Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Türk dünyasının 78 yaşlı əfsanəsi: Nursultan Nazarbayev
Tarix: 06.07.2018 | Saat: 14:16:00
Bölmə:Sosial | çapa göndər

Bu gün Qazaxıstan prezidenti Nursultan Nazarbayevin doğum günüdür. Qardaş ölkənin rəhbəri 78 yaşını tamamlayır. 1940-cı il, iyulun 6-da Almatının Qaskelən rayonunun Şamalğan kəndində doğulan N.Nazarbayev orta təhsilini yerli məktəbdə tamamladıqdan sonra, 1962-ci ildə Qaraqanda Universitetinin metallurgiya fakültəsinə daxil olur və 1967-ci ildə oranı qiyabi yolla başa vurur. 1965-ci ildən başlayaraq Qaraqanda Metallurgiya zavodunda fəhlə, yüksək istilikli sobaların qaz mütəxəssisi və nəhayət briqadir olaraq çalışıb.

Nazarbayev 1971-ci ilin iyun ayında Qazaxıstan Kommunist Partiyasının Temirtau (Dəmirdağ) şöbəsi sədrinin 2-ci müavini seçilir. 1973-cü ilin oktyabrında isə Qaraqanda Metallurgiya zavodunun direktor müavini, 1977-ci ilin martından Qazaxıstan Kommunist Partiyasının Qaraqanda şöbəsi sədrinin müavini, 1979-cu ilin dekabrından isə sədri seçilir. Bundan sonra da Nazarbayevin şöhrəti durmadan artmaqda davam edir və daha yüksək vəzifələrə irəli çəkilir. 1984-cü ilin martında Qazaxıstan SSR Nazirlər Komitəsinin sədri, 1989-cu ilin iyununda Qazaxıstan Kommunist Partiyası sədrinin 1-ci müavini, az sonra isə Qazaxıstan Kommunist partiyasının 1-ci katibi seçilir.

24 aprel 1990-cı ildə Qazax Ali Şurası Nazarbayevi Qazaxıstanın ilk prezidenti seçir. 1 dekabr 1991-ci ildə isə, o, səslərin 98,7 faizini alaraq xalq tərəfindən ilk seçilən prezidenti olur. Bundan sonrakı hər dönəm seçkilərdə səslərin əksəriyyətini toplayan Nazarbayev günümüzədək dövlət başçısıdır. Son prezident seçkilərində (2015-ci ilin apreli) o, 97,5 faiz səs toplayaraq daha 5 il müddətinə prezident postuna seçilib.

Nazarbayev hakimiyyətdə olduğu bu uzun illər ərzində dövlətinin və xalqının inkişafına çalışmaqla yanaşı, eyni zamanda, türk xalqlarının və dövlətlərinin bir-birinə inteqrasiyası, birlik yaratması üçün də böyük səylər göstərib. Məsələn, 2-3 oktyabr 2009-cu il tarixlərində N.Nazarbayev Naxçıvanda keçirilən Türk Dilində Danışan Dövlətlərin Zirvə toplantısında təklif edib ki, Türkdilli Ölkələrin Əməkdaşlıq Şurası yaradılsın. Təbii ki, digər iştirakçı ölkələr bu gözəl təklifi qəbul edirlər.
Həmin Zirvədə Qazaxıstan prezidenti daha bir maraqlı və vacib təkliflə də çıxış edib. O, türk ölkələrinin liderlərinə Qazaxıstanda Türk Dünyası Akademiyasının qurulmasını təklif edir və bu iştirakçı ölkələrin rəhbərləri tərəfindən alqışla qarşılanır.

N.Nazarbayev 1962-ci ildən Sara Nazarbayeva ilə evlidir. Dariga, Dinara və Aliya adlı 3 qızı və 9 nəvəsi var.

Nazarbayev Türk Dünyasının birliyi müstəvisində xidmətləri danılmazdır. O, son illər, məsələn, Rusiya-Türkiyə münasibətlərinin yaxşılaşmasında vasitəçilik edib, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli məsələsində səylər göstərib, türk ölkələrinin daha sıx inteqrasiyası üçün böyük addımlar atıb. Bundan əlavə, Suriya böhranında Türkiyənin və suriyalı türkmənlərin böyük maraqlarını nəzərə alaraq, Nazarbayev məlum Astana danışıqları prosesini başladıb. Eləcə də öz ölkəsinə - Qazaxıstana müasir və güclü inkişaf müstəvisi seçib, bölgədə tarazlı və sayğılı bir siyasət yürüdüb.

Yuxarıda da qeyd etdiyimiz kimi, N.Nazarbayev Qazaxıstanla Azərbaycan arasında münasibətlərin qardaşlıq müstəvisində inkişafına nail olub. Onun vaxtilə söylədiyi bir fikri diqqətə çatdırıram: “Hesab edirəm ki, ölkələrimiz müstəqilliyin əldə edilməsi dövrünü layiqli şəkildə keçirdi. Bu illər bizdən öncəki nəsillərin müstəqillik arzularının gerçək olduğu illərdir”.

Nazarbayev çıxışlarında da vurğulayıb ki, ölkəsi Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün əlindən gələni edir: “Qazaxıstan Azərbaycanla olduğu kimi, Ermənistan və Gürcüstanla da mehriban münasibətlər saxlayır. Biz istərdik ki, burada sülh olsun və məsələ sülh yolu ilə həll edilsin. Biz bu yolda əlimizdən gələni edirik, necə deyərlər, hamıya məsələnin sülh yolu ilə həll olunmasını təklif edirik. Yeri gəlmişkən, bu, həm Ermənistan, həm də Azərbaycan xalqlarının, eləcə də, bizim hamımızın maraqlarına cavab verir. Hamımız bir yerdə yaşayırıq. Biz ticarət etməli, yaşamalı və inkişaf etməliyik”.

Qeyd edək ki, vaxtilə ümummilli lider Heydər Əliyev də bu böyük siyasətçi haqqında yüksək fikirlər səsləndirib. O, vaxtilə “Nusrultan Nazarbayev böyük təcrübəyə malik, xalq tərəfindən sevilən siyasətçi və dövlət xadimidir” demişdi.

Yeri gəlmişkən, N.Nazarbayevin Azərbaycana səmimi dostluq münasibətlərini təsdiqləyən bir neçə tarixi faktı xatırlamaq yerinə düşərdi. 1991-cı ildə məhz Nazarbayevin təşəbbüsü ilə Rusiya prezidenti Boris Yeltsin Azərbaycana, eləcə də Dağlıq Qarabağa səfər etmişdi ki, bu zaman onu müşayiət edən Nazarbayev bütün görüşlərdə separatizmin, qanunsuz silahlı dəstələrin fəaliyyətinin təhlükəli olduğunu dönə-dönə vurğulayırdı.

Başqa bir fakt: N.Nazarbayev Avrasiya İqtisadi Birliyinin iclasında Ermənistan prezidenti Serj Sarkisyana ölkəsinin Gömrük İttifaqına qoşulacağı təqdirdə BMT-nin rəsmən tanınmış sərhədlərlə bağlı prinsiplərinə riayət olunması ilə bağlı müraciət edib: "Ermənistanın lideri bir məsələni həll etməlidir ki, siz BMT-nin tanıdığı Ermənistan sərhədləri çərçivəsində Gömrük İttifaqına daxil olursunuz". Yəni Ermənistan Gömrük İttifaqına bir şərtlə daxil ola bilər ki, Ümumdünya Ticarət Təşkilatının və Gömrük İttifaqının əsasnamələri ölkənin beynəlxalq qanunlarla nəzərdə tutulmuş sərhədləri daxilində qüvvədə olsun.

Azərbaycanda N.Nazarbayevə böyük sevgi və ehtiram mövcuddur. Bunun nəticəsidir ki, ölkəmizdə onun haqqında kitab və məqalələr nəşr edilir. Buna yeni misal olaraq, “Nursultan Nazarbayev. Həyat yolu” və “Avrasiyanın ürəyində” kitablarını göstərə bilərik.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
23.07.2018
22.07.2018
21.07.2018