Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Azərbaycanda ali təhsil almaq istəyənlərin sayı azalır
Tarix: 22.06.2018 | Saat: 18:15:00
Bölmə:KİVDF | çapa göndər

Təkcə 2017-2018-ci tədris ilində 2014-2015-ci illə müqayisədə ali məktəbə ərizə verənlərin sayında təxminən 24 minə yaxın azalma baş verib

Son dörd tədris ili üzrə ali təhsil müəssisələrinin tələbə qəbulunun kəmiyyət göstəriciləri açıqlanıb. “Report”un xəbərinə görə, Təhsil Nazirliyinin illik hesabatında bildirilir ki, 2014-2015-ci tədris ilində 84 878, 2015-2016-cı tədris ilində 88 366, 2016-2017-ci tədris ilində 87 730, 2017-2018-ci tədris ilində 84 836 nəfər tam orta məktəbi bitirib. Keçən ilə nisbətən bu il tam orta məktəbi bitirənlərin sayı 2 894 nəfər azalıb.

2014-2015-ci tədris ilində 97 362, 2015-2016-cı tədris ilində 93 116, 2016-2017-ci tədris ilində 89 444, 2017-2018-ci tədris ilində 73 774 nəfər ali məktəbə ərizə verib. Ərizə verənlərin sayında ötən illər ərzində mütəmadi olaraq azalma baş verib. 2017-2018-ci tədris ilində 2014-2015-ci tədris ili ilə müqayisədə ali məktəbə ərizə verənləri sayında əhəmiyyətli dərəcədə (23 588) azalma var.
Qeyd edək ki, Təhsil Nazirliyinin ötən ilki hesabatında isə son 7 ildə Azərbaycanda orta məktəbi bitirən məzunların sayının 11 faiz azaldığı göstərilib. Hesabata görə, ali məktəblərə qəbul balına vakant yerlərin sayı ilə birgə təsir edən başqa bir amil məzun və abituriyentlərin sayıdır. 2010-cu ildən 2015-ci ilə qədər ilbəil məzun və abituriyentlərin sayı azalıb, 2010-cu ildə 97.328 nəfər olan məzun sayı 2014-cü ildə 84.878-ə qədər düşüb. 2015-ci ildə məzun sayı 3.486 nəfər artsa da, 2016-cı ildə bu rəqəm yenidən 1.212 nəfər azalıb. Hər il abituriyentlərin əsas hissəsini cari ilin məzunları təşkil etdiyi üçün məzunların sayında artıb-azalma abituriyentlərin sayının artıb-azalması şəklində özünü göstərir. Ümumiyyətlə 2010-cu illə müqayisədə 2016-cı ildə məzun sayında 11 faiz, abituriyent sayında isə 10 faiz azalma müşahidə edilib.

Sənəddə həmçinin qeyd olunub ki, hər il ali məktəblərə təklif olunan yerlərin sayının artması abituriyentlərin qəbul olma şansını artırır. Belə ki, 2016-cı ildə təklif olunan yer sayı 2015-ci ilə nisbətən 7,5 faiz və ya 2.905 yer artıb. 2010-cu ildə qəbul planı 30.510, 2011-ci ildə 31.419, 2012-ci ildə 34.098, 2013-cü ildə 36.537, 2014-cü ildə 37.841, 2015-ci ildə 38.831 və nəhayət 2016-cı ildə 41.736 olub. İldən-ilə vakant yerlərin çoxalması az bal toplayan abituriyentlərin qəbul olunma şansını çoxaldır.
Bundan başqa, “Abituriyent” jurnalının 12 saylı buraxılışında da son illər məzunların sayının azaldığı öz əksini tapıb. Nəşrdə yer alan məlumata görə, son 12 ildə məzunların sayı 35 778 nəfər azalıb. Məsələn, 2015-ci illə müqayisədə 2016-cı ildə məzunların sayı 1 036 nəfər azalıb. 2016-cı ildə sənəd verənlərin 68,31 faizini məhz həmin ilin məzunları təşkil edib. Müqayisə üçün bildirək ki, 2010-cu ildə ali məktəblərə sənəd verənlər arasında həmin ilin məzunlarının nisbi payı 55,63 faiz, 2011-ci ildə 58,39 faiz, 2012-ci ildə 58,84 faiz, 2013-cü ildə 60,66 faiz, 2014-cü ildə 64,05 faiz və 2015-ci ildə 66,04 faiz olub”.

Nəşrdə həmçinin vurğulanıb ki, 2015-ci illə müqayisədə 2016-cı ildə plan yerləri I qrupda 12,38, II qrupda 6,62, II qrupda 2,34, IV qrupda 5,45, V qrupda 9,77 faiz artıb: “Qəbul planının və abituriyent ərizələrinin son iki il üzrə müqayisəli təhlili göstərir ki, bu il ali məktəblərə qəbul planının 7,48 faiz artması, ərizələrin sayının isə 3,94 faiz azalması müsabiqə vəziyyətində 10,63 faiz azalmaya səbəb olub. Müsabiqə vəziyyəti, V ixtisas qrupundan başqa, digər ixtisas qruplarında aşağı düşüb. Bu özünü IV və I ixtisas qruplarında daha qabarıq şəkildə büruzə verib.
2016-cı ildə I, II, III və IV ixtisas qruplarında müsabiqə vəziyyəti 2015-ci ilə nəzərən zəifləyib. Bunun əsas səbəbi bu ixtisas qruplarında qəbul planının artması və ərizə verənlərin azalmasıdır. Bundan başqa, keçən il ixtisas qrupları üzrə qəbul planı ilə ərizlərin sayı arasında qeyri-tarazlıq olub. V qrupda ərizələrin, II qrupda isə plan yerlərinin nisbi çəkisi böyük olub. 1992-2016-cı illər ərzində ali təhsil müəssisələri üzrə ən yüksək müsabiqə vəziyyəti 2008-ci ilə, ən aşağı müsabiqə vəziyyəti isə 2002-ci ilə təsadüf edir. 2016-cı ilki qəbul imtahanlarında iştirak edən abituriyentlərin 60,84 faizi (52 149) ali məktəblərə qəbul olmayıb. I-IV ixtisas qrupları üzrə qəbul imtahanlarında abituriyentlərin 55,4 faizi 200-dən az bal toplayıblar. Yəni, 2016-cı ildə “2” qiymət alanların faizi nisbətən azalıb, “3”, “4” və “5” qiymət alanların faizi artıb”.

Mövzu ilə bağlı fikirlərini bildirən təhsil eksperti Şahlar Əsgərov ali məktəblərə sənəd verən abituriyentlərin sayında azalma tendensiyasının müşahidə olunmasını narahatedici məqam kimi qiymətləndirib. Onun sözlərinə görə, bu məsələ bütün təhsil ictimaiyyətini narahat etməlidir: «Axı, indiki şəraitdə bizim gənclər niyə oxumağa maraq göstərməsinlər. Əgər biz inkişaf etmiş ölkələrlə rəqabət aparmağa iddialıyıqsa, deməli, cəmiyyətdə savadlı insanların çəkisini artırmalıyıq. Məsələn, bu gün Cənubi Koreyada orta məktəbi bitirən hər 100 şagirdin 99-u, Amerikada hər 100 şagirdin 96-sı ali təhsil dalınca gedir. Mən demirəm ki, bizdə də hər kəs ali təhsil dalınca getsin, ölkədə kifayət qədər orta ixtisas müəssisələri var. Elə etmək lazımdır ki, ali təhsilə maraq göstərməyənlər peşə ixtisaslarına meyl göstərsinlər».

Məsələyə münasibət bildirən təhsil eksperti Nadir İsrafilov hesab edir ki, son illər orta məktəbi bitirən məzunların sayının azalmasının müxtəlif səbəbləri var: “Düzdür, məzunların sayının azalmasına təhsilin keyfiyyəti də öz təsirini göstərir. Amma etiraf edək ki, keyfiyyət məsələsi məzunların sayının bu qədər azalmasına səbəb ola bilməz. Hesab edirəm ki, burada nəsillərin sayı fərqi də öz rolunu göstərir. Məsələn, sovet dövründə nəsillərin say artımına ciddi şəkildə fikir verilməklə yanaşı, dövlət tərəfindən həmin ailələr üçün yardımlar ayrılırdı. İndi belə güzəştlər edilmir. Ona görə də hazırda iki uşaqdan artıq ailələrə çox nadir hallarda rast gəlmək mümkündür. Sovet dövründə isə ailələrdəki uşaqların sayı ən azından 4-5 nəfər olurdu. Bu dövlətin yeritdiyi siyasətin tərkib hissəsi idi. Aparılan siyasət nəticəsində gənc və yeniyetmə nəsil kifayət qədər üstünlük təşkil edirdi. Bu da məzunların sayına təsir göstərirdi. Düzdür, hazırda ölkədə demoqrafik durum elə də acınacaqlı deyil. Amma gələcəkdə bu sahədə müəyyən problemlərin yaranacağını istisna etmək olmaz. Ola bilsin ki, indi ailələr üçün 1 və ya 2 uşağı saxlamaq asandır. Lakin biz bunun gələcəyini də fikirləşməliyik. Dövlət ciddi demoqrafik problemlərin ortaya çıxmaması üçün stimullaşdırıcı addımlar atmalıdır. Yoxsa, gələcəkdə orta məktəblərimiz şagirdsiz, ali məktəblərimiz isə tələbəsiz qala bilər. Digər bir tərəfdən hesab edirəm ki, məzunların sayı ilə bağlı belə bir statistikanın ortaya çıxması həm də uşaqların təhsildən yayınması ilə əlaqədardır”.

Yeri gəlmişkən, 2018/2019-cu tədris ili üçün ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə (I-IV ixtisas qrupları üzrə - yay imtahanına) və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu başa çatıb.
Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, yay qəbul imtahanında iştirak üçün ümumilikdə 58 194 nəfər abituriyent (53 461 nəfər Azərbaycan bölməsi, 4733 nəfər rus bölməsi) qeydiyyatdan keçib. Elektron ərizələrində ali təhsil müəssisələrinin I-IV ixtisas qrupları üzrə yaz imtahanına qeydiyyatı olub yay imtahanına da qeydiyyatdan keçən abituriyentlərin sayı isə 56 538 nəfərdir.
Elektron ərizəsi təsdiqlənməyən abituriyentlər müsabiqəyə buraxılmayacaqlar.
Ərizələrin qəbulu mayın 17-dən iyunun 20-dək internet vasitəsilə aparılıb. Müsabiqədə iştirak ödənişlidir.
Qeyd edək ki, ali təhsil müəssisələrinə I-IV ixtisas qrupları üzrə qəbul imtahanı iki dəfə (yaz və yay sessiyaları) keçirilir və abituriyentlər hər iki imtahanda (hər sessiyada bir dəfə olmaqla) iştirak edə bilərlər. İlk qəbul imtahanı (yaz sessiyası) II-III ixtisas qrupları üzrə mayın 13-də, I-IV ixtisas qrupları üzrə isə mayın 20-də keçirilib. İkinci imtahan (yay sessiyası) isə I-IV ixtisas qrupları üzrə iyulun 18-də, II-III ixtisas qrupları üzrə isə iyulun 26-da keçiriləcək.

Sevinc

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında hazırlanıb.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
19.12.2018
18.12.2018
17.12.2018