Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Gömrük yoxlamasında yenilik - "Bir inspektor - bir nəqliyyat vasitəsi" - REPORTAJ
Tarix: 06.08.2018 | Saat: 18:30:00
Bölmə:Reportaj | çapa göndər

Dövlət Gömrük Komitəsi (DGK) gömrük-sərhəd buraxılış məntəqələrində innovativ yeniliklərin tətbiqinə başlayıb. Bu yeniliklər sayəsində həm sərnişinlər, həm də yük və minik avtomobilləri fasiləsiz olaraq gömrük-sərhəd buraxılış məntəqələrindən keçə biləcəklər.

İlk dəfə Biləsuvarda "Qoşa Təpə" gömrük postunda tətbiq olunan pilot layihə ilə yerindəcə tanış olmaq üçün kütləvi informasiya vasitələrinin bir qrup nümayəndəsinin Azərbaycan Respublikasının İran İslam Republikası ilə dövlət sərhədində yerləşən Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postuna səfəri təşkil edilib.
Məqsəd media nümayəndələrinə gömrük prosedurlarının Vahid Avtomatlaşdırılmış İdarəetmə Sistemi (VAİS) ilə idarə olunmasını, sərhədkeçmə prosesini, gömrük nəzarəti prosedurlarını əyani şəkildə nümayiş etdirmək, bu proseslərin icrası zamanı şəffaflığın tam təmin edildiyi barədə bilgiləndirmək olub.

 

24 saatlıq iş rejimi olan məntəqə

Gömrük postundakı mövcud vəziyyət, tətbiq olunan yeniliklər və görüləcək işlər barədə ilk olaraq DGK-nın Biləsuvar Gömrük İdarəsinin rəisi Musa Mirzəli məlumat verib. O bu ilin may ayından etibarən məntəqənin 24 saatlıq iş rejiminə keçdiyini bildirib: “Minik və yük maşınlarının sürətli keçidini təmin etmək məqsədi ilə may ayından etibarən 24 saatlıq iş rejimində çalışırıq. İndi sutkanın istənilən saatında bu keçid məntəqəsi açıqdır. Tez-tez iki ölkə arasında danışıqlar aparılır, sərhəddə baş verənlər müzakirə olunur. Bu keçid məntəqəsi əməliyyat şəraiti gərgin olan məntəqə sayılır, çünki qanunsuz narkotik dövriyyəsi ilə bağlı faktlara daha çox burada rast gəlinir”.
Musa Mirzəli deyib ki, may ayından indiki dövrə qədər Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda narkotik vasitə və psixotrop maddələrlə bağlı 46 cinayət faktı qeydə alınıb: “Yanvar-may ayı ərzində narkotik vasitələrin və psixotrop maddələrin qaçamaqlçılığı ilə bağlı 38 fakt aşkarlanıb. Beş ayda 38 cinayət faktı qeyd alındığı halda may ayından indiki dövrə qədər 46 cinayət faktı qeydə alınıb. Təkcə iyul ayında 19 fakt aşkar edilib”.

 

“Bir pəncərə” ilə minimum vaxt

İlin istənilən vaxtında "Qoşa Təpə" gömrük postunda qələbəlikdir. Bundan əlavə, müalicə məqsədi ilə İrana üz tutanların sayının çox olması, iki ölkə arasındakı idxal-ixrac bu keçid məntəqəsində sıxlığa səbəb olur.
İndi isə vəziyyət asanlaşmağa doğru gedir - bir avtomobil, bir müfəttiş. Yenilik barədə jurnalistlərə DGK-nın Fəaliyyətin Qiymətləndirilməsi və İnkişaf Proqramları Baş İdarəsinin Texnoloji İnnovasiyalar İdarəsinin rəisi Azər Abasov məlumat verib. O bildirib ki, pilot layihə həm ölkəyə daxil olan, həm də xaricə gedən avtomobillərin növbə gözləmədən qısa zamanda gömrük buraxılış məntəqəsindən keçməsini təmin edir: “Bir inspektor - bir nəqliyyat vasitəsi" prinsipinə əsaslanan layihə "bir pəncərə" sistemi çərçivəsində reallaşdırılır. Layihəyə əsasən, bir nəqliyyat vasitəsinə aid olan prosedur bir inspektor tərəfindən həyata keçirilir və proses ümumilikdə 10-15 dəqiqəyə başa çatdırılır. Əvvəl isə 1 nəqliyyat vasitəsinin qeydiyyat proseduruna 4 və daha çox gömrük əməkdaşı cəlb olunurdu. Üstəlik, yeni layihə çərçivəsində qeydiyyat prosedurunun başa çatması sürücünün elektron imzası ilə təsdiqlənir”.
Məlumat verilib ki, gömrük postunda bütün proseslər informasiya-kommunikasiya texnologiyalarının tam tətbiqi ilə minimum vaxt ərzində, asan və şəffaf şəkildə həyata keçirilir. Ölkənin gömrük ərazisinə daxil olan nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanı xüsusi müşahidə kameraları ilə VAİS-ə daxil edilir və nəqliyyat vasitəsinin çəkisi müəyyən edildikdən sonra "bir pəncərə" sistemi vasitəsilə qeydiyyat işləri qısa zamanda başa çatdırılır. Fiziki baxış keçirildikdən sonra isə mexaniki-elektron kilidlə (GPS) təmin edilən nəqliyyat vasitəsi təyinat gömrük orqanına yola salınır və bu proses avtomobil və yükə dair sənədlər qaydasında olduğu halda qısa vaxt ərzində yekunlaşdırılır.

 

Yoxlama, fiziki baxış və itlərin nəzarəti

Daha sonra bütün deyilənlər əyani olaraq nümayiş etdirilib. A. Abasov jurnalistləri nəqliyyat vasitələrinin yoxlanılması prosesi ilə tanış edərək bildirib ki, yük maşınlarının öz çəkisi və əlavə çəkini müəyyənləşdirmək üçün xüsusi tərəzilərdən istifadə edirlər: “Minik avtomobilləri sərhəd buraxılış məntəqəsinə daxil olan kimi birbaşa xüsusi cihazlar vasitəsilə yoxlanışa gedir. Yük maşını çəkildikdən sonra məlumatlar qurumun xüsusi Vahid Avtomatlaşdırılmış İdarəetmə Sisteminin (VAİS) bazasına yüklənir. Daha sonar sürücü sənədləri ilə birlikdə “bir pəncərə” sistemi üzrə yaxınlaşır elektron qeydiyyat terminalına. Orada xarici pasportunu sistemə yaxınlaşdıraraq şəxsi məlumatlarını bazadan tapır. Məlumatları təsdiqlədikdən sonar sürücü gəldiyi ölkəni, getdiyi ölkəni qeyd edərək “ok” düyməsini sıxır və növbə üzrə sərnişin bəyannaməsi alır. Daha sonra əməkdaşlar sənədlərinə baxış keçirdikdən sonra sürücünün iştirakı ilə maşına fiziki baxış keçirilir. Bunun səbəbi maşında sənədlərdə qeyd edilməyən əlavə gizli malların keçirilmə ehtimalının qarşısını almaqdır”.
Bu istiqamətdə gömrük əməkdaşlarına həm də qurumun Kinoloji Xidmətində saxlanılan itlər də köməklik göstərir. Avtonəqliyyat vasitələrinə baxış zamanı xüsusi təlim görmüş itlərdən istifadə olunur.
Yoxlama bitdikdən sonra avtomobil GPS qurğusu ilə təmin olunaraq yola salınır. GPS xidmətinin əsas funksiyası nəqliyyat vasitəsinin təhlükəsiz şəkildə təyinat məntəqəsinə çatmasını izləməkdən ibarətdir. Belə ki, nəqliyyatın trayektoriyası hədəf mərkəzindən izlənilir.

 

Gömrük cərimələrinin ödənilməsində yenilik

"Qoşa Təpə"gömrük postunda bəzi hallarda müşahidə olunan sıxlığın səbəbləri də jurnalistlərə izah olunub. Bildirilib ki, səbəb bəzi günlərdə hər iki istiqamətdə sərnişin axınının normadan artıq olması və fiziki şəxslər tərəfindən Nazirlər Kabinetinin 305 saylı qərarının tələbləri pozularaq qanunvericilikdə nəzərdə tutulandan çox ərzaq məhsullarının və digər malların gömrük sərhədindən keçirilməsinə cəhdlərin edilməsidir.
Qeyd edək ki, "Qoşa Təpə" gömrük postundan iyul ayında ümumilikdə 14 min 388 nəqliyyat vasitəsi keçib. Bir günün statistikasına nəzər salsaq, təkcə avqust ayının 2-də "Qoşa Təpə postunun idxal və ixrac xəttindən ümumilikdə 643 nəqliyyat vasitəsi keçib.
Sözgüdən postda yük nəqliyyat vasitələrinin sərhədkeçmə prosesini daha da sürətləndirmək məqsədilə yeni pilot layihənin tətbiqinə başladığı diqqətə çatdırılıb.Yeniliklərdən biri də budur ki, əvvəl gömrük qaydalarını pozan nəqliyyat vasitələri üzrə tətbiq edilən cərimələri yalnız banklar vasitəsilə ödəmək mümkün idisə, hazırda "ASAN Pay" və digər elektron ödəmə sistemləri vasitəsilə də ödənişləri həyata keçirmək olur. Bu isə vətəndaşların ödəniş zamanı vaxt itkisinin qarşısını almağa kömək edəcək.

 

Gömrük postlarında poçtların sayı artırıla bilər

DGK gömrük postlarında poçt məntəqələrinin sayını artırmaq üçün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə müraciət edib.
A.Abasov deyib ki, hazırda gömrük postlarında bir poçt məntəqəsi mövcuddur ki, bu da vətəndaşların yubanmasına səbəb olur: “Nazirliyə edilən təklif ilə bütün gömrük postlarının idxal və ixrac xətlərinin hər birində poçt məntəqələrinin yaradılmasına nail olmaq istəyirik. Bununla da hər gömrük postunda ümumilikdə iki poçt məntəqəsi olacaq ki, bu da sürətli keçid üçün daha əlverişli imkan yaradacaq”.

 

Üç ölkə ilə informasiya mübadiləsinə başlanılıb

A.Abasov Dövlət Gömrük Komitəsinin Ukrayna, Gürcüstan və İranın gömrük xidməti ilə qarşılıqlı informasiya mübadiləsinə başladığını da deyib. O bildirib ki, qarşılıqlı informasiya mübadiləsinə əsasən adıçəkilən ölkələrdən çıxan yük avtomobilləri ilə bağlı məlumatlar daha əvvəldən Dövlət Gömrük Komitəsinə bildirilir və bu da əlavə vaxt itkisinin qarşısını alır. A.Abasov qeyd edib ki, bu cür əməkdaşlıq Türkiyə və Rusiya ilə də həyata keçiriləcək. Hazırda iki ölkəylə də bu mübadilə test rejimindədir və bir ay ərzində tətbiqi nəzərdə tutulur.

Naibə Qurbanova
Bakı-“Qoşa Təpə”-Bakı



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
15.11.2018
14.11.2018