Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Mənim şirin xatirələrim – VI HİSSƏ
Tarix: 29.08.2018 | Saat: 16:47:00
Bölmə:Reportaj | çapa göndər

Beləliklə, dünyanın ən məhsuldar, ən bərəkətli vadisi olan Fərqanənin qonağı olduğum son şəhərindən – Margilandan ayrılıb, sanki tələsirmiş kimi, polad reyslərin üzərində uçan “Afrosiyob”la yenidən Daşkəndə - “Miran Otel”ə qayıtdım. Adəti üzrə otelə gəlmədən paytaxt kafelərindən birində şam etmişdim deyə, yatıb dincəlməyə qərar verdim. Onsuz da səhər obaşdan qalxacaqdım. Atabəyin dediyinə görə, Səmərqəndə gedən qatar saat 7-də yola düşürdü...

 

Əmir Teymurun şəhərində

 

“Afrosiyob” saatda 250 kilometr sürətlə hərəkət etdiyindən, adama elə gəlirdi ki. təyyarədədir, amma yerlə uçur. Təxminən 300 kilometrlik yolu iki saata başa vuraraq qədim Səmərqəndə çatanda Dövlət Turizm İdarəsinin vilayət şöbəsinin əməkdaşı Mahmud Əhmədov artıq bizi gözləyirdi.

Səmərqənd haqqında kitablardan oxumuşdum. Qədim və şanlı tarixi, hələ sovet dönəmində belə SSRİ-də İslamın tək mərkəzi olduğunu eşitmişdim. Amma məsəl var: min eşitməkdənsə, bir görmək yaxşıdır.

Otelə gedərkən Mahmud yolboyu şəhər haqda məlumat verdi. Dedi ki, 800 min əhalinin yaşadığı Səmərqənd Özbəkistanın Daşkənddən sonra ikinci paytaxtı hesab olunur. Xüsusilə də, Səmərqənd ölkənin mədəniyyət mərkəziidr. Eləcə də şəhərdə ölkənin ən iri sənaye müəssisələri yerləşir - avtomobil sənayesi, o cümlədən traktor və digər kənt təsərrüfatı maınları üçün ehtiyyat hissələri, qida sənayesi, iri kimya müəssisələri, toxuculuq və sair inkişaf edib. Səmərqənd həm də Özbəkistanın elm mərkəzi sayılır.

Səmərqəndin tarixi ən azı 3500 il əvvələ uzanır. Eramızdan əvvəl 329-cu ildə Makedoniyalı İsgəndərin ordusu buranı işğal edib. 712-ci ildə ərəblər tərəfindən işğal edilən Səmərqənd Samanilərin hakimiyyəti dövründə inkişafın pik həddinə yüksəlir. Amma 1220-ci ildə Çingiz xan şəhərə hücum edir, hər yanı yandırıb-yaxır. Çingiz xanın gətirdiyi durğunluq uzun sürmür, Əmir Teymur Səmərqəndi yenidən tikib-qurur və dövrün ən məşhur mədəniyyət mərkəzlərindən birinə çevirir. Şəhərin taleyində son işğal və talan olayı 1868-ci ildə baş verir – rusların hücumu zamanı tarixi və dini tikililər demək olar ki, dağıdılır. Səmərqənd 1924-1930-cu illər ərzində Özbəkistanın paytaxtı da olub...

Zərəfşan çayının vadisində yerləşən Səmərqəndin adı UNESCO-nun dünya irs siyahısına salınıb.

Adının mənası qədim fars dilində “daş şəhər”, qədim türk dilində isə “Səmizkənd” - “təmiz şəhər” olan Səmərqənd doğrudan da təmiz şəhərdir. Daşkənddən fərqli olaraq buranın qədimliyi aşkar hiss olunur. Küçələr maşınla, səkilər ora-bura gedib-gələn insanlarla doludur. Küçə kənarlarında sıralanan, o qədər də hündür və müasir olmayan binaların əksəriyyətinin birinci qatında dükanlar, məişət obyektləri qapılarını açıb, müştəri gözləyir. Sovetlər dönəmində Bakıda da mövcud olan tranvaylar isə Səmərqəndə xüsusi gözəllik verir. Hara baxırsan bağ-bağçalar, iri istirahət parkları salınıb. Gül-çiçəyin, ölkənin bütün şəhərlərində olduğu kimi, reyhanların ətrindən nəfəsimi kəsirdi. Qısası, Səmərqənd möcüzədir və onu gəzib-görməyə dəyər.

Yadıma düşmüşkən, Mahmud onu da dedi ki, Səmərqəndin giriş hissəsində, hündür təpəlikdə eramızdan əvvəl 7-ci əsrdə Afrosiyob adlı antik türk şəhəri varmış. Hazırda adı sürət qatarlarına verilən Afrosiyob şəhərinin şöhrəti əfsanəvi hökmdar Turanın zamanında dillər əzbəri olub…

Beləcə, söhbət edə-edə bir də baxdıq ki, çatmışıq qalacağım dördulduzlu otel “Registan Plaza”ya.

 

Məzar açılarsa…

 

Oteldə yarım saat qalmadım, maşına oturub Səmərqəndin ecazkar gözəlliklərini görməyə yollandım. Şəhərin əsas prospektlərindən birində qoyulmuş Əmir Teymurun iri heykəlinin yanında burulub qədim tikilinin qarşısında dayandıq. Bəli, Əmir Teymurun məqbərəsi idi. Binanın həyətində qələbəlik idi - əksəriyyəti də turistlərdi. Dünyanın hər yerindən burada ziyarətçi görmək olardı (Səmərqəndə ildə 2 milyon turist gəlir). Bir-iki xatirə şəkli çəkdirib özümü verdim həyətə.

Bələdçinin dediklərindən: Əmir Teymur 1405-ci ildə 69 yaşında vəfat edib. Deyilənə görə, Çinə səfəri zamanı Tanrı dağlarından keçərkən, ordusunu cəsarətləndirmək məqsədilə buz kimi soyuq çaya girib və bir neçə gündən sonra soyuqdəymədən dünyasını dəyişib. Nəvəsi Xəlil Sultan tərəfindən Səmərqəndə gətirilən əmirin cənazəsi, bir il əvvəl ölmüş digər nəvəsi Məhəmməd Sultanın Ruh Abad yaxınlığında yerləşən mədrəsəsində dəfn edilib.

Yeri gəlmişkən, bələdçimiz dedi ki, Məhəmməd Sultan Əmir Teymurun ən sevimli nəvəsi olub, hətta əmir onu taxt-taca vəliəhd də seçibmiş. Amma qeyd etdiyimiz kimi. Məhəmməd Sultan dünyasını dəyişir və Əmir Teymur onun məzarı üzərində məqbərə, məscid və mədrəsə ucaldılmasını əmr edir. Nəhayətdə, Əmir Teymur da sevimli nəvəsinin yanında torpağa tapşırılır…

Bu gün içi qızıl süsləmələrlə bəzədilmiş, “Gur Əmir” adlanan həmin məqbərədə bütöv teymur ailəsinin məzarları sıraalnıb. Ortada Əmir Teymur, ətrafında isə oğlanları Şahruh və Miranşah, eləcə də nəvəsi Uluqbəy dəfn olunub. Qeyd edim ki, buradakı təxminən 10 məzardan ancaq Əmir Teymurun qəbri qara rəngli nefrit daşından yonulub, qalanları adi mərmərdir. Özü də bu qara daşlı məzar simvolikdir. Əslində isə Əmir Teymurun məzarı bu qəbirlərin altında – zirzəmidədir. Ora turistlərin girişi yasaqdır – polis tərəfindən ciddi mühafizə olunur.

Bələdçimiz maraqlı bir rəvayət də söylədi. Dedi ki, 1941-ci ildə sovet tədqiqatçıları Əmir Teymurun məzarını açaraq, cəsədin həqiqətən də ona məxsus olduğunu təsdiqləyiblər. Məzar açılanda isə böyük din adamları alimlərə xəbərdarlıq ediblər ki, bu işdən çəkinsinlər. Axı teymur “məzarım açılan il müharibələr olacaq, qan su yerinə axacaq” demişdi. Alimlər deyiləni dinləmir və nəticədə 27 milyon Sovet insanının həlak olduğu Böyük Vətən müharibəsi başlayır…

Məqbərənin arxasında yerləşən yeraltı otaqlarda əsasən əl işləri olan milli ornamentli əşyalar – araqçınlar, papaqlar, qadın geyim əşyaları və bəzək aksusearları, qablar, suvenirlər, rəsm əsərləri və sair satılır. Təmiz ceyran dərisi üzərində yağlı boya ilə çəkilmiş rəsm əsərləri ölçüsünə görə fərqli qiymətlərə təklif olunur. Ümumilikdə, satıcılar buradakı əşyalara 50 min somdan 300 min somadək (6 dollardan 40 dollaradək) qiymət qoyub.

Yeri gəlmişkən, məqbərəyə giriş əcnəbi turistlər üçün 22 min som (3 dollar), yerli camaat üçün isə cəmi 1 min somdur (13 sent).

 

Ecazkar Registan

 

Əmir Teymurun ruhu uyuyan məqbərəyə baxa-baxa ərazidən uzaqlaşdım. İndi yolumuz səhərdən axşamadək insan əlindən tərpənmək olmayan Registanadır.

Yüzillərdir “Qumlu yer” mənasını verən Registan meydanı Səmərqəndin elmi, dini və inzibati mərkəzi sayılıb. Şəhərdə bütün tədbirlər, festivallar, yarmarkalar məhz burada təşkil olunmaqdadır. Registan meydanı Əmir Teymurun zamanında bazarlarla dolu olub, amma Uluqbəyin hakimiyyəti dövründə hamısı sökülüb və yerində dünyanın ən böyük mədrəsəsi tikilib. Hazırda burada üç mədrəsə mövcuddur. Registan 2011-ci ildə UNESCO-nun “Dünya Mədəniyyət İrsi Siyahısı”na daxil edilib.

Gözəlliyini dillə deməyin mümkünsüz olduğu Registan kompleksində, solda 1417-1420-ci illər arasında tikilmiş Uluqbəy mədrəsəsi yerləşir. Burada 110 tələbənin yaşaya biləcəyi 54 hücrə (otaq) mövcuddur ki, hazırda onlar milli əl işlərinin satıldığı dükanlara çevrilib. Mədrəsənin həyəti isə geniş bağçadır. Uluqbəy özü burada riyaziyyat və astronomiyadan dərs deyib. Bu gün də mədrəsənin şəxsən Uluqbəy tərəfindən layihələndirilmiş 15 metr hündürlükdə olan qapısı üzərində kosmosu təcəssüm edən on ulduz həkk olunub.

Uluqbəy mədrəsəsi ilə üzbəüzdə, eynən ona bənzəyən, 1619-1536-cı illər arasında tikilmiş Şer-Dor mədrəsəsi yerləşir. Qapının üzərində aslanların ceyran ovu və günəş rəsmi (günəş zərdüştlüyə işarədir) həkk olunub. Bəlkə də buna görədir ki, el arasında bura “Aslanlı mədrəsə” deyilir. Mədrəsənin üzərində 32 metr hündürlüyündə minarə mövcuddur. 

Tilla-Kari mədrəsəsinin qapısı bu iki tikilinin aarsında qalan meydana baxır. Registan meydanının arxasında yerləşən bu tikili 1647-1660-cı illər arasında inşa olunub. Arxasında qədim karvansaray yerləşən tikili sonradan məscidə çevrilib.

 

Eşon babanın dedikləri

Yüzlərlə turistin arasından yol tapıb özümü verdim əl işləri satılan hücrələrə. Məhsullar fərqli qiymətlərə satılır, xüsusən də alıcı əcnəbi olanda, qiymət bir az da qaldırılır. Məsələn, ceyran dərisi üzərində miniatur işlənmiş rəsm əsərini mənə dükanlardan birində 300 min soma satmaq istəsələr də, başqa bir dükanda eyni əsəri 140 min, Registan meydanının ceyran dərisində işlənmiş rəsmini isə 100 min soma aldım.

Registan meydanından ayrılıb qonşuluqdakı çox böyük yaşıllığa – İslam Kərimov adına parka buruldum. Mahmud dedi ki, parkın aşağı başında Səmərqəndin başqa bir abidəsi – Əmir Teymurun Çin əsilli xanımı üçün ucaltdığı Bibixanım türbəsi, onun yanında qədim məscid və bazar yerləşir. Əlbəttə, vaxt itirmədən ora yollandıq. Bazar bağlı idi. Bibixanım türbəsi ilə üzbəüzdə yerləşən məscid isə memarlıq formasına görə sanki bir-birini tamamlayırdı. Bu iki tarixi tikilinin arasında uzanan yol, bir hissəsində köhnə məzarlıq yayılan, digər qismindəki təpə üzərində qədim məscid ucalan yoxuşa dırmanırdı. Mahmud bildirdi ki, gördüyümüz qədim ibadət yeri Həzrət Hızır məscididir. Məscidin arxasında isə mərhum president İslam Kərimovun türbəsi yerləşir. 

İslam Kərimovun göz qamaşdıran məzarını ziyarət etdik. Hindistandan gətirilmiş bahalı daşlarla tikilib, süstlənmiş məzar-türbənin ətrafında günün bütün saatlarında olduğu kimi, insan izdihamı vardı. Günümüzdə bura gələn turistlər məzarı ziyarət etmədən getməzlər. Türbə elə layihələndirilib ki, sağında yerləşən Həzrət Hızır məscidi ilə tam ahəng təşkil edir.

Yeri gəlmişkən. ayaqüstü söhbət etdiyim Həzrət Hızır məscidinin imamı Eşon baba həm mərhum prezidentin məzarı, həm də Orta Asiyada tikilmiş ilk məscid olan “Həzrət Hızır” barədə maarqlı məlumatlar verdi.

Eşon baba şəhərin dərin ənginliklərində minarəsi göylərə uzanan türbəni göstərib, onun İslam dünyasının ən böyük ilahiyyatçı alimlərindən biri, islami hədislərin ən yaxşı bilicisi olmuş İmam Buxariyə aid olduğunu dedi. Bildirdi ki, şəhərin mərkəzindən 25 kilometr aralıda yerləşən həmin türbə 870-ci ildə tikilib. Türbənin ətrafında isə çox sayda evliya və seyidlərin dəfn olunduğu böyük məzarlıq mövcuddur.

 

“Şahi Zində”yə doğru

 

Eşon babadan ayrılıb təpəni endik. Mahmudla söhbətləşə-söhbətləşə təpənin ətəyi ilə üzüaşağı addımlayarkən, o, “Şahi Zində” deyilən çox müqəddəs məkana getdiyimizi bildirdi. Budur, hər iki yanında qədim türbələrin sıralandığı daş pillələrlə təpəyə çıxırıq. Burada adama elə gəlir ki, həyat məhz bu daş divarlardan ibarətdir. Amma bu mühit onu hiss edənlərə insaf, ləyaqət, mərhəmət aşılayır.

Bələdçi bildirdi ki, “Şahi Zində” və ya başqa adıyla “Kral məzarlığı” adlanan bu ərazidəki 11 türbə bir-birinin ardıyla XIV əsrdə tikilib. Türbələrdə əmirin ailəsi, sərkərdələr, böyük üləmalar və sair dəfn olunub. Lap yuxarıdakı türbə isə islamiyyətin qurucularından olan, Həzrət Əlinin nəvəsi, Həzrət Abbasın oğlu Qusam İbn Abbasa məxsusdur. Məlumata görə, Qusam İbn Abbas 640-cı ildə Səmərqəndə gəlib və 13 il burada yaşayıb. Onu zərdüştlüyün tərəfdarlarından biri namaz üzərində xəncərlə vuraraq, öldürüb.

Sonda onu da deyim ki, buradakı səkkizguşəli türbələrdən biri o dövrdə Azərbaycandan gəlmiş memarlar tərəfindən tikilib…

 

Vüsal Tağıbəyli,

Bakı-Daşkənd-Səmərqənd-Bakı

 



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
21.10.2018
20.10.2018
19.10.2018