Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Peşə təhsilində beynəlxalq uğur
Tarix: 13.06.2018 | Saat: 18:15:00
Bölmə:KİVDF | çapa göndər

Avropa İttifaqı ölkəmizdə peşə təhsili sahəsində baş verən dəyişiklikləri müsbət qiymətləndirib

Avropa İttifaqı Azərbaycanda peşə təhsili sahəsində baş verən dəyişikliklərdən razıdır. Qeyd edək ki, bu məsələ sözügedən qurumun 2018-ci il üçün Azərbaycan üzrə biznes mühiti hesabatında öz əksini tapıb.

Hesabatda Avropa İttifaqına üzv olan 20 ölkədən, təqribən, 385 şirkətin Azərbaycanda biznes fəaliyyəti ilə bağlı fikirləri yer alıb. Ötən illə müqayisədə, bu il sorğuda iştirak edən şirkətlərin sayı 31 faiz artıb. Avropa İttifaqının Azərbaycan üzrə sorğu hesabatında 5 ən vacib islahat tədbiri kimi, peşə təhsili sisteminin şirkətlərin tələblərinə uyğunlaşdırılması qeyd edilib. Azərbaycanda fəaliyyət göstərən Avropa şirkətlərinin 24 faizi peşə təhsili və təliminin qənaətbəxş olduğunu bildiriblər. Bu rəqəm 2017-ci illə müqayisədə 4 dəfə çoxdur. Eləcə də peşə təhsili ilə bağlı İKT sektorundan sorğuya cəlb edilən 7 iştirakçıdan 6-sı bu sahəni qənaətbəxş kimi qiymətləndirib.

Yeri gəlmişkən, bu gün ölkəmizdə peşə təhsili sahəsində ciddi islahatlar həyata keçirilir. Qeyd edək ki, 2016-cı ilin dekabrında ölkəmizdə"Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi" qəbul olunub. Sənəddə göstərilib ki, maddi-texniki bazası zəif və yüksəkixtisaslı kadrlar hazırlamaq imkanları məhdud olan peşə təhsili müəssisələrinin fəaliyyətinin dayandırılması, müvəqqəti dondurulması və ya onların birləşdirilməsi yolu ilə maddi-texniki bazasının təkmilləşdirilməsi, həmçinin beynəlxalq təcrübəni öyrənməklə müasir standartlara cavab verən tamtəchizatlı yeni peşə təhsili müəssisələrinin qurulması vasitəsilə həyata keçirilə bilər. Bundan əlavə, peşə təhsili müəssisələrinin ixtisaslaşması prosesi həyata keçiriləcək, 2025-ci ilədək və ondan sonrakı dövrdə inkişaf etmiş peşə-ixtisas təhsili müəssisələri şəbəkəsinin yaradılması istiqamətində mövcud müəssisələrin gücləndirilməsi üçün işəgötürənlərdən və digər tərəflərdən əlavə maliyyə və qeyri-maliyyə yardımlarının cəlb edilməsi mexanizmləri hazırlanacaq. Sənəd peşə təhsili və təlimi sahəsində dünyada mövcud meyillər nəzərə alınmaqla, ölkədə əmək bazarının tələblərinə uyğun təhsil proqramları əsasında ixtisaslı kadrlar hazırlayan peşə təhsili sisteminin inkişaf etdirilməsi məqsədilə çeviklik və inteqrasiya prinsipləri əsasında hazırlanıb. Sənəddə peşə təhsili və təlimi sektoru üzrə 2020-ci ilədək strateji baxış, 2025-ci ilədək olan dövr üçün uzunmüddətli baxış və 2025-ci ildən sonrakı dövr üçün hədəf baxış müəyyənləşdirilib.

Təbii ki, bu istiqamətdə qarşıya qoyulan hədəflərə nail olmaq məqsədilə indiyədək ölkəmizdə peşə təhsili və təlimi üzrə bir sıra tədbirlər reallaşdırılıb. Buna misal olaraq, 2016-cı il aprelin 20-də Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi yaradılmasını, 2018-ci il aprelin 24-də "Peşə təhsili haqqında" qanunun Milli Məclis tərəfindən qəbul edilməsini göstərmək olar. Bundan əlavə, 70 ixtisasın təhsil proqramları (kurikulumları), o cümlədən 159 yeni modul/dərsliklər hazırlanıb, 200-dən çox müəllim kurikulumların hazırlanması, pedaqogika və didaktika üzrə təlimlərə cəlb edilib, 20-dən çox ölkənin peşə təhsili sahəsində təcrübəsi öyrənilib. Həmçinin 10-a qədər beynəlxalq və yerli layihədə xarici və yerli ekspertlərlə, o cümlədən vətəndaş cəmiyyətləri ilə birgə əməkdaşlıq həyata keçirilib, rasionallaşdırma və optimallaşdırma tədbirləri çərçivəsində 34 peşə təhsili müəssisəsinin bazasında 14 ixtisaslaşmış Peşə Təhsil Mərkəzi yaradılıb və 21 peşə təhsili müəssisəsinin bazasında 10 Peşə Təhsil Mərkəzinin yaradılması ilə bağlı təklif hazırlanıb. Turizm və kənd təsərrüfatı sahəsində ixtisaslaşmış Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi açılması, Koreya modeli əsasında sənaye və innovasiyalar sahəsində 8 ixtisas üzrə tədris aparılacaq peşə təhsil mərkəzinin tikintisinə başlanılması, regionlarda fəaliyyət göstərən 1000-dən çox sahibkarlıq subyektləri ilə əməkdaşlıq müqavilələrinin imzalanması da bu tədbirlərdəndir.

Artıq peşə təhsilində təhsil alan gənclərin peşəkarlıq səviyyəsinini artırılması istiqamətində də konkret addımlar atılmaqdadır. Məsələn, Mənzil İnşaatı Dövlət Agentliyi və Təhsil Nazirliyi ölkədə inşaat sektorunda çalışacaq gənc kadrların bilik və bacarıqlarının artırılması istiqamətində əməkdaşlıq edir. Dövlət Agentliyindən verilən məlumata görə, ölkədə peşə-ixtisas və ali təhsil müəssisələrinin inşaat, tikinti və memarlıq ixtisasları üzrə təhsil alan şagird və tələbələrin Agentlikdə və onun tikinti ərazilərində istehsalat təcrübəsi keçməsinin təşkil edilməsi və bu sahədə uzunmüddətli əməkdaşlığın yaradılması qarşıya qoyulan əsas vəzifələrdəndir. Təcrübəkeçmənin əsas məqsədi peşə təhsilinə yiyələnən gənclərin öz bacarıqlarını inkişaf etdirməsinə şərait yaratmaq, yüksək ixtisaslı kadrların hazırlanmasına və əmək bazarında səriştəli işçi qüvvəsinə olan tələbatın ödənilməsinə töhfə verməkdir. Bununla əlaqədar olaraq Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi və Mənzil İnşaatı Dövlət Agentliyinin tabeliyində “MİDA” MMC arasında imzalanmış əməkdaşlıq müqaviləsinə əsasən 8 nömrəli Bakı Peşə Liseyində təhsil alan şagirdlərin 2016-2017-ci və 2017-2018-ci tədris illərində güzəştli mənzillərin tikintisinin aparıldığı ərazidə istehsalat təcrübəsi keçməsi layihəsi uğurla başa çatdırılıb. Qeyd edilən dövrdə Liseyin “Əl elektrik qaynaqçısı” ixtisası üzrə təhsil alan 30-a yaxın şagirdi Mənzil İnşaatı Dövlət Agentliyinin ilk layihəsi olan Yasamal Yaşayış Kompleksinin inşa olunduğu ərazidə 1 ay müddətində istehsalat təcrübəsi keçib. Digər tərəfdən 8 nömrəli Bakı Peşə Liseyi ilə bu layihənin uğurla reallaşdırıldığını nəzərə alaraq, bu ildən daha bir təhsil müəssisəsinin şagirdləri üçün təcrübəkeçmə proqramı təşkil edilib. Azərbaycan Memarlıq və İnşaat Universitetinin nəzdində İnşaat Kolleci ilə qurulan əməkdaşlıq nəticəsində 2017-2018-ci tədris ilində bu təhsil müəssisəsinin “Dizayn” və “Bina və qurğuların tikintisi və istismarı“ ixtisasları üzrə təhsil alan 28 şagirdinin təcrübəkeçməsinə şərait yaradılıb. Şagirdlərin təcrübəkeçmə işinə Agentliyin şəhərsalma, memarlıq və tikinti sahəsi üzrə yüksək ixtisaslı mütəxəssisləri rəhbərlik edib. Bu müddət ərzində gənclər iş prosesi ilə tanış olub, ixtisasları üzrə praktiki biliklərə yiyələnib, öz peşə bacarıqlarını inkişaf etdirmək və onları real iş şəraitində tətbiq etmək imkanına sahib olublar. Bununla yanaşı, təcrübə rəhbərləri tərəfindən şagirdlərə ixtisasları ilə bağlı praktiki tapşırıqlar verilmiş və onların icrasına nəzarət edilib. Gələcəkdə Agentlik tərəfindən reallaşdırılan layihələrinin sayı artdıqca ali təhsil müəssisələrinin tələbələri üçün də təcrübəkeçmə imkanlarının yaradılması planlaşdırılır.

Hazırda peşə təhsili istiqamətində beynəlxalq təcrübənin öyrənilməsi istiqamətində də mühim addımlar atılmaqdadır. Belə ki, bu yaxınlarda Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Famil Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti Bonn şəhərində yerləşən Almaniya Federal Peşə Təhsili və Təlimi İnstitutunun nümayəndələri ilə görüşüb. Təhsil Nazirliyindən bildiriblər ki, görüşdə Almaniyada peşə təhsili sisteminin xüsusiyyətləri və Federal İnstitut ilə agentlik arasında əməkdaşlıq imkanları müzakirə edilib. Nümayəndə heyəti, həmçinin kənd təsərrüfatı istiqamətində ixtisaslaşan “DEULA” model müəssisəsində olub. Burada adıçəkilən müəssisənin işəgötürənlər, peşə təhsil müəssisələri və sosial partnyorlarla əməkdaşlığı, informal və qeyri-formal yollarla əldə edilmiş səriştələrin tanınması mexanizmi müzakirə edilib. Almaniya və digər qonşu ölkələrin bu sahədə təcrübəsinin təqdimatı keçirilib. Daha sonra kənd təsərrüfatı sahəsində peşə təhsili üzrə İsveçrə təcrübəsinin öyrənilməsi məqsədilə Lindau şəhərində yerləşən “Strickhof” peşə təhsil müəssisəsində olan agentliyin əməkdaşları yeni yaradılan təhsil müəssisəsində ixtisasların nəzəri və praktiki tədrisi və müvafiq sahələrdə tədqiqatın aparılması ilə tanış olublar. Səfər Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının dəstəyi ilə icra olunan layihə çərçivəsində reallaşıb.

Sevinc

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrininİnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında hazırlanıb.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
19.11.2018
18.11.2018
17.11.2018