Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Reabilitasiya kursu keçən daha dörd gənc yüksək bal toplayıb
Tarix: 14.08.2018 | Saat: 19:15:00
Bölmə:KİVDF | çapa göndər

Uşaq Bərpa Mərkəzində uşaqların tədris-peşə reabilitasiyası üçün də ayrıca şöbə fəaliyyət göstərir

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Uşaq Bərpa Mərkəzində reabilitasiya kursu keçən daha dörd gənc - Xeyransa Rüstəmova (Neftçala rayonu), Emin Abbasov (Quba rayonu), Həbibə Ələkbərova (Gəncə şəhəri) və Elxan Qələndərov (Bakı şəhəri) ali təhsil müəssisələrinə qəbul imtahanlarında uğurlu nəticə göstəriblər. Xeyransa imtahanlarda 524 bal, Həbibə 461 bal, Emin 431 bal və Elxan 279 bal toplayıblar. Həmin gənclər vaxtaşırı olaraq mərkəzdə stasionar şəraitdə bərpa müalicə xidmətləri ilə təmin edilirlər. Mərkəzdə bərpa müalicəsi alan daha bir neçə gənc isə orta-ixtisas təhsili müəssisələrinin tələbələri sırasına qoşulub.

Sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqlar üçün nəzərdə tutulan və müasir tələblərə uyğun reabilitasiya şəraitinin yaradıldığı Uşaq Bərpa Mərkəzində uşaqların tədris-peşə reabilitasiyası üçün də ayrıca şöbə fəaliyyət göstərir. Burada müəyyən müddət ərzində stasionar şəraitdə bərpa müalicə kursunda olan uşaqların təhsildə geri qalmamaları üçün xüsusi müəllimlər tərəfindən tədris işləri aparılır. Eləcə də uşaqlar musiqi və əmək terapiyasına cəlb olunur, onlarda əl işləri hazırlamaq bacarıqları, əmək vərdişləri formalaşdırılır.
Cari ilin 7 ayında Uşaq Bərpa Mərkəzində 1832 uşağa (o cümlədən 705 nəfər stasionar, 1127 nəfər ambulator qaydada) reabilitasiya xidmətləri göstərilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində fəaliyyət göstərən Bakı Uşaq Bərpa Mərkəzi sağlamlıq imkanları məhdud uşaqların tibbi, sosial, tədris-peşə reabilitasiyasını həyata keçirir.
Mərkəzin məqsədi tibbi, sosial, tədris-peşə reabilitasiya tədbirlərinin aparılması yolu ilə sağlamlıq imkanları məhdud uşaqların sosial stasunun bərpa edilməsini və onların cəmiyyətə inteqrasiyasını təmin etməkdir. Mərkəzin əsas vəzifə və funksiyaları sağlamlıq imkanları məhdud uşaqların tibbi, psixoloji, tədris-peşə diaqnostikasını təyin etmək, onların reabilitasiya potensialını təyin etmək, tibbi, sosial, tədris-peşə reabilitasiyasını həyata keçirmək, həmçinin, onların şəxsiyətinin korreksiyası məqsədi ilə kompleks psixoloji, pedaqoji tədbirlərin həyata keçirilməsidir.
Mərkəzə rəhbərliyi Əmək və Əhalinin Sosial Müdafiəsi naziri tərəfindən vəzifəyə təyin və azad olunan baş həkim həyata keçirir. Mərkəz 2003-cü ilin oktyabr ayından etibarən fəaliyyət göstərir.
Mərkəzə qəbul tibbi-sosial ekspertiza komissiyaları, müalicə-profilaktika müəssisələri və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin göndərişləri əsasında həyata keçirilir. Xəstələrin reabilitasiyası stasionar və ambulator olaraq aparılır.
Mərkəzdə 3 şöbə fəaliyyət göstərir: informasiya-məsləhət və tədris şöbəsi; tibbi-sosial reabilitasiya şöbəsi; funksional diaqnostika şöbəsi.

Bakı Uşaq Bərpa Mərkəzi Yaponiya istehsalı olan müasir diaqnostika aparatları və avadanlıqları ilə təchiz edilmişdir. Bunlara ən müasir rentgen aparatı, elektroensefaloqrafiya aparatı, elektrokardioqrafiya aparatı, elektromioqraf aparatı, ultrasəslə müayinə aparatı, spiroqraf, çoxlu sayda fizioterapevtik avadanlıqlar, müalicəvi vannalar, müxtəlif idman qurğuları və s. göstərmək olar. Reabilitasiya planına uyğun olaraq, xəstələrin kompleks şəkildə müalicəsi aparılır. Buraya kinezoterapiya (müalicəvi bədən tərbiyəsi), fizioterapiya (elektrostimulyasiya, induktotermiya, fonofarez, elekrofarez, ultrasəslə müalicə, lazer müalicəsi, müalicəvi vannalar, parafinlə müalicə və s.), masaj, hovuz müalicəsi, psixoterapiya, loqoped işi, əmək terapiyası, musiqi terapiyası, əl əməyi işi və s. aiddir.
Tədris-peşə reablitasiyası Mərkəzin fəaliyyətində xüsusi əhəmiyyət daşıyır. Burada müəyyən tədris metodikaları həyata keçirilir, musiqi terapiyası aparılır, həmçinin əmək terapiyası aparılmaqla sağlamlıq imkanları məhdud uşaqlara xüsusi əmək vərdişləri aşılanır. Çoxlu sayda sağlamlıq imkanları məhdud uşaqlar müxtəlif əl işləri ilə məşğul olaraq xüsusi bacarıq nümayiş etdirirlər.
Bakı Uşaq Bərpa Mərkəzi mütəmadi olaraq Respublika Uşaq Nevroloji Xəstəxanası, Respublika Uşaq Klinik Xəstəxanası, Respublika Uşaq Ruhi-Əsəb Dispanseri, Respublika Protez və Ortopediya Mərkəzi, Respublika Əlillərin Bərpa Mərkəzi, həmçinin, rayon və şəhər uşaq tibb müəssisələri ilə sıx əlaqələr saxlayır. Mərkəz uşaq əlilliyi reabilitasiyası sahəsində qabaqcıl təcrübələrin öyrənilməsi əsasında yeni reabilitasiya metodları hazırlayır və təcrübədə müvəffəqiyyətlə həyata keçirir.
Ümumiyyətlə, Azərbaycanda sağlamlıq imkanları məhdud uşaqların təhsil almaq hüquqlarının təmini sahəsində çox ciddi addımlar atılmaqdadır. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 19 yanvar tarixli 995 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planı”nın 1.4-cü bəndində sağlamlıq imkanları məhdud şəxslərin inkişafı və inklüziv təhsili üzrə dövlət proqramının hazırlanması, təsdiqi və həyata keçirilməsi nəzərdə tutulmuşdur. Sağlamlıq imkanları məhdud uşaqların digər uşaqlarla birgə təhsilə (inklüziv təhsilə) cəlb olunması üçün “2018-2024-cü illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı”nın (bundan sonra - Dövlət Proqramı) həyata keçirilməsi zəruridir.

Dövlət Proqramının məqsədi sağlamlıq imkanları məhdud şəxslərin təhsil hüququnu təhsilin bütün pillələri üzrə digər şəxslərlə bərabər səviyyədə təmin etməkdən və onların təhsili üçün maneəsiz mühit yaratmaqdan ibarətdir.
Dövlət Proqramının əsas vəzifələri aşağıdakılardır:
Sağlamlıq imkanları məhdud şəxslərin təhsilin bütün pillələri üzrə inklüziv təhsil hüququnu təmin etmək məqsədi ilə normativ hüquqi aktların təkmilləşdirilməsi;
Təhsil müəssisələrinin və tədris proqramlarının sağlamlıq imkanları məhdud şəxslərin ehtiyaclarına uyğunlaşdırılması üçün tədbirlərin görülməsi;
Sağlamlıq imkanları məhdud şəxslərin təhsilinin təşkili ilə bağlı pedaqoji kadrların hazırlanması və ya əlavə təhsilə cəlb olunması;
İnklüziv (inteqrativ) təhsilə cəlb olunan sağlamlıq imkanları məhdud şəxslər üzrə məlumat bazasının yaradılması;
Sağlamlıq imkanları məhdud şəxslərin təhsilə cəlb olunması və sosial inteqrasiyasının vacibliyi barədə aidiyyəti dövlət qurumları ilə birlikdə təbliğat və ictimai maarifləndirmə işinin aparılması.
Dövlət Proqramının həyata keçirilməsindən aşağıdakı nəticələr gözlənilir:
4.0.1. təhsilin bütün pillələri üzrə təhsil müəssisələrinin infrastrukturunun sağlamlıq imkanları məhdud şəxslərin ehtiyaclarına uyğunlaşdırılması təmin ediləcəkdir;
4.0.2. informasiya texnologiyalarının tətbiqi ilə sağlamlıq imkanları məhdud şəxslər üçün informasiya əldə etmək imkanları genişləndiriləcəkdir;
4.0.3. məktəbəqədər, ümumi və ilk peşə-ixtisas təhsili üzrə təhsil proqramlarında sağlamlıq imkanları məhdud şəxsləri təhsildən istifadə imkanları ilə digər şəxslərlə bərabər səviyyədə təmin edən dəyişikliklər ediləcəkdir;
4.0.4. inklüziv (inteqrativ) təhsilə cəlb olunan sağlamlıq imkanları məhdud şəxslər üzrə məlumat bazası yaradılacaqdır;
4.0.5. sağlamlıq imkanları məhdud şəxslərin təhsilə cəlb olunması imkanlarının qiymətləndirilməsində yeni qaydalar tətbiq olunacaqdır;
4.0.6. sağlamlıq imkanları məhdud şəxslərin təhsil hüquqları barədə əhalinin məlumatlılıq səviyyəsi artacaqdır.
Dövlət Proqramının həyata keçirilməsi ilə bağlı tələb olunan xərclər Azərbaycan Respublikasının dövlət büdcəsində Azərbaycan Respublikasının Təhsil Nazirliyi və aidiyyəti dövlət qurumları üçün nəzərdə tutulmuş vəsaitlər, habelə digər qanuni mənbələr hesabına maliyyələşdirilir. 

Sevinc

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin
İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında hazırlanıb.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
18.09.2018
17.09.2018