Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Merkel Azərbaycanı Aİ üçün mühüm ölkə hesab edir - ŞƏRH
Tarix: 28.08.2018 | Saat: 16:27:00
Bölmə:Siyasət | çapa göndər

Almaniya kansleri Angela Merkelin Cənubi Qafqaz dövlətlərinə, xüsusilə də Azərbaycana səfəri bir neçə gün əvvəl reallaşsa da, bu ziyarətin təfərrüatları və nəticələri barədə hələ də geniş müzakirələr aparılır. Əslində səfərin belə böyük diqqət cəlb etməsi heç də təsaduf deyil. 

Çünki, Almaniya iqtisadi parametrlərinə görə, Avropada 1-ci, dünyada isə 4-cü yeri tutur. Almaniya bu gün dünyada ixrac potensialına görə ilk sıralarda dayanır. Merkelin hakimiyyəti illərində isə, ölkənin beynəlxalq aləmdə baş verən proseslərə təsir imkanları, siyasi çəkisi əhəmiyyətli dərəcədə artıb. Bu gün Avropada əsas söz sahibinin məhz Almaniya olduğunu desək, yanılmarıq.

Təbii ki, bu cür geniş imkanlara malik ölkənin rəhbər şəxsinin bölgəyə səfəri və apardığı müzakirələr Cənubi Qafqazda maraqları olan digər böyük güc mərkəzləri tərəfindən diqqətlə izlənilir və geniş şəkildə təhlil olunur.
Cənubi Qafqazın coğrafi mövqeyinə görə strateji əhəmiyyəti barədə çox danışılıb. Son illərdə məhz Azərbaycanın və onun rəhbərinin qətiyyəti, siyasi iradəsi sayəsində bir çox beynəlxalq əhəmiyyətli layihələr icra olunub. Buraya Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars, TANAP və TAP layihələrini birləşdirən "Cənub Qaz Dəhlizi" (CQD), Şimal-Cənub və Şərq-Qərb tranzit layilələrini və s. aid etmək mümkündür. Dəyəri 100 milyardlarla dollar təşkil edən bu layihələri reallaşdırmaq gücünə malik Azərbaycanın dünyanın əsas aparıcı dövlətlərinin maraq dairəsinə düşməsi, siyasi və iqtisadi əlaqələri genişləndirmək üçün ən yüksək səviyyədə rəsmi səfərlərin təşkili əslində təbii qarşılanmalıdır. Bütün sadalanan amilləri nəzərə alsaq, kanslerin üç ölkəni əhatələyən ziyarətində ən çox diqqətin Bakıda reallaşan danışıqlara yönəldiyini söyləyə bilərik.

Hələ səfərdən əvvəl də alman rəsmilər açıq şəkildə bildirirdilər ki, bölgədə Berlinin əsas ticarət tərəfdaşı məhz Azərbaycandır, burada ən azı 150 alman şirkəti fəaliyyət göstərir. Digər tərəfdən, kansler bu səfərdə tək Almaniyanı yox, həm də Avropa İttifaqını təmsil edir. Azərbaycan isə həyata keçirtdiyi meqa-layihələr ilə Aİ-nin gələcək təhlükəsizlik konsepsiyasının ən mühüm halqalarından biridir. Buraya istər siyasi, istərsə də enerji və digər təhlükəsizlik məsələlərini daxil edə bilərik. Xüsusilə də, CQD layihəsi Aİ-nin enerji mənbələrinin diversifikasiyası prioritetinə ən böyük dəstək kimi dəyərləndirilir.

Qərb dairələri Merkelin Bakı səfərində əsas vurğunu məhz bu layihə ilə bağlı aparılan danışıqlara yönəldirlər. Səbəb isə sadədir. Avropanın artan qaz tələbatı fonunda Rusiyadan asılılığı azaltmaq üçün ciddi səylər göstərməsi barədə illərdir danışılır. Artıq bu istiqamətdə konkret nəticədə də var - Azərbaycan Prezidenti İlham Əliyevin birbaşa təşəbbüsü ilə reallaşdırılan "Cənub Qaz Dəhlizi". Dövlət başçısının da kanslerlə birlikdə keçirtdiyi mətbuat konfransında vurğuladığı kimi, 2020-ci ildə Azərbaycan qazı 3500 kilometrlik boru xətti ilə Avropa bazarına çıxarılacaq: "Beləliklə, Avrasiyanın enerji xəritəsinə çox dəyərli bir töhfə veriləcək. Bununla Azərbaycan qarşısında duran enerji təhlükəsizliyi ilə bağlı olan bütün məsələləri həll etmiş olur. Çünki əvvəlki illərdə tikilən Bakı-Tbilisi-Ceyhan neft kəməri Azərbaycan neftini Aralıq dənizinə çatdırır. Qara dənizə aparan Bakı-Supsa kəməri bizim təşəbbüsümüzlə tikilib, Bakı-Ərzurum qaz kəməri çəkilib və bu dördüncü layihə ilə biz qarşımızda duran bütün vəzifələri icra edirik".

Əvvəldə qeyd etdiyimiz kimi, Merkelin Bakı səfəri, xüsusilə də energetika sahəsində əməkdaşlıq məsələlərinin müzakirəsi qonşu dövlətlər tərəfindən də maraqla izlənilir. Səfərin detallarına isə xüsusi fikir verilir. Rusiyanın "pravda.ru" saytanda səfər və CQD layihəsi ilə bağlı aparılan danışıqlara dair məqalə xüsusilə diqqəti cəlb edir.

Məqalədə bildirilir ki, Aİ “Transxəzər” qaz kəməri layihəsinin TANAP-a birləşdirilməsini, bununla da Türkmənistan qazının qitəyə nəqlinin reallaşdırılmasını istəyir. Bu məsələdə əsas missiyanı isə Almaniya kansleri Angela Merkel oynayır. Belə ki, kansler həm də Avropada Rusiya qazını qitəyə nəql edəcək "Şimal axını 2" layihəsinin əsas lobbiçisi kimi tanınır: "Keçən bir neçə il ərzində Avropa komissarları Türkmənistanda Transxəzərlə bağlı danışıqlar aparıb. Son nəticədə kəmərin çəkilişi barədə razılıq əldə olunub. Lakin onun reallaşmasını əngəlləyən ən böyük problem Xəzərin statusu idi. İllərlə Moskva Xəzərdə təlimlər keçərək bu kəmərin onun razılığı olmadan çəkilməsinin təhlükəli ola biləcəyinə dair mesajlar verirdi. Lakin vəziyyət Moskva ilə Brüssel arasında “Şimal axını 2” layihəsinin müzakirəyə başlaması ilə dəyişdi".

Məqalədə vurğulanır ki, məhz A.Merkel Almaniyanın iqtisadi gücündən istifadə edərək Avropanı bu layihəyə qarşı çıxmaq fikrindən daşındırdı: "Avropa Birliyindəki diplomatik mənbələrin yaydığı məlumata görə, kansler Putin qarşısında şərt qoyub. Belə ki, Brüsselin "Şimal axını 2" layihəsinin çəkilişinə razılıq verməsi fonunda Moskva “Transxəzər” layihəsinin reallaşmasına "hə" deyəcək. Beş Xəzəryanı dövlətin 25 il ərzində razılığa gələ bilmədiyi status probleminin qısa zaman kəsiyində öz həllini tapmasının səbəbləri artıq aydınlaşır. Sənəddə bir çox maddələr olsa da, Merkeli maraqlandıran əsas maddə sahilyanı dövlətlərin hər birinin hövzənin dibi ilə kəmər çəkmək hüququnun tanınmasıdır".

Məqalədə yekun olaraq vurğulanır ki, Merkelin 13 il ərzində ilk dəfə olaraq Bakıya səfəri və bu ziyarətin Xəzərlə bağlı konvensiya imzalanmasından sonraya təsadüf etməsi Almaniyanın cənub cəbhəsində uzun illər davam edəcək "qaz diplomatiyası"nın başlanğıcıdır:

"Bu mərhələdə dəmir ledinin Azərbaycan Prezidenti ilə qarşılıqlı etimada əsaslanan əlaqələr qurması çox vacib idi. Bu münasibətlər isə artıq qurulub. Azərbaycan Prezidenti mətbuat konfransında Transxəzər məsələsinin daha çox Aşqabad və Brüsseli maraqlandırdığını söylədi. Lakin türkmən prezident də əslində təşəbbüsü ələ almaqda maraqlıdır. İndi Berdıməhəmmədov “Transxəzər” qaz kəmərinin çəkilişi ilə bağlı avropalı investorları səbirsizliklə gözləyir. Magistral layihənin planı hazır olduqdan sonra Merkelin növbəti mərhələdə Aşqabada səfər edərək onun Cənub Qaz Dəhlizinə qoşulmasını müzakirə edəcəyini gözləyə bilərik".


Bütün bu qeyd olunanlar bir daha Merkelin Cənubi Qafqaz səfərində əsas məqsədin Azərbaycanla Avropa üçün həyati əhəmiyyət daşıyan enerji mənbələrinin diversifikasiyası problemini müzakirə etmək olduğuna dair iddiaları isbatlamış olur. Bölgədə Gürcüstan tarixən Almaniyanın siyasi cəhətdən ən çox dəstək verdiyi ölkə olsa da, Ermənistan ziyarətinin tamamilə protokol mahiyyəti daşıdığı da açıqdır. Yəni Merkel bu səfərdə həm də Avropa İttifaqını təmsil etdiyi üçün təşkilatın Cənubi Qafqaz dövlətləri ilə bağlı ümumi yanaşma siyasətini yerinə yetirmək məcburiyyətində idi.

Ermənistanın Almaniya üçün heç bir əhəmiyyət daşımadığına dair iddialar bir çox mətbuat orqanlarında da xüsusi olaraq qabardılır. Məsələn, "petroqazeta.ru"nun yazdığına görə, Merkelin Cənubi Qafqaz səfəri bir daha göstərdi ki, Paşinyan onu heç maraqlandırmır:

"Çünki Paşinyan nə bölgədə hansısa siyasi çəkiyə, nə ölkəsində tam legitimliyə, nə də parlamentdə böyük fraksiyaya malik deyil. Lakin o, siyasi ambisiyalar xatirinə parlamentdə daha çox səs qazanmaq üçün Dağlıq Qarabağda vəziyyəti gərginləşdirə bilər. Merkeli isə Azərbaycandan Avropaya daşınacaq enerji resursları maraqlandırır. Bu mübahisəli ərazidə müharibə isə onun planlarına maneə yarada bilər. Bu amili nəzərə alan Merkel tərəflər arasında vasitəçi ola biləcəyinə dair bəyanat verdi. Almaniya kansleri Azərbaycanı Avropa İttifaqı üçün enerji diversifikasiyası baxımından mühüm ölkə hesab edir".

Qeyd olunanları nəzərə alaraq deyə bilərik ki, səfərin nəticəsi olaraq Almaniya-Azərbaycan əlaqələri bundan sonra da uğurla inkişaf edəcək. Bu səfər Aİ ilə Azərbaycan arasında əlaqələrin daha da inkişaf etdirilməsi baxımından mühüm əhəmiyyətə malikdir və aparılan danışıqlar bu əlaqələrirn yeni müstəviyə yüksəlməsinə stimul verəcək. Həmçinin bütün dünya bir daha Azərbaycanın bilavasitə təşəbbüskarı olduğu enerji layihələrinə Avropa İttifaqının nə dərəcədə güclü siyasi dəstək verdiyinin şahidi oldu.

Azad Əliyev



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
23.10.2018
22.10.2018