Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Təhsil sahəsində qanunlar təkmilləşdiriləcək
Tarix: 15.08.2018 | Saat: 18:15:00
Bölmə:KİVDF | çapa göndər

Azırbaycanda bu istiqamətdə yeni sənədlərin hazırlanacağı gözlənilir

“Ölkənin təhsil sistemi, təhsil sektoru ilə bağlı yeni qanun layihələri üzərində iş başlayıb”. Bunu Oxu.Az-a açıqlamasında Milli Məclisin (MM) Elm və təhsil komitəsinin üzvü Asim Mollazadə deyib.

Onun sözlərinə görə, adıçəkilən komitə son dövrlərdə çox məhsuldar işləyib və təhsillə bağlı bir sıra mühüm qanun layihələrinin hazırlanmasına, müzakirəsinə və qəbuluna nail ola bilib: “Hesab edirəm ki, istər həmin qanunlar, istərsə də üzərində işlərə başlanılan qanun layihələri Azərbaycan təhsilinin inkişafında, təhsil islahatların sürətləndirilməsində mühüm rol oynayacaq. “Peşə təhsil haqqında” qəbul olunan qanunu buna misal göstərmək olar. Bu qanun təhsilimizin, illərlə unudulan, kənarda qalan peşə təhsilinin inkişafı ilə yanaşı, ölkənin iqtisadi inkişafına da öz mübət töhfəsini verə bilər və verəcək. Məhz bu qanunun qəbulu ilə ölkədə iqtisadi islahatların gücləndirilməsi üçün peşə mütəxəssisləri hazırlanır. Bu sənədi çox mühüm hesab edirəm və qeyd edim ki, onun işlənilib-hazırlanmasında Almaniyanın təcrübəsindən, analoji qanunvericiliyindən istifadə olunub. Çünki Almaniyanın bu istiqamətdəki qanunu dünya üçün örnək, nümunədir. Bununla yanaşı, “Ali təhsil haqqında” və “Orta təhsil haqqında”, təhsil, tələbə kreditləri ilə bağlı qanunların da qəbulu vacibdir və lazımlıdır. Onların qəbuluna ciddi ehtiyac duyulur”.
Yeri gəlmişkən, son illər parlamentin Elm və təhsil komitəsi Azərbaycanda elm və təhsilin inkişafı istiqamətində bir sıra vacib qanunlar qəbul edib. Belə ki, ölkəmizdə ilk dəfə olaraq "Elm haqqında” qanun layihəsini qəbul edilib. Daha sonra "Məktəbəqədər təhsil haqqında” qanun layihəsi hazırlanıb və 2017-ci ildə qəbul olunub. Sözügedən qanun 5 fəsil 24 maddədən ibarətdir. Sənədə əsasən, məktəbəqədər təhsil müəssisəsinin təsisçisi dövlət, bələdiyyələr, Azərbaycanın hüquqi şəxsləri və vətəndaşları ola bilərlər. Məktəbəqədər təhsil müəssisəsinə lisenziya müddətsiz verilir. Bu təhsil müəssisələrinə yalnız ali təhsilli və bu sahədə ən azı 5 il təcrübəsi olan şəxslər rəhbər təyin oluna bilərlər. Qanun məktəbəqədər təhsilin təmin olunması sahəsində dövlət siyasətinin prinsiplərini, məktəbəqədər təhsilin təşkilati-hüquqi və iqtisadi əsaslarını müəyyən edir. Sənəddə bildirilir ki, məktəbəqədər təhsil sahəsində təhsil xidmətləri göstərən hüquqi və fiziki şəxslər tərəfindən məktəbəqədər təhsilin vəzifələri pozulduqda, məktəbəqədər təhsilin dövlət standartlarının tələbləri yerinə yetirilmədikdə onların lisenziyası ləğv edilir.

Qanuna əsasən, məktəbəqədər yaşda uşaqların təhsil aldığı müəssisələrin bir neçə növü müəyyən edilib. Bunlar körpələr evi, körpələr evi-uşaq bağçası, məktəbəhazırlıq qruplarının fəaliyyət göstərdiyi ümumi təhsil məktəbləri, digər tipdən olan təhsil müəssisəsi yanında kompleks formada fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisəsi, uşaq inkişaf mərkəzi, sanator tipli uşaq bağçaları (bu uşaq bağçaları infeksion xəstəliklərə meylli və immun sistemi zəif olan uşaqlar üçün yaradılır), sağlamlıq imkanları məhdud olan uşaqlar üçün məktəbəqədər xüsusi təhsil müəssisələri, elmi-tədqiqat müəssisələrinin yanında yaradılan məktəbəqədər təhsil müəssisəsidir. Bunlar arasında sanator tipli uşaq bağçaları, sağlamlıq imkanları məhdud olan uşaqlar üçün məktəbəqədər xüsusi təhsil müəssisələri və uşaq inkişaf mərkəzi yeni növ məktəbəqədər təhsil müəssisələri var.
Bu ilin aprel ayında isə “Peşə təhsili haqqında” qanun layihəsi Milli Məclisin iclasında müzakirəyə çıxarılaraq qəbul olunub. Qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndinə uyğun olaraq, Azərbaycanda peşə hazırlığının səmərəliliyinin artırılması və rəqabətqabiliyyətli ixtisaslı kadrların hazırlanması məqsədilə peşə təhsili sahəsində dövlət siyasətinin prinsiplərini, peşə təhsili və təlimi sisteminin təşkilati-hüquqi və iqtisadi əsaslarını müəyyən edir.
Yeri gəlmişkən, Azərbaycan Prezidentinin 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi"ndə də göstərilib ki, yaxın illər ərzində ali təhsil haqqında qanunun və dövlət proqramının qəbul edilməsi məsələsi nəzərdən keçiriləcək.

Sənəddə qeyd olunur ki, hazırda Azərbaycanda gənclərin ali təhsillə əhatə olunma səviyyəsi aşağıdır. Bu da uzaq perspektivdə ölkənin rəqabət qabiliyyətli və dayanıqlı inkişafına maneə yarada bilər. Yüksək ixtisaslı kadr hazırlığının əmək bazarının tələbinə və beynəlxalq ixtisas təsnifatına uyğunlaşdırılması, uzunmüddətli proqnozlaşdırma mexanizminin hazırlanması istiqamətində fəaliyyətlər, əmək bazarında diferensiallaşmış əməkhaqqı və stimullaşdırma sisteminin yaradılması üzrə mexanizmlərin hazırlanması dəstəklənəcək: "Ali təhsil insan kapitalının formalaşmasında və inkişafında mühüm mərhələdir. Hazırda ali təhsil müəssisələrində yetişdirilən mütəxəssislər dövlətin və şirkətlərin idarə olunmasında, daha çox əlavə dəyərin yaranmasında, iqtisadi artımda və əmək məhsuldarlığının yüksəldilməsində fəal iştirak edirlər. Amma Azərbaycanda gənclərin ali təhsillə əhatəolunma səviyyəsi aşağıdır. Bu da uzaq perspektivdə ölkənin rəqabətqabiliyyətli və dayanıqlı inkişafına maneə törədə bilər. Bunu nəzərə alaraq, Azərbaycanda iqtisadi və sosial baxımdan daha səmərəli ali təhsil sisteminin formalaşdırılması dəstəklənəcək. Bunun üçün ali təhsilin keyfiyyətinin yüksəldilməsi, qlobal təhsil məkanına inteqrasiyası, ali təhsilli kadrlara tələbatın ödənilməsi, habelə ali təhsilin informasiya cəmiyyətinin və biliklərə əsaslanan iqtisadiyyatın tələblərinə uyğunlaşdırılması istiqamətində islahatlar sürətləndiriləcək”.
Sənəddə o da vurğulanıb ki, yüksəkixtisaslı kadr hazırlığının əmək bazarının tələbinə və beynəlxalq ixtisas təsnifatına uyğunlaşdırılması, uzunmüddətli proqnozlaşdırma mexanizminin hazırlanması istiqamətində fəaliyyətlər, əmək bazarında diferensiallaşmış əməkhaqqı və stimullaşdırma sisteminin yaradılması üzrə mexanizmlərin hazırlanması dəstəklənəcək.
Mövzu ilə bağlı fikirlərini bildirən təhsil eksperti Nadir İsrafilov deyib ki, ölkəmizdə həm ali, həm də orta təhsil sahəsində qanunvericilik bazasının təkmilləşdirilməsi gözləniləndir: “Cünki 2009-cu ildə "Təhsil haqqında” qanun qəbul edildikdən sonra belə qərara alındı ki, təhsilin bütün pillələrini əhatə edən bu Qanun çərçivə qanunudur. Yəni, təhsilin hər bir pilləsini əhatə edən konkret sahəvi qaunlar – "məktəbəqədər təhsil”, "ümumi orta (tam orta) təhsil”, "ilk peşə təhsili”, "ali təhsil” və "elm haqqında” konkret sahə qanunları qəbul edilməlidir. Boloniya sisteminə keçidlə əlaqədaq hətta Təhsil krediti haqqında Qanunun qəbul edilməsi də nəzərdə tutulmuşdu. 2009-cu ildən bu yana uzun mübahisə və müzakirələrdən və bir neçə oxunuşdan 2016-cı ildə ilk dəfə "Elm haqqında” qanun qəbul edilib.

Daha sonra “Məktəbəqədər təhsil haqqında” və “Peşə təhsili haqqında” qanun qəbul edildi. Təbii ki, təhsilin normativ-hüquqi bazasının yaradılması və möhkəmləndirilməsi baxımından belə qanunların o cümlədən də ali təhsil və təhsil kreditləri, orta təhsil haqqında qanunların qəbulu zəruridir. Digər tərəfdən təhsilin idarə edilməsi, təhsil pillələri arasındakı varisliyin tənzimlənməsi, Avropa standartlarına keçidlə əlaqədaq ali təhsil pilləsində yaranan dəyişikliklər, boşluqlar və çatışmazlıqlar bu qanunun qəbul edilməsinin sürətləndirilməsini tələb edir. Digər tərəfdən əslində "Təhsil krediti haqqında" qanun layihəsi bir neçə dəfə Milli Məclisin iclaslarında müzakirələrə çıxarılıb. Amma məqbul hesab edilməyib. Hər halda belə bir qanunun qəbul edilməsi ona imkan yarada bilərdi ki, tələbələr heç olmasa ödəniş vəsaitini əldə etməklə təhsil aldıqları müddətdə sosial qayğılardan müəyyən qədər uzaqlaşardılar. Təhsilini bitirib işlədikcə isə borclarını qaytarmaq imkanı əldə edə bilərdilər. Dövlətin də qazancı o olardı ki, ixtisaslı kadr hazırlanır, həmin tələbə fəaliyyət göstərdikcə, ölkənin inkişafına təbii ki, öz töhfəsini verəcək”.

Sevinc

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında hazırlanıb.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
18.09.2018
17.09.2018