Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
İctimai və dövlət maraqlarının müdafiəsinin Gəncə sınağı
Tarix: 11.07.2018 | Saat: 19:15:00
Bölmə:Sosial | çapa göndər

Azərbaycan üçün 2018-ci il müstəqillik tarixinə qızıl hərflərlə yazılacaq. Bu il Şərq aləmində ilk dəfə olaraq, demokratik Cümhuriyyət qurmağımızın 100 illiyini qeyd etdik. Cənub Qaz Dəhlizi layihəsi çərçivəsində dünyamiqyaslı TANAP qaz kəmərini istifadəyə verdik. Ardınca hər birimizin qürur mənbəyimiz sayılan Azərbaycan Silahlı Qüvvələrinin yüz yaşı münasibətilə keçirilən hərbi paradda ordumuzun möhtəşəm gücü və hərbi potensialının şahidi olduq.

Təbii ki, qeyd etdiyimiz və unutduğumuz daha neçə-neçə möhtəşəm tarixi günlərin fonunda dövlətimizə qarşı yenə də çirkin oyunlar, təxribat planları işə düşdü. Bu günlərdə Azərbaycan cəmiyyəti, vətəndaşlarımız Gəncədə baş verən iğtişaşlar fonunda ictimai və dövlət maraqlarının müdafiəsi baxımından bir daha sınağa çəkildik.
Prezident Adminitsrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənovun da vurğuladığı kimi, biz dövlətçiliyimizə qarşı separatçıların, radikal dindarların, yalnız pula və məişət komfortuna işləyən “iaşə müxalifəti”nin sinxronlaşdırılmış ideoloji təxribatı faktı ilə üz-üzəyik: "Xarici anti-Azərbaycan qüvvələrin bu mənfur niyyətini anlamaq olar, ancaq daxildən onlara dəstək verən, poilis əməkdaşlarına qarşı qəddar cinayətə bəraət qazandırmağa çalışan, yaxud da xaricə qaçıb erməni maliyyəsinin girovuna çevrilənlərin xain canfəşanlığını heç cür başa düşmək mümkün deyil. Belə həssas vəziyyət cəmiyyətimizin, bütün vətəndaşlarımızın milli dövlətçilik ətrafında daha sıx birliyini tələb edir. Xüsusən ictimai rəyə təsir imkanı olan insanlar - millət vəkilləri, ziyalılar, tanınmış ictimaiyyət nümayəndələri, siyasi fəallar, media və QHT təmsilçiləri daha həssas davranmalı, iqtidara və ya onun ayrı-ayrı nümayəndələrinə bəslədikləri fərdi münasibətlərlə dövlət və Vətən mənafelərini bir-birindən fərqləndirməlidirlər.

Əminliklə deyə bilərəm ki, Azərbaycanda qarşıdurma, xaos yaratmaq istəyənlər qanunun sərt üzünü görəcəklər və ən ciddi şəkildə cəzalandırılacaqlar. Bununla yanaşı, təsadüfən, hadisə ictimai maraq kəsb etdiyinə görə, öz iradələrinin əleyhinə olaraq bu əməlin iştirakçısına çevrilmiş hər kəsi bu yanlış addımlardan çəkinməyə dəvət edirəm. Azərbaycan dövləti, dövlətçiliyi, milli maraqlarımız heç vaxt müzakirə mövzusu olmamalıdır və bu dəyərlərə təhlükə yarandıqda hər bir vətəndaş, hər bir azərbaycanlı öz qəti mövqeyini ortaya qoymalı, milli iradəsini nümayiş etdirməlidir. Buna görə də Azərbaycan dövlətinin terror və terror çağırışlarına qarşı atacağı sərt addımların ziyalılar, tanınmış ictimaiyyət nümayəndələri, vətəndaş cəmiyyəti təmsilçiləri tərəfindən düzgün anlaşılmalı, geniş kütlələrə düzgün mesajlar verilməlidir".
Azərbaycanın ən böyük şəhərlərindən birinin, mədəniyyət paytaxtının icra başçısına sui-qəsdin təşkili, daha sonra iki polis əməkdaşının vətən xainləri tərəfindən şəhid edilməsi nə qədər güclənsək də, inkişaf etsək də, ictimai və dövlət maraqlarımıza təhdid yaratmağa çalışan qara qüvvələrin öz niyyətlərindən əl çəkməyəcəyini ortaya qoydu.

Millət vəkili Jalə Əliyeva da bizimlə söhbətində vurğuladı ki, son hadisələr düşünülmüş, planlanmış hərəkətlərdir: “Azərbaycanın böyük uğurlarına kölgə salmaq istəyən dini pərdə altında fəaliyyət göstərən radikal ünsürlərin ictimaiyyət, əhali arasında çaşqınlıq, qeyri-stabillik yaratmaq cəhdləri yolverilməzdir. Azəbaycan dərin və möhkəm dövlətçilik ənənələri və prinsipləri olan bir dövlətdir, regionda, dünyada stabilliyin qarantı kimi çıxış edən bir ölkədir. Adətən, ölkəmiz beynəlxalq əhəmiyyətli hansısa tədbirə ev sahibliyi edəndə və ya yüksək səviyyəli tədbir təşkil edəndə Azərbaycana qarşı əllər uzanmağa başlayır.Sevindirici məqam ondan ibarətdir ki, Azərbaycan xalqı yenə də həmişə olduğu kimi belə təxribatçı qüvvələrə, radikal ünsürlərə uymur, ayıq-sayıqlıq nümayiş etdirərək öz birliyi, həmrəyliyi ilə bir daha öz dövlətinin və öz Prezidentinin yanında olacağını bəyan edir. Sözsüz ki, xalqımız bu sınaqdan da alnıaçıq, üzüağ çıxacaq”.

Milli Məclisin üzvü, deputat Musa Qasımlı isə qəzetimizə açıqlamasında deyir ki, bu hadisəni törədənlər xaricdən maliyyələşən, idarə olunan, Azərbaycan Respublikasını Suriyaya çevirmək və dövlətimizin dünyəvi təməllərini sarsıdıb dini dövlət qurmaq istəyən radikal qruplaşmalardır: "Hesab edirəm ki, belə cəhdlərin qarşısı dövlətimizin bütün qanunları ilə qətiyyətlə və amasızlıqla alınmalıdır. İctimai təhlükəsizliyi qoruyan və dövlətin orqanı olan polisə qaldırılan əl elə kəsilməlidir ki, digərlərinə də dərs olsun. İşğalçı Ermənistanın təcavüzünə qarşı mübarizədə rəşadət göstərmiş, həyatını dövlətə xidmətdə keçirən və daim dövlətimizə sədaqətli olan polisə necə əl qaldırmaq olar? Bunu edənin adı nədir? Soruşulur: bu iğtişaş gözlənilən idimi? Hesab edirəm ki, bəli! Hələ Prezident seçkilərinin vaxtının dəyişdirilməsi zamanı səbəb kimi baş verən mürəkkəb proseslərin getdiyinə dair fikirlər səsləndirilirdi. Radikal dini qruplaşmaların fəaliyyətinin artması və baş verən digər xoşagəlməz son hadisələrin hamısının bununla bağlı olduğu qənatəindəyəm". Millət vəkilinin sözlərinə görə, bundan sonra da digər belə iyrənc cəhdlər, terror hadisələri gözləniləndir: "Fikrimcə, daha üç hadisə Azərbaycan dövlətçiliyinə qənim kəsilən radikal qüvvələri iğtişaş törətməyə vadar etdi: Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin ölkəmizdə və xaricdə bayram edilməsi; millətimizin bağrından çıxan ordumuzun möhtəşəm paradı; Naxçıvanda Günnüt əməliyyatı nəticəsində düşmənin qovulması və torpaqlarımızın azad edilməsi. Yenə də sual olunur: millətimizdə qürur yaradan bu üç hadisəni kimlər, hansı qruplaşmalar və ölkələr istəmir? Elə isə iğtişaş kimə xidmət edir? Ancaq iğtişaşları törətməyə can atanlar unudurlar ki, bu gün Azərbaycan Respublikası dövləti çox güclüdür, bütün təxrubatların qarşısını almağa qadirdir. Azərbaycan xalqı isə etimad göstərdiyi Prezident İlham Əliyevə güvənir və arxasındadır, pozucu qüvvələrə heç bir zaman meydan verməz. Millətimizin iradəsi hər şeydən üstündür.”
Biz vətəndaşlarının hüquq və azadlıqlarının qanunlarla qorunduğu, qanunun şah olduğu hüquqi dövlətdə yaşayırıq. Azərbaycan dini dözümlülük, tolerantlıq, multikultural dəyərlərin qorunmasında dünyaya nümunə göstərilir. Bu dəyərlər xalqımızın yüz illər boyunca yaşatdığı, göz bəbəyi kimi qoruyub gənc nəsillərə ötürdüyü ən qiymətli mənəvi sərvətimizdir. İndi isə, Azərbaycanın yürütdüyü müstəqil siyasətdən, sürətli iqtisadi inkişafdan, ölkəmizdəki əmin-amanlıqdan ciddi şəkildə narahat olanlar din pərdəsi altında bizim ən dəyərli mənəvi sərvətimizin özülünü sarsıtmağa çalışırlar.

Qarabağ Seyid Ocaqlarının rəhbəri, şərqşünas Seyid Camal Əzimbəyli bizimlə söhbətində bildirir ki, baş vermiş hadisəyə dini rəng vermək Azərbaycanda din-dövlət münasibətlərini korlamağa yönəlib: “Hiss olunur ki, bu, çox yüksək peşəkarlıqla, düşünülmüş şəkildə atılan bir addımdır. Hətta mən bunu Azərbaycanı istəməyən ölkələrin kəşfiyyat qurumlarının işi də sayıram. Gəncədəki məlum olayı heç bir halda din faktoruna bağlamağı qəbul etmirəm. Biz hüquqi dövlətdə yaşayırıq, tarixən tolerantlıq məkanı kimi tanınmışıq. Azərbaycanda bu mənzərəni pozmağa çalışan xarici kəşfiyyat orqanlarının nümayəndələri var. Biz və ən əsası dindarlar onlara bu fürsəti verməməliyik. Dövlətimiz naminə, milli mənafemiz, milli dövlət maraqları naminə bütün dindarları həssas məsələlərdə dövlətimizin yanında olmağa çağırıram. Milli-mənəvi, dini dəyərlərimizin təəssübkeşi Azərbaycan dövlətidir. Qurani-Kərimin hökmlərinə dayanaraq demək istəyirəm ki, İslam dinində terror yoxdur, İslam dinində cihad – elan olunmuş müharibə var. Bu da hər bir azərbaycanlı müsəlmanın işğal olunmuş torpaqlarını azad etməsi üçün boyunun haqqıdır. Gəncədə baş verən isə bir terror əməlidir. Dindarlar bu məsələdə təxribata getməməlidirlər”.

Millət vəkili Zahid Orucun sözlərinə görə isə, Gəncəni Bakıya qarşı qoymaq, vaxtilə ölkənin paytaxtı olan, böyük dövlətçilik tarixinə malik bir şəhəri Nardarana, yaxud da Bakını Dəməşqə çevirmək ssenariləri baş tutmayacaq. Onun sözlərinə görə, Gəncədə baş vermiş iğtişaş Azərbaycan dövlətinə qarşı qəsd əməlidir. Qanundan, hüquqdan, ölkənin dini etiqad azadlıqları mühitindən kənarda özünü hiss edən və bəlkə də Azərbaycanda yad ssenariləri həyata keçirmək istəyən dairələr Gəncəni bir məkan kimi seçiblər. Kimisə din əleyhinə mübarizə aparır kimi təqdim etmək heç bir halda Azərbaycanın gerçək mənzərəsi sayıla bilməz: "Hər birimiz polis zabitlərinin qətlini pisləməklə yanaşı, o adamlara qarşı tuşlanan silahların, zərbələrin həqiqi mənada vətəndaşlarımızın təhlükəsizliyi və sabitliyi əleyhinə olduğunu da görməliyik. Çoxları təəccüb edirdilər ki, 90-cı illərdə böyük neft müqavilələrindən sonra baş verən təxribatlar, sui-qəsdlər nə əcəb indi gerçəkləşmir? Necə olur ki, Azərbaycan Prezidenti İlham Əliyevin böyük gücü, iradəsi və liderliyi altında Şimalla Cənub, Şərqlə Qərb Bakıda siyasi-iqtisadi mənada birləşir, əl tutub görüşür. Necə olur ki, bu sadaladıqlarım sabitlik şəraitində baş verir? Deməli bunu həzm etməyən qüvvələr mövcuddur. Ona görə də sabitliyimizin əleyhinə olan ssenarilərin hamısına bir millət olaraq “yox” deməyi bacarmalıyıq”.
Bəli, Azərbaycan dövləti, Azərbaycan cəmiyyəti növbəti dəfə qəhrəman polislərinin şəhid edilməsi hesabına olsa belə, ictimai və dövlət maraqlarını təhdid edən ünsürlərin məkrli planlarını növbəti dəfə iflasa uğratdı. Bu nailiyyətin əsası isə cəmiyyətimizdəki həmrəylik, xalq-iqtidar birliyi və vətəndaşlarının öz liderlərinə olan sonsuz inamından qaynaqlanır.

Azad Əliyev

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
20.07.2018
19.07.2018
18.07.2018