Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Magistratura pilləsinə boş qalan yerlər
Tarix: 08.08.2018 | Saat: 18:30:00
Bölmə:KİVDF | çapa göndər

Hansı halda bakalavrların boş qalan yerlərə keçirilən müsabiqədə iştirak etmək hüququ yoxdur?


2018/2019-cu tədris ili üçün ölkəmizin ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarının boş qalan yerlərinə ixtisas seçimi davam edir. Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, dünən saat 12.00-a olan məlumata əsasən, Azərbaycan bölməsi üzrə 214, rus bölməsi üzrə 6 bakalavr olmaqla, cəmi 220 bakalavr ixtisas seçimi ərizəsini təsdiq edib. “Bakalavrın elektron ixtisaslaşma seçimi ərizəsi”ndə ixtisasın seçilməsi və təsdiqi avqustun 13-ü saat 23.59-da başa çatacaq.


Qeyd edək ki, ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarının boş qalan yerlərinə ixtisaslaşma seçimi avqustun 7-dən başlayıb. Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, 2018/2019-cu tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) magistraturalarının boş qalan yerlərinə qəbul 25 fevral və 3 iyun 2018-ci il tarixlərində keçirilmiş ikimərhələli qəbul imtahanında toplanılmış ballar əsasında müsabiqə yolu ilə aparılır.
Cari ildə ali təhsil müəssisələrinin magistraturalarına yerləşdirilmiş bakalavrların boş qalan yerlərə keçirilən müsabiqədə iştirak etmək hüququ yoxdur.
Bakalavrlar boş qalan yerlərə keçirilən müsabiqədə iştirak etmək üçün 2018-ci il 7 avqust saat 09:40-dan 13 avqust saat 23:59-dək DİM-in internet saytının müvafiq səhifəsinə (https://www.e-gov.az/az/services/read/3149/0?tqdk_xdm=61) daxil olub, seçdiyi ixtisaslaşmaların kodlarını “Bakalavrın elektron ixtisaslaşma seçimi ərizəsi”ndə qeyd edib təsdiqləməlidirlər.
Boş qalan yerləri olan ixtisaslaşmaların siyahısı “Magistr” jurnalının 6-cı sayında dərc olunub. Hər bir bakalavr imtahan verdiyi proqrama aid və bitirdiyi bakalavr ixtisasına müvafiq olan 20-dək ixtisaslaşma kodunu seçə bilər.


Bakalavr ixtisaslaşma kodlarının sayını və ardıcıllığını istədiyi kimi seçib ərizəsini təsdiq edir. Seçilmiş ixtisaslaşmaların ərizə formasında göstərilən ardıcıllığı müsabiqə zamanı hüquqi əsas kimi qəbul olunur və bakalavr topladığı bala əsasən müsabiqədən keçdiyi ixtisaslaşmaların birincisinə yerləşdirilir.
Dövlət hesabına magistraturada təhsil almış magistrlər dövlət sifarişi ilə qəbul aparılan yerləri seçə bilməzlər. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, qüvvədə olan qanunvericilikdə və dövlətlərarası razılaşmalarda digər hallar nəzərdə tutulmayıbsa, dövlət sifarişi ilə qəbul aparılan yerləri seçə bilməzlər.
Bakalavrlar DİM-in nəşrlərinin elektron versiyalarının onlayn satışı sistemindən istifadə edərək kredit kartı vasitəsilə ödəniş etməklə “Magistr” jurnalının 6-cı sayının elektron versiyasını (http://eservices.dim.gov.az/ejurnal/) da əldə edə bilərlər.
Xatırladaq ki, “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul Qaydaları”na görə, ali təhsil müəssisələrinin və elmi təşkilatın magistraturalarına qəbul olmaq hüququna bakalavrlar və digər ali təhsilli şəxslər (bakalavrlar) malikdirlər. Magistraturada təhsil dövlət sifarişi əsasında (dövlət büdcəsinin vəsaiti hesabına) və ya ödənişli əsaslarla həyata keçirilir. Dövlət ali təhsilin magistratura səviyyəsində qanunvericiliyə uyğun olaraq, təhsilalanların yalnız bir dəfə pulsuz təhsil almaq hüququnu təmin edir. Bakalavrların müvafiq tədris ilində biliyin qiymətləndirilməsi üzrə keçirilən imtahanda (qəbul imtahanında) əldə etdikləri nəticələrə əsasən, Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi (Mərkəz) tərəfindən müsabiqə yolu ilə həyata keçirilir. Ali təhsil müəssisələrində və elmi təşkilatda təhsil alan magistrantlar (buraxılış kurslarında təhsil alanlar istisna olmaqla) magistraturaya qəbul üçün müsabiqədə iştirak edə bilməzlər. Müsabiqədə iştirak ödənişlidir.


Magistraturaya qəbul imtahanı Mərkəz tərəfindən mərkəzləşdirilmiş qaydada iki mərhələdə keçirilir. Bura bakalavrın ümumi intellekt səviyyəsinin (məntiqi təfəkkürünün), informatika və xarici dil üzrə biliklərinin qiymətləndirilməsi imtahanı və ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanı daxildir. Birinci mərhələdə bakalavrların imtahan verəcəyi xarici dil qaydalar nəzərə alınmaqla, bakalavr tərəfindən müəyyənləşdirilir və “Bakalavrın elektron ərizəsi”nə daxil edilir. Başqa sözlə, tədrisi Azərbaycan dilində olan ixtisaslaşmalara qəbul olmaq istəyən bakalavrlar ingilis, alman, fransız və ya rus dilini seçə bilərlər. Tədrisi rus dilində olan ixtisaslaşmalara qəbul olmaq istəyən bakalavrlar ingilis, alman və ya fransız dilini seçə bilərlər. Tədrisi ingilis (alman) dilində olan ixtisaslaşmalara qəbul olunmaq istəyən bakalavrlar xarici dil kimi yalnız ingilis (alman) dilini seçməlidirlər. Filologiya ixtisasının Azərbaycan dili və Azərbaycan ədəbiyyatı, habelə tarix ixtisasının tədrisi Azərbaycan dilində olan ixtisaslaşmalarına qəbul olmaq istəyən bakalavrlar xarici dil kimi ərəb və ya fars dilini də seçə bilərlər. Filologiya (xarici dil və ədəbiyyat), xarici dil və ədəbiyyat müəllimliyi, xarici dil müəllimliyi və tərcümə ixtisasları üzrə ixtisaslaşmalara qəbul olmaq istəyən bakalavrlar ixtisaslaşma dilini xarici dil kimi seçə bilməzlər. Regionşünaslıq (Amerikaşünaslıq), regionşünaslıq (ABŞ və Kanada üzrə), ölkəşünaslıq (Böyük Britaniyaşünaslıq) ixtisaslaşmalarına qəbul olmaq istəyən bakalavrlar xarici dil kimi yalnız ingilis dilini, ölkəşünaslıq (Almaniyaşünaslıq) ixtisaslaşmasına qəbul olmaq istəyən bakalavrlar yalnız alman dilini, ölkəşünaslıq (Fransaşünaslıq) ixtisaslaşmasına qəbul olmaq istəyən bakalavrlar isə yalnız fransız dilini seçməlidirlər.
Yeri gəlmişkən, bu il Dövlət İmtahan Mərkəzi magistr olmaq istəyən bakalavrlara müəyyən güzəşt edib. Belə ki, bakalavrların çoxsaylı müraciətləri, eləcə də gələcəkdə müəyyən ixtisaslaşmalar üzrə müsabiqə vəziyyətinin yaranmasının təmin edilməsi nəzərə alınaraq ümumi müsabiqə şərtini ödəyən, lakin fənlər üzrə minimal bal tələbini ödəməyən bakalavrların magistraturaya imtahanın ikinci mərhələsinə buraxılması barədə qərar qəbul olunub.


Qeyd edək ki, 40-65 bal intervalında 359 (30-65 bal intervalında isə 717 bakalavr) bakalavr birinci mərhələ üzrə müsabiqə şərtini ödəsə də, hansısa imtahan fənni üzrə tələb olunan minimal balı ödəməmişdir. Onlardan 200 nəfərə yaxın bakalavr Dövlət İmtahan Mərkəzinə ərizə ilə müraciət edərək imtahanın II mərhələsinə buraxılmalarını xahiş ediblər. Lakin bu bakalavrlar imtahanın II mərhələsinə buraxılsa da, ixtisas seçimi zamanı onlara yalnız ödənişli ixtisasları seçmək imkanı verilir.
Məlumat üçün onu da bildirək ki, bu ilin əvvəlində Nazirlər Kabineti tərəfindən “Ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların (ixtisaslaşmaların) Təsnifatı”da dəyişikliklər edib. Qərara əsasən ali təhsilin magistratura səviyyəsi üzrə “ Humanitar və sosial ixtisaslar qrupu” bölməsində “İnzibati hüquq, inzibati proses, iqtisadi və maliyyə hüququ”, “Tibbi hüquq”, “ Əqli mülkiyyət hüququ”, “ Əmək hüququ: sosial təminat hüququ”, “ İdman hüququ” və “Turizm hüququ” ixtisasları yaradılıb. Eyni zamanda “Mədəniyyət və incəsənət ixtisasları qrupu” bölməsində “ Musiqi texnologiyaları”, “İqtisadiyyat və idarəetmə ixtisasları qrupu” bölməsində “Davamlı inkişafın siyasi idarə edilməsi”, “Davamlı inkişafda insan potensialı”, “Davamlı inkişafın planlaşdırılması”, “Davamlı insan inkişafı” və “Davamlı inkişafda təbii ehtiyatların idarə edilməsi”, “Təbiət ixtisasları qrupu” bölməsində “Kosmologiya”,“ Səhiyyə, rifah və xidmət ixtisasları qrupu” bölməsində “Gənclərlə iş” ixtisasları yaradılıb.

Sevinc

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında hazırlanıb.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
15.10.2018
14.10.2018