Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
2017/2018-ci tədris ili hansı yeniliklərlə yadda qaldı?
Tarix: 12.06.2018 | Saat: 19:15:00
Bölmə:KİVDF | çapa göndər

Nadir İsrafilov: “Bu ilin ən əlamətdar hadisəsi Cocuq Mərcanlı kəndində 24 ildən sonra ilk dəfə olaraq məktəb zənginin çalınması oldu”

Bu gun 2017/2018-ci tədris ili başa çatır. Qeyd edək ki, yola saldığımız tədris ilində təkcə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil məktəblərinin IX siniflərini 28 125, XI siniflərini 19 192 nəfər bitirəcək.

BŞTİ-nin İctimaiyyətlə əlaqələr sektorundan APA-nın sorğusuna cavab olaraq bildirilib ki, paytaxtda 46 849 nəfər I sinfi, 638 nəfər əyani-qiyabi tam orta məktəb və qiyabi sinifləri başa vuracaq. BŞTİ-nin tabeliyində fəaliyyət göstərən xüsusi məktəblərdə isə IX sinfi 322 nəfər bitirəcək. Cari tədris ilində BŞTİ-nin tabeliyində olan 307 ümumi təhsil məktəbində 15 844 sinifdə 404 542 şagird təhsil alıb.
2017-2018-ci tədris ilində paytaxt üzrə 263 ümumi təhsil məktəbində fəaliyyət göstərən 868 məktəbəhazırlıq qrupunu 24 129 uşaq başa vurub. Növbəti tədris ilində dövlət hesabına fəaliyyət göstərən məktəbəhazırlıq qruplarına cəlb ediləcək uşaqların sayı beşyaşlıların 75 faizini təşkil edəcək.
2018-2019-cu tədris ili üçün paytaxtdakı ümumi təhsil müəssisələrinin I sinfinə mektebeqebul.edu.az saytı vasitəsilə 42 142 sorğu yerləşdirilib. Onlardan 38 642-i ümumi təhsil məktəbini, 3 500-ü lisey və gimnaziyanı seçib. 2018-2019-cu tədris ilində I sinfə 50 000-dən çox uşağın qəbulu proqnozlaşdırılır.

Qeyd edək ki, BŞTİ-nin tabeliyində 307 ümumi təhsil məktəbi, 3 xüsusi ümumi orta məktəb və 7 əyani-qiyabi axşam məktəbi olmaqla, cəmi 317 məktəb fəaliyyət göstərir. BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərində ümumilikdə, 28 875 müəllim fəaliyyət göstərir.
Yeri gəlmişkən, “Son zəng”in keçirilməsi ilə bağlı bu il ötən illə müqayisədə hər hansı xüsusi yeniliklərin tətbiqi nəzərdə tutulmur. Bunu təhsil naziri Ceyhun Bayramov deyib. Nazir “Son zəng”lə bağlı təhsil müəssisələrinə tövsiyə verib: “”Son zəng” tədbiri təhsil bayramıdır. Təhsil Nazirliyinin bütün təhsil müəssisələrinə olan tövsiyəsi ondan ibarətdir ki, bu təhsil bayramını təhsil müəssisəsinin ərazisində keçirsinlər. Düşünürük ki, bu təhsil bayramı hər il olduğu kimi bu il də yüksəl səviyyədə təşkil olunacaq”.
Bəs görəsən, yola saldığımız tədris ili hansı yeniliklərlə yadda qaldı?
İlk öncə qeyd edək ki, 2017/2018-ci tədris ilinə “Ümumi təhsildə keyfiyyət ili” olaraq start verildi. Belə ki, keçmiş təhsil naziri Mikayıl Cabbarovun əmri ilə 2017/2018-ci dərs ili "Ümumi təhsildə keyfiyyət ili" elan edilmişdi. Əmrə əsasən, "Təhsildə keyfiyyət ili" çərçivəsində həyata keçiriləcək tədbirləri əhatə edən nazirliyin Fəaliyyət planı təsdiqlənmişdi. Həmin plana əsasən, 2017/2018-ci dərs ilində ümumi təhsilin keyfiyyətinin yüksəldilməsi ilə aktual problemlərə həsr olunmuş pedaqoji mühazirələr keçirildi.

2017/2018-ci tədris ilində ölkəmizdə fəaliyyət göstərən bəzi orta məktəblərdə informatika fənni yeni formatda tədris olunmağa başladı. Bununla bağlı pilot layihə də hazırlandı. Pilot layihə alqoritmik düşüncə və məntiqin, layihə işləmə bacarıqlarının inkişafı və proqramlaşdırmanın əsaslarının öyrədilməsi məqsədini daşıyırdı. Layihə təhsilalanlara yeni texnologiya və rəqəmsal bacarıqları təcrübədə öyrənməyə, proqramlaşdırmanın sirlərinə bələd olmağa imkan verirdi.
Ümumi təhsil müəssisələrinin beşinci siniflərini əhatə edən layihə ötən ilin sentyabrından Bakının 23 və 24 nömrəli tam orta məktəblərində tətbiq olundu. Noyabr ayından isə layihəyə Bakı şəhəri 27, 145, 240 nömrəli tam orta məktəbləri, 132-134 nömrəli təhsil kompleksi və 160 nömrəli Klassik Gimnaziya qoşuldu. 2018-ci ilin fevralından isə belə məktəblərin sayı 40-a çatdırıldı. Beləliklə, pilot layihə 5000 şagirdi əhatə etdi.
Yola saldığımız tədris ilində həm də Təhsil Nazirliyinin Kollegiyası tərəfindən ali təhsil müəssisələrinin bakalavriat və magistratura pilləsində təhsil alan tələbələr üçün yeni qaydalar müəyyənləşdi. Belə ki, “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, tibb təhsilinin əsas tibb təhsili üzrə təhsilalanların köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsinə dair Qaydalar”ına görə, Azərbaycanda 5 halda tələbə ali təhsil müəssisəsindən xaric ediləcək.
Belə ki, yeni qaydalara əsasən, tələbə öz arzusu ilə başqa ali təhsil müəssisəsinə köçürüldükdə, ali təhsil müəssisəsinin daxili intizam qaydalarını kobud şəkildə pozduqda, səhhətinə görə (həkim-məsləhət komissiyasının arayışına əsasən) və növbəti tədris ilinə qeydiyyatdan keçməyib həmin tədris ilinin payız semestrinin sonuna qədər ali təhsil müəssisəsi ilə əlaqə saxlamadıqda təhsil müəssisəsindən xaric ediləcək.

Ali təhsilin bakalavriat və magistratura səviyyələrində, tibb təhsilinin əsas tibb təhsilində tələbələr sırasından xaric olunmuş şəxslər xaric olunma vaxtından bir semestr keçdikdən sonra 15 il müddətində ali təhsil müəssisəsinə bərpa olunmaq hüququna malikdirlər. Azərbaycan ali təhsil müəssisəsindən xaric olunmuş şəxsin həmin ali təhsil müəssisəsinə öz ixtisası üzrə bərpası onun ərizəsi əsasında qış və yay tətili dövründə ali təhsil müəssisəsinin rektorunun əmri ilə həyata keçirilir. Xüsusi təyinatlı ali təhsil müəssisələrində təhsil alıb sonradan səhhətinə görə xaric olunan şəxslər ixtisasına uyğun olaraq müvafiq mülki ali təhsil müəssisələrinə bərpa oluna bilərlər. Onların bərpası sənədləri müvafiq mülki ali təhsil müəssisəsinə təqdim etməklə, ali təhsil müəssisəsinin müraciəti əsasında Təhsil Nazirliyinin razılığı ilə həyata keçirilir. Hər hansı bir səbəbdən xarici ölkə ali təhsil müəssisəsinin tələbələr sırasından xaric edilmiş şəxs ixtisasına uyğun olaraq, Azərbaycanın müvafiq mülki ali təhsil müəssisəsinə bərpa oluna bilər.Yeni qaydalarda, həmçinin Azərbaycanda tələbələrə hansı hallarda akademik məzuniyyət veriləcəyi də açıqlanıb. Sənədə əsasən tələbəyə akademik məzuniyyət müddətli həqiqi hərbi xidmətə çağırıldıqda - xidmət müddətinə, ailə vəziyyətinə görə - 2 il müddətinədək, səhhətinə görə - həkim-məsləhət komissiyasının arayışında göstərilən müddətə, sosial məzuniyyətə çıxdıqda - qanunvericiliklə müəyyən olunmuş müddətə, müxtəlif proqramlar əsasında xarici ölkələrə təhsil almağa getdikdə - proqramda göstərilən müddətə verilir.

Mövzu ilə bağlı bizimlə fikirlərini bölüşən təhsil eksperti Nadir İsrafilov deyib ki, 2017/2018-ci tədris ili Azərbaycan Respublikası Prezidentinin 24 oktyabr 2013-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”ndan irəli gələn vəzifələr və Strategiyanın həyata keçirilməsi üzrə fəaliyyət planınında nəzərdu tutulmuş yeniliklər və dəyişikliklərlə bağlı bir sıra tədbirlərin həyata keçirilməsi ilə yadda qalıb. 2017/2018-ci dərs ili “Ümumi təhsildə keyfiyyət ili” elan edilib: “Hər şeydən əvvəl cari ildə ümumi təhsil müəssisələrində yaradılmış məktəbəhazırlıq qruplarının sayı artırılıb. 5 yaşlıların 65 faizə qədəri məktəbəhazırlıq qruplarına cəlb olunub. Eyni zamanda, məktəbəhazırlıq qruplarında məşğələlərin ödənişsiz şəkildə aparılmasi üçün əməli tədbirlər həyata keçirilib. 2017/2018-ci dərs ili üçün Bakı şəhərində I sinfə şagird qəbulunun elektron sistem vasitəsilə həyata keçirilməsi prosesinə başlanılıb. Yuxarı sinif şagirdləri üçün təxminən 450 qrupda 4 əsas təmayül istiqaməti - texniki, humanitar, təbiət və riyaziyyat-iqtisadiyyat - istiqamətləri üzrə təmayül siniflər təşkil olunub. Ən əlamətdar hadisə kimi Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndində 24 ildən sonra ilk dəfə olaraq məktəb zəngi çalınması xüsusilə qürurverici haldır. Digər tərəfdən təhsilin məzmunu, müəllim, idarəetmə, infrastruktur və maliyyələşmə sahəsində bir çox təşəbbüslər reallaşdırılıb, pilot layihələr həyata keçirilib. 2017-ci ilin ən mühüm hadisələrindən biri də müəllimlərin əməkhaqları ilə bağlı oldu. Belə ki, 2017-ci il yanvarın 1-dən dövlət ümumi təhsil müəssisələrində çalışan 38 minə yaxın müəllimin maaşı artırılıb. 2014-cü illə müqayisədə müəllimlik ixtisasını seçmiş 674 nəfərə qarşı, 2017-ci ildə bu rəqəm 1370 nəfər olub”.

Ekspert həmçinin vurğulayıb ki, bu tədris ili müəyyən müraciətlər və təkliflər əsasında “Təhsil haqqında” qanuna təhsilin məktəbəqədər və ümumi orta pilləsi üzrə bir sıra əlavələr və dəyişikliklərin edilməsi üzrə də yadda qalıb: “Bununla belə, müəllim hazırlığının məzmunu, müəllim fəaliyyətinin qiymətləndirilməsi, müəllim-şagird münasibətləri, tədrisin keyfiyyətinin yaxşılaşdırılması və “Strategiya”da nəzərdə tutulmuş digər hədəflərə nail olmaq üçün hələ xeyli iş görülməlidir”.

Sevinc

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında hazırlanıb.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
23.07.2018
22.07.2018
21.07.2018