Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Kamil bir palançı olsa da insang
Tarix: 30.09.2010 | Saat: 14:15:00
Bölmə:Reportaj | çapa göndər

P inəçilik Azərbaycanda qədim sənətlərdən biri sayılır. Əksər halda bu peşənin davamçıları elə pinəçilərin övladları, qohumları olub. Nəsillərdən-nəsillərə ötürülən bu peşənin sahiblərinin vaxtilə Bakının az qala hər küçəsində bir dükanı var idi. Həmin dövrlərdə Bakının pinəçiləri adla tanınardılar.
Ancaq son illər paytaxt ərazisində pinəçi tapmaq müşkül məsələyə çevrilib. Təsadüfən yolda ayaqqabısının dabanı qırılan və ya çəkməsi sökülən bir kəs bəzən onu təmir etdirmək üçün az qala bütün şəhəri gəzmək məcburiyyətində qalır... Onda da ayaqqabı ustasını tapa, ya tapmaya. Biz də qərara gəldik ki, paytaxt ərazisində ayaqqabı təmiri dükanı tapıb bu sahədəki durğunluğun səbəbini ustaların öz dilindən eşidək. Xeyli axtarmalı olduq. Çünki əvvəlcədən bildiyimiz bir necə ərazidə ayaqqabı köşkləri ya bağlı idi, ya da tamamliə ərazidən götürülmüşdü. Nəhayət, uzun axtarışdan sonra Binəqədi ərazisinin sakinləri məhəllələrin birində ayaqqabı təmirçisinin olduğunu dedilər. Binəqədi sakinləri əvvəllər sözügedən ərazidə bir neçə pinəçinin işlədiyini də söylədilər: “Son vaxtlar hamısı dükanı bağlayıb gedir. Çünki əvvəlki kimi, ayaqqabısını təmir etdirən yoxdur. Bu vəziyyətdə pinəçilər bezib işləmirlər“.
Çin ayaqqabıları pinəçilərin axırına çıxıb
İçəridə pinəçi dükanına xas olan səliqəsizlik hökm sürür. Yorğun, zəhmətkeş, əlləri adəti üzrə bulanmış çəkməçi üst-üstə qalaqlanmış təzə, köhnə ayaqqabıları təmir etməklə məşğuldur. Müştəri olduğumuzu zənn etdiyindən gözlərinə işıq gəldi. Əsl mətləbi bildikdən sonra isə kor-peşman danışa-danışa işinə davam etməyə başladı: “30 ildir ayaqqabı ustasıyam. Rəhmətlik atam da pinəçi idi, Bakıda adla tanınardı. Köhnə univermağın yanında pinəçi dükanı var idi. Yaxşı usta olduğuna görə bütün şəhər əhli ayaqqabısını düzəltdirmək üçün onun yanına gedərdi. Mən də bu sənəti atamın yanında öyrənmişəm. O vaxtlar yaxşı qazanc olduğu üçün atam məni həvəslə öyrədir və deyirdi ki, ömürlük sənətdir. Ancaq indi çəkməçini adam yerinə qoyan kimdir? Heç kim uşağının çəkməçi olmasını istəmir. Heç mən də öz övladlarımı çəkməçi olmağa qoymaram. 2 oğlum var. Ticarətlə məşğul olurlar. Onlar atalarının çəkdiyi bu əziyyətləri görəndən sonra özləri də çəkməçi olmaq istəmədilər“. Qənbər usta vaxtilə bir necə şagirdinin olduğunu da xatırladı: “Sovet dövründə öyrənməyə gələn gənclər çox olurdu. Ancaq onlar da sonradan bu sənəti işlətmədilər. Çünki bu gün şəhərin harasındasa bir dükan götürməyin astarı üzündən baha başa gəlir. İcarə pulu, işıq pulu qazancımızdan çoxdur. Sovet dövründə hökumət bunları bizə havayı verirdi. Qazanc olmayan yerdə isə maraq da ola bilməz“.
“Müştəriləriniz olurmu“ sualının cavabında usta Çin ayaqqabılarının pinəçilərin sonuna çıxdığını dedi: “İndi heç kimə ayaqqabı düzəltdirmək sərf etmir. Çünki ayaqqabını düzəltdirməkdənsə insanlar gedib təzə ayaqqabı alırlar. Məsələn: 1 ayaqqabının dabanını düzəltdirmək 3 - 4 manata başa gəlir. Ancaq satışda bu qiymətə Çindən gətirilən yüz cür ayaqqabı var. Kasıblar həmin ayaqqabıları alır, varlılar isə qırılan ayaqqabını geyinməyi özlərinə yaraşdırmırlar. Ona görə də pinəçilərə ehtiyac qalmayıb“.
Əsl pinəçinin həmişə qolu ağrıyar
Qənbər kişi bu peşənin səbir və zəhmət tələb etdiyini də deyir: “Pinəçilərin həmişə qolları ağrıyır. Bu bizim peşə xəstəliyimizdir. Çünki ayaqqabı düzəltmək qollardan zəhmət, güc tələb edir. Kənardan baxanlara asan gələ bilər. Ancaq pinəçi olmaq asan iş deyil. Onu da deyim ki, köhnə pinəçilər öz işlərinə məsuliyyətlə yanaşırdılar. İndikilər isə materiala pul verməməkdən ötrü maşın təkərlərindən də rezin çıxararaq ayaqqabıya daban vururlar. 10 gündən sonra isə ayaqqabı yenidən sıradan çıxır. Ayaqqabıya yenidən həyat vermək üçün onu keyfiyyətli materialdan düzəltmək lazımdır. Bu materialların qiyməti isə çox bahadır. Biz bütün materialları Füzuli küçəsində yerləşən “optovik“lərdən alırıq. Orada ta qədimdən ayaqqabı təmiri üçün lazım olan bütün malların satışı təşkil olunur. Hazırda da paytaxtda işləyən bütün ustalar malı ordan götürürlər. Qiymətlər isə bahadır. Məsələn: Türkiyədən gətirilən ayaqqabı altının qiyməti 8 - 10 manatdır. Dabanlar 4 - 5, digər materialları isə 3 - 5 manatadır. Müştəri isə gəlib deyir ki, usta, ayaqqabımın dabanı qırılıb, bunu 3 manata düzəlt... Bu isə bizə sərf etmir. Mən həmişə vicdanla işləmişəm. Məsələn: Çindən gətirilən altlıqları, dermatin ayaqqabı içlərini heç vaxt almıram. Çünki bu materiallar insan sağlamlığı üçün çox təhlükəlidir. Onu da deyim ki, burada işlədiyim dövrdə bir dəfə də olsun Çin ayaqqabısı təmir etməmişəm. Müştərilərə həmin ayaqqabıları almağı məsləhət görmürəm. Çünki Çin ayaqqabıları ayaqlarda müxtəlif xəstəliklərin yaranmasına səbəb olur“. Dərdini söyləməklə bitməyəcəyini deyən pinəçi təəssüflə əlindən başqa bir iş gəlmədiyi və bu peşə ilə bağlı olduğu üçün ömrünün sonuna kimi pinəçiliklə məşğul olacağını da bildirdi.
Sintetik ayaqqabılarla canınıza qənim kəsilməyin!
Yasamal rayonu ərazisində də ayaqqabı təmiri dükanı soraqladıq. Evlərin arasında kiçik bir “budka“da gənc ayaqqabı ustası görüb onu bu sənətə nəyin cəlb etməsi ilə maraqlandıq: “Ailəni dolandırmaq üçün işləməliyik. Babamdan qalan bu sənətdən başqa əlimdən heç nə gəlmir. Ancaq burdan da qazancımız çıxmır. Qazandığımın hamısı icarəyə gedir. Mən ayaqqabı tikməyi də bacarıram. İndi ayaqqabı tikdirənlərin sayı ayaqqabı düzəltdirənlərdən çoxdur. Ayağında qüsuru olanlar, kiçik və ya böyük ölçü ayaqqabı geyinənlər, satışda ağ və ya qırmızı ayaqqabı tapa bilməyənlərdən sifariş qəbul edirəm. İşlərimdən narazı qalan olmayıb. Əksinə, mənə bir dəfə ayaqqabı tikdirənlər bir də gəlir ki, Çinin ayaqqabılarındansa təbii dəridən tikilənlər daha yaxşıdır. Bu sənətdə uzun illər işləyən bir adam kimi demək istəyirəm ki, ayaqqabı alanda onun keyfiyyətinə fikir versinlər. Elə adam var, qiyməti ucuz olduğuna görə ayaqqabını alır, 2 gündən sonra dağılıb gedir. Onu da demək olmaz ki, bahalı ayaqqabıların hamısı keyfiyyətli olur. Bahalı mal da zay çıxa bilər. Əsas odur ki ayaqqabının hazırlandığı materiala fikir verəsən. Bir də görürsən ki, ucuz ayaqqabıdır, görünüşü də gözəl. Buna aldanıb onu alırlar. Ancaq bu gözəl ayaqqabının tərkibində orqanizm üçün hansı təhlükə mənbələrinin yatdığından xəbərimiz olmur. Ona görə də qiymətinə, zahiri görünüşünə aldanıb sintetik ayaqqabılarla canınıza qənim kəsilməyin“.
Eyni ayaqqabını 2 gün dalbadal geyinmək təhlükəlidir
Pinəçi öz ayaqqabılarını özünün tikdiyini də dedi: “Çünki dəqiq bilirəm ki, keyfiyyətsiz ayaqqabıların xərçəng xəstəliyi yaratma ehtimalı var. Birdən elə ayaqqabılar gətirirlər ki, dəridən hazırlanmışa oxşayır. Ancaq başı çıxan adam baxan kimi görür ki, həmin ayaqqabı plastik, dəriyə oxşayan sintetik materiallardan tikilib. Belə ayaqqabılar ağciyərin, qaraciyərin, böyrəklərin qənimidir. Əgər ayaqqabı hava buraxmırsa, ayağı tərlədirsə, bu zaman göbələk xəstəliyi də yaranır. Ona görə də ayaqqabı alanda sintetik materiallardan qaçmaq, təbii dəridən tikilmişlərə üstünlük vermək lazımdır“.
Usta ayaqqabını 2 gün dalbadal geyinməyin də ziyan olduğunu söylədi: “Bu həm ayaqqabıya, həm də ayaqlara ziyandır. Çünki eyni ayaqqabını 2 gün dalbadal geydikdə ayaq tərləyir, ayaqqabı özü nəmlənərək keyfiyyətini itirir. Ayaqda meydana gələn tər isə ayaqqabının tərkibindəki kimyəvi maddələrlə qarışır və tez bir zamanda onun çürüməsinə səbəb olur. Ayaqqabı düzgün seçilmədikdə ayaqda ağrılar, yorğunluqlar baş qaldırır. Çalışın ayaqlarınızı sərin saxlayın, tərləmənin qarşısını alan ayaqqabılar alın“.

Mirvar


Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
17.06.2019
16.06.2019
15.06.2019