Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
TANAP: Avropa ilə Asiya arasında enerji körpüsü - TƏHLİL
Tarix: 13.06.2018 | Saat: 15:15:00
Bölmə:Gündəm | çapa göndər

Gözlənildiyi kimi, Türkiyədə TANAP-ın açılış mərasimi keçirildi və bu hadisə günümüzdə dünya mediasının manşetlərini bəzəyir. Məlum məsələdir, layihədən istehlakçı olaraq Türkiyə dövləti qazanacaq, hələ yaxın gələcəkdə Yunanıstan, İtaliya, Albaniya və digər Güney Avropa ölkələri də. Üstəlik, kəmər ərazisindən keçən ölkələr yaxşı tranzit gəlirləri də götürəcəklər. Bu iqtisadi tərəfi, amma siyasi və hətta hərbi təhlükəsizlik müstəvisində bölgənin qazancı daha böyük olacaq. 

Qeyd edək ki, bu layihənin reallaşması Azərbaycanın dünyanın gözü qarşısında qardaş Türkiyənin qüdrətinə ikiqat güc qatdığını sübut edir. Əvvəla, Bakı-Tiflis-Ceyhan neft kəmərinin ardıyla TANAP-ı da açmaqla (digər beynəlxalq layihələri bir kənara qoyaq) həm Türkiyənin Avropa və ümumiyyətlə Qərbin qarşısında strateji əhəmiyyətini gücləndirir, həm iqtisadi maraqları təmin edir, onun Rusiya qazından asılılığını azaldır, digər ölkələrdən də baha qiymətə qaz tədarükünü başa çatdırır, üstəlik ona tranzit gəlirləri götürmək şansı verir, minlərlə işsiz vətəndaşına iş imkanı yaradır və sair. Ümumiyyətlə, hesablamalar göstərir ki, Türkiyə məhz TANAP-ın fəaliyyəti nəticəsində ildə 3 milyard dollaradək qazanmaq imkanındadır.

Azərbaycanın Türkiyəyə qazandırdıqlarını rəqəmlərlə qeyd edək: TANAP Türkiyənin şərq sərhədindən qərbinədək 20 vilayət, 67 rayonundan keçməklə 1850 kilometr məsafədə uzanır. Bu məsafədə olan kəmərin tikintisində 15 mindən artıq türkiyəli işləyib, evinə çörək aparıb. Xəttin tikintisində 1,3 milyon ton ağırlığında və ya hər biri 13 metr uzunluğunda olmaqla 131 min ədəd borudan istifadə edilib ki, onun da 80 faizi Türkiyədə istehsal olunub (qalan 20 faizi Çindən alınıb). Bu da o deməkdir ki, Türkiyənin boru istehsalçılarının məhsullarının satışı üçün bazar yaradılıb, 1 milyon tondan çox və ya 105 min ədəd boru, əlbəttə ki, pulu ödənilməklə alınıb. Bütün bunlar Türkiyənin boru-dəmir sənayesinin inkişafına töhfə verib. Ümumilikdə TANAP-ın tikintisinə başlandığı ilk gündən indiyədək Türkiyə iqtisadiyyatı 50 milyard dollar qazanıb. 2029-cu ilədək isə TANAP Türkiyədə ümummilli məhsul istehsalına əlavə 37 milyard dollar gəlir verəcək.

Başqa bir yandan Türkiyənin 2020-2026-cı illər ərzində qaz aldığı bir sıra ölkələrlə müqavilələri başa çatır. Özü də həmin sazişlərin bir çoxu mayeləşdirilmiş qaz idxalı ilə bağlıdır. Güman ki, TANAP Türkiyəni əziyyət çəkib daha baha və vaxt aparan həmin müqavilələri yeniləməyə qoymayacaq.

Yeri gəlmişkən, Türkiyə hazırda Əlcəzairdən ildə 4,4 milyard kubmetr mayeləşdirilmiş (saziş 2024-cü ildə başa çatır), Nigeriyadan ildə 1,3 milyard kubmetr mayeləşdirilmiş (saziş 2021-ci ildə başa çatır), İrandan ildə 9,6 milyard kubmetr (saziş 2026-cı ildə başa çatır), Rusiyadan “Mavi axım” vasitəsilə ildə 16 milyard kubmetr (saziş 2025-ci ildə başa çatır) və Qərb xətti ilə əlavə 4 milyard kubmetr (saziş 2021-ci ildə başa çatır) qaz idxal edir. Təbii ki. Azərbaycandan da I Faza ilə ildə 6,6 milyard kubmetr (saziş 2021-ci ildə başa çatır) və II Faza ilə 6 milyard kubmetr (saziş 2033-cü ildə başa çatır) alır.

Onu da qeyd edək ki, yaxın gələcəkdə eyni xətt üzrə Qazaxıstan, Türkmənistan, İraq və İran qazının da Avropaya nəqli nəzərdə tutulur.

“Sabah” qəzetinin şərhçisi Dilək Güngör məsələyə, yaxın günlərdə Türkiyədə baş tutacaq prezident və parlament seçkiləri prizmasından yanaşaraq deyir ki,müxalifət AKP-nin iqtidarda olduğu müddətdə tikib-yaratdığı bütün dünya miqyaslı layihələri söküb-dağıdacağını bildirir. Görəsən sabah TANAP-ı da lazımsız layihə elan etməyəcəklər ki? Müəllif sonra da müxalifətə, xüsusilə də CXP-nin nümayəndəsi Məhərrəm İncəyə və İyi Partiyanın sədri Maral Akşenərə məsləhət görür ki, TANAP kimi beynəlxalq layihə cəmi 3 il ərzində ərsəyə gətirilib və oturub onu reallaşdıran hökumətin qüdrətini analiz etsinlər. D.Güngörün dediklərindən: “Birincisi, TANAP Güney Qaz Dəhlizinin bir hissəsi olmaqla yalnız iqtisadi-maliyyə layihəsi deyil, həm də bölgənin təhlükəsizliyinin təminatçısıdır. Yerli və milli layihəmiz olan TANAP həm qaz istehsal etməyimizə, həm də onun satışını təşkil etməyimizə şərait yardacaq. Nəticədə Avropa ilə Xəzər arasında Türkiyənin timsalında çox güclü körpü qurulacaq. İkincisi, TANAP Avropanın Rusiya qazından asılılığını azaldacaq kəmərdir. Türkiyə həm də digər ölkələrdən aldığından 12 faiz daha ucuz qaz idxal etmək imkanı əldə edəcək ki, bu da 2020 – 2026-cı illərdə vaxtı tamamlanmış qaz sazişlərini yeniləyəndə Türkiyənin mövqeyini gücləndirəcək. Üçüncüsü, gələcəkdə TAP layihəsi də başa çatdırıldıqdan sonra TANAP Cənubi Avropanın da qaz təchizatına öz töhfəsini verəcək”.

Müəllif qeyd edir ki, Türkiyə “Şahdəniz” qazından 2044-cü ilədək ümumilikdə 28 milyard dollar qazanacaq. Boru xəttinin işlədilməsi isə ölkəyə 17 milyard dollar gəlir gətirəcək. Bu yerdə xanım Güngör xatırladır ki, 2006-cı ildə açılan Bakı-Tiflis-Ceyhan kəmərindən Türkiyə indiyədək 15-20 milyard dollar qazanıb.

“Rusiyanın Avropa ilə münasibətlərinin korlanması səbəbindən enerji təhlükəsizliyini təmin etmək niyyəti güdən Qərb üçün Türkiyə ən yaxşı seçimdir” deyən Siyasət, İqtisadiyyat və Cəmiyyət Araşdırmaları Vəqfinin (SETA) iqtisadiyyat bölməsinin direktoru Ərdal Tanas Karagölün fikrincə, Güney Qaz Dəhlizinin önəmli hissəsi olan TANAP Ankaranın mövqeyini daha gücləndirəcəkdir. Onun sözlərinə görə, gələcəkdə Türkmənistan, Qazaxıstan, İran, İraq, hətta Şərqi Aralıq dənizi qazının da Avropaya nəqli gündəmə gələcək ki, o zaman Türkiyə daha da qüdrətlənəcək. Çünki siyasi-hərbi baxımdan mövqeyi güclənəcək, tranzit gəlirləri isə xəzinəsini dolduracaq.

“Bütün bunlar Türkiyədə çox böyük enerji bazasının və bazarının yaradıldığını göstərir. Türkmənistan və Şimali İraq bölgəsinin, eləcə də Şərqi Aralıq Dənizindəki qazın da Türkiyə ərazisində toplanması halında, alıcı ölkələr məhz Türkiyəyə müraciət edəcəklər. Bu zaman isə qiymətlərin təyini məhz Ankaraya aid olacaq. Bu günlər açılışını etdiyimiz TANAP haqqında danışdığımız planların ən böyük hissəsidir. Orta Asiya qazının da TANAP-la dünya bazarına ixracını gözləyək, o zaman Türkiyənin Avropanın nəzərində yerinin necə yüksək olduğunu görəcəyik” deyir Karagöl.

“Ahaber”in iqtisadiyyat yazarı Şərəf Oğuzun sözlərinə görə, Türkiyə və Azərbaycan tərəfindən 3 ildir tikilməkdə olan və təbii ki, Azərbaycan qazını Avropaya nəql edəcək TANAP-ın açılışı, əslində bölgəni məlum ölkələrini müttəfiqlik müstəvisində bir daha birləşdirdi. Bunlar Türkiyə, Azərbaycan və Gürcüstandır. “TANAP-ın açılışını prezidentlər Rəcəb Tayyib Ərdoğan, İlham Əliyev və Giorgi Margvelaşvili birlikdə etdilər. Bu mənə yaxın keçmişdə iştirak etdiyim Bakı-Tiflis-Qars dəmir yolunun açılışını xatırlatdı. Orda da bu üç lider birlikdə açılış lentini kəsmişdilər. Məhz bu cür tədbirlər sayəsində dünyanın gözü Qərbdən Bakının timsalında zənginliklərlə dolu Şərqə yönəldi. Bu gün haqqında söz açdığımız TANAP sadəcə enerji layihəsi deyil, geopolitik nəticələri olan böyük bir proqramdır. Hazırda dünya üzrə 10 nəhəng layihə həyata keçirilir ki, onun altısı Türkiyədədir. TANAP da bunlardan biridir” deyir Ş.Oğuz.

O, daha sonra sözünə belə davam edir: “Xatırlayıram, həyatımızda boşuna itirdiyimiz 90-cı illərdə bu cür enerji layihələrindən söz açılırdı. Qazaxıstan, Türkmənistan, Azərbaycan və sair kimi ölkələri gəzərək bir sıra enerji mahiyyətli toplantılarda iştirak edirdik. Amma bu gün vəziyyət fərqlidir: indi bunlar haqqında söhbət getmir, real açılışlar edilir. Bu gün Türkiyə oyunları quran mərkəzdir. TANAP da bunun göstəricisidir”.

Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun direktor müavini, professor Kamər Kasım deyir ki, əslində Türkiyənin enerji mərkəzinə çevrilməsi Bakı-Tiflis-Ceyhan neft kəməri açıldığı gündən başlayıb. “Bu kəmər Avropanın timsalında Qərbi Türkiyənin dedikləri ilə hesablaşmağa vadar etdi. TANAP isə Ankaranın mövqeyini daha da gücləndirəcək və Avropa anlayacaq ki, hərbi-siyasi müstəvidə olduğu kimi, iqtisadi, xüsusilə də enerji sahəsində də Türkiyə ilə hesablaşmağa məcburdurlar” deyən professor hökumətə məsləhət görür ki, Şimali İraq qazına bel bağlamasın, ora qoyacağı sərmayəni Qafqaza – Azərbaycana. Xəzərə yönəltsin. Çünki qardaş Azərbaycan bu işdə Türkiyəyə sadiqdir. Həm də Azərbaycan Qarabağ kimi probleminin olmasına baxmayaraq, sabit və təhlükəsiz gələcəyə zəmanət verən ölkədir.

Yüzyıl Türkiyə İnstitutunun Enerji və Enerji Təhlükəsizliyi Mərkəzinin direktoru Tuğçə Varol Sevim isə deyir ki, Şərqi Aralıq dənizi qazını gətirmək üçün İsraillə münasibətləri düzəltməli və Şimali İraq qazını gətirmək üçün oradakı qeyri-müəyyən daxili hərbi-siyasi vəziyyətin qaydaya düşməsini gözləməli olan Türkiyə üçün ən məntiqli variant məhz Azərbaycanla əməkdaşlığı gücləndirməkdir. TANAP isə bu məsələdə Türkiyəyə ən doğru yolu göstərdi.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
21.09.2018
20.09.2018
19.09.2018