Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
20 yaşlı Astana və ya möcüzələr şəhəri
Tarix: 29.06.2018 | Saat: 19:48:00
Bölmə:Sosial | çapa göndər

Astana şəhərinin Qazaxıstanın paytaxtı elan olunmasından 20 il ötür. Bu münasibətlə Qazaxıstanın ölkəmizdəki səfirliyində rəsmi qəbul təşkil edilib.



Hökumət üzvləri, millət vəkilləri, diplomatik korpusun üzvləri, ictimaiyyət təmsilçiləri və jurnalistlərin iştirak etdiyi tədbirdə çıxış edən Qazaxıstanın ölkəmizdəki səfiri Beybit İsabəyov Astananın tarixindən söz açıb. Bildirib ki, bu şəhər son 20 il ərzində iqtisadi, siyasi və mədəniyyət mərkəzi olmaqla yanaşı, regional və dünya səviyyəli beynəlxalq tədbirlərin keçirildiyi yerə çevrilib.

MDB məkanında ilk dəfə Astanada "EXPO-2017" sərgisinin keçirildiyinə diqqət çəkən səfir əlavə edib ki, bu gün Astana Qazaxıstanın brendi və xalqın qürur mənbəyidir.

Ümumiyyətlə, müstəqillik illərində böyük uğurlara imza atan Qazaxıstanda Astananın inkişafına fərqli prizmadan baxmalıyıq. Çünki bu 20 il ərzində Astana həm siyasi, həm iqtisadi, həm də digər müstəvilərdə həndəsi sürətlə inkişaf edib.

İndi də Astana ilə bağlı bəzi maraqlı məqamlarla tanış olaq.

Astana hazırda Almatıdan sonra ölkənin ikinci iri şəhəridir - 1,1 milyon nəfər əhalisi var. Şəhər ölkənin şimalında - Akmola əyalətinin daxilində, İşim çayının sahilində yerləşir. Astana 1998-ci ildə paytaxt elan edilərkən əhalinin əsasən ölkənin cənubunda məskunlaşmasının qarşısını almaq məqsəd güdülüb (Bəziləri siyasi məqsəd güdüldüyünü deyir – V.T.). Doğrudan da, bundan sonra insanlar Almatı və ətraf bölgələrə deyil, məhz Şimala – Astanaya və ətraf şəhərlərə köç etməyə başlayıb. Elə bunun nəticəsiidr ki, Astananın əhalisinin sayı bu müddətddə 10 dəfə artıb.
Paytaxt elan olunduqdan sonra Astananın inkişafı, binaların tikintisi və genişlənmə konkret plan əsasında həyata keçirilir. Bütün bu işləri isə yapon memar Kişo Kurokava layihələndirib. Layihə çərçivəsində Astanada hökumət binaları, Parlament sarayı, Ali məhkəmənin gözoxşayan binası, prezident sarayı olan möhtəşəm Akorda sarayı ilə yanaşı, çox sayda otel, biznes və yaşayış məqsədli göydələnlər, səhiyyə, idman, təhsil kompleksləri və sair tikilib, füsunkar parklar salınıb, yollar tikilib, infrastruktur inşa olunub və sair. Üstəlik. Hazırda şəhərdə diplomatik korpus üçün məhəllə inşa olunur və tikinti 2030-cu ilədək tam başa çatacaq və əlbəttə, səfirliklər ora köçürüləcəklər.

Yeri gəlmişkən, Astana adının mənası qazax dilində elə paytaxt deməkdir.
Astananın bünövrəsi 1830-cu ildə İşim çayı sahilində, Sibir kazakları tərəfindən qoyulub. 1832-ci ildə isə bura artıq genişlənərək qəsəbəyə çevrilib və həmin vaxtlar Akmolinsk adlanıb. Qəsəbənin strateji önəmi elə böyükdür ki, 1863-cü ildə Rusiya İmperiyası coğrafi və statistika lüğətində qeyd olunub. Çünki qəsəbə şərqdə Qarğalıya, cənubda Aktay qalasına, qərbdə Atbasardan Kökşətaya uzanan yolların qovşağında yerləşirdi. 1869-cu ildə qəsəbə Akmolinsk vilayətinin mərkəsi olub. Tarixi mənbələrə əsasən, 1893-cü ildə Akmolinskin əhalisinin sayı 6428 nəfər idi və burada 3 kilsə, 5 məktəb və 3 zavod vardı.

Sosialist inqilabı dövründə Akmolinsk bolşeviklərlə çar ordusunun toqquşma mərkəzinə çevrilib.

Akmolinskin inkişafı əsasən II Dünya müharibəsindən sonraya təsadüf edir. Bir sıra zavod və fabriklərin qurulduğu bölgəyə, Stalin tərəfindən həm də çox sayda alman köçürülüb. 1950-ci ildən sonra Nikita Xruşşov tərəfindən Qazaxıstanın şimal bölgələrində “Xam torpaqlar” layihəsinin icrasına başlanılır və bu prosesin idarə edildiyi mərkəz Akmolinsk seçilir. 1961-ci ildə isə Akmolinskin adını dəyidirərək Tselinoqrad qoyurlar. Məhz 1963-cü ildə şəhərdə ilk 3 çoxmərtəbəli binanın tikintisinə başlanılır və bundan sonra yaşayış mərkəzi kimi böyümə sürətlənir.

SSRİ dağılan kimi şəhərin adı dəyişdirilərək Akmola elan edilir. 1994-cü il iyulun 6-da isə Qazaxıstan Ali Şurası paytaxtı Almatıdan bu şəhərə köçürmək barədə qərar verir. 1998-ci il mayın 6-da isə şəhərin adı dəyişdirilərək Astana olur. 1 il sonra - 16 iyul 1999-cu ildə Astana UNESCO tərəfindən "Sülh şəhəri" elan edilib.

Dəniz səviyyəsindən 347 metr yüksəklidə yerləşən Astana dünyada Monqolustanın paytaxtı Ulan Batordan sonra ikinci ən soyuq paytaxt şəhəridir. İsti və qısa yayı olan şəhərdə uzun və kəskin soyuq qış hökm sürür. Yayda müsbət 35 dərəcə isti olan paytaxtda qışda havalar mənfi 35 dərəcəyə enir.

Xatırladaq ki, 1893-cü ilin yanvarında burada tarixinin rekordu - mənfi 51,6 dərəcə soyuq qeydə alınıb.

Paytaxt Astana idarəetmə baxımından dörd rayona bölünür: Almatı, Sarıarka, Yesil və Baykonur.

Astanada 20 il ərzində əsasən tikinti məhsulları, yeyinti və maşın-avadanlıq kimi sənaye sahələri başda olmaqla, iqtisadiyyat sürətlə inkişaf edib. Hazırda paytaxt sənayesi Qazaxıstanda istehsal olunan ümumdaxili məhsulun 8,5 faizdən çoxunu verir.

Bu gün Astana həmdə elm-təhsil mərkəzidir. Avrasiya Beynəlxalq Universiteti ən iri təhsil mərkəziidr və burada 17 min tələbə təhsil alır. Astananın ən qədim ali məktəbi isə 1957-ci ildə qurulmuş Qazax Kənd Təsərrüfatı Texniki Universitetidir. Nazarbayev Universiteti, Qazax İqtisadiyyat, Maliyyə və Beynəlxalq Ticarət Universiteti, eləcə də Qazax Bəşəri və Hüquq İnstitutu, Tibb Universiteti, Milli Sənət Universiteti və sair mövcuddur. Orta təhsil sistemində isə, şəhərdə 71-i dövlət, 12-si özəl olmaqla mövcud 83 orta məktəbdə 110 minədək şagird təhsil alır. 

Bu gün Astanada yüksək səviyyədə şəhərdaxili sərnişindaşıma nəqliyyat sistemi qurulub. Hər gün 40-dan artıq xətdə dövr edən mindən artıq avtobus ortalama 730 min sərnişin daşıyır.

Nazarbayev adına Beynəlxalq Hava Limanı da Astananın 17 kilometr cənub-şərqində yerləşir və ildə 3 milyondan artıq sərnişin daşıma gücüylə, böyüklüyünə görə Almatı Hava Limanından sonra ikincidir…

Ümumiyyətlə, Astanaya yolu düşən hər kəs burada beş yeri mütləq görməlidir.

 

Birincisi adının mənası “ömür ağacı” olan və 105 metr yüksəkliyi ilə şəhərin simvoluna çevrilmiş Bayterek qülləsidir. Astanaya gələn turistlər mütləq bura gələr, qüllənin 97 metrliyində yerləşən eyvanından paytaxtı seyr edər.

İkinci maraqlı məkan dünyanın ən böyük çadırı olan ticarət və əyləncə mərkəzi - Xan çadırıdır. 150 metr yüksəliyi və xüsusi memarlığı ilə diqqət çəkir. İçində mini qolf meydanı, park və mono-ray sistemi də olan çadr şəhərin ən hərəkətli yerlərindəndir.

Üçüncü məkan Prezident Sarayı - Akordadır. Çadır formasında tikilən sarayın hündürlüyü 80 metr, genişliyi isə 36700 kvadratmetrdir.

Dördüncü məkan dünyada sülh və dinlərarası dialoqun simvolu sayılan Astana Sülh və Humanistlik Piramidasıdır. Gecələr işıqlandırılan, 62 metr hündürlüyü olan piramidanın içində 18 fərqli dinə aid ibadətxana, muzey, mədəniyyət mərkəzi, opera salonu, kitabxana və sair mövcuddur.

Beşinci məkan isə Qazaxıstanın və hətta Orta Asiyanın ən böyük ibadət yeri olan Nur Astana Məscididir. Məsciddə eyni anda 5 min mömin namaz qıla bilir…



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
22.10.2018