Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Mənim şirin xatirələrim – V HİSSƏ
Tarix: 28.08.2018 | Saat: 14:19:00
Bölmə:Reportaj | çapa göndər

Səhər qəlyanaltını elə qaldığım “Ziyorat” oteldə etdim. Şəhərdən gedirdik deyə, çantamı götürüb, Atabəylə Cavanşirin müşayiəti ilə Margilana yollandım. 

Nağıla dönən Margilan 

Fərqanə şəhərindən təxminən 12 kilometr şimal-qərbdə yerləşən Margilanın tarixi eramızdan əvvəl IV əsrə uzanır. Bu gün şəhərdə 240 min insan yaşayır. Bölgənin başlıca sənaye, xüsusilə də ipəkçilik mərkəzlərindən biri olan Margilan Kokand-Əndican dəmir yolu üzərində yerləşməklə, həm də böyük nəqliyyat qovşağı hesab olunur. Hər zaman olduğu kimi bu gün də bölgəyə gələn turistlər mütləq bu şəhərə baş çəkir. Günümüzdə Margilanda Pir Siddiq dini kompleksi (XVIII əsrin ortaları), Xoca Maqiz mavzoleyi (XVIII əsr), Çakar məscidi, Səid Əhməd Xoca mədrəsəsi (XIX əsr), Xonakok məscidi (XVI əsr), Toron-bazar məscidi (XIX əsr), eləcə də böyük islam alimi Burxaniddin əl-Margilani memorial kompleksi turistlərin maraqlı ziyarət yeridir.

Şəhər başdan-başa yaşıllıqlara qərq olub. Əlbəttə, Fərqanə və ya Əndican kimi böyük olmasa da, əslində şəhərdə xeyli qələbəlik hiss olunur. Tərtəmiz, yaşıllıqlara bürünmüş Margilan küçələrində irəlilədikcə adama elə gəlir ki, çox sakit və füsunkar sehrə düşüb. İnsan nə qədər yorğun olsa da, bu sakit şəhərdə ruhən dinclik tapır.

 

İpək səltənəti

 

Avtomobilimiz sakit və görkəmindən xeyli əski görünən məhəllədəki küçələrdən birində, iri daş tağlı darvazanın qarşısında dayandı – Margilan İpək Kombinatına gəlmişdik. Kombinatın həyətinə daxil olduqda maraqdan donub qaldım. Yaşıllığa bürünmüş geniş həyətdəki tikililərin divarları sanki muzeymiş kimi, qədim və milli əl işi nümunələri ilə bəzədilmişdi. Bir az irəlidə isə divarboyu düzəldilmiş böyük taxta rəflərdə qədim məişət əşyaları, geyim nümunələri, əl işi olan gəlinciklər və sair sərgilənirdi. Bütövlükdə kombinatın simvolu isə həyətin ortasındakı, başı buludlardan su içən 140 yaşlı tut ağacıdır.

Kombinatın mənə bələdçilik edən mühəndis əməkdaşı bildirdi ki, burada məhsul əldə etmək üçün prosesə sıfırdan başlayırlar. Yəni barama qəbul olunur, sexlərdən birində ondan ipək sap əyilir, sonra parça toxunur, daha sonra parça rənglənir, bəzədilir və sonda hazır geyim aksusearları hazırlanır və nəhayət satışı təşkil edilir. Margilan İpək Kombinatının digər eyni profilli fabriklərdən fərqi budur ki, burada bütün işlər ənənəvi şəkildə görülür. Yəni müasir texnologiyadan istifadə edilmir. Elə bu səbəbdən də kombinat bir növ Özbəkistan mədəniyyətinin simvoluna çevrilib. Əcnəbi turistlər də artıq bu müəssisənin şöhrətindən xəbərdardılar. Məsələn, mən orada olanda Fransa, Çexiya, Polşa, Koreya kimi ölkələrdən gəlmiş turistlərin istehsal prosesini necə böyük maraqla izlədiklərinin şahidi oldum.

Əvvəl baramadan sapın necə alınması ilə tanış oldum. Deməli, altında qaz yanan böyük tiyanda baramalar müəyyən temperaturda bişirilir və bu zaman onlardan ipək saplar açılmağa başlayır. Həmin sapların bir ucu cəhrənin barabanına dolanır və baraban fırlandıqca sapı çəkib yumaq şəklində dolayır. Mühəndis dedi ki, gördüyümüz bir baramadan orta hesabla 1500 metr ipək sap açılır. Onun sözlərinə görə, burada çalışan 120 nəfər, hətta barama fəslində 240 işçi ildə 20 ton sap əyirir. Normal qalınlıqda sap üçün baramadan açılan 25 sapın birləşdirildiyini deyən mühəndis bildirdi ki, hazır hala gəlmiş sapın kiloqramının satış qiyməti 55-65 dollar arasında dəyişir. Maraqlıdır, belə qiymətli məhsulu ərsəyə gətirən işçilərin aylıq qazancı nə qədərdir? Fəhlələrin özlərindən soruşdum. Dedilər məvacibləri 150-200 dollar arasında dəyişir. Təəccübümü sanki üzümdən oxumuşdular kimi, “Bu qədər maaş bizə bəs edir. Çünki Özbəkistanda çox ucuzluqdur, geyim-gecimdən ərzağadək hər şey alırıq, hələ artıq da qalır” dedilər. Onu da bildirdilər ki, kombinatda məsul işçilər fəhlələrdən daha az maaş alırlar.

 

Toxucu əməyi

 

Növbəti baş çəkdiyim sexdə parça toxunur. Eyni anda 28 fəhlə xanım dəzgah arxasında oturmaqla cürəbəcür rəng və bəzəklərdə parça toxuyur. Amma ənənəvi üsulda toxumaq olduqca çətindir. Məsələn, mühəndis dedi ki, parçanın qalın və ya daha incə saplardan toxunmasının fərqi böyükdür. Bir nəfər gün ərzində qalın sapla 8, incə sapla isə cəmi 4 metr parça toxuya bilir. Ümumilikdə isə, sexdə parçalar 100-400 metr uzunluğunda, 20 sm - 1 metr enində toxunur. Parçanın bəzəyinə-rənginə gəldikdə, bu kombinatda heç bir kimyəvi qatqıdan istifadə edilmir. Burada soğan, nar qabığı, yetişməmiş qozun yaşıl qarzağından, müxtəlif növ gül-çiçək, ağac qabıqları, hətta təbii mineral daşların əzməsindən hazırlanan rənglər özləri kimi təbii parçaların bəzəyidir.

Qonşuluqda yerləşən başqa bir sexdə isə ipək, yun və pambıq xalçalar toxunur. Mühəndis dedi ki, xalça toxumaq adi parça toxumaqdan da ağırdır. Məsələn, gördüyüm xanaların arxasında oturan bir toxucu 2x3 ölçüsündə xalçanı ortalama 6 aya toxuyub başa çatdırır. Belə məhsul 10 min dollara satılır. Təbii ipək saplardan toxunan xalçalar isə daha çətin başa gəlir. Sexdə gördüyüm balaca, üzərində miniatür rəsm əks olunan 80 sm eni, 1 metr uzunluqda olan xalça 9 aya ərsəyə gətirilib. Amma insafən, məhsulun belə kiçik olmasına baxmayaraq, satış qiyməti 6 min dollardır. Burda da maaşlar çox aşağıdır – 100-150 dollar. Amma xalçanın satışından gələn gəlirdən işçilərə əlavə mükafatlar hesablanır, onlara şarf, parça və digər məhsullardan pay verilir...

Kombinatdan ayrıldıqdan sonra XIX əsrin yadigarı olan Səid Əhməd Xoca mədrəsəsinə baş çəkib, binanın tikilişi, hücrələrində kustar formada dəmirçilikdən dulusçuluğa, parça və xalça toxunmasından taxta üzərində oyma sənətinədək milli mədəniyyətin sahələri ilə tanış olub, məşhur Pir Siddiq dini kompleksinə yollandım.

 

Bir yanda Pir Siddiq, bir yanda “İcadkarlar”

 

Təxminən 200 ildən çox yaşı olan bu dini mərkəz şəhərin olduqca sakit məhəlləsində yerləşir. Al-əlvan gül-çiçəyə, bir-birindən gözəl dekorativ ağaclara qərq olan Pir Siddiq dini kompleksinin həyətində yüzlərlə göyərçin – özbəklər bu quşlara kaftar deyir – az qala turistlərin əlində yemək axtarırdılar. Bu da səbəbsiz deyil, çünki bura gələn hər kəs ürəyində arzu tutub quşlara bir ovuc dən atır. El inanclarına görə, həmin arzular mütləq gerçəkləşir...

Yadıma düşmüşkən, fürsət tapan kimi göyərçinlərin (kaftarların) dən payını oğurlamağa can atan sərçələrə isə özbəklər “çumçuk” deyirlər.

Pir Siddiq kompleksi ilə tanışlıqdan sonra yol aldıq şəhərin ən iri və yeni salınmış “İcadkarlar” istirahət parkına. Çox böyük ərazisi olan parkda əsasən yerli təbii şəraitə uyğun olan çoxçeşidli gül-çiçəklər, ətirli reyhanlar, ağaclar, o cümlədən şabalıd ağacları əkilmişdi.

 

“İcadkarlar” parkının bir özəlliyi isə orada məşhur şair Erkin Vahidovun adını daşıyan muzeyin, Yazarlar Evinin və İcadkarlar məktəbinin də fəaliyyət göstərməsidir. Yəni park alimlərin, yazar və şairlərin, bütövlükdə yaradıcı təbəqəni bir araya gətirmiş simvoldur.

Yeri gəlmişkən, fürsətdən yararlanıb muzeyə də baş çəkdim. Burada Erkin Vahidovun büstü qoyulub, yazdığı şeir və nəsr əsərləri, çoxsaylı tərcümələri, rəsmi tədbirlərə geyindiyi paltar nümunələri və sair sərgilənir. Bundan əlavə, eyvan formasında əsas zala açılan ikinci qatda milli musiqi alətləri, bəzi xarici yazarların əsərləri ziyarətçilərə təqdim olunmaqdadır. Hətta muzeyin məsulu olan xanım əməkdaş yaxın vaxtlarda böyük Azərbaycan mütəfəkkirləri Nizami Gəncəvi və Məhəmməd Fizulinin əsərlərinin də muzeydə sərgilənəcəyini dedi.

Bu da Margilanda keçirdiyim olduqca mənalı və xoş xatirələrə çevrilmiş yarım günün sonu. Yaxınlıqda yerləşən restoranlardan birinə burulub nahar etdim. Çünki bir azdan dəmir yolu stansiyasına gedəcək, ordan da Daşkəndə qatarla uzun yolçuluğa çıxacaqdım. Beləcə, füsunkar Fərqanə vadisi xatirələrimdə nağıla çevrilib, ömrümün sonunadək mənimlə yaşayacaqdı...

 

Vüsal Tağıbəyli,

Bakı-Daşkənd-Margilan-Bakı



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
19.09.2018
18.09.2018