Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
"Mərakeş inkişafına görə Afrikada birincidir" - SƏFİR
Tarix: 30.07.2018 | Saat: 20:00:00
Bölmə:Gündəm | çapa göndər

Mərakeşin Azərbaycandakı səfirliyi bu ölkənin milli bayramı olan Kral VI Məhəmmədin Tacqoyma Günü münasibətilə rəsmi qəbul keçirib. Dövlət və hökumət nümayəndələrinin, xarici diplomatik korpusun, ictimaiyyətin müxtəlif sahələrinin təmsilçilərinin iştirak etdiyi tədbirdə öncə, Azərbaycan və Mərakeşin dövlət himnləri səsləndirilib.

Açılış çıxışı edən Mərakeşin ölkəmizdəki səfiri Adil Embarş deyib ki, kral Vİ Məhəmmədin taxta çıxmasının 19-cu ili tamam olur. "Taxt-tac gününün qeyd olunmasının ölkəmiz üçün əhəmiyyəti böyükdür. Son 12 ay ərzinfə sənayenin inkişafı üçün işlərə başlanılıb. Artıq xarici şirkətlər ölkəmizin iqtisadiyyatına və infrastrukturunun yenilənməsinə investisiyalar qoyur. Mərakeş öz inkişafına görə, Afrika qitəsində ilk yerdədir", - deyən səfir əlavə edib ki, ölkəsi ilə Azərbaycan arasında yaxşı əlaqələr var. Bu il keçirilən birgə komissiyanın iclası da buna sübutdur. "Mən Azərbaycanın Qərbi Böyük Səhra məsələsində tutduğu konstruktiv mövqeyinə görə təşəkkür edirəm. Hazırda ölkələrimiz arasında əməkdaşlığı inkişaf etdirmək üçün bir sıra layihələrin imzalanmasına hazırlıq görülür", - deyib səfir.

Xüsusi Tapşırıqlar üzrə səfir Gündüz Cəfərov bildirib ki, ölkələrimiz arasında əlaqələrin durmadan inkişaf etməsindən razıdır. Səfir deyib ki, həm dövlət, həm də beynəlxalq təşkilatlar səviyyəsində əməkdaşlıq edirlər. "Patlamentlərarası münasibətlər yaxşı səviyyədədir. Çalışırıq, iqtisadi ticarət münasibətlərinin həcmini genişləndirək. Bunun üçün müqavilələr imzalanıb və imzalanacaq", - deyən səfir əlavə edib ki, iki ölkə arasında əlaqələrin daha da güclənib xalqlarımız arasında münasibətləri möhkəmləndirəcəyinə əmindir. İndi də gəlin Mərakeş Krallığı ilə qiyabi tanış olaq.

Ərəb-İslam Dünyasının bir parçası olan Mərakeş Afrikanın şimal-qərbində - Atlantik okeanı sahilində yerləşir. Ərazisi 447 min kvadratkilometr (Qərbi Səhranın birləşdirilmiş hissəsi ilə birlikdə 710 min kvadratkilometr), əhalisinin sayı 40 milyon nəfərə yaxındır. Paytaxtı Rabat şəhəridir. Təxminən, 10 min illik tarixi olan ölkədə aparılan arxeoloji qazıntılar zamanı 4 min il əvvələ aid müxtəlif əşyalar, daş üzərində rəsmlər aşkarlanıb. Eramızdan əvvəl II əsrdə isə artıq Finikiya tacirləri bura gələrək ticarət edirdilər. 

Mərakeş torpaqları antik dövrlərdə romalıların, eramızın əvvəllərində isə İspaniyadan gələn vandalların əsarətində olub. VII əsrdə isə bu torpaqlar Ərəb xilafətinin tərkibinə qatılır və 8-ci əsrdə ilk müsəlman hakimliyi qurulur - sultan birinci İdris tərəfindən idarə edilməyə başlanır. Daha sonra isə hakimiyyətə gələn sultan ikinci İdris Mərakeş şəhərinin əsasını qoyur və islam dünyasında ilk ali təhsil ocağı olan Keyruvan Universiteti qurulur.

Mərakeş uzun dövr ərzində ispanların, portuqalların əsarətində qalır. Son olaraq 1912-ci ildə ölkə ərazisinin şimalını İspaniya, qalan hissəsini isə Fransa işğal edir. Amma İkinci Dünya müharibəsindən sonra, ökədə başlanan azadlıq mübarizəsi nəticəsində, sultan V Məhəmmədin lideri olduğu İstiqlal Partiyası işğalçılara qarşı xalqın ciddi müqavimətini təşkil edir. 1953-cü ildə fransalı işğalçılar onu sürgünə göndərsə də, nəticə vermir. Xalqın ikiillik mübarizəsi nəticəsində, sultan V Məhəmməd azad olunur və taxta çıxır. 1956-cı ildə isə Mərakeş müstəqilliyini dünyaya elan edir. 1969-cu ildə İspaniya Atlantik okeanı sahilində yerləşən İfni düşərgəsini tərk edəndən sonra, Mərakeş indiki sərhədlərinə malik olur.

Mərakeş xalqının əksər hissəsi müsəlman ərəblərdir. Az sayda katolik fransızlar da var. Əvvəllər ölkədə 200 min yəhudi də yaşayıb, amma 1947-ci ildə İsrail qurulandan sonra çoxu ora köçüb. 

Ölkənin rəsmi dili ərəbcədir. Xalqın 70 faizi ərəb, 24 faizi bərbərdir. Rəsmi dairələrdə fransızcadan istifadə olunur, ölkənin şimal bölgələrində isə ispanca geniş yayılıb.

Mərakeş əhalisinin 40 faizi şəhərlərdə, qalanı kəndlərdə yaşayır. Az sayda köçərilər də var. Hazırda ölkə miqyasında əhalinin sürətlə şəhərlərə axımı prosesi gedir. Əhalisinin sayı 1 milyondan çox olan şəhərləri Kasablanka, Mərakeş, Fas, Meknes, Oujda, Sofi, Torger və Tetovandır.

16 əyalət və 2 valilikdən ibarət Mərakeş parlamentli monarxiyadır. Dövlətin başçısı kraldır və taxtda 1999-cu ildən VI Məhəmməd oturur. O, geniş səlahiyyətlərə malikdir. İcraedici hakimiyyətin başında kralın nəzarətindəki baş nazir dayanır.

Mərakeş iqtisadiyyatı ildə, təxminən, 3,6 faiz sürətlə inkişaf edir. Afrikada beşinci, amma dayanıqlılığına görə birinci iqtisadiyyata malik olan Mərakeş yatırımlar üçün dünyaya açıqdır. Kənd təsərrüfatında böyük uğurlar qazanılıb. Xüsusilə heyvandarlıq, buğda, arpa, qarğıdalı, üzüm, xurma, fıstıq, kartof, zeytun, tərəvəz əkinçiliyi yüksək səviyyədə inkişaf edib. Bu gün ölkədə emal sənayesi ümumdaxili məhsulun 13, kənd təsərrüfatı 12, mədən sektoru isə 4 faizini verməkdədir. Son dönəmlərdə tütün və pambıqçılıq da inkişaf etdirilir. İqtisadiyyatın sonrakı güclü sahələri mədən və emal sənayesidir. Mərakeş fosfat istehsalına görə, ABŞ və Çindən sonra dünyada üçüncüdür.

Hazırda Mərakeşdə əsas iş yerlərinin Kasablanka və rabat ətrafında cəmləndiyini nəzərə alan hökumət digər şəhər və əyalətlərdə də yeni iş yerləri yaratmaq üçün böyük layihələr həyata keçirməkdədir.

Ölkənin əsas ticarəti Kasablanka və Tanca limanları vasitəsilə icra olunur.

Mərakeş qərbdən Atlantik okeanı, şimaldan isə Aralıq dənizinin suları ilə əhatələnir. Ölkə qədim tarixi, füsunkar dəniz çümərlikləri və zəngin mədəniyyəti-mətbəxi ilə dünya turistlərinin diqqətindədir. Hər il milyonlarla əcnəbi turistin dincəldiyi bu ölkədə olmaq hər bir kəsin arzusudur.

1961-ci ildən başlayaraq Mərakeşdə sosial proqram icra olunmaqdadır və bunun üçün Milli Sosial Təhlükəsizlik Fondu qurulub. Ölkə miqyasında 50 ofisi və 5 min əməkdaşı olan fond xəstələrə, hamilə qadınlara, şikəstlərə, eləcə də qocalara və onların ailələrinə kömək edir.

Mərakeş Krallığı Azərbaycanın müstəqilliyini 30 dekabr 1991-ci ildə tanıyıb. 1992-ci il avqustun 25-də ölkələrimiz arasında diplomatic əlaqələr yaradılıb. 2006-cı ildən Azərbaycanın Rabatda, 2009-cu ildən isə Mərakeşin Bakıda səfirlikləri fəaliyyət göstərir. Hazırda Azərbaycanın Mərakeşdəki səfiri Tarik Əliyev, Mərakeşin Azərbaycandakı səfiri isə Adil Embarşdır.

1997-ci il martın 7-dən etibarən Milli Məclisdə Azərbaycan - Mərakeş parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. Hazırda İmamverdi İsmayılov işçi qrupun rəhbəridir.

Vüsal Tağıbəyli

P.S. Biz də “Həftə içi” qəzetinin kollektivi olaraq, bu bayram münasibətilə Mərakeşin ölkəmizdəki səfiri cənab Adil Embarşı və səfirliyin bütün diplomatlarını təbrik edirik.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
15.11.2018
14.11.2018