Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Mənim şirin xatirələrim – VII HİSSƏ
Tarix: 03.09.2018 | Saat: 13:34:00
Bölmə:Reportaj | çapa göndər

Səmərqənddən gedirdim. Hətta Mahmud da foyedə oturub, məni gözləyirdi. Beləcə, sağollaşıb otelin qarşısında bizi gözləyən minibusa otudum. Gözlərimi Səmərqəndin əsrarəngiz gözəlliklərindən ayırmadan minibusun sürətinə qarışıb üzüqərbə - ecazkar Buxaraya doğru uzaqlaşdım...

Əslində sürətli “Afrosiyob”la gedəcəkdik, amma səhərki reysə bilet qalmamışdı. Ona görə də Səmərqənd vilayəti Turizm İdarəsi məni yola salmaq üçün minibus göndərmişdi.

 

Evliyalar şəhərində

 

Səmərqənddən Buxaraya 300 kilometr yol getməliydim. Atabəy dedi 4 saatlıq yoldur, ona görə də yumşaq oturacaqdaca rahatca mürgüləyə bilərəm. Amma nəinki mürgüləmək, ilk dəfə ayaq basdığım bu qədim ölkənin gözəlliklərini görmək üçün günlərlə yatmamağa da hazırdım. 

Buxaraya uzanan 280 kilometrlik yolun hər iki tərəfi yaşıllıqlara qərq olub. Baxmayaraq ki, qərbə - Buxaraya tərəf irəlilədikcə qızmar səhranın yeknəsək çöllərinə yaxınlaşırdıq, amma insan əli buraları möcüzəyə çevirmişdi. Zərəfşan çayından, hətta daha qərbdə, Aral gölünün qurumuş yatağına doğru sürünən Amudərya çayından çəkilmiş kanallarla suvarılan çöllər başdan-başa pambıq plantasiyalarına bürünüb. Fərqanə vadisində olduğu kimi bu yerlərdə də əkilə bilən torpaqlar boş qalmır: qarğıdalı, günəbaxan, bostan əkilir, meyvə və üzüm bağları salınır.

Yolu necə qətt etdiyimi bilmədim. Maşınımız Buxara ətrafındakı məhəllə küçələrini dolaşaraq əzəmətli bir darvazanın önündə dayananda, Atabəy “Bura Buxara əmirlərinin yay iqamətgahı olub. Yolumuzun üstüydü, düşündüm baş çəkək ki, sonra əlavə vaxt sərf etməyək” dedi. Bir söz demədən maşından enib, Səmərqənddə heyran qaldığım tarixi özbək memarlığı nümunəsinin eynisinin qarşısına gəldim. Eyni üslübda tikilmiş tağlı darvazanın ətrafındasa ərzaq və digər məhsullar satan dükanlar sıralanıb. Divara isə tikilinin daxili strukturunu göstərən və hər bir turistin diqqətlə baxdığı iri sxem-xəritə vurulub.

Ümumiyyətlə, aypara və ulduz formasında tikilmiş iqamətgah - “Sitoray Mohi Hossa” köhnə və yeni hissəyə bölünür. Köhnə tikililər XVIII- XIX əsrə aiddir. Yeni hissədəki bina isə 1912-1918-ci illər arasında əmir Mir Seyid Alimxan tərəfindən tikilib.

“Sitoray Mohi Hossa”nın tikintisi üçün yerin seçilməsinə dair maraqlı hekayə var. Deyilir ki, olduqca isti iqlimə malik Buxarada əmirlər üçün yay iqamətgahı tikilərkən bir neçə yer seçilib. Sonra qoyunlar kəsilir və soyulmuş cəmdək həmin fərli yerlərdə qoyulub, xarab olması gözlənilir. Ət ən gec məhz sarayın bu gün mövcud olduğu yerdə xarab olur deyə, bura da seçilir.

“Sitoray Mohi Hossa” xalq sənəti muzeyi olan kompleksin darvazasından içəri girirəm: böyük həyətdir. Ortalıqda yamyaşıl ağaclar, rəngarəng gül-çiçəklər əkilib. Həyətin divarları boyunca sıralanmış hücrələrdə isə təmiz əl işi olan geyim-kecimlər, rəsmlər, yaylıq və masa örtüklərindən tutmuş bəzək əşyalarınadək hər şey satılır. İpək sapla işlənmiş, həm eni, həm də uzunluğu 1,5 metr olan süfrələr 80 min soma (10 dollar), canamazlar isə 800 mindən 1 milyon somadək (100-130 dollar) qiymətə təklif edilir. Gümüş üzük və sırğalar, digər bəzək əşyaları isə 15-20 min soma (2-3 dollar) satılır. Maraqlıdır ki, bir dükana boylanan kimi satıcı adamı içəri çəkmək üçün dil töküb, malları tərifləməyə başlayır. Ona görə də nəsə almaq fikri olmayanlar ehtiyyatı əldən verməməlidir.

Dükanları gəzib, daha böyük olan ikinci, sonra da üçüncü həyətə keçirəm. Kompleksin tərkibində qəbul korpusu, mehmanxana, qadınlar üçün nəzərdə tutulmuş qonaq evi və sair var. İkinci həyətin ortasında isə usta Şirin Muradovun heykəli ucalır. Sonuncu həyətdə iri hovuz da var. Kompleksin ərazisi ilk vaxtlar 6,7 hektar olsa da, hazırda 1,2 hektardır. Həyət boyu bağ salınıb. Xüsusən də talvardan sallanan üzüm salxımları bura gələnləri özünə cəlb edir. Kimin boyu uzundursa, bəxti gətirir, salxımdan dərib, dadına baxır. Hə, həyətdə lovğa-lovğa gəzişən tovuzquşları ilə şəkil çəkdirmək də turistlərə əlavə zövq verir.

 

Çingiz xana baş əydirən minarə

 

Maşına oturub şəhərin mərkəzinə - Bəhaəddin Nəqşibəndi prospektində yerləşən “Golubie kupola” (“Mavi səma”) gəldim. Otel üç qatlı olsa da, sözün əsl mənasında qədim sarayı xatırladır. Otaqlar, salonlar – hər yer qədim qəsrdə olduğumu hiss etdirir. Əlbəttə ki, təhcizatı tam müasirdi və hər bir turist burada qalmağı arzulayar.

Nahardan sonra qədim şəhəri gəzib-görməyə Buxarada olduğum müddətdə mənə bələdçilik edəcək Cahangirlə birlikdə yollandım. Birbaşa Registan meydanına gəldik. Səmərqənd Registanına bənzəyirdi, amma oradan daha qədim, daha fərqli görünüşü var: sağda Kolon məscidi, solda Mir Arab mədrəsəsi, ikisinin arasında – başda isə çox hündür olan Kolon minarəsi yerləşir. Təbii ki, Kolon minarəsi ilə Mir Arab mədrəsəsinin arasında da qədimdən üzübəri mövcudluğunu qoruyan qapalı bazar və sair mövcuddur. 

Cahangir deyir ki, meydanda ən qədim olanı məhz Kolon minarəsidir. Onun 1127-ci ildə Qaraxanilərin hakimiyyəti dövründə tikildiyi məlumdur. 46 metr hünüdürlüyü olan minarə Böyük İpək Yolu üzərində mayak rolunu oynayıb, dəvə karvanlarının şəhəri görüb, bura yan alması üçün bir növ işarə verib. Cahangir bir maraqlı rəvayət də danışdı: “Çingiz xan ordusu ilə Buxaranı işğal edərkən Registan meydanına gəlib. Minarənin təpəsinə baxmaq üçün başını qaldıranda dəbilqəsi yerə düşür. O, dəbilqəsini götürmək üçün əyilir və bu zaman “Mən heç vaxt kiminsə qarşısında təzim eləmədim, yalnız bu minarənin önündə əyildim...” deyir.

 

Uşaqlar qılıncdan keçirilib

 

Sağdakı Kolon məscidinin geniş həyətinə giririk. Lap başda möhtəşəm məscid binası, sağ və sol yanlarda qarşısı sütunlu artırmadan ibarət çox sayda hücrələr yürləşir. Həyətin ortasında böyük bir ağac, ağacla məscidin arasında isə hündür məqbərə tikilib. Cahangirin dediklərindən: İslamdan öncə Zərdüştlərin bu yerdə məbədi varmış. Amma Kutayba ibn Müslim məbədi sökdürüb yerində gördüyümüz bu məscidi tikdirib. XVI əsrdə isə Abdulla xan köhnənin yerində məhz bu məscidi inşa etdirib. Məscid eyni anda 12 min möminin namaz qıla biləcəyi qədər genişdir.

Yeri gəlmişkən, həyətdəki məqbərə barədə də acınacaqlı tarixi məlumat aldım. Cahangir deyir ki, Çingiz xan Buxaranı işğal edərkən atla məscidə girir. Bu zaman məscidin imamı namaz qılırmış. Çingiz xan neçə dəfə imamı çağırır, amma o, namazını pozub, reaksiya vermir. Bundan qeyzlənən xan elə namaz üstündəcə imamın başını vurur. Amma ürəyi soyumur, üç min müsəlman uşağı məscidin həyətinə toplayıb, qılıncdan keçirir. Gördüyüm bu məqbərə də qətl edilmiş həmin uşaqların xatirəsinə tikilib.

Məsciddən ayrılıb üzbəüzdəki Mir Arab mədrəsəsinə gəldim. XI əsrdə Buxaraya gələn yəmənli şeyxin adını daşayan mədrəsənin həyəti yamyaşıldır. Bu dini təhsil ocağı indi də tələbələrinə islami elm öyrətməkdə davam edir. Divarına vurulan şəkillər və yazılı lövhələrdən də aydın olur ki, burada dünya islam tarixində olduqca məşhur insanlar təhsil alıb. O cümlədən, Çeçenistan prezidenti Ramzan Kadırovun atası, hətta Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə də Mir Arab mədrəsəsinin yetirməsidir və hazırda onların şəkli mədrəsənin daxili divarını bəzəyən məşhurların şəkilləri arasındadır.

Təxminən üç hektar ərazisi olan bu ecazkar abidələr kompleksini ziyarət edib, mədrəsənin arxasında yer alan böyük və olduqca qədim şəhərin gəzintisinə çıxdım.

 

Mədrəsələr, hovuzlar şəhəri

Bakıdakı İçərişəhər kimi, qədim Buxara da turistlərin sevimli istirahət yeridir. Cahangir deyir ki, son iki il ərzində şəhərə gələn turistlərin sayı sürətlə artmaqdadır. Məsələn, ötən il şəhərə yarım milyon turist gəldiyi halda, bu ilin 6 ayı ərzində onların sayı 1 milyon nəfəri ötüb.

Təxminən 40 hektar ərazisi olan qədim Buxarada 15-16-cı yüzilliklərdən qalma çox sayda mədrəsə, qapalı bazar və sair kimi iaşə binaları mövcuddur. Məsələn, Mirzə Uluqbəy mədrəsəsi 1417-ci, Əbdüləli xan mədrəsəsi isə 1652-ci ildə tikilib. XVI əsrdə tikilmiş qapalı bazar və digər onlarla bina qədim tarixin yadigarlarıdır.

Bundan əlavə, qədim Buxaranın bir özəlliyi də çox sayda hovuzlarının olmasıdır. 1920-ci ildə şəhərdə, bəziləri hətta 16-cə əsrdə tikilmiş 114 hovuz olub. Amma rusların bombardmanı zamanı drenaj sistemi dağılıb, duzlu su səthə qalxaraq hovuzlara dolub. Buna görə də onlardan 99-u ləğv edilib.

Hazırda turistlərin ixiyarına verilən bu qədim mədrəsələrdən birinin hücrələrində, eləcə də köhnə şəhərin küçə və dalanlarında milli ornamentlərlə bəzədilmiş əl işləri satılır. Rəhimə adlı dərzi də onlardan biridir. Ayaqüstü bir-iki ağız söhbətləşdim. Deyir kətandan, ipəkdən kişi və qadın, hətta körpələr üçün köynəklər tikir. Bundan əlavə, üzəri əl toxuması olan yaylıqlar, yastıqüzləri, süfrələr, yataq örtükləri də tikir və kvadratı 200 min somdan (30 dollar) satılır. Ayda 800 min som (100 dollar) maaş alan Rəhimə xanım deyir ki, əksəri əcnəbi olan alıcılar sarıdan da problemləri yoxdur.

 

Qumun altında qorunan türbə

 

Qədim Buxaradakı, Orta Asiyada tikilmiş ilk türbə olan İsmayıl Samani türbəsi də məni çox maraqlandırdı. Qapısı böyük bir parka açılan türbə memarlıq xüsusiyyətlərinə görə Buxaradakı digər bütün tikililərdən fərqlidir. Divarlar, günbəz, hətta pəncərənin çərçivəsi və barmaqlıqları qırmızı kərpicdən elə məharətlə hörülüb ki, baxmaqla doymaq olmur. Divarlar sanki səbət hörgüsünü xatırladır. IX əsrdə tikilən türbənin daxili salonu kvadratşəkillidir və içəridə İsmayıl Samaniyə məxsus məzar yerləşir. Amma maraqlıdır ki, məzar qapının girəcəyindədir, hansı ki, içəridə boş yer çoxdur. Bu da deməyə əsas verir ki, burada günümüzə gəlib çatmayan başqa məzarlar da olub...

Türbə mövcud olduğu 11 əsr ərzində təmir olunmayıb. Səbəb isə budur ki, qədimdə səhradan qalxan qum fırtınası zamanı türbə yüz illərlə qumun altında qalıb. Ona görə də təbii şəkildə mühafizə olunub. 

Türbədən ayrılıb Buxaranın simvolu olan Ark qalasına gedərkən yolumu “Bolo Hovuz” və ya el dilində “Qırx sütun” deyilən məscidin yanından saldım. İbadət evi 1713-cü ildə tikilib. Tavanı və ağac sütunlarının bəzəyinə baxmaq üçün adama dörd göz lazımdır. Məscidin qarşısındakı meydanın solunda ayrıca minarə ucaldılıb. Meydanın ortasında isə “Bolo Hovuz” yerləşir. Məscidə “qırx sütun” deyilməsinin səbəbi də məntiqlidir. Deməli, məscidin qarşısında 20 sütun var ki, günün müxtəlif vaxtlarında hovuzun suyunda əks olunur və bu zaman hovuza baxana elə gəlir ki, 40 sütun mövcuddur.

 

Ark qalası

Məscidin qarşısındakı küçəni keçib Buxaranın simvolu olan Ark qalasının əzəmətli divarlarına yaxınlaşdım. Divara baxanda mənə elə gəldi ki, olduqca nəhəng təndirlər sırayla düzülüb. Görəsən içərisi necədir, maraq götürdü və qapıya yönəldim. Daş döşənmiş düz yol qalanın içində yuxuşa dırmanırdı. Yolun hər iki tərəfində əl işləri satılan hücrələr yerləşir ki, vaxtilə onlardan qaravulxana və zindan kimi istifadə edilib. Qalanın ilk vaxtlarda daxili ərazisi 4 hektar olsa da, bu gün cəmi 1 hektardır. Burada əmirin sarayı, qarşısı meydan olan böyük qəbul salonu, məscid (əvvəl üç məscid olub, hazırda biri qalır), vəzirin, digər məmurların evləri (ümumilikdə qalanın daxilində 3 min insan yaşayıb), atlar üçün tövlə və sair olub. Ruslar qalanı işğal edərkən xəzinəni soyub-talayıb, təxminən 10 vaqun dolusu sərvəti Moskvaya aparıblar.

Tarixi mənbələrə görə, buranı 2500 il əvvəl İran şahzadəsi Səyavuş tikdirib. Nağıl olunur ki, Səyavuş o dövrün əfsanəvi hökmdarı Əfrasiyobun qızı ilə evli olub. Xalq onu o qədər sevirmiş ki, vəzirin buna paxıllığı tutur. O, şah Əfrasiyoba deyir ki, Səyavuş onun arvadına sataşıb, üstəlik də taxtı ələ keçirmək istəyir. Şah inanır və kürəkənini bu qalada amansız şəkildə edam etdirir. O zamandan günümüzədək Baxara camaatı hər il bayram günlərində Səyavuşun xatirəsinə qurban kəsir.

Buxarada son baş çəkdiyim yer Bəhaəddin Nəqşibəndinin şəhər ətrafında yerləşən Qəsri-Arifan kəndindəki məscid-türbəsi oldu. 1318-1389-ci illərdə yaşamış Şeyx Nəqşibəndi Sufizmin təbliğatçısıdır. Onun fikrincə insanın ürəyi Allahla olmalı, əməli isə yaxşı işlərlə yadda qalmalıdır. Bənzər arxitekturalı darvazadan girən kimi qarşıda böyük həyət açılır. Həyətdə gül-çiçək, reyhan ətri adamı valeh edir. Əmir Müzəffər xanın zamanında (1860-1885-ci illər) tikilmiş biri kişilər, digəri isə qadınlar üçün olmaqla iki məscid var burada. Həyətin yuxarısında Şeyx Nəqşibəndinin məzarı yerləşir.

Tarixə görə, Əmir Teymur Nəqşibəndini pir kimi qəbul edib. XIV əsrdə məzar üzərində türbə, XVI əsrdə isə məqbərə tikilib. Burada böyük bir məzarlıq da var ki, orada əmirlər, vəzirlər, saray əyanları dəfn olunub...

...Günortadan sonra Buxaradan ayrılmaq məqamı yetişdi. Amma tarixin sehrli yuxusundan ayılmaq istəmirdim. Maşına oturub 300 min sakini olan bu ecazkar şəhərin küçələrindən şütüyüb bir andaca dəmir yol voğzalına çatdım. Az sonra da şirin xatirələrimlə birlikdə sürət qatarına oturub paytaxta – Daşkəndə yollandım və beləcə, qardaş Özbəkistana, builmirəm, bəlkə də heç vaxt təkrarlanmayacaq səfərim başa çatdı...

 

Vüsal Tağıbəyli,

Bakı-Daşkənd-Buxara-Bakı



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
19.12.2018
18.12.2018
Ceyhun Bayramov “Ədəbiyyat biliciləri” ilə bağlı əmr imzaladı
Heydər Əliyev prospektində piyada vurulub
"ABC Tədris və İnkişaf mərkəzi" və "Ahıllara və Tənhalara Dəstək"-dən təqdirəlayiq addım
“Azərbaycanda Belarusu qardaş ölkə və dünyada Azərbaycanın ən yaxın tərəfdaşlarından biri hesab edirlər” - Prezident
“Saakyanın Fransa və ABŞ-a səfərinə şərait yaradılmasının siyasi rəzalətdən başqa adı yoxdur” – Qabil Hüseynli
Azərbaycan-Belarus sənədləri imzalanıb
Belarus və Azərbaycan arasında mövcud münasibətləri daha da genişləndirmək mümkündür, buna çalışmaq lazımdır - Lukaşenko
Mətbuat Şurası ilə Rusiya Jurnalistlər İttifaqı əməkdaşlıq haqqında Memorandum imzalayıb
Tələbələr pulsuz müayinə olunacaq
Bir ailənin 3 üzvü dəm qazından zəhərləndi