Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Məktəbəhazırlıq qruplarında sağlam siniflər
Tarix: 20.07.2018 | Saat: 18:15:00
Bölmə:KİVDF | çapa göndər

2017-2018-ci tədris ilində 38 məktəbin 168 sinfində sağlam sinif layihəsi tətbiq edilib

Azərbaycanda məktəbəhazırlıq qruplarında sağlam siniflər yaradılacaq. Qeyd edək ki, bununla bağlı təhsil naziri Ceyhun Bayramov 2018-2019-cu tədris ilində “Sağlam Təhsil-Sağlam Millət” layihəsinin məktəbəhazırlıq qruplarına tətbiqi barədə əmr imzalayıb. APA-nın xəbərinə görə, əmrə əsasən, Bakı və Sumqayıt şəhərlərinin “Sağlam Təhsil-Sağlam Millət” layihəsi tətbiq edilən ümumtəhsil müəssisələrində 2018-2019-cu tədris ilində layihə çərçivəsində məktəbəhazırlıq qruplarına qəbul həyata keçiriləcək.

Əmrdə Təhsilin inkişafı proqramları şöbəsinə, Ümumi və məktəbəqədər təhsil şöbəsinə və Bakı Şəhəri üzrə Təhsil İdarəsinə tapşırılıb ki, aidiyyəti təhsil müəssisələrində məktəbəhazırlıq qrupları komplektləşdirilərkən sinif otaqlarında hər bir şagirdin normativlərdə nəzərdə tutulan ölçüdə sahə ilə təmin olunması gözlənilsin.
Habelə sağlam təhsil texnologiyalarının tətbiq olunduğu məktəbəhazırlıq qruplarının müəllimlərinin təlim məşğələlərinə və digər maarifləndirmə tədbirlərinə cəlbi üçün ümumi təşkilatı işlər həyata keçirilsin.
Əmrdə qeyd olunub ki, 2014-2015-ci ilin tədris ilindən etibarən Bakı və Sumqayıt şəhərlərinin 6 tam orta məktəbinin 15 birinci sinfində təhsilalanların sağlamlığının qorunması və təlim nailiyyətlərinin yüksəldilməsi məqsədi ilə “Sağlam Təhsil-Sağlam Millət” layihəsinin tətbiqinə başlanılıb. 2015-2016-cı tədris ilindən etibarən pilot layihə 34 məktəbin 67 sinfində, 2016-2017-ci tədris ilində 34 məktəbin 116 sinfində, 2017-2018-ci tədris ilində isə 38 məktəbin 168 sinfində tətbiq edilməkdədir. Layihənin məktəbəhazırlıq qruplarına tətbiqinə dair Azərbaycan Dövlət Pedaqoji Universiteti və Azərbaycan Tibb Universitetinin rəylərinə əsasən, 5 yaşlı uşaqların diqqət, yaddaş, təfəkkürünün inkişafına kömək edən məktəbəhazırlıq mərhələsinin layihənin standartları əsasında təşkili uşaqlarda tədrisə marağı artıracaq və əqli yorğunluğu aradan qaldırmağa şərait yaradacaq.

Qeyd edək ki, bu layihənin məqsədi təhsil alanların təlim nailiyyətlərini yüksəltməklə yanaşı, tədris şəraitindən irəli gələn hərəkət məhdudiyyətini və digər amilləri aradan qaldırmaq, onların sağlamlığını qorumaqdan ibarətdir. Bütün bunlar nəticədə sağlam Azərbaycan vətəndaşının yetişdirilməsinə xidmət edir. Şagird masaları həm oturaq, həm də ayaqüstə çalışmaq imkanı yaradır. Bu masaları hazırda istifadə edilən məktəb masalarından fərqləndirən ən mühüm cəhət onların səthinin nisbətən maili olmasıdır. Belə maillilik şagirdin vizual dərketməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Sinif otaqlarındakı digər avadanlıqlar da layihəyə uyğun hazırlanaraq yerləşdirilir. Layihəyə başlamazdan əvvəl uşaqların sağlamlığı baxımından respublikada mövcud vəziyyət öyrənilib, dünyanın qabaqcıl təhsil təcrübəsi araşdırılıb. ABŞ, Avropa Birliyi, Yaponiya, Finlyandiya, Rusiya və Ukraynada aparılan işlər təhlil edilib. Çünki təhsil alanların fiziki, psixi və mənəvi sağlamlığının yaxşılaşdırılması məqsədilə son on ildə ayrı-ayrı ölkələrdə müxtəlif xarakterli dövlət proqramları həyata keçirilir. Azərbaycan “Sağlam təhsil” layihəsində isə daha çox Rusiya təcrübəsindən yararlanır. Daha dəqiq desək, Rusiya Milli Elmlər Akademiyasının müxbir üzvü Vladimir Filipiç Vazarovun təcrübəsindən istifadə edilir. Rusiyada 5 il ərzində 3000 məktəbdə onun təcrübəsi tətbiq edilib və ciddi nəticələr verib.
Belə ki, adi siniflərdə oxuyan şagirdlərlə müqayisədə, "sağlam təhsil" sinfində oxuyan şagirdlərin fiziki sağlamlığının daha yaxşı olduğu ortaya çıxıb.
ABŞ, Avropa ölkələrinin alimlərinin apardığı araşdırmalar da göstərib ki, hipodinamiya, səmərəsiz qidalanma, streslər və zərərli vərdişlər uşaq və gənclərin sağlamlığında ciddi problemlər yaradır. Mütəxəssislər hesab edirlər ki, hazırda uşaqlar arasında çənə-boyun problemlərinə çox rast gəlinir. Uşaqlar əllərini çənələri altına söykəyərək eyni cür otururlar, boyun əyilir.Diz üstə duraraq uzun-uzadı, saatlar boyunca televizora baxırlar.Bu cür vəziyyət uşaqların bel-fəqərə sistemi üçün çox təhlükəlidir. Bu təhlükənin nəticəsi 20 ildən sonra daha çox hiss ediləcək. Odur ki, həmin ölkələrin məktəblərində də uşaqlara “sağlam təhsil” verilir. Amma Azərbaycanı Rusiya Uşaqların Sağlamlığı Naminə Birliyinin rəhbəri Vladimir Bazarnının təhsil alanların sağlamlığının qorunması istiqamətində 35 illik təcrübəsi daha çox cəlb edib. Hətta alim öz təcrübəsini bölüşmək üçün ölkəmizə də dəvət olunub.

Ümumiyyətlə, araşdırmalar göstərir ki, məktəbyaşlı uşaqlar oyaq vaxtının təxminən 25 faizini sinifdə keçirir. Yəni, mövcud dünya təhsil üsulu şagirdləri bir neçə saat sinifdə məhz oturaq vəziyyətdə olmağa məcbur edir. Nəticədə, ümumi təhsili başa vuran yeniyetmələrdə hərəkət məhdudiyyəti fiziki inkişaf, qamət, görmə pozuntuları və digər sağlamlıq ilə əlaqədar problemlərin yaranmasının əsas səbəblərinə çevrilir. Elmi araşdırmalar göstərir ki, bəzi hallarda məktəbi bitirənlərin yalnız 3-4 faizi tam sağlam olur. Əslində bu problem Təhsil Nazirliyi tərəfindən hələ bir neçə il əvvəl gündəmə gətirilmişdi. Bu məqsədlə 2013-2014-cü tədris ilində 2500 məktəbli ilkin tibbi monitorinqlərə də cəlb edilmişdi. Məlum olmuşdu ki, ibtidai siniflərdə şagirdlərin 29 faizinin görmə problemləri olduğu halda, məktəbi bitirənlərin artıq 45 faizində belə problemə rast gəlinir. Həmçinin 41 faiz yuxarı sinif şagirdlərində qamət problemləri aşkar olunub. Oğlanlar arasında normal fiziki inkişafdan qalanların sayı birinci sinifdə 19 faiz təşkil edirsə, beşinci siniflərdə bu rəqəm 33 faizə, məktəbi bitirəndə isə 40 faizə qalxır.
Bu baxımdan mövcud problemlərin aradan qaldırılmasında Təhsil Nazirliyinin “Sağlam təhsil – sağlam millət” layihəsi xilas yollarından biri hesab olunur. Belə ki, bu layihə çərçivəsində 2014-2015-ci dərs ilindən başlayaraq Bakı və Sumqayıt şəhərlərinin altı ümumtəhsil məktəbinin 15 birinci sinfində sağlam təhsil texnologiyaları tətbiq edilməyə başlanılıb. Bu siniflərdə şagird masaları həm qismən oturaraq, həm də ayaq üstə çalışmaq imkanı yaradır. Şagirdlər bir dərsdə iki dəfə olmaqla, yəni 15 dəqiqədən bir, yerlərini dəyişir. 15 dəqiqənin tamamını isə siqnal xəbər verir. Hər fasilədə şagirdlər tavandakı zolaqlara uyğun boyun, baş, göz, əl-ayaq hərəkətləri edirlər. Gigiyena qaydaları da diqqət mərkəzində saxlanılır. Bu siniflərdə şagirdlərin sayı 24-dən çox olmur. Çünki qaydaya görə, bir uşağa 2 kvadratmetr sahə düşməlidir. Tənəffüslərdə oğlanlar divarda quraşdırılmış alətdə dartınır, qızlar isə oturub-durma hərəkətlərini yerinə yetirirlər. Bir sözlə, bu siniflərdə tibbi-gigiyenik, pedaqoji, psixoloji və gender məsələləri diqqət mərkəzindədir. Siniflərdə künclər üç xəttin kəsişməsi şəklində deyil, oval formadadır. Divarlar panorama effekti yaradır.

Qeyd edək ki, “Sağlam təhsil” layihənin səmərəli olmasını bu istiqamətdə aparılan təhlillər də təsdiqləyir. Müqayisəli təhlillərə görə, “Sağlam təhsil” siniflərində təhsil alan normal fiziki inkişaflı oğlanların sayı tədris ilinin sonunda 16 faiz artıb, adi siniflərdə isə bu göstərici 1.5 faiz təşkil edib. Sağlam təhsil siniflərində alçaqboylu və çəkisi normadan aşağı olan oğlanların sayı ilin sonuna 4 dəfə azalıb. Adi siniflərdə isə alçaqboylu oğlanların sayı 40 faiz artıb. Tədris ilinin sonunda sağlam təhsil siniflərində alçaqboylu qızların sayı 100 faiz azalıb, adi siniflərdə isə dinamika aşkar edilməyib.
Müayinələrin nəticələrinin təhlili göstərib ki, ilin sonuna uzaqdangörmə itiliyi artan uşaqlar sağlam təhsil siniflərində 60.2 faiz təşkil edibsə, adi siniflərdə bu göstərici 42 faiz olub. Uzaqdangörmə itiliyi azalan uşaqların sayı bu siniflərə nisbətən adi siniflərdə 3 dəfə çox qeydə alınıb. Bu rəqəmlərdən sonra “Sağlam təhsil” siniflərinin sayının artması məsələsi gündəmə gəlib. Gələcəkdə siniflərin sayının daha da artırılması planlaşdırılır. Layihə 1-ci sinifdən başlayaraq 11-ci sinifə qədər davam edəcək. Layihənin tədrisin keyfiyyətinə nə qədər təsir göstərəcəyini isə zaman deyəcək. Bununla yanaşı, “Sağlam təhsil” məktəblərinin layihələrinin hazırlanması da nəzərdə tutulur. Layihələr hazır olandan sonra yeni məktəblər “Sağlam təhsil”in tələblərinə uyğun tikiləcək.

Sevinc

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında hazırlanıb.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
19.08.2018
18.08.2018
Bakıda restoranda baş verən kütləvi zəhərlənmənin səbəbi açıqlanıb
Koçaryanın həbsdən azad olunmasına dair etiraz aksiyası keçirilib
Xəzər dənizi ilə bağlı tarixi anlaşma
Ermənistanın təxribatı nəticəsində hərbi qulluqçumuz yaralanıb
Qida Təhlükəsizliyi Agentliyi Qurban bayramı ilə bağlı əhaliyə müraciət edib
Dördəm qızlar Quranı başdan-ayağa əzbər öyrəndilər - GÜNÜN TƏZADLARI
Xəzəryanı ölkələrin XİN müavinləri payızda Azərbaycanda görüş planlaşdırır
Xəzərin statusunun müəyyənləşdirilməsində Prezident İlham Əliyevin rolu böyükdür - RƏYLƏR
Gəncədə yeni terror aktları törətməyi planlaşdıran şəxs silahlı müqavimət göstərərkən məhv edilib
Həftənin “xilaskarı” - HƏFTƏ REYTİNQ