Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“Prezidentlərin görüşünün Təbrizdə keçirilməməsinin xüsusi səbəbi yoxdur” – Əfşar Süleymani
Tarix: 06.09.2018 | Saat: 14:26:00
Bölmə:Siyasət | çapa göndər

Sabah Tehranda İran, Türkiyə və Rusiya prezidentlərinin iştirakı ilə üçtərəfli görüş keçiriləcək. İlkin olaraq sızan məlumatlarda prezidentlər Həsən Ruhani, Rəcəb Tayyib Ərdoğan və Vladimir Putinin danışıqlar masasında Suriyada son proseslər, regional iqtisadi-ticarət və hətta ticarətin milli valyuta ilə aparılması, dollardan tədricən imtina kimi məsələlərin olacağı deyilir. 

Əlbəttə, Suriya məsələsi danışıqlarda ağırlığını qoruyacaq. Çünki Rusiya və İranın ciddi hava və yerüstü dəstəyini alan Bəşər Əsəd hakimiyyəti artıq İdlib üzərinə hücuma keçib, yaşayış məntəqələri bombalanmaqdadır və sair. İdlib məsələsində isə Türkiyənin xüsusi maraqlarının olması, bu vilayətin böyük hissəsində hazırda Türkiyə hərbçilərinin yerləşdirilməsi, Təl-Rifatda PYD-PKK ünsürlərinin hələ də hökmranlıq etməsi və Rusiyanın onlarla alış-verişdə olmasını isbatlayan faktların mövcudluğunu nəzərə alsaq, Ərdoğanın Putinlə ciddi danışması və hətta onu, eləcə də Ruhanini seçim qarşısında qoyması gözləniləndir. Bu yerdə bir həssas gediş də ola bilər: İdlibdə başlayan hərbi əməliyyatlara ola bilər ki, Ankara yaşıl işıq yandırıb və sonunda onlardan mütləq hansısa güzəşti alacaq. Bu hətta bir az daha inandırıcı görünür. Çünki əks halda İdlibə endirilən zərbələrdən dolayısı Ankara Rusiya və İrana qarşı bircə dəfə də olsun sərt bəyanatlar verərdi. Xasiyyətini nəzərə alsaq, ən azından bu halda Ərdoğan görüş üçün Tehrana ayağını basmazdı.

Prezidentlərin Tehran görüşü ilə bağlı İranın Azərbaycandakı keçmiş səfiri, hazırda politoloq fəaliyyəti göstərən Əfşar Süleymani ilə danışdım. Öncə soruşdum ki, prezidentlərin görüşünün Təbriz şəhərində keçirilməsi barədə ilkin qərar olduğu halda niyə bu plan ləğv edilərək, proses Tehrana daşınıb? Təbii ki. Təbriz İranda milli bölgənin mərkəzi olduğu üçün görüşün burada keçirilməməsi həm də dünya miqyasında medianın şübhələnməsinə səbəb olub.

Ə.Süleymani dedi ki, başqalarından fərqli olaraq onun fikrincə, görüşün Təbrizdə keçirilməməsinin xüsusi səbəbi ola bilməz. “Bu haqda bəzi media orqanlarında gedən xəbərləri mən də görüb, oxumuşam. Amma görüş harada keçirilməsindən asılı olmayaraq yenə də görüşdür. Düşünürəm, çox güman ki, belə ali tədbir üçün hazırlıqların görülməsi, təhlükəsizlik və yerləşdirmə məsələləri nəzərə alınıb” deyir politoloq.

Keçmiş diplomat deyir ki, Tehranda keçiriləcək görüş sayca üçüncü olacaq və danışılacaq məsələlər də indidən bəllidir: “İran, Türkiyə və Rusiya prezidentlərinin bu dəfəki görüşündə əsas müzakirə mövzusu Suriyada vəziyyətdir. Düzdür, xarici işlər nazirləri səviyyəsində belə məsələlər mütəmadi danışılır. Amma prezidentlərin bir araya gəlməsi çox vacib və ümidvericidir. Suriyanın gələcəyi, ərazi bütövlüyünün qorunması, ölkənin terror şəbəkələrinin hücumlarından xilas edilməsi dövlət başçılarının əsas mövzularıdır. Yəqin ki, bu görüşdə ABŞ-ın tutduğu mövqeyə də baxılacaq və münasibət ortaya qoyulacaq. Sonda nə qərar qəbul olunsa, ona uyğun da addımlar atılacaq”.

Ə.Süleymaninin fikrincə, əslində o demək deyil ki, Suriya problemini ancaq bu üç dövlət başçısı yoluna qoya bilər, xeyr, bütün ölkələrin əlaqəli şəkildə rol oynaması lazımdır. Yeni anayasa hazırlanandan və bütövlükdə siyasi həll yolu tapılandan sonra, əlbəttə ki, məsələyə Cenevrədə, BMT-nin və bütün əlaqəli ölkələrin iştirakı ilə son qoyula bilər. “Nəzərə alaq ki, bu gün Suriya ərazisində ABŞ və digər ölkələrin hərbi qüvvələri mövcuddur, problemə ciddi və həssas yanaşmaq lazım olacaq. Hesab etmirəm qabul olunacaq qərarlar hər şey deməkdir və münaqişəni kökündən həll edəcək, xeyr. Türkiyənin həmsərhəd olduğu Suriyada bir çox müstəvilərdə narahatlıqları var ki, yəqin tapılacaq həll variantında onlar mütləq nəzərə alınacaq. Burada əsas düyün Amerika və Rusiyanın məsələyə baxışlarındadır. Amma düşünürəm ki, onların da mövqeləri gec-tez uzlaşacaq. Çünki hərbi-siyasi, xüsusən də Suriya ilə əlaqəli məsələrdə bu iki ölkə ümumi maraqlar xatirinə dil tapırlar” deyir keçmiş diplomat.
Suriya məsələsi məlumdur, o da ola bilər ki, dünyadan tam gizli saxlanılacaq hansısa mövzular da daanışılsın? Ə.Süleymaniyə görə, hər şey mümkündür və belə təcrübələr dünya siyasi tarixində kifayət qədərdir. “Əlbəttə ki, əksər hallarda keçirilən belə yüksək səviyyəli görüşlərdə bəzi həssas, özəl xarakterli məsələlər də müzakirə edilir və onun barəsində cəmiyyətə məlumat verilmir. O cümlədən, Suriya münaqişəsinə dair də gizli saxlanılması lazım olan söhbətlər aparıla bilər və bunu mümkün sayıram. Hətta düşünürəm ki, prezidentlər üçtərəfli görüşlə yanaşı, həm də ikilikdə bir araya gəlib, öz ölkələri arasında əlaqələrə dair danışıqlar da apara bilərlər".

Politoloq Tehran görüşündə danışılması mümkün olan iqtisadi-ticari məsələlərə də toxundu. Bildirdi ki, dollar söhbətinin ortaya çıxmasının səbəbkarı elə ABŞ-ın özüdür. Çünki bu ölkə valyutasından siyasi məqsədlər üçün istifadə edərək, ölkələrin iqtisadi inkişafına mane olur. Ona görə də Rusiya, İran, Türkiyə, Çin və sair kimi ölkələr problemdən çıxış yolu aramağa başlayıblar. “Amma bu hələlik söz olaraq qalır və yaxın vaxtlarda konkret addımın atılacağını düşünmürəm. Çünki dünya ölkələrinin valyuta ehtiyyatlarının 65 faizi məhz dollarla saxlanılır. Avroya keçid də mümkündür. Milli valyutaya keçid də olar, amma çətinliklər var. Hər şey dövlətlərin iradəsindən asılıdır” deyir politoloq.

Maraqlıdır ki, Azərbaycan da Türkiyə, İran və Rusiyanın ortasında – onları birləşdirən coğrafi məkanda yerləşir. Bu gün adları qeyd olunan üç ölkənin prezidenti görüşür, məsələləri həll edir. Bəs bu proseslərdə Azərbaycanın rolu nə ola bilər? Ə.Süleymani deyir ki, Azərbaycanın regionun iqtisadi-siyasi məsələlərində, hətta bir müsəlman dövləti olaraq Suriya münaqişəsinin həllində aktiv rol oynaması mümkündür və məntiqlidir. Hətta Azərbaycanın bu məsələlərdə oynayacağı rol onun iqtisadiyyatına və siyasi nüfuzuna güc qata bilər.

Ə.Süleymani Tehran görüşündə Qarabağ probleminin də danışılması ehtimalına münasibət bildirdi. Deyir ki, İran və Türkiyə bu məsələdə Azərbaycanın yanındadır, onun ərazi bütövlüyünün tərəfdarıdırlar və hətta Türkiyə bir az daha irəli gedərək Azərbaycan torpaqlarının işğaldan azad edilməsini şərt qoyaraq İrəvanla əlaqə saxlamır. Qalır tək Rusiya ki, onun bu problemin aradan qalxmasında rolu böyük ola bilər. Çünki münaqişənin yaradıcısı məhz Rusiyadır. “Amma inanmıram ki, bir görüşdə Rusiya özü yaratdığı münaqişəni həll etmək təşəbbüslərini dəstəkləyə” deyir müsahibimiz.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
10.12.2018
09.12.2018
08.12.2018