Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Xəzərin statusunun müəyyənləşdirilməsində Prezident İlham Əliyevin rolu böyükdür - RƏYLƏR
Tarix: 13.08.2018 | Saat: 11:26:00
Bölmə:Gündəm | çapa göndər

Avqustun 12-də Qazaxıstanın Aktau şəhərində Xəzəryanı dövlətlərin dövlət başçılarının V Zirvə toplantısında sənədlərin imzalanması mərasimi olub. Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanı Azərbaycan Prezidenti İlham Əliyev, Qazaxıstan Prezidenti Nursultan Nazarbayev, Rusiya Prezidenti Vladimir Putin, İran Prezidenti Həsən Ruhani və Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov imzaladılar.

Bundan əlavə, Xəzəryanı dövlətlərin müvafiq qurumlarının rəhbərləri tərəfindən bu Konvensiyadan irəli gələn digər mühüm sənədlər - Xəzər dənizində mütəşəkkil cinayətkarlığa qarşı mübarizə sahəsində əməkdaşlıq haqqında Protokol, Xəzəryanı dövlətlərin hökumətləri arasında ticari-iqtisadi əməkdaşlıq haqqında Saziş, Xəzəryanı dövlətlərin hökumətləri arasında nəqliyyat sahəsində əməkdaşlıq haqqında Saziş, Xəzər dənizində insidentlərin qarşısının alınması haqqında Saziş və sərhəd xidməti idarələrinin əməkdaşlığı və qarşılıqlı əlaqələri haqqında Protokol imzalandı.

Sammitin yekunlarına dair keçirilən mətbuat konfransında Azərbaycan Prezidenti İlham Əliyev bildirdi ki, Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın imzalanması tarixi əhəmiyyətli sənəddir.

Azərbaycan bu sənədin hazırlanmasının bütün mərhələlərində konstruktiv işləyib və digər Xəzəryanı ölkələr kimi bu sənədin imzalanmasına öz töhfəsini verib: "Xəzər dənizinin ümumi hüquqi rejimini müəyyənləşdirən bu mühüm sənədi bu gün imzaladığımız üçün həmkarlarıma fəal işlərinə görə təşəkkürümü bildirmək istərdim.

Konvensiya imzalanana qədər də bizim ikitərəfli və çoxtərəfli münasibətlərimiz kimi Xəzər təhlükəsizlik, sabitlik dənizi və Xəzərdə sabitliyin və təhlükəsizliyin qarantı idi. Xəzəryanı ölkələr arasında yüksək səviyyədə əməkdaşlıq, etimad və qarşılıqlı fəaliyyət mövcuddur və bu da təhlükəsizliyin və sabitliyin başlıca qarantıdır.

Bu gün Xəzərdə təhlükəsizlik və sabitlik bizim imzaladığımız Konvensiya ilə müəyyən olunur. Təbii ki, bu, Xəzəryanı ölkələrin sıx qarşılıqlı fəaliyyəti, iqtisadi, nəqliyyat xarakterli məsələlərin, xalqlarımızın həyat səviyyəsinin yaxşılaşmasına kömək edəcək məsələlərin həlli üçün geniş perspektivlər açır".

Dövlət başçısının sözlərinə görə, Azərbaycan nəqliyyat infrastrukturuna fəal surətdə sərmayə yatırır və reallaşdırdığımız layihələr bu gün bizə Xəzəri mühüm nəqliyyat arteriyası kimi nəzərdən keçirməyə imkan verir. Azərbaycanın Qazaxıstana və Türkmənistana öz tranzit xidmətlərini təqdim etdiyi Şərq-Qərb dəhlizi, Azərbaycandan keçməklə İran və Rusiya arasında tranzitin reallaşdırıldığı Şimal-Cənub dəhlizi – bunlar iqtisadi əməkdaşlığı möhkəmləndirən, yeni iş yerləri yaradan, bizi bir-birimizə yaxınlaşdıran, sabitliyin və təhlükəsizliyin möhkəmlənməsinə şərait yaradan layihələrdir:

"Əlbəttə, bugünkü imzalanma mərasimi qarşımızda yeni perspektivlər açır. Biz əməkdaşlığı davam etdirmək niyyətindəyik. Azərbaycan bütün Xəzəryanı ölkələrlə çox sıx etimada, qarşılıqlı, bərabərhüquqlu maraqların nəzərə alınmasına, ərazi bütövlüyünə hörmətə və bütün ölkələrin suverenliyinə əsaslanan münasibətlərə malikdir. Bütün Azərbaycan xalqı adından gələcəkdə ölkələrimizin hamısının uğurlu inkişafında böyük rol oynayacaq bu mühüm sənədi, nəhayət, imzaladığımız üçün böyük məmnunluğumu ifadə etmək istərdim".
Dövlət başçısının məlum bəyanatından da göründüyü kimi, Konvensiya hərtərəfli formada Azərbaycanın milli maraqları ilə tam üstüstə düşür.

Bəs siyasi ekspertlər bu barədə nə fikirləşir?

Qazaxıstanın Aktau şəhərində Xəzəryanı dövlətlərin dövlət başçılarının V Zirvə toplantısında " Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya "nın imzalanması tarixi hadisədir. Bu fikirləri hafta.az-a millət vəkili Aydın Mirzəzadə deyib.

Onun sözlərinə görə, Xəzər dənizinin statusu barədə ümmumi razılğa gəlmə regionu sülh, iqtisadi inkişaf və dostluq reginuna çevirir. Beş dövlətin maraqlarına cavab verən statusun əldə edilməsində Azərbaycanın, onun lideri cənab İlham Əliyevin rolu böyükdür: "Xəzərin hüququ statusu həll edildi, növbədə işğal altında olan torpaqlarımızın azad edilməsi məsələsidir".

Milli Məclisin deputatı, ekspert Rasim Musabəyovun sözlərinə görə isə, Xəzərin hüquqi statusunun müəyyənləşdirilməməsi Azərbaycana geniş neft-qaz layihələrini reallaşdırmaqda maneə yaratmasa da, Türkmənistan və İranla mübahisələr həmişə münaqişə və silahlı qarşıdurma həddinə çata bilərdi:

"Əgər Rusiya, Qazaxıstan v Azərbaycan Xəzərin şimalında razılığa gələ bilmişdilərsə, cənubda buna nail olmaq mümkün olmamışdı". Ekspertin sözlərinə görə, artıq gündəmdə yeni iqtisadi layihələrin reallaşdırılması olacaq: "Bu baxımdan Azərbaycan üçün geniş iqtisadi imkanlar açılır ki, milli sektorda yeni standartların müəyyənləşdirilməsi, Xəzərdə ekoloji mühitin qorunmasına yardım edəcək".

Aktauda Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi ilə bağlı sazişin imzalanması Bakı və sahilyanı ölkələrin əməkdaşlığı üçün geniş imkanlar açır" - bunu isə politoloq Arzu Nağıyev deyir.

Onun sözlərinə görə, bu məsələ ilə bağlı danışıqlar 1996-cı ildən davam edirdi: "Təbii ki, sənəddə bəzi məqamlar Qərb və müəyyən dövlətlərin ürəyincə deyil. Lakin əsas məsələ Xəzərdə hərbi balansın qorunması və regiona daxil olmayan qüvvələrin dənizdə iştirakının olmamasıdır".

Politoloq Elxan Şahinoğlu isə deyir ki, bugünə qədər Xəzər sahili dövlətlərin prezidentlərinin 4 sammiti keçirilmişdi. Bu sammit daha vacib idi. Çünki 22 ildən çox davam edən danışıqlardan sonra Aktauda Xəzərin statusu müəyyənləşdi: "Konvensiyanı Xəzərin Konstitusiyası kimi də qiymətləndirmək olar. İmzalanan Konvensiyaya görə Xəzər nə dənizdir, nə də göldür. Bu, dünya dəniz tarixində yenilikdir. Xəzəri dəniz adlandırmaq ona görə mümkün deyil ki, okeanlara çıxışı yoxdur. Eyni zamanda su tutumu və coğrafi baxımdan Xəzər göl də deyil.

Ekspert "Xəzərin statusunun müəyyənləşdirilməsi niyə bu qədər vacib idi?" sulını aşağıdakı kimi əsaslandırır: "Birincisi, İran əvvəllər Xəzərin bərabər hissələrə bölünməsini istəyirdi. Bu, statusun müəyyənləşməsinə ən böyük maneə idi. Ona görə də danışıqlar uzun illər nəticə vermədi. Nəhayət, İran öz mövqeyindən geri çəkildi. Yeni Konvensiyaya görə, hər bir dövlət Xəzər sahilindən 15 mil məsafəyə malik olacaq. Bundan başqa, sahil dövlətləri 10 mil məsafədə balıq tutma hüququna malikdirlər. Qalan ərazilər ümumi istifadədə olacaq. Bu, Xəzərin üst hissələrinə aiddir.
İkincisi, Konvensiyaya görə, dəniz sahili ölkələri öz aralarında razılaşsalar, Xəzərin dibi ilə boru xətləri çəkilə bilər. Ancaq digər sahil ölkələri də bundan xəbərdar edilməlidir və dənizin ekologiyasına zərər vurulmamalıdır. Demək, bundan sonra Türkmənistanla Azərbaycan arasında Xəzərin dibi ilə Transxəzər boru xətti tikilə bilər.
Üçüncüsü, Xəzər sahili ölkələri başqa dövlətlərin hərbi gəmilərinin dənizə çıxışına imkan verməməlidir. Digər tərəfdən, Xəzər sahili ölkələri arasında dəniz qüvvələrinin əməkdaşlığı daimi əsasda olmalıdır. Aydındır ki, bu bəndlərin Konvensiyaya daxil edilməsinə daha çox Rusiya və İran çalışıblar. Çünki Moskva və Tehran ABŞ-ın və NATO-nun Azərbaycan və Qazaxıstanla hərbi əməkdaşlığından narahatdır. Moskvayla Tehran ABŞ və NATO qüvvələrinin Azərbaycan və Qazaxıstan vasitəsilə Xəzər dənizində də fəallaşa biləcəyindən ehtiyat edirdi. Ancaq Bakının və Astananın ABŞ və NATO ilə hərbi əməkdaşlığı kater və lojistik ləvazimatlar alınması ilə məhdudlaşırdı. Ona görə də Astana və Bakı Rusiyayla İranın “Xəzərdə başqa dövlətlərin hərbi gəmiləri olmasın” bəndini qəbul etdilər.
Dördüncüsü, Xəzərin statusunun müəyyənləşməsi Çinin Bakı-Tbilisi-Qars dəmiryoluna marağını artıra bilər. Bu, Azərbaycan üçün çox vacibdir. Çinin Avropaya nəql etdiyi malların cəmi 10 faizinin Bakı-Tbilisi-Qars dəmiryoluna istiqamətləndirməsi kifayətdir ki, bu layihə tam gücü ilə işləsin. Xəzərdə mübahisələrin həlli və birgə əməkdaşlığın formalaşdırılması Bakı-Tbilisi-Qars dəmiryoluna marağı artıracaq.
Buna baxmayaraq, imzalanan konvensiya sahil dövlətləri arasında Xəzərin dibinin bölüşdürülməsi məsələsini həll etmir. Xəzərin dibi sahil dövlətlərin arasında beynəlxalq hüquq prinsiplərinə görə bölünməli və müvafiq sazişlər imzalanmalıdır. Azərbaycanın ən böyük problemi də məhz Xəzərin dibi ilə bağlıdır. Azərbaycanın Xəzərin dibinin bölüşdürülməsi ilə bağlı Rusiya və Qazaxıstanla ikitərəfli sazişləri var. Ancaq Azərbaycanın Türkmənistanla və İranla oxşar sazişi yoxdur. Çünki Aşqabad və Tehran Xəzərin dibindən daha çox pay istəyirlər.
ABŞ-ın İrana qarşı sanksiyaları güclənib. Bir çox Qərb şirkəti İranı tərk edir. Bu amillər İran iqtisadiyyatına mənfi təsir edir. Belə vəziyyətdə İran Xəzərin statusu ilə bağlı sahil ölkələri ilə mübahisəni davam etdirə bilməzdi. İrana tərəfdaş dövlətlər lazımdır. Ona görə də sonda Xəzərdəki iddiasından geri çəkildi. İndi rəsmi Bakı elə etməlidir ki, Tehran Xəzərin dibinin bölüşdürülməsi ilə bağlı da Azərbaycanla saziş imzalasın. ABŞ-ın İrana qarşı sanksiyalarına baxmayaraq, Azərbaycan İranla iqtisadi və ticarət əməkdaşlığından, həmçinin İrana qoyduğu investisiyalardan imtina etmir. Ona görə də Tehran Bakının bu siyasəti qarşılığında Xəzərin dibinin bölüşdürülməsi ilə bağlı Azərbaycanla razılığa gəlməlidir. Əks halda, Azərbaycan-İran münasibətləri ideal olmayacaq.
Xəzərin statusu müəyyənləşəndən sonra Azərbaycanın Türkmənistanla razılığa gəlməsi daha realdır. Türkmənistan öz qazını Avropaya nəql etmək istəyirsə, bunun üçün Azərbaycanla razılığa gəlməli və Xəzərin dibi ilə boru xəttinin tikintisini sürətləndirməlidir. Xəzərdə Azərbaycanla Türkmənistan arasında mövcud olan mübahisəli “Kəpəz” (türkmənlər onu “Sərdar” adlandırır) yatağı isə birgə işlədilməlidir.
Beləliklə, Azərbaycanla Türkmənistan arasında mübahisəni davam etdirəcək faktor olmamalıdır. Xəzərin dibi ilə boru xəttinin tikintisini Türkmənistandan və Azərbaycandan başqa Türkiyə, Avropa İttifaqı və ABŞ da istəyir.
Xəzərin statusu ilə bağlı Konvensiyanın imzalanması və gələcəkdə Azərbaycanın İran və Türkmənistanla Xəzərin dibinin bölüşdürülməsinə dair sazişlərin imzalanması bölgədə yeni əməkdaşlıq – Azərbaycan, Rusiya, Qazaxıstan, Türkmənistan və İran formatını gücləndirəcək. Bu, hər bir sahil dövləti üçün faydalı institusional formata çevrilə bilər. Bu format imzalanan Konvensiyadan sonra gələcəkdə Xəzərdə başqa layihələri də gündəmə gətirə bilər".
Azad Əliyev



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
18.09.2018
17.09.2018