Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Məktəbdaxili qiymətləndirmə
Tarix: 22.06.2018 | Saat: 18:30:00
Bölmə:KİVDF | çapa göndər

Yeni tədris ilindən orta məktəblərdə qiymətləndirmə qaydası dəyişəcək

Orta məktəblərdə şagirdlərin dərs və imtahan yükünü azaltmağı nəzərdə tutan yeni məktəbdaxili qiymətləndirmə qaydaları 2018-2019-cu tədris ilindən tətbiq ediləcək. Bunu təhsil naziri Ceyhun Bayramov Təhsil Nazirliyinin 2017-ci il üzrə hesabat tədbirində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, məktəbdaxili qiymətləndirmə ilə bağlı təhlillər aparılıb: "Yaxın aylarda bununla bağlı qərar veriləcək. Məktəbdaxili qiymətləndirmədə, xüsusilə ibtidai təhsil pilləsində yüngülləşmə olacaq".
Təhsilin inkişafının ölkəmizin tərəqqisi baxımdan vacib amil olduğunu vurğulayan nazir bildirib ki, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” sənədinin qəbulundan ötən müddət ərzində təhsil sahəsində müsbət dinamika müşahidə olunub, 5 il bundan əvvəllə müqayisədə bir sıra sahələrdə əsaslı nailiyyətlər əldə edilib. Bu nailiyyətlərin həm əhatəliliyinin artması, həm də keyfiyyətin və ya bərabər imkanların yaxşılaşması ilə nəticələndiyini vurğulayan nazir təhsilimizin daha əlçatan, keyfiyyətli olmasının gələcəkdə iqtisadiyyatımızın güclü və vətəndaşlarımızın rifah səviyyəsinin yüksək olmasına zəmin yaratdığını vurğulayıb.
Xatırladaq ki, Təhsil Nazirliyinin hazırladığı yeni layihədə 2018-2019-cu tədris ilindən orta məktəblərdə summativ qiymətləndirmələrin sayının azaldılması, 1-ci siniflərdə summativ qiymətləndirilmənin ümumiyyətlə ləğv edilməsi, bəzi siniflərdə isə Böyük Summativ Qiymətləndirmənin keçirilməməsi təklif edilir.

Qeyd edək ki, hazırda dünya təcrübəsində müxtəlif qiymətləndirmə üsullarından istifadə edilir. Bəzi ölkələrdə qiymətləndirmə bal sistemi ilə, digərlərində isə rəqəmlər və ya hərflər ilə aparılır. Məsələn, ABŞ-da kurikulum Common Core Standards üzərində qurulsa da, hər bir ştata bu standartlara əsaslanan özünməxsus kurikulum yaratmaq hüququ verilir. Ümumiyyətlə, bu ölkələrdə istifadə olunan qiymətləndirmə metodu məktəblərin və müəllimlərin rolunu artırıb və qiymətləndirmə zamanı özlərinə uyğun olan bir metodu seçməyə icazə verib. ABŞ təhsil ekspertleri qiymətləndirmə meyarlarını yaradarkən şagirdlərin öyrənmək yollarını, maraq dairəsini və xüsusi ehtiyaclarını nəzərə alıblar. Beynəlxalq təcrübədə ən geniş yayılmış qiymətləndirmə metodlarına gəlincə, bunlar formativ qiymətləndirmədən, summativ, standartlara əsaslanan qiymətləndirmədən, diaqnostik qiymətləndirmədən, monitorinqdən, bacarığa əsaslanan qiymətləndirmədən ibarətdir.Azərbaycanın təhsil sistemində bunlardan 3-ü artıq istifadə olunmaqdadır. Bunlar formativ, summativ və diaqnostik qiymətləndirmə metodlarıdır və bəzi məktəblərdə monitorinq aparan xüsusi bölmələr də fəaliyyət göstərir. Bu metodlar Azərbaycanda kifayət qədər araşdırılıb və tətbiq edilməkdədir.

Hazırda ümumtəhsil məktəblərində Məktəbdaxili Qiymətləndirmənin Aparılması barədə təlimat mövcuddur. Bu təlimat Nazirlər Kabinetinin 103 nömrəli qərarı ilə təsdiq olunmuş "Ümumi təhsilin dövlət standartları və proqramları kurikulumları" və 09 nömrəli qərarı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasının ümumi təhsil sistemində Qiymətləndirmə Konsepsiyası" əsasında fənn kurikulumları tətbiq olunan siniflərdə məktəbdaxili qiymətləndirmənin aparılmasını müəyyən edir. Həmin sənəddə göstərilib ki, məktəbdaxili qiymətləndirmə diaqnostik-ilkin səviyyənin qiymətləndirilməsi, formativ-fəaliyyətin qiymətləndirilməsi, summativ-kiçik, böyük və yekun qiymətləndirmələrdən ibarətdir. Diaqnostik qiymətləndirmə şagirdin bilik və bacarıqlarının ilkin səviyyəsini müəyyənləşdirməklə müəllim üçün şagirdlərin potensial imkanlarını nəzərə alan təlim strategiyalarının seçilməsinə xidmət edir. Formativ qiymətləndirmə şagirdin məzmun standartlarından irəli gələn bilik və bacarıqların mənimsənilməsinə yönəlmiş fəaliyyətini izləmək, bu zaman qarşıya çıxan problemləri aradan qaldırmaq və təhsilalanı istiqamətləndirmək məqsədilə aparılır.
Formativ qiymətləndirmə həm də dərsi müşayiət edən prosesdir. Fənn üzrə aparılan formativ qiymətləndirmə şagirdin ehtiyaclarını öyrənmək, uğur qazana bilməməsinin səbəblərini araşdırmaq və onun inkişafını təmin etmək məqsədilə müntəzəm olaraq həyata keçirilir.

Fənni tədris edən müəllim formativ qiymətləndirmə aparmaq üçün məzmun standartları əsasında qiymətləndirmə meyarlarını müəyyənləşdirməlidir. Qiymətləndirmə meyarları birbaşa məzmun standartlarından çıxarılarkən məzmun kənarda qalmamalıdır, çünki məzmun standartlarındakı fəaliyyət konkret dərs mövzusu üzərində icra olunur.
Digər tərəfdən formativ qiymətləndirmə zamanı müşahidə üsulu və müşahidə vərəqləri vasitəsindən, müsahibə üsulu və şifahi nitq bacarıqları üzrə qeydiyyat vərəqi vasitəsindən, yazı üsulu və yazı işləri, imla, inşa, esse, ifadə, məsələ, misal həlli vasitəsindən, oxu üsulu və mətnlər vasitəsindən, layihə üsulu, ayrı-ayrı şagirdlərin və ya qrupların hazırladığı təqdimat vasitəsindən istifadə olunur. Bununla yanaşı, formativ qiymətləndirmə rəsmi qiymətləndirmə deyil, nəticələr formativ qiymətləndirmə jurnalı və məktəbli kitabçasında şagirdin idraki və hərəki fəaliyyətinin səviyyələrinə uyğun sözlərlə ifadə olunur. Heç bir rəqəm və simvollardan, “mənimsəyir”, “mənimsəmir”, “bilir”, “bilmir”, “yaxşı”, “orta”, “zəif” və digər bu kimi ifadələrdən istifadə olunmur. Müəllim formativ qiymətləndirmədə şagirdin fəaliyyətini bütün dərs boyu izləyir, nəticələri yazmaq üçün dərsin sonunda 6 dəqiqəyədək vaxt ayırır. Eyni bir standart bir neçə dərsdə reallaşdığına görə formativ qiymətləndirmə zamanı jurnalda şagirdin adının qarşısında hər dərsdə qeydlərin olması mütləq deyil.
Summativ qiymətləndirmə isə təlim prosesində müəyyən mərhələlərə tədris vahidinin, yarımilin sonunda yekun vurmaqla, müvafiq məzmun standartlarına uyğun qiymətləndirmə standartları əsasında hazırlanmış vasitələrlə şagirdin nailiyyətini qiymətləndirmək məqsədilə aparılır. Diaqnostik, formativ və summativ qiymətləndirmələr sistemli şəkildə yeni fənn kurikulumları tətbiq olunan siniflərdə həyata keçirilir. Summativ qiymətləndirmə kiçik, böyük və yekun olmaqla üç yerə ayrılır. Kiçik summativ qiymətləndirmə bəhs və ya bölmələrin sonunda müəllim tərəfindən, böyük summativ qiymətləndirmə isə yarımillərin sonunda ümumi təhsil müəssisəsinin rəhbərliyinin və ya orada yaradılan müvafiq komissiyanın nəzarəti ilə fənni tədris edən müəllim tərəfindən aparılır.

Mövzu ilə bağlı fikirlərini bildirən təhsil eksperti Nadir İsrafilov deyib ki, əslində təhsil sahəsində tez-tez aparılan dəyişikliklər prosesin ahənginə mənfi təsir göstərsə də, bu sözləri təklif olunan yeniliklərə şamil etmək olmaz: “Çünki, summativlərlə bağlı, bütövlükdə qiymətləndirmə mexanizminin təkmilləşdirilməsi ilə bağlı məsələ sıradan olan bir məsələ deyil, zərurətdən irəli gələn və həllini gözləyən vacib məsələdir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 oktyabr 2006-cı il tarixli, 233 nömrəli qərarı ilə təhsilin məzmunu, təşkili və qiymətləndirilməsi ilə bağlı məsələləri özündə əks etdirən, konseptual sənəd olaraq Azərbaycan Respublikasında ümumi təhsilin konsepsiyası (Milli kurikulum) kimi təsdiq edilmiş bu sənədlər toplusu gözlənildiyi kimi, təhsil ideyamıza çevrilə bilmədi. Yəni, kurrikulum standartları əsasında hazırlanmış qiymətləndirmə mexanizmləri şagirdlərimizin nitq qabiliyyətini, yazı vərdişlərini, məntiqi təfəkkürünü nəinki inkişaf etdirdi, əksinə bir çox ziddiyyət və anlaşılmazlıqlar yaratmaqla vəziyyəti bir az da ağırlaşdırdı. Bu anlaşılmazlıqlar heç şübhəsiz ki, Azərbayçanda təhsil islahatlarının gedişinə də təsirsiz ötüşmədi. Kurrikulumla bağlı proseslərin son dərəcə geniş və əhatəli olduğunu nəzərə alsaq, onun təkcə konkret bir aspektinə – kurrikulumun tələbləri səviyyəsində hazırlanmış və 2009-cu ilin yanvarında təsdiq olunmuş “Ümumtəhsil sistemində qiymətləndirmə konsepsiyası”na gözucu belə diqqət yetirməklə məsələnin nə dərəcədə qəlizləşdirildiyinin və təhsil alanlarla təhsil verənlər üçün hansı əlavə problemlər yaratdığının şahidi olmaq o qədər də çətin deyil. Ümid etmək olar ki, geniş müzakirələr və dinləmələr yolu ilə, ictimai rəyi nəzərə almaqla müvafiq qərar qəbul ediləcək ki, bu da qiymətləndirmə sahəsində təkrar olaraq əlavə dəyışikliklər aparılması ehtimalını minimuma endirəcək. Eyni zamanda, qiymətləndirmə prosesindəki boşluqları aradan qaldıracaq”.

Sevinc

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında hazırlanıb.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
20.07.2018
19.07.2018
18.07.2018