Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
I və IV ixtisas qrupları üzrə imtahan keçiriləcək
Tarix: 16.07.2018 | Saat: 18:15:00
Bölmə:KİVDF | çapa göndər

İmtahanların idarə olunmasına 183 imtahan rəhbəri və 2137 nəzarətçi-müəllim cəlb olunacaq

Dövlət İmtahan Mərkəzi (DİM) iyulun 18-də 2018/2019-cu tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirəcək.

DİM-dən verilən məlumata görə, imtahanlar 11 şəhərdə - Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Bərdə, Göyçay, Şirvan, Lənkəran və Xaçmaz şəhərlərində, ümumilikdə 49 binada aparılacaq. İmtahanların idarə olunmasına 183 imtahan rəhbəri və orta ümumtəhsil müəssisələrindən 2137 nəzarətçi-müəllim cəlb olunacaq.
Bütün regionlarda imtahanlarda iştirak edəcək nəzarətçilər, imtahan rəhbərləri, mühafizə əməkdaşları ilə təlim-seminarlar keçirilir. İmtahan zallarında abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün zəruri şərait yaradılıb, imtahan binalarının girişlərində təhlükəsizliyin və buraxılış rejiminin operativliyinin təmin edilməsi üçün “stasionar metal axtaran aparat”lar quraşdırılıb. İmtahan mərkəzlərinə təhlükəsizliyin təmin edilməsi məqsədilə imtahandan bir gün əvvəl DİM və Xüsusi Dövlət Mühafizə Xidmətinin əməkdaşlarının iştirakı ilə baxış keçiriləcək və bütün imtahan zalları, giriş-çıxış qapıları, binalar möhürlənməklə Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin əməkdaşlarına mühafizə üçün təhvil veriləcək.
Məlumat üçün bildirək ki, imtahanda 26332 abituriyentin iştirakı gözlənilir. Onlardan 21734 abituriyent I qrup üzrə, 4598 abituriyent IV qrup üzrə imtahan verəcək.
Abituriyentlərdən 24244 nəfəri Azərbaycan bölməsinin (I qrup üzrə 20125, IV qrup üzrə 4119 nəfər), 2088 nəfəri isə rus bölməsinin (I qrup üzrə 1609, IV qrup üzrə 479 nəfər) məzunudur. Abituriyentlərin 15496 nəfəri oğlanlar (I qrup üzrə 14116 nəfər, IV qrup üzrə 1380 nəfər), 10836 nəfəri isə qızlardır (I qrup üzrə 7618 nəfər, IV qrup üzrə 3218 nəfər). 21425 nəfər cari ilin orta ümumtəhsil məktəblərinin, 4260 nəfər əvvəlki illərin məzunlarıdır. 67 nəfər ali təhsil müəssisələrinin, 580 nəfər isə orta ixtisas təhsili müəssisələrinin məzunudur. 115 abituriyent xarici ölkələrin vətəndaşıdır. Ən yaşlı abituriyent 1962-ci ildən, ən gənci isə 2003-cü ildəndir.

Bakı şəhərində 12130, Naxçıvanda 859, Gəncədə 2626, Sumqayıtda 1732, Mingəçevirdə 1127, Şəkidə 1662, Bərdədə 947, Göyçayda 1162, Şirvanda 1372, Lənkəranda 1598, Xaçmazda isə 1117 abituriyentin imtahan verəcəyi gözlənilir.
Bu imtahanda iştirak etmək üçün ərizə vermiş abituriyentlər iyulun 11-dan etibarən DİM-in internet saytına daxil olaraq “İmtahana buraxılış vərəqəsi”ni çap edirlər. Buraxılış vərəqəsi ilə yanaşı onlara “Yaddaş kitabçası” da təqdim olunur. Burada abituriyentlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.
İmtahan bütün binalarda eyni vaxtda – saat 11:00-da başlanacaq və 3 saat davam edəcək.
Abituriyentlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:
- şəxsiyyəti təsdiq edən sənədin əsli;
- “İmtahana buraxılış vərəqəsi";
- 16 yaşı tamam olmamış (şəxsiyyət vəsiqəsində şəkli olmayan) abituriyentlər digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş arayışı (arayışa şagirdin 3x4 sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).

Göstərilən sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda abituriyent imtahana buraxılmayacaq.
İmtahan binasına giriş zamanı üzərində mobil telefon, konspekt və digər yardımçı vasitələr aşkar olunan abituriyentlər barədə akt tərtib olunacaq və imtahan binasına buraxılmayacaqlar.
İmtahan başa çatdıqdan dərhal sonra müstəqil ekspertlər tərəfindən test tapşırıqlarının ekspertizası aparılacaq. Həmin gün «Space» telekanalında canlı yayımlanan “Abituriyent” verilişində DİM-in məsul əməkdaşları və ekspertlər tərəfindən imtahanda istifadə olunmuş sualların düzgün cavabları və test tapşırıqları ilə bağlı geniş izahat veriləcək. İmtahanda istifadə olunmuş sualların düzgün cavabları eyni zamanda DİM-in internet saytında və Facebook səhifəsində yerləşdiriləcək.
Abituriyentlərin cavab kartlarının emalı başa çatdıqdan sonra nəticələr və hər bir abituriyentin cavab kartının qrafik təsviri imtahandan 3-4 gün sonra DİM-in internet saytında yerləşdiriləcək.

Xatırladaq ki, DİM-in ötən ilin iyul ayında I və IV ixtisas qrupları üzrə təşkil etdiyi qəbul imtahanında 27961 abituriyent iştirak edib. Onlardan 23510 abituriyent I qrup üzrə, 4451 abituriyent IV qrup üzrə imtahan verir.
Abituriyentlərdən 25500 nəfəri Azərbaycan bölməsinin (I qrup üzrə 21543, IV qrup üzrə 3957 nəfər), 2461 nəfəri isə rus bölməsinin (I qrup üzrə 1967, IV qrup üzrə 494 nəfər) məzunu olub. Abituriyentlərin 16437 nəfərini oğlanlar (I qrup üzrə 15063 nəfər, IV qrup üzrə 1374 nəfər), 11524 nəfərini isə qızlar təşkil edıb (I qrup üzrə 8447 nəfər, IV qrup üzrə 3077 nəfər). 21974 nəfər cari ilin orta ümumtəhsil məktəblərinin, 5309 nəfər əvvəlki illərin məzunları olub. 67 nəfər ali təhsil müəssisələrinin, 611 nəfər isə orta ixtisas təhsili müəssisələrinin məzunu olub. Ən yaşlı abituriyent 1965-ci ildən, ən gənci isə 2002-ci ildən olub.
Yeri gəlmişkən, DİM ümumi təhsil müəssisələrini cari ildə bitirən və kolleclərə qəbul olmaq üçün aprel və iyun aylarında aparılan elektron qeydiyyatdan keçməyən abituriyentlər üçün tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu sistemi yenidən aktiv edilib. Sözügedən qurumdan verilən məlumatda bildirilir ki, tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) ərizə qəbulu iki dəfə - 2018-ci il martın 29-dən aprelin 30-dək və mayın 17-dən iyunun 20-dək aparılıb. Bu müddət ərzində qeydiyyatdan keçməyən, lakin buraxılış imtahanında iştirak edərək orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün tələb olunan müsabiqə şərtlərini ödəyən cari ilin abituriyentləri avqustun 20-dək “ekabinet.dim.gov.az” internet səhifəsində "Şəxsi kabinet" yaratdıqdan sonra şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməklə "Abituriyentin elektron ərizəsi" formasını doldurub təsdiq edə bilərlər.
Yuxarıda göstərilən tarixlərdə elektron ərizə doldurmuş, lakin kolleclərin müsabiqəsində iştirak etmək üçün qeydiyyatdan keçməyən abituriyentlər də elektron ərizələrinə daxil olmaqla müvafiq bəndi seçib qeydiyyatdan keçə bilərlər.

Xatırladaq ki, 11 illik bazadan kolleclərin ixtisas seçiminə isə ümumi balı 30-dan, Azərbaycan (rus) dili və riyaziyyat fənlərinin hər biri üzrə balı 8-dən az olmayan (xarici dil fənni üzrə bal məhdudiyyəti tətbiq edilmir) abituriyentlər buraxılırlar.
Tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün ixtisas seçimi 16-20 avqust tarixlərində aparılacaq.
Bundan başqa Azərbaycan bölməsi abituriyentləri üçün ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu davam edir. Məlum olduğu kimi, ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) ərizə qəbulu 2018-ci il martın 1-dən 27-dək aparılıb. Bu müddət ərzində qeydiyyatdan keçməyən, lakin buraxılış imtahanlarının hər iki mərhələsində iştirak edərək orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün tələb olunan müsabiqə şərtlərini ödəyən abituriyentlər iyulun 6-dan avqustun 6-dək “ekabinet.dim.gov.az” internet səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməklə “Abituriyentin elektron ərizəsi” formasını doldurub təsdiq edə bilərlər.
Qeyd edək ki, 9 illik bazada kolleclərin ixtisas seçiminə isə ümumi balı (hər iki mərhələ üzrə) 40-dan, Azərbaycan (rus) dili fənni üzrə balı 20-dən və riyaziyyat fənni üzrə balı 10-dan az olmayan abituriyentlər buraxılırlar. İxtisas seçimi 25 iyul-6 avqust tarixlərində aparılacaq.

Sevinc

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında hazırlanıb.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
18.08.2018
17.08.2018
16.08.2018