Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Məktəblərdəki şagird sıxlığı necə aradan qaldırılacaq?
Tarix: 10.07.2018 | Saat: 18:15:00
Bölmə:KİVDF | çapa göndər

Yeni dərs ilindən sıxlıq müşahidə edilən təhsil müəssisələrində uşaqların, ilk növbədə, ərazi prinsipi üzrə qəbuluna ciddi diqqət yetiriləcək

"Bu gün ölkə üzrə müəyyən məktəblərdə, xüsusən Bakının 32 məktəbində şagird sıxlığı müşahidə olunur". Bunu təhsil nazirinin müavini, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdirinin vəzifəsini müvəqqəti icra edən Məhəbbət Vəliyeva deyib.

O bildirib ki, "Təhsil haqqında" qanuna edilmiş dəyişiklik təqvim ili ərzində 6 yaşı tamam olmuş uşaqların təhsil hüququnu tanıyır: "Altı yaşı tamam olacaq uşaqlar üçün lazımi şəraiti yaratmaq borcumuzdur. Təbii ki, bu, müəyyən ərazilərdə az sayda sıxlıqla nəticələnə bilər. Ötən dərs ilində elə məktəblər var ki, ora ərazi prinsipi tətbiq olunmadı. Sıxlıq müşahidə edilən məktəblərdə uşaqlar, ilk növbədə, ərazi prinsipi üzrə qəbul olunacaq. Növbəti dərs ilində bu məsələ ciddi diqqət mərkəzində olacaq".
Qeyd edək ki, ölkə prezidenti İlham Əliyevin bir neçə gün öncə imzaladığı “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununda dəyişikliklər edilməsi barədə” fərmana əsasən, 6 yaşı sentyabrın 16-dan dekabrın 31-dək tamam olacaq uşaqlar ümumi təhsil müəssisələrinin I sinfinə müsabiqəsiz qəbul ediləcək. Eyni zamanda, dəyişikliyə əsasən, valideynlərin və ya digər qanuni nümayəndələrin müraciəti ilə hər təqvim ilinin sonunadək 6 yaşı tamam olan uşaqlar da məktəbə qəbul edilirlər.
Yeri gəlmişkən, ümumilikdə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinə 2018-2019-cu tədris ili üzrə 2 406 nəfər 6 yaşı tamam olmayan uşaq üçün müraciət daxil olub. Həmin uşaqların valideynləri artıq mektebeqebul.edu.az elektron sistemi vasitəsilə şəxsi kabinetə daxil olaraq məktəb seçimi edə bilərlər. İndiyədək isə xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu iyun-iyul ayları ərzində müsahibə üsulu ilə aparılırdı.

Xatırladaq ki, statistik məlumatlara görə, hazırda respublikamızda orta məktəblərin 28,4 faizi 2 və ya 3 növbəli işləyir. Belə ki, ölkədəki 4 394 dövlət orta məktəblərinin 3 144-ü (71,6 faizi) 1 növbə, 1 250-i (28,4 faizi) 2 və ya 3 növbə üzrə dərs keçir. Ümumilikdə ölkədəki 1 milyon 503 şagirdin 1 milyon 279 mini 1 növbəli, 223 min 200 nəfəri 2 və ya 3 növbəli məktəblərdə oxuyur. Ölkədəki şagirdlərin 85,2 faizi 1 növbəli, 14,8 faizi 2 və ya 3 növbəli dərs keçilən orta məktəblərdə oxuyur. Yəni, bu o deməkdir ki, respublikanın ümumi təhsil müəssisələrində mövcud olan sıxlıq tam aradan qaldırılmayıb. Bu sıxlıq isə daha çox paytaxtın təhsil müəssisələrində müşahidə edilir.
Məlumat üçün bildirək ki, Nazirlər Kabinetinin 13 yanvar 2011-ci il tarixli, 5 nömrəli qərarı ilə təsdiq olunmuş “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nə əsasən, ümumtəhsil məktəblərində siniflər şagirdlərin sayı 20 nəfər olmaqla formalaşır. Zəruri hallarda mövcud qanunvericiliyin tələbləri gözlənilməklə, siniflər şagirdlərin sayının 20 nəfərdən az olmasıyla təşkil oluna bilər.

Nazirlər Kabinetinin “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nə dəyişikliklər edilməsi haqqında” 19 yanvar 2012-ci il tarixli qərarında da qeyd olunub ki, bir sinifdə şagirdlərin ümumi sayı 20 nəfərə çatmadıqda mövcud şagird sayı ilə sinif təşkil edilməsinə yol verilir. Mövcud qaydalara (Nazirlər Kabinetinin 19 yanvar 2012-ci il tarixli, 9 saylı qərarı) görə, bir sinifdə şagirdlərin sayı 30 nəfərdən çox olduqda, yaxud şagirdlərin bir sinifdə tədrisinə sinif otağının ölçüsü imkan vermədikdə həmin sinif üzrə ikinci paralel sinif təşkil olunur.
Eyni zamanda, “Təhsil müəssisələrinin tikintisinə, maddi-texniki təchizatına dair vahid normalar, ümumi sanitariya-gigiyena tələbləri, şagird yerləri ilə təminat normativləri”nin təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin qərarında qeyd olunur ki, ümumi təhsil müəssisələrində siniflər şagirdlərin sayı 20 nəfər və sahəsi 36-42 kvadratmetr olmaqla təşkil edilir. Bundan başqa, sənəddə göstərilib ki, dərslər üzbəüz siniflərdə keçirilən zaman otaqların sahəsi bir şagirdə 2,0-2,5 kvadratmetr, qrup formasında və fərdi məşğələlər qaydasında aparılarkən isə bir şagirdə 3,5 kvadratmetr sahə hesablanır.

Mövzu ilə bağlı fikirlərini bildirən təhsil eksperti Məlahət Mürşüdlü hesab edir ki, məktəblərdə şagird sıxlığının azaldılması üçün müxtəlif yollar mövcuddur: “Etiraf edək ki, yaxşı ibtidai sinif müəllimi, savadlı fənn müəllimi axtarışında olan valideynlər hətta Bakıətrafı qəsəbələrdən və digər yerlərdən öz uşaqlarını mərkəzdə yerləşən məktəblərə gətirirlər. Bu da siniflərdə sıxlıq yaradır. Hazırda elə ibtidai siniflər var ki, 40-45 şagird təhsil alır və burada müəllim üçün təlimin keyfiyyətindən söhbət gedə bilməz. Şagird sıxlığının aradan qaldırılması üçün əvvəllər belə bir qayda var idi ki, hər bir şagird yaşadığı ərazidə mövcud olan məktəbdə təhsil almalıdır. Başqa ərazilərdə olan məktəbə getməməlidir. Bu qaydaya ciddi şəkildə riayət olunurdu. Məsələn, Türkiyədə belə bir qayda var və bu, sıxlığın qarşısını alır. Uşaq yaşadığı ərazidə olan məktəbdə təhsil almalıdır. Başqa məktəblərə getmək imkanları məhduddur. İlk növbədə, bunu həyata keçirmək olar. Digər tərəfdən, Bakı ətrafında yerləşən məktəblərdə təlim-tərbiyə prosesinin keyfiyyəti qaldırılmalı, müəllim kadrların təkmilləşdirilməsinə diqqət artırılmalıdır. Yəni, valideynlər düşünürlər ki, mərkəzi məktəblərdə ən savadlı, peşəkar müəllimlər çalışırlar. Ona görə də sıxlıq baş verir. Bunlardan istifadə etməklə sıxlığın qarşısını müəyyən qədər almaq olar”.

Məsələyə münasibət bildirən təhsil eksperti Nadir İsrafilovun sözlərinə görə, problemi aradan qaldırmaq düşündüyümüz qədər də asan iş deyil. Ekspert bildirir ki, məsələnin həlli üçün yeni siniflərin və korpusların yaradılmasına ehtiyac var. Bunun üçün isə maddi məsələlər müzakirə edilməli və ümumi məxrəcə gəlmək lazımdır: "Məlum olduğu kimi, sovet dönəmində mikroərazi prinsipi qüvvədə idi. Hətta elə bir vəziyyət yaranmışdı ki, müəllimlər, sinif rəhbərləri qapı-qapı gəzib, uşaqların cəlb olunmasına diqqət yetirirdi. Müstəqillik qazandıqdan sonra şagirdlər, valideynlər və müəllimlər bərabərhüquqlu subyekt kimi formalaşdılar. Onlar sinif və məktəb seçməkdə müstəqil oldular. Mikroərazi prinsipi gündəmdən çıxarıldı və bu, bir sıra problemlər yaratdı. Hər kəs çalışdı ki, uşaqlarını ad çıxaran, nüfuzlu hesab edilən məktəblərə qoysun. Beləliklə, bu hal Bakı şəhərinin mərkəzi məktəblərində sıxlıq yaratdı. Bundan sonra mikroərazi prinsipi yenidən gündəmə gəldi. Hazırda uşaqlar məktəbə mikroərazi üzrə götürülür”.

N.İsrafilov deyir ki, təhsil qanununa əsasən, bir sinif 20 nəfərlə komplektləşdirilməlidir. Amma buna baxmayaraq, 30-40 nəfər şagirdi olan siniflər var: "Təbii ki, bu istiqamətdə müəyyən işlər görülür. Lakin məktəblərin və yeni korpusların tikintisi sıxlıq məsələsini aradan götürmür. Bizdə ibtidai təhsil 4 illikdi, amma Almaniya, Fransa və s. kimi ölkələrdə ibtidai təhsil 6 illik olaraq müəyyənləşdirilir. Fikrimcə, 12 illik təhsilə keçid zamanı ibtidai təhsili 1 il artırmaq yaxşı olardı və imkan daxilində ibtidai siniflərdə şagird sıxlığını 15-16 nəfər olaraq formalaşdırmaq lazımdır. Çünki ibtidai təhsil təməl pilləsidir. Biz uşaqlara nə öyrədiriksə, ibtidai təhsildə öyrədirik. Çox təəssüf ki, bizdə 1 və 2-ci siniflərdə 30-40 şagird oxuyur. Belə olduğu halda həmin uşaqların təməli zəif olur. Çalışmaq lazımdır ki, ibtidai siniflərdə şagirdlərin sayı minimum olsun.
Hazırda bizdə "yaxşı məktəb” və "yaxşı müəllim” anlayışı var. Hər kəs çalışır ki, uşağını yaxşı müəllim kimi ad qazanmış şəxsin sinfinə qoysun. Ona görə də siniflərdə sıxlıq əmələ gəlir. Çalışmalıyıq ki, maddiyat hesabına bu sıxlığı aradan qaldıraq. Hazırda təhsilə ayrılan vəsait ilbəil artırılır. Bu vəsaiti tənzimləmək üçün ibtidai siniflərdə az uşaq hesabına daha çox sinif açmaq lazımdır.Çünki ibtidai sinif fərdi yanaşma tələb edir, əgər fərdi yanaşma olmazsa sonradan həmin uşaqların əlavə bilik əldə etmək imkanları çətinləşir”.

Sevinc

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında hazırlanıb.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
21.09.2018
20.09.2018
19.09.2018