Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Azərbaycanda istedadlı şagirdlərin sayı artıb
Tarix: 15.08.2018 | Saat: 18:30:00
Bölmə:KİVDF | çapa göndər

Bu il orta məktəbləri bitirən məzunlardan 185-i qızıl, 38-i isə gümüş medala layiq görülüb

2017/2018-ci tədris ilində orta məktəbləri qızıl və gümüş medalla bitirən məzunların sayı məlum olub. Qeyd edək ki, təhsil naziri Ceyhun Bayramov ümumi təhsil müəssisələrinin məzunlarının qızıl və gümüş medalla təltif edilməsi haqqında əmr imzalayıb. Əmrə əsasən, 185 məzun qızıl, 38 məzun isə gümüş medala layiq görülüb. Qızıl və gümüş medalla təltif olunan təhsilalanların adları oxuduqları məktəbin “Şərəf kitabı”na yazılacaq.

Qeyd edək ki, mövcud qaydalara görə, ümumtəhsil məktəblərində təhsil aldığı müddətdə təhsildə xüsusi nəticələri ilə bərabər, nümunəvi davranışı ilə də fərqlənən şagirdlər qızıl və ya gümüş medallarla təltif olunur. “Təhsil haqqında” qanun qüvvəyə mindikdən sonra Nazirlər Kabinetinin müvafiq qərarı ilə ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunların qızıl və ya gümüş medalla təltif olunması qaydaları təsdiqlənib.
Orta təhsilin ən ali mükafatlarını almaq üçün şagird respublika fənn olimpiadalarının yekun mərhələsində, ölkə və beynəlxalq səviyyəli bilik yarışlarında, müsabiqə və layihələrdə mükafata layiq görülməli, eyni zamanda ümumi orta təhsil səviyyəsini 75 faiz əla qiymətlərlə bitirməlidir. Onun tam orta təhsil səviyyəsində oxuduğu müddətdə fənlər üzrə cari qiymətlərinin ən azı 75 faiz “əla” olmalı, fənlərdən illik qiymətləri “əla” almalıdır.

Şagirdin qızıl və ya gümüş medalla təltifi üçün namizədliyinin verilməsi məsələsinə sinif rəhbərinin təqdimatı əsasında məktəbin Pedaqoji Şurasında baxılır və müvafiq qərar verilir. Pedaqoji Şuranın qərarı ilə həmin şagirdlərin fərdi siyahısı hər il mayın 20-dən gec olmayaraq yerli təhsil idarəetmə orqanları tərəfindən Təhsil Nazirliyinə təqdim edilir. Qızıl medala attestata yazılan yekun qiymətləri yalnız “əla” olanlar, attestata yazılan yekun qiymətlərdən ən çox ikisi -“Tədris dili” və “Riyaziyyat” istisna edilməklə, yaxşı olanlar isə gümüş medala layiq görülürlər.
Müşahidələr isə onu deməyə əsas verir ki, bu il medala layiq görülən şagirdlərin sayında artım var. Belə ki, ötən il Azərbaycanın ümumtəhsil məktəblərini bitirmiş məzunlardan 154 nəfəri qızıl medalla, 31 nəfəri isə gümüş medalla təltif edilib.
2016-cı ildə məzunlardan 129-u qızıl, 29-u isə gümüş medalla təltif edilib. Qızıl medal alan məktəblilərin 14-ü Naxçıvan Muxtar Respublikasının, 54-ü paytaxt məktəblərinin, 5-i Sumqayıt məktəblərinin, 6-sı Gəncə məktəblərinin, 50- si digər bölgələrin təmsilçiləri olub. Gümüş medal alanlar siyahısında isə 13 nəfər Naxçıvanı, 8 nəfər Bakını, 8 nəfər isə bölgələri təmsil edib.

2014-2015-ci tədris ilinin yekunlarına görə, ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran 131 nəfəri qızıl, 21 nəfəri gümüş medalla təltif edilib. Ümumiyyətlə, indiyədək məzunlara verilən medalların sayında rekord göstərici 2012-2013-cü tədris ilində olub. Həmin dərs ilində orta məktəbin 11-ci sinfini 248 nəfər qızıl və gümüş medalla bitirib. Məzunların 238-i qızıl medala, 10-u isə gümüş medala layiq görülüb. Ondan əvvəlki il isə medal alanların sayı az olub. 2011-2012-ci tədris ilində 138 nəfər orta məktəbi xüsusi nailiyyətlərlə başa vurub. Onların 118-i qızıl, 20-si gümüş medal alıb. Ən az rəqəm isə 2011-ci ildə olub. Həmin il Azərbaycanda 53 şagird qızıl və gümüş medal alıb. Onların 37-si qızıl, 16-sı gümüş medala layiq görülüb.
Xatırladaq ki, 1990-cı illərin əvvəllərindən Azərbaycanda orta məktəb məzunlarına qızıl və gümüş medalların verilməsi dayandırılıb. 1992-ci ildə qəbul edilən “Təhsil haqqında” qanunda 11-ci sinif məzunlarına qızıl və ya gümüş medalların verilməsi məsələsi öz əksini tapmadığından şagirdlərin belə medallarla təltifinə də son qoyulub. Amma uzun müzakirələrdən sonra yalnız 2009-cu ildə qəbul edilən “Təhsil haqqında” qanunda bu məsələ yenidən bərpa edilib. Beləliklə, 2011-ci ildən məzunlara qızıl və gümüş medalların verilməsi bərpa edilib. Azərbaycanda şagirdlərə qızıl və gümüş medallar Nazirlər Kabinetinin 2010-cu il yanvarın 14-də təsdiqlədiyi “Ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunların qızıl və ya gümüş medalla təltif olunma Qaydası”na əsasən verilir.
Məlumat üçün onu da vurğulayaq ki, orta məktəb şagirdlərinin təhsil müddətindəki biliyinin qiymətləndirilməsi üçün medalların verilməsi ənənəsi hələ XIX əsrdə olub. Rusiyada məktəb medallarının tarixi 1828-ci ildə “Məhəllə, qəza məktəbləri və gimnaziyalarının əsasnamələri”nin qəbulu ilə başlayıb. Azərbaycanın da daxil olduğu SSRİ-də isə məktəb medallarının verilməsi qaydaları ittifaqın İcraiyyə Komitəsinin 1247 saylı qərarı ilə 1945-ci ilin mayın 30-dan tətbiq edilib.

İlk qızıl və gümüş medallar 583 qızıl və 925 gümüş probundan hazırlanıb. Dairəvi formada, diametri 32 mm olan medallar həmin vaxt ittifaq respublikalarında mövcud olan 16 variantda ştamplanıb. Əsl qızıl medallar demək olar ki, həmin illərdə hazırlananlar hesab edilə bilər. Çünki 1954-cü ildə qənaət məqsədilə qızıl medalların istehsalında ilk texniki dəyişiklik edilir və medaldakı qızılın probu 375-ə enməklə keyfiyyəti aşağı salınır. Gümüş medalların tərkibi isə olduğu kimi saxlanır.
Amma 1960-cı ildə məktəb medallarının yeni nümunəsi tətbiq edilir. Medalların diametri 40 mm-dək böyüdülür, amma əvəzində onların tərkibindəki qiymətli metalların çəkisi azaldılır. Qızıl medallarda qiymətli metalların çəkisi 0,3 qrama, gümüş medallarda isə 0,2 qrama çatır. Bu qiymətli metalların yerini isə qızıl medallarda tompaklar (mis ilə sink ərintisi; bürünc növü), gümüş medallarda melxior (nikellə misdən alınan gümüşə oxşar ərinti) tutur. Beləliklə, medallarda qiymətli metallar yalnız toz halında qalmış olur. 1968-ci ildə gümüş medalla təltif etmə dayandırılır. Amma 1977-ci cildə SSRİ Konstitusiyasının dəyişdirilməsi ilə əlaqədar ittifaqa daxil olan respublikaların da əsas qanunları yenidən qəbul edildiyindən ölkələrin gerblərinə yeni beş ulduzlu simvollar əlavə edilir. Bu dəyişiklik qızıl medalda da öz əksini tapır. 1985-ci ilin avqustun 6-dan SSRİ Nazirlər Şurası 17 illik fasilədən sonra gümüş medalı qızıldan kiçik dəyişikliklə fərqləndirməklə bərpa edir. SSRİ dağıldıqdan sonra isə əksər ölkələrin artıq öz məktəb medalları olur.
Bundan başqa, hazırda XI sinfi qızıl və ya gümüş medala layiq görülməklə başa vuran məzunlara xüsusi nümunəli attestat verilir. Qızıl medalla təltif edilmiş məzunların tam orta təhsil haqqında xüsusi nümunəli attestatının üzlüyü sarı (qızılı), gümüş medala layiq görülmüş məzunların xüsusi nümunəli attestatının üzlüyü isə boz (gümüşü) rəngdədir.

Məsələyə münasibət bildirən təhsil eksperti Etibar Əliyevin fikrincə şagirdlərin qızıl və gümüş medallara layiq görülməsi digər həvəsləndirici tədbirlərdən fərqlənir: ““Ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunların qızıl və ya gümüş medalla təltif olunma Qaydası» 14 yanvar 2010-cu ildə təsdiq olunub. 700 bal yığan abituriyentlərə qızıl medal verilməməsinin səbəbi məktəb qaydalarının pozulması, yəni əlavə hazırlığa getmələri ilə əlaqəlidir. Yəni, şagirdlərin qızıl və gümüş medallara layiq görülməsi digər həvəsləndirici tədbirlərdən fərqlənir və bilik yarışması üçün yaxşı motivasiya yaradır. Göründüyü kimi, şərtlər həm də ağırdır. Ola bilsin ki, hansısa abituriyent qəbul imtahanından 700 bal toplasın, lakin ona qızıl medal verilməsin. Yüksək nəticə göstərənlərin əksəriyyəti müəllim yanında hazırlıq keçdiklərini bildirirlər. Çox vaxt onları məktəbdə fənlərdən aldıqları qiymətlər maraqlandırmır və nəticədə qaydalar pozulduğundan onlara qızıl medal verilmir. Həm də nümunəvi davranış kriteriyasına əməl olunmur. Elə şagirdlər də var ki, məktəb təhsilinə daha çox üstünlük verir və qaydaları yerinə yetirdikdən sonra qızıl, yaxud gümüş medala layiq görülür”.

Sevinc

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında hazırlanıb.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
19.09.2018
18.09.2018