Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
İstehlakçıların hüquqları necə qorunur?
Tarix: 01.10.2010 | Saat: 14:15:00
Bölmə:Araşdırma | çapa göndər

Ölkədə istehlakçıların hüquqlarının müdafiəsi haqqında qanun mövcud olsa da, bir çox hallarda vətəndaşlar haqsızlıqla üzləşirlər. Bunu redaksiyamıza müraciət edən vətəndaşların bizə ünvanlandığı olduğu suallardan da görmək olar. Oxucu suallarına əsaslanaraq qeyd etmək olar ki, istehlakçıların hüquqları daha çox ticarət mərkəzlərində, alğı-satqı obyektlərində pozulur.
“Bir neçə ay bundan əvvəl aldığımız soyuducuya 3 il zəmanət verilsə də, sonra malın yararsız olduğu üzə çıxdı. Lakin mağaza rəhbərliyi bunu qəbul etmir, soyuducunu nə geri alır, nə də başqası ilə dəyişir. Qarşılaşdığım problem hansı qanunla və necə tənzimlənir?“
Rəhilə Məmmədova (Bakı şəhəri, 52 yaş)
Oxucunun qarşılaşdığı problemin qanuni yolla həllinə “Çalxan“ MMC hüquq məsləhətxanasının rəhbəri, hüquqşünas Qurban Məmmədov aydınlıq gətirdi.
- Bu kimi məsələlər 1995-ci ildə qəbul edilmiş istehlakçıların hüquqlarının müdafiəsi haqqında Azərbaycan Respublikasının qanunu ilə tənzimlənir. Əvvəla, qanunun 1-ci maddəsinə görə, istehlakçının istehlak etdiyi malların lazımi keyfiyyətdə olması, təhlükəsizliyi, miqdarı, çeşidi və keyfiyyəti haqqında dolğun və düzgün məlumat əldə etmək hüququ var. Eləcə də qanunvericilikdə nəzərdə tutulan hallarda, lazımi keyfiyyəti olmayan, habelə insanların sağlamlığına, həyatına təhlükəli olan malların vurduğu zərərin ödənilməsinə, öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək də istehlakçıların hüquqlarına daxildir.
Qanunun 6-cı maddəsinin 1-ci bəndinə görə, istehsalçı malın qanunvericilikdə nəzərdə tutulan zəmanət müddəti ərzində, bu müddətlərin olmadığı hallarda isə müqavilə ilə müəyyənləşdirilmiş qaydada normal işini təmin edir. Zəmanət müddəti malın pasportunda və ya nişanlama kağızında (yarlıqda), yaxud mala əlavə olunan digər sənəddə göstərilir. Zəmanət müddətləri malın satıldığı gündən, yararlılıq müddətləri isə hazırlandığı gündən hesablanır. İstehlakçı da öz növbəsində satıcı qarşısında zəmanət müddəti müəyyən edilməmiş mallarda aşkarlanmış qüsurlar barədə 3 ildən gec olmamaq şərti ilə öz tələblərini irəli sürmək hüququna malikdir. Mal dəyişdirildikdə isə zəmanət müddəti dəyişdirilmə günündən etibarən yenidən hesablanır.
Oxucunu maraqlandıran məsələ isə konkret olaraq “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında“ qanunun 7-ci - qüsuru olan mal satılarkən istehlakçının hüquqları maddəsi ilə tənzimlənir. Belə ki, istehlakçı müqavilə və ya digər qaydalarla müəyyən olunmuş zəmanət müddəti ərzində aldığı malda qüsur və ya saxtalaşdırma aşkarlayarsa, öz istəyinə görə satıcıdan və ya istehsalçıdan onu lazımi keyfiyyətli mala dəyişdirmək, satış qiymətini uyğun məbləğdə azaltmaq, malın qüsurlarının icraçının (satıcının, istehlakçının) hesabına aradan qaldırılmasını və ya qüsurların aradan qaldırılması üçün istehlakçının və ya 3-cü şəxslərin çəkdiyi xərclərin əvəzinin ödənilməsini, malın, həmin mala uyğun digər modelli (markalı, tipli və i.a.) mal ilə, dəyəri yenidən hesablanma şərti ilə əvəz edilməsini, müqavilənin ləğvini və çəkdiyi zərərin ödənilməsini tələb etmək hüququna malikdir. Satıcı isə istehlakçıdan lazımi keyfiyyəti olmayan malı geri götürməyə və bu maddənin 1-ci bəndində göstərilən istehlakçının tələblərindən birini yerinə yetirməyə borcludur. Üstəlik, iriqabaritli və ağırçəkili malların istehlakçıdan satıcıya qaytarılması və dəyişdirilərək yenidən istehlakçıya çatdırılması satıcının hesabına həyata keçirilir. İstehlakçının malı dəyişmək tələbi, mal olduqda dərhal yerinə yetirilməli, zərurət olduqda onun keyfiyyəti, müvafiq tələb verilən andan 14 gün müddətində yoxlanılmalı və ya tərəflər arasında razılaşdırılmış müddət ərzində dəyişdirilməlidir.
İstehlakçının malı dəyişdirmək tələbi, mal olmadıqda müvafiq ərizənin verildiyi andan 2 ay müddətində ödənilməlidir. Qüsurlu mal lazımi keyfiyyətli, eyni modelli mala dəyişdirilərkən qiymət dəyişərsə, istehlakçı qiymət fərqini ödəmir, həmçinin qüsurlu mal lazımi keyfiyyətli, eyni əlamətləri olan, lakin başqa modelli mala dəyişdirilərkən qiymətlər dəyişdikdə, malın dəyəri malın alındığı vaxt qüvvədə olmuş qiymətlər əsas götürülməklə yenidən hesablanır. Əgər istehlakçı malın qüsurunun əvəzsiz olaraq aradan qaldırılmasını tələb edərsə, qüsur 14 gün ərzində və ya tərəflərin razılığı ilə başqa müddətdə aradan qaldırılmalıdır. İstehlakçının tələbi ilə satıcı məişət texnikasının və nəqliyyat vasitələrinin təmir edildiyi və ya dəyişdirildiyi müddət üçün ona əvəzsiz olaraq (evinə çatdırmaqla) oxşar mal verməlidir. Təmir (dəyişdirmə), habelə malın qüsurlarının aradan qaldırıldığı və ya dəyişdirildiyi müddət üçün oxşar malı vermək tələbinin yerinə yetirilməsi (14 gün) ləngidildikdə satıcı istehlakçıya mal verməklə bir vaxtda, müəyyən edilmiş müddətin ötürüldüyü hər gün üçün ona malın satış qiymətinin 1 faizi məbləğində dəbbə pulu ödəyir.
Qanunun 7-ci madəsinə görə, istehlakçının tələbinə qəbz, mal və ya kassa çeki, zəmanət müddəti olan mallar üzrə isə texniki pasport və ya onu əvəzləyən digər sənəd təqdim edildikdə baxılır. Satıcı istehlakçıya mal satarkən ona qəbz, mal, kassa çeki və ya digər yazılı sənəd verməlidir. Əgər satıcı, istehsalçı malın qüsurlarının istehlakçı tərəfindən istifadə və ya saxlanma qaydalarının pozulması, 3-cü şəxslərin hərəkətləri və ya təbii fəlakət nəticəsində əmələ gəldiyini sübuta yetirərsə, istehlakçının bu maddədə nəzərdə tutulan tələbləri təmin olunmamalıdır. Hər bir halda, istehlakçı malın keyfiyyətinin yoxlanmasında şəxsən, yaxud öz nümayəndəsi vasitəsilə iştirak etmək hüququna malikdir.
“Mağazalarda hər hansı məhsul alarkən onun haqqında məlumat almaq istəyimi bəzi satıcılar narazılıqla qarşılayırlar. Alacağım mal barədə bilgi öyrənmək istəyim qanunauyğundurmu?“
Nərminə Həsənova (Bakı şəhəri, 36 yaş)
- Bu məsələ də istehlakçıların hüquqlarının müdafiəsi haqqında Azərbaycan Respublikasının qanunu ilə tənzimlənir. Sözügedən qanun Azərbaycan Respublikasının ərazisində istehlakçılar üçün bərabər şərait yaradılması məqsədi ilə alğı-satqı prosesində, iş görülməsində və xidmət göstərilməsində istehlakçı ilə istehsalçı, satıcı və icraçı arasında münasibətlərin eyni cür tənzimlənməsinin, habelə istehlakçıların hüquqlarının müdafiəsinin ümumi hüquqi, iqtisadi və sosial əsaslarını və mexanizmini müəyyənləşdirir. Qanunun 14-cü maddəsinə görə, bütün vətəndaşlar ticarət və başqa xidmət növləri sahəsində tələbatlarının ödənilməsində bərabər hüquqa malikdir. Qanunvericilik aktlarında nəzərdə tutulmuş hallardan başqa, istehlakçıların hüquqlarına üstünlük verilməsinə, birbaşa və ya dolayısı ilə hər hansı şəkildə məhdudlaşdırılmasına yol verilmir. Sosial müdafiəyə ehtiyacı olan vətəndaşların ayrı-ayrı qruplarına ticarət və digər xidmət növləri sahəsində Azərbaycan Respublikasının qanunvericilik aktları ilə müəyyənləşdirilmiş qaydada güzəştlər və üstünlüklər verilə bilər.
Qanunun 2-ci maddəsinə görə, istehlakçı satıcının (icraçının) iş rejimini nəzərə almaqla özü üçün əlverişli olan vaxtda sərbəst mal və xidmət seçmək hüququna malikdir. İstehlakçıya sərbəst mal və xidmət seçməkdə hər cür köməklik göstərmək satıcının borcudur. İstehlakçını keyfiyyətsiz və ya ona lazım olmayan çeşidli mal almağa və xidmət göstərilməsinə məcbur etmək qadağandır. Satıcı istehlakçıya öz müəssisəsinin adı, mənsubiyyəti və iş rejimi barədə düzgün və başadüşülən məlumat verməlidir. İstehlakçı aldığı malların keyfiyyətini, komplektliyini, ölçüsünü, çəkisini və qiymətini yoxlamaq, malların düzgün və təhlükəsiz istifadəsini nümayiş etdirmək hüququna malikdir. Belə hallarda satıcı istehlakçının tələbi ilə ona nəzarət-ölçü cihazlarını, malın qiyməti haqqında sənədləri təqdim etməlidir. Zəmanət müddətində malın keyfiyyətinin itməsi səbəblərini müəyyənləşdirmək lazım gəldiyi halda, satıcı istehlakçının yazılı ərizəsini aldıqdan sonra 3 gün ərzində bu malı ekspertizaya göndərməlidir. Ekspertiza satıcının hesabına aparılır. Ticarət və digər xidmət növləri müəssisələrində istehlakçının hüquqları pozularsa, satıcı (icraçı) və bu müəssisələrin işçiləri qanunvericiliklə müəyyənləşdirilmiş qaydada məsuliyyət daşıyırlar.
Qanunun 13-cü maddəsinə görə, istehlakçıların mal (iş, xidmət) haqqında məlumat almaq hüququ var. Belə ki, satıcı istehlakçını maraqlandıran malın qiyməti, istehlak xassələri (ərzaq malları barəsində isə həm də tərkibi, yararlılıq müddəti, kaloriliyi, sağlamlıq üçün zərərli maddələrin normativ sənədlərin tələbləri ilə müqayisəli miqdarı), əldə edilməsi şərtləri, təminat öhdəlikləri və iddiaların irəli sürülməsi, malın işlədilməsi, saxlanılması, eləcə də təhlükəsiz istifadəsi üsulları və qaydaları barəsində istehlakçıya zəruri və düzgün məlumat verməlidir. İstehsal edilmiş malın üzərində istehsal və ya ticarət markası, mal nişanı, yaxud xidmət nişanı olmalıdır. İstehsal markasında istehsalçının adı, mənsubiyyəti, yeri və standartların işarəsi göstərilir. Hazırlanmış mal istehsal markasına uyğun gəlməlidir. Sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxsin hazırladığı malın etiketi (yarlığı) olmalıdır. Etiketdə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq hüququ verən sənədin nömrəsi, onu təsdiqləyən orqanın adı, zəruri hallarda onun sertifikatlaşdırılması, xüsusi tələblərə cavab verən mallar (işlər, xidmətlər) üçün isə dövlət standartlarının nömrəsi haqqında məlumat verilməlidir. Satılan mal barəsində yanlış və ya kifayət qədər dolğun olmayan məlumatın verilməsi istehlakçının lazımi xassələrə malik olmayan malı almasına səbəb olubsa, onun müqaviləni ləğv etmək və itkilərin ödənilməsini tələb etmək hüququ var. Dövlət və mövcud qanunvericilik istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır.
Naibə Qurbanova


Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
25.06.2019
24.06.2019