Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Azərbaycan alimlərinin ixtiralarına maraq artır
Tarix: 11.07.2018 | Saat: 18:15:00
Bölmə:KİVDF | çapa göndər

Beynəlxalq və yerli səviyyədə yeni layihələrə təlabat yaranıb

Son illərdə Azərbaycan alimlərinin kəşfləri dünya miqyasında daha geniş marağa səbəb olmaqdadır. Bu istiqamətdə ardıcıl olaraq dövlət səviyyəsində elm sahəsinə göstərilən dəstək, artıq öz bəhrəsini verməkdədir.

Məsələn, bu günlərdə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) İşlər İdarəsi və Radiasiya Problemləri İnstitutunun (RPİ) gənc alimləri Çexiyada keçirilmiş seminarda məruzə ilə çıxış ediblər. RPİ-dən hafta.az-a bildirilib ki, tədbirdə Çexiyanın Texniki Universitetinin Eksperimental və Tətbiqi Fizika İnstitutunun əməkdaşlarına azərbaycanlı alimlər tərəfindən hazırlanmış silisium əsaslı fotoelektron gücləndiricilər və onların tətbiq sahələri haqqında geniş məzmunlu məlumat təqdim olunub.
Növbəti beş ildə MSFD diodların radiasiyaya davamlılığının tədqiqi, onların quruluşunun analizi və həmin diodlar üçün elektron modulların hazırlanması, beynəlxalq təcrübələrdə birgə iştirak haqqında razılığa gəlinib. Tədbir çərçivəsində fizika üzrə fəlsəfə doktorları Fərid Əhmədov, Samir Süleymanov və Qadir Əhmədov Eksperimental və Tətbiqi Fizika İnstitutunun rəhbərliyi ilə görüşüblər. Görüşdə 2018-2023-cü illərdə birgə görüləcək işlər müzakirə olunub. Həmçinin alimlərimiz tərəfindən hazırlanmış diodların bir sıra parametrləri tədqiq edilib və ssintilyatorla qeydetmə performansı yoxlanılıb.
AMEA-nın N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) ulduz atmosferləri fizikası və maqnetizm şöbəsinin müdiri, dosent Canməmməd Rüstəmovun təqdim etdiyi layihə Avropa İttifaqının ən böyük qrant layihəsi “Horizon-2020”nin qalibi olub. Rəsədxanadan hafta.az-a bildiriblər ki, “Horizon-2020” çərçivəsində elmi, elmi-texniki, tibb, ərzaq təhlükəsizliyi və digər sahələrdə olan layihələr Avropanın nüfuzlu mütəxəssisləri tərəfindən qiymətləndirilir.

C.Rüstəmovun təqdim etdiyi layihəyə ayrılan pulun miqdarı 10 ölkədən olan layihələrə ayrılan pulun miqdarına görə dördüncü yerdədir. Alimin təqdim etdiyi layihədə O spectral sinfinə mənsub olan massiv ulduzların və Volf-Raye tipli ulduzların dörd il müddətində on ölkədən olan astronomlarla birgə tədqiqi nəzərdə tutulur. Bu tədqiqatlar zamanı müxtəlif ölkə astronomlarının hazırda istifadə etdiyi, uzun illər sınanılmış üsullardan istifadə olunacaq. Elmi tədqiqatlar zamanı bütün ölkələrdən olan astronomların sınaqdan keçmiş eyni üsulu tətbiq etməsi alınmış nəticələrin etibarlılığını artıracaq və bu nəticələr dünya astronomları tərəfindən etibarlı nəticələr kimi qəbul olunacaq. Bu, elmi tədqiqatlarda mühüm əhəmiyyət kəsb edən amildir.
Layihənin icrasına 2019-cu ilin yanvarında başlanacaq. Bu tarixdən başlayaraq ŞAR-ın əməkdaşları layihədə göstərilən ölkələrə ezam olunacaq. Həmçinin həmin ölkələrin alimlərinin ŞAR-a gəlişi gözlənilir. Qeyd edək ki, “Horizon-2020” layihəsinin 80 milyard avro fondu var və Avropa İttifaqı tərəfindən maliyyələşdirilir.
Alimlərimizin ixtiraları, artıq ölkə daxilində müxtəlif sahələr üzrə də tətbiq olunmağa başlayıb. Artıq bir sıra qurumlar öz shələri üzrə yerli mütəxəssislərmizin perspektiv vəd edən layihələrinə ciddi maraq göstərməkdədirlər.
Azərbaycan Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında İdarəetmə Sistemləri İnstitutunun mütəxəssisləri və Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının əməkdaşlarının iştirakı ilə görüş təşkil olunub. AMEA-dan bildirilib ki, görüşdə Silahlı Qüvvələrin Hərbi Akademiyasının əməkdaşları ilə birgə YT Parkda icra olunan hərbi və mülki təyinatlı layihələr müzakirə edilib. Layihələr Silahlı Qüvvələrin Hərbi Akademiyasının əməkdaşları tərəfindən yüksək qiymətləndirilib və onların ölkəmizin müdafiə qüdrətinin artırılmasında müstəsna əhəmiyyətə malik olduğu vurğulanıb.
AMEA-nın Genetik Ehtiyatlar İnstitutunun baş elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Gövhər Rasizadəyə və əməkdar kənd təsərrüfatı işçisi, biologiya üzrə fəlsəfə doktoru Oqtay Babayevə “Filloksera ilə mübarizə üsulu” ixtirasına görə Patent və Əmtəə Nişanları Mərkəzi tərəfindən patent verilib.

Azərbaycanlı alimlərin ixtirasında qeyd olunan üsul kənd təsərrüfatında üzüm tənəyinin zərərvericiləri - fillokseranın yarpaq və kök formaları ilə mübarizə aparılmasında əvəzsizdir. Mikroskopla aparılmış laboratoriya tədqiqatları nəticəsində alınmış cövhər üzüm tənəklərinin yarpaqlarına və kökünə səmərəli təsir göstərə bilər. Belə ki, həmin cövhər vasitəsilə nəsli kəsilməkdə olan üzüm sortlarımızı qorumaq mümkündür.
Ekoloji cəhətdən bir sıra üstünlüklərə malik olan bu üsul ətraf mühiti çirkləndirən zəhərli kimyəvi maddələrdən və pestisidlərdən imtina etməyə imkan verir. Cövhərin hazırlanması nəticəsində alınmış xammaldan daha sonra sideral gübrə kimi istifadə etmək də mümkündür. Alınan cövhər filloksera ilə yanaşı, üzüm tənəyindəki bir sıra digər zərərvericilərin (üzüm və hörümçək toru gənəsi və s.) və xəstəliklərin (mildyu, oidium, antraknoz və s.) də aradan qaldırılmasına kömək edir.
Yeni preparat üzümçülük təsərrüfatı ilə yanaşı, bir sıra kənd təsərrüfatı bitkilərinin (pambıq, taxıl, bostan-tərəvəz və s.) zərərvericilərinə və xəstəliklərinə qarşı da istifadə edilə bilər. Ehtimal olunur ki, yeni alınan cövhər səhiyyə sahəsində də bir sıra xəstəlikləri, o cümlədən xərçəngi törədən virusu məhv etməyə qadirdir.
Maraqlı və qürurverici cəhət ondan ibarətdir ki, tək alimlərimizin yox, hətta orta məktəb şagirdlərimizin ixtiraları da artıq beynəlxalq mükafatlara layiq görülür. Məsələn, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 287 nömrəli “Zəkalar” liseyinin XI sinif şagirdi İlknur Mustafazadə məktəblilərarası ikinci Robot Olimpiadasının qalibi olub. O, olimpiadanın “Drone Racing” kateqoriyası üzrə yarışa qatılıb.
BŞTİ-dən hafta.az-a bildiriblər ki, İ.Mustafazadə dronun mükəmməl idarəolunması üzrə 20-dən çox məktəb şagirdinin iştirak etdiyi yarışmada üçüncü yerə layiq görülüb. Məktəbli diplom, sertifikat, medal və hədiyyələrlə mükafatlandırılıb.
Dörd kateqoriyadan ibarət yarışın keçirilməsinin əsas məqsədi məktəblilər arasında robototexnika sahəsinə marağı artırmaq, robot texnologiyalarından sərbəst istifadə bacarığını formalaşdırmaq və Azərbaycanda İKT sahəsi üzrə peşəkar kadrların hazırlanmasına şərait yaratmaqdır.

Bu, İ.Mustafazadənin ilk uğuru deyil. Belə ki, məktəbli ötən il ev əşyalarını (işıq, kondisioner, jalüz, telefon və s.) avtomatik idarə etmək üçün nəzərdə tutulan “Smart home” qurğusunu da hazırlayıb. Məktəbli, həmçinin altı qanadlı dron layihəsinin üzərində çalışır.
Qeyd edək ki, bu ildə elm xərclərinin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 2017-ci il səviyyəsində olmaqla 0,6 faiz təşkil edəcək. Bu, 2018-ci ilin dövlət və icmal büdcələri üzrə layihələrdə göstərilib. Sənəddə bildirilib ki, növbəti ildə elm xərclərinə 128, 1 milyon manat vəsait nəzərdə tutulub ki, bu da 2017-ci illə müqayisədə 9,5 milyon manat və ya 8,0 faiz çoxdur. Həmin xərclər fundamental elmi tədqiqatların və dövlət orqanlarında mövcud olan elmi tədqiqat təşkilatları tərəfindən həyata keçirilən elmi işlərin maliyyələşdirilməsinə yönəldiləcək. 2018-ci ildə elm xərclərində maddi-texniki təminatın möhkəmləndirilməsi və digər tədbirlərin həyata keçirilməsi üçün 5, 4 milyon manat vəsait nəzərdə tutulub. Prezident yanında Elmin İnkişafı Fondunda 2017-ci ildə maliyyə ekspertizasından keçirilmiş yeni qrant layihələrinin 2018-ci ildə fond tərəfindən maliyyələşdirilməsinə tələb olunan əlavə 3, 5 milyon manat vəsait növbəti ilin dövlət büdcəsində proqnozlaşdırılıb.

Sevinc

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin
İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında hazırlanıb.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
23.07.2018
22.07.2018
21.07.2018