Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
İkili diplom proqramlarına qoşulan ali məktəblərin sayı artır
Tarix: 21.06.2018 | Saat: 18:30:00
Bölmə:KİVDF | çapa göndər

Gələcəkdə bu istiqamətdə mövcud olan maneələri aradan qaldırmaq üçüm qanunvericilikdə dəyişikliklər edilə bilər

“Son illər ərzində ali təhsil sistemində beynəlxalq səviyyədə akkreditasiya olunan, dünyanın xarici ali təhsil müəssisələri ilə ikili diplom tətbiq edilən birgə proqramların sayı artmaqdadır”. Bunu təhsil naziri Ceyhun Bayramov Təhsil Nazirliyinin 2017-ci il üzrə hesabat tədbirində çıxışı zamanı deyib.

Nazir qeyd edib ki, bu tipli proqramların dünyanın aparıcı ali təhsil müəssisələrində tətbiq edilməsi azərbaycanlı tələbələrə məhz beynəlxalq səviyyədə akkreditasiya olunmuş proqramlar nəticəsində həmin xarici ali məktəblərə qəbul imkanları verir: "Belə olan təqdirdə, biz azərbaycanlı tələbələrə bu imkanları yaratmadıqda onlar üçün süni maneələr törədirik. Bu nə təhsil sistemimiz, nə də dövlət siyasətimiz baxımından qəbulolunandır. Qanunvericilikdə bununla bağlı dəyişiklik edilməlidir".
Yeri gəlmişkən, bu gün Azərbaycanın təhsil sektorunda aparılan islahatlar Avropa təhsilinə inteqrasiyanı xeyli sürətləndirib. Hazırda ikili diplom proqramları birgə təhsil proqramlarının həyata keçirilməsinin ən geniş yayılmış formasıdır. İkili diplom (üçlü və s.) –birgə inteqrasiya olunmuş təhsil proqramını həyata keçirən iki və daha çox universitet tərəfindən rəsmi şəkildə verilən iki və ya daha çox milli diplomdur. Müşahidələr göstərir ki, ikili diplomlar universitetlərin rəqabət qabiliyyətini artırır, tədris proqramlarının beynəlmiləlləşməsini, ali təhsil müəssisəsinin ümumavropa məkanına daxil olmasını, tədris proqramlarının təkmilləşdirilməsini və keyfiyyətinin təmin edilməsini sürətləndirir. Eyni zamanda, bu proqramlar metodik və araşdırma fəaliyyətinin keyfiyyətinin artırılmasına, universitetdə infrastrukturun və idarəetmənin təkmilləşdirilməsinə, rəhbər və müəllimlərin yeni bacarıqlarının ortaya çıxmasına, tədrisin keyfiyyətinin yüksəldilməsinə, Bolonya prosesindən irəli gələn dəyişikliklərin təcrübədə qavranılmasına şərait yaradır.

Avropa Birliyinin birgə diplomların tanınması ilə bağlı tövsiyyələrində isə qeyd olunur ki, birgə diplom ikidən az olmayan universitet və ya universitet ilə universitetlər tərəfindən və ya digər müəssisələrin yardımı ilə hazırlanan və ya həyata keçirilən təhsil proqramı əsasında fəaliyyət göstərən digər müəssisə tərəfindən verilən birgə diplom kimi başa düşülməlidir.
Məlumat üçün vurğulayaq ki, Azərbaycanın ali məktəblərinin ikili diplom proqramlarında iştirakı ölkəmizin Bolonya Bəyannaməsinə qoşulmasından sonra mümkün olub. Azərbaycan bu prosesə 2005-ci ildə qoşulub. Həmin ildən bu sahədə aparılan işlərin Bolonya sisteminin tələblərinə uyğunlaşdırılmasına, bəyannamədə nəzərdə tutulan digər müddəaların, o cümlədən kredit sisteminin tətbiqinin, təhsilin keyfiyyətinə nəzarətin gücləndirilməsinin, mobilliyin genişləndirilməsinin, ixtisasların və diplomların qarşılıqlı tanınmasının, diploma əlavələrin Avropa ölkələrinin ali təhsil haqqında müvafiq sənədlərinə uyğunlaşdırılmasının, məzunların işlə təminatına nail olunmasının, ali təhsil sisteminin cəlbediciliyinin təmin edilməsinin gerçəkləşdirilməsinə başlanılıb. İlkin mərhələdə ölkənin 10 ali məktəbində bəzi ixtisaslarda eksperimental qaydada tətbiq olunan kredit sistemi sonra bütün ali məktəbləri və ixtisasları əhatə edib. Prosesin tətbiqi ilə bağlı bir sıra normativ sənədlər hazırlanaraq təsdiq edilib.

Ölkəmizdə təhsilin dünya təhsil sisteminə, xüsusən də ali təhsil müəssisələrinin Avropa ali təhsil məkanına inteqrasiya prosesi və Bolonya Bəyannaməsinin tələblərinin yerinə yetirilməsi sahəsində işləri sürətləndirmək məqsədi ilə ölkə başçısı tərəfindən 31 yanvar 2008-ci il tarixində "Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin Avropa ali təhsil məkanına inteqrasiyası ilə bağlı bəzi tədbirlər haqqında" sərəncam imzalanıb. Həmin sərəncama əsasən "2009-2013-cü illərdə Azərbaycan Respublikasının ali təhsil sistemində islahatlar üzrə Dövlət Proqramı" qəbul olunaraq icrası təmin edilib. Ümimiyyətlə isə Azərbaycanın Bolonya prosesinə qoşulması ölkəmizin ali təhsilinin Avropa təhsil məkanına inteqrasiyasına, tələbə və müəllim kontingentinin vahid Avropa ali təhsil məkanına qoşulan ölkələr arasında mobilliyinin asanlaşdırılmasına, tələbə və müəllim kontingentinin vahid Avropa ali təhsil məkanına qoşulan ölkələr arasında məşğulluq (işədüzəlmə) prosesinin sadələşdirilməsinə, diploma əlavənin vahid modelinin yaradılması ilə məzunların əmək bazarında fəaliyyətə başlamasını asanlaşdırmasına, uzunömürlü təhsil almaq imkanlarının yaradılmasına (ali təhsil müəssisələrindən akademik uğursuzluğa görə xaric olunmanın aradan qaldırılması), hər bir tələbəyə fərdi yanaşmaya, hər bir müəllimin tədris etdiyi kursa (fənnə) sərbəst yanaşmasına, tələbələrə öz təhsil prosesini seçməkdə sərbəstliyin verilməsinə imkan yaradıb. Bundan başqa ölkəmizin sözügedən bəyannaməyə qoşulması yay semestri imkanlarından istifadə, tədrisi vaxtından əvvəl bitirmə imkanları (bakalavriat səviyyəsində 3.5 il, magistratura səviyyəsində 1.5 il), diplomların ekvivalentliyi və qarşılıqlı tanınmasına da imkan verib.
Müşahidələr isə onu deməyə əsas verir ki, bu gün ölkəmizdə fəaliyyət göstərən ali məktəblər ikili diplom proqramı ilə bağlı fəaliyyətlərini genişləndirməkdə maraqlıdırlar. Məsələn, Azərbaycanda artıq inklüziv ali təhsildə də bakalavr pilləsi üzrə ikili diplomlar verilməsi mümkündür. Bununla bağlı ötən il Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) ilə Moskva Dövlət Humanitar İqtisad Universiteti (MDHİU) arasında inklüziv ali təhsildə bakalavr pilləsi üzrə ikili diplom razılaşması imzalanıb. Razılaşmaya əsasən, hər iki universitetin tələbələri UNEC və MDHİU-nun diplomunu əldə etmək imkanı qazanacaqlar. Müqavilənin əsas üstünlüyü UNEC-də təhsil alan fiziki məhdudiyyətli tələbələrin bu proqramda iştirak edə bilməsidir. Onlar təhsillərini MDHİU-da davam etdirərək dörd il ərzində hər iki universitetin diplomunu qazana biləcəklər.

Mövzu ilə bağlı bizimlə fikirlərini bölüşən təhsil eksperti Nadir İsrafilov deyib ki, 90-cı illərin əvvəllərindən etibarən Azərbaycanın müstəqillik əldə etməsi və beynəlxalq təhsil sisteminə inteqrasiyası ilə əlaqədar ölkəmizin ali məktəblərinin beynəlxalq əməkdaşlıq sahəsində nəzərəçarpacaq irəliləyiışi danılmazdır: “Nazirliyin digər struktur qurumları və tədris müəssisələri ilə birlikdə ümumi orta təhsil, ali və orta ixtisas təhsili sahələrində habelə ali məktəblərin elmi fəaliyyəti sahəsində beynəlxalq əməkdaşlığın əsas istiqamətlərinin müəyyənləşdirilməsi, onların yerinə yetirilməsinə nəzarət edilməsi məqsədi ilə Təhsil Nazirliyində “Beynəlxalq əməkdaşlıq şöbəsi”nin yaradılması xarici ölkələr, beynəlxalq təşkilatlar və xarici qeyri-hökumət təşkilatları ilə təhsil sahəsində beynəlxalq əməkdaşlığın həyata keçirilməsinin təmin olunmasında yeni mərhələdir. Bir çox sahələrdə olduğu kimi , o cümlədən də təhsil sahəsində beynəlxalq əməkdaşlıq dünyanın ən son yeniliklərinin, xüsusilə yeni texnologiyaların öyrənilməsi, ölkəmizin təhsil sistemində yerinin və rolunun müəyyənləşdirilməsi, və ən müasir təcrübədə beynəlxalq standartların tətbiqi ilə yanaşı həm də bir növ daxili və xarici rəqabətə təkan vermiş olur. Məsələn, qısa zaman kəsiyində Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC), xarici ölkə universitetləri ilə ikitərəfli əməkdaşlıq, beynəlxalq təhsil proqramlarında iştirak, əcnəbi tələbələrin cəlb olunması, müvafiq beynəlxalq təşkilatlarla işbirliyi və digər istiqamətləri əhatə etməsi sahəsində müəyyən təcrübə əldə edib. Xəzər Universitetinin beynəlxalq əməkdaşlıq ənənələri uzun illərdir ki, davam edir. Beynəlxalq əlaqələr və ikitərəfli əməkdaşlıq istiqamətdə ATU, ADU, ADAU və bir sıra digər universitetlərdə də müvafiq işlərin görülməsinin bilavasitə şahidiyik. Amma bununla yanaşı hesab edirəm ki, diplomların qarşılıqlı tanınması, tələbə və müəllim mübadiləsinin həyata keçirilməsi, ikili diplom proqramlarının reallaşdırılması istiqamətində işlər daha da sürətləndirilməlidir”.

Sevinc

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında hazırlanıb.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
19.12.2018
18.12.2018