnazın ailəsi sonda dağılıb. Dəhşətlisi budur ki, burada nəinki ər tərəfindən ana və altı övladına zülm yaşadılıb, üstəlik, uşaqlara qarşı ikiqat zorakılıq tətbiq edilib. Deməli, altı övladdan ikisi oğlan, dördü qız olub. Qızlardan da biri körpəykən yaşamını itirib. Gəlini evdən qovarkən qız uşaqlarını onunla yola salıblar, iki oğlanı isə anadan alıblar. Yəni burada da gender bərabərliyi kobud şəkildə pozulub. Axı ailə dağıldığı təqdirdə, oğlan uşaqlarının birmənalı şəkildə ata, qızların isə ana ilə qalması haqda nə qanun var, nə də mənəvi öhdəlik. Üstəlik, ayrıldıqları vaxtda ata evdən çıxardığı üç qız övladına aliment də vermir. Ər tərəfin etdikləri bir yana, üç qız övladı ilə atasının evinə qayıdan Elnaz, burada da qardaşlarının kəskin münasibəti ilə üzləşir. Sonda o, hər şeydən bezərək bura – qadın və uşaq sığınacağına gəlir...
Sığınacaqda həmsöhbət olduğum Şəlalənin başına gələnlər isə bir az fərqlidir. Artıq 8 aydır sığınacaqda qalan Zəngilan köçkünü olan bu xanım ikinci evliliyi olan kişi ilə ailə qurub. Deyir, əvvəl içən olsa da, ailə qurandan sonra tərgidib. Qəribədir ki, əri təkcə Şəlaləni döymürdü, həm də körpəsinə əzab verib. “Uşaq ağlayan kimi dəliyə dönürdü, məni döyürdü, uşağı da vururdu. Uşağa əmzik verirdim ki, sakitləşsin, ağzından çıxarıb atırdı. Yemək, su verirdim, əlimdən alıb atırdı ki, verməyim. Axırda da uşaqla bağlı böhtan atdı mənə...” - bildirir Şəlalə.

 

Həyat mənbəyi...

 

Nə qədər acı da olsa, sakinlərlə dərdləşib sığınacağın rəhbəri, “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova ilə həmsöhbət oldum. Hazırda Azərbaycanda zorakılıq qurbanı olmuş qadın və uşaqlar üçün yeganə sığınacaq olan bu evdə 35 nəfərin qaldığını deyən M.Zeynalova bildirir ki, sığınacaq 2002-ci ildə açılıb və 16 ildir ki, şiddət görmüş insanların ümid yeridir. “Əvvəl fəaliyyətimiz o qədər də geniş deyildi, sığınacaqda çox adam yerləşdirmək imkanımız da yox idi. Buna baxmayaraq, bu 16 ildə, təxminən, 1500 zorakılıq qurbanı fəaliyyətimizdən bəhrələnib. Özü də bu saya ancaq sığınacaqda qalanlar daxildir. Hansı ki, bizə müraciət edib, məsləhət alan, kömək istəyən digər insanlar da az deyil” deyən həmsöhbətimiz ə görə, hazırda sığınacaqda qalan 35 nəfərdən 20-si uşaqlardır. Ailələrində yaşanan şiddətin onların həyatında psixoloji zədə yaratdığını bildirən M.Zeynalova deyir ki, bu səbəbdən də mütəxəssis psixoloqlar, eyni zamanda özləri də, uşaqlara həftəlik təlim keçib, onları sağlam yaşamlarına geri qaytarmağa çalışırlar.
Həmsöhbətimiz sığınacağa pənah gətirmiş qadınlar üçün psixoloji təlimlərdən əlavə, reinteqrasiya proqramının icra olunduğunu da deyir. Bu proqramda qadınların sığınacaqdan gedəndən sonra yaşamlarını tam normal və təhlükəsiz davam etdirməsi nəzərdə tutulur.
Sonda bizdən demək qalır: kaş ki, valideynlər seçimlərini düzgün edəydilər. Bu halda gələcəkdə doğuıacaq günahsız körpələr də qurbana çevrilməzdilər. Amma bunlar, təəssüf ki, reallıqdır. Elə isə belə sığınacaqlar bölgələrdə də açılsın. Çünki şiddət altında ömrünü çürüdən nə qədər insan hələ də özünə ümid yeri axtarır.

Vüsal Tağıbəyli

Reportaj "Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün” yazılıb.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
23.07.2018
22.07.2018
21.07.2018