Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“Azərbaycan Əfqanıstanda sülhün bərqərar olunması üçün əlindən gələni edir" - SƏFİR
Tarix: 07.09.2018 | Saat: 19:30:00
Bölmə:Siyasət | çapa göndər

Bu gün Əfqanıstanın ölkəmizdəki səfirliyi Milli Gün münasibətilə rəsmi qəbul təşkil edib. Dövlət və hökumət rəsmilərinin, millət vəkillərinin, ölkəmizdə akkreditə olunmuş xarici diplomatik korpusun, eləcə də ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbirdə öncə hər iki dövlətin himnləri səsləndirilib. Əfqanıstanın ölkəmizdəki səfiri Məhəmməd Taqi Xəlili bildirib ki, bu onun Azərbaycanda keçirdiyi son bayram tədbiridir:

"Mən bu müddətdə ölkələrimiz arasında əlaqələrin inkişafının şahidi olmuşam. Diplomatik əlaqələr qurulandan sonra, ölkələrimiz atasında genişhəcmli sənədlər imzalanıb. İlin sonunadək İşçi Qrupun görüşü olacaq. Azərbaycan Əfqanıstanda sülhün bərqərar olunması üçün əlindən gələni edir. Hazırda ölkəmizdə azərbaycanlı sülhməramlıların sayı artıb. Bu bizi sevindirir", - deyib səfir.
Xarici işlər nazirinin müavini Ramiz Həsənov bildirib ki, ölkələrimiz arasında sıx münasibətlər mövcuddur. O, Əfqanıstanın Qarabağ münaqişəsinin həlli məsələsində hər zaman Azərbaycana dəstək verdiyini xatırladıb. Bildirib ki, ölkələrimizin rəhbərlikləri arasında mütəmadi keçirilən görüşlər münasibətlərin inkişafına müsbət töhfəsini verməkdədir. Nazir müavininin sözlərinə görə, ölkələrimiz arasında təhsil, elm sahəsində birgə proqramlar həyata keçirilir. “Əfqanıstanlı mütəxəssislərə ADA Universitetində təlim keçilir", - deyən nazir müavini qeyd edib ki, münasibətləri daha da genişləndirmək üçün böyük iradə var və tərəflər əllərindən gələni etməlidir.

Bu bayram günlərində bir az da Əfqanıstan haqqında maraqlı məlumatlarla tanış olmaq yerinə düşərdi.
Əfqanıstan Cənubi Asiyada, dənizə çıxışı olmayan qapalı dövlətdir. Ərazisi 652 min kvadrat-kilometr, əhalisinin sayı 36 milyon nəfərdir. Paytaxtı Kabul şəhəridir.
Pakistan, İran, Türkmənistan, Özbəkistan, Tacikistan, şimal-şərqdə isə az məsafədə həmsərhəd olan Əfqanıstan ərazisinin böyük hissəsini qışı çox soyuq keçən Hinduquş dağları tutur. Ölkənin şimalı məhsuldar düzənliklər, cənub-qərbi isə yayı çox isti olan səhralardır.
Olduqca qədim tarixi olan Əfqanıstanda aşkarlanan ilk insan məskənləri orta Paleolit dövrünə təsadüf edir. Böyük İpək Yolu üzərində yerləşən Əfqanıstan ərazisi tarix boyu Kuşan İmperiyası, Ağ hunlar, Samanilər, Səfərilər, Qəznəvilər, Qurilər, Xələclər, Böyük Moğol İmperiyası, Hotakilər, Durranilər və digər böyük imperiyaların tərkibində olub.

Müasir Əfqanıstan dövlətinin siyasi tarixi XVIII əsrdə mövcud olmuş Hotaki və Durrani sülalələri ilə başlayır. XIX əsrin sonlarında Əfqanıstan Britaniya Hindistanı və Rusiya İmperiyası arasındakı "Böyük oyun"da buferölkə rolunu oynayıb. 1893-cü ildə Britaniya Hindistanı ilə sərhəddə yaradılan Durand xətti əfqan hökuməti tərəfindən rədd edilib və 1947-ci ildə Pakistan müstəqillik qazanandan sonra, bu ölkə ilə əlaqələrin gərginləşməsinin əsas səbəblərindən biri hesab olunur. 1919-cu ildə baş vermiş üçüncü ingilis-əfqan müharibəsinin ardınca ölkə xarici təsirdən qurtulub və Əmənullah xanın rəhbərliyi altında monarxiya qurulub. Əmənullah xandan sonra ölkəni 40 il ərzində Məhəmməd Zahir şah idarə edib. 1970-ci illərin sonunda Əfqanıstanda bir neçə dövlət çevrilişi baş verib. Əvvəlcə ölkədə kommunizm qurulub, ardınca isə Əfqanıstan Sovet İttifaqının protektoratına çevrilib. Bu hadisələr 1980-ci illərdə üsyançılara qarşı sovet-əfqan müharibəsinin baş verməsi ilə nəticələnib. 1996-cı ildən etibarən, Əfqanıstan ərazisinin çox hissəsi Taliban qruplaşması tərəfindən ələ keçirilib ki, nəticədə, ölkənin çox hissəsi 5 il ərzində Əfqanıstan İslam Əmirliyi tərəfindən idarə olunub.
2001-ci ildə NATO-nun rəhbərliyi altında koalisiya qoşunlarının Əfqanıstana daxil olması ilə Taliban hakimiyyəti yeni sivil hökumətə təhvil verib. Əfqanıstan hazırda prezident (prezident Əşrəf Qənidir) tərəfindən idarə olunan unitar İslam Respublikasıdır. Hökumətə Baş nazir Abdullah Abdullah rəhbərlik edir.
Əhalisinin sayı 36 milyon nəfər olan Əfqanıstanda puştunlar, taciklər, həzaralar, özbəklər və başqaları yaşayır. Əfqanıstan iqtisadiyyatı dünya ölkələri arasında 108-ci yerdədir. Beynəlxalq Valyuta Fondunun 2016-cı ildə verdiyi məlumata görə, Əfqanıstan adambaşına düşən ÜDM həcminə görə, 186 ölkə arasında 167-cidir.

Ən böyük şəhərləri paytaxt Kabul, Herat, Qəndəhar və Məzari-Şərifdir. Yerli və milli səviyyədə inteqrasiyanın zəif olduğu Əfqanıstanda coğrafi maneələrdən əlavə ictimai həyatda da bir sıra əhəmiyyətli problemlər qalmaqdadır. Əhalinin savadlılıq dərəcəsi, təxminən, 36 faizdir, adambaşına düşən ümumdaxili gəlir baxımından ən yoxsul ölkələr arasındadır.
Əfqanıstan iqtisadiyyatı uzun illərdir ölkədə davam edən daxili hərbi-siyasi vəziyyətlə bağlı olaraq inkişafdan qalıb. Demək olar ki, iqtisadiyyatın əsası heyvandarlıq və əkinçilikdən ibarətdir. Ümumdaxili məhsul istehsalında əkinçilik 80 (xaşxaş, buğda, meyvələr, fındıq və sair), sənaye 10 və xidmət sahələri 10 faiz təşkil edir. Sənayesində kiçikhəcmli geyim məhsulları, mebel, yuyucu maddələr, gübrə, ayaqqabı, sement, əllə toxunan xalçalar, təbii qaz, yağ, kömür və mis istehsal olunmaqdadır.
Ölkənin əsas ixrac məhsulları xaşxaş, meyvə və fındıq, əl işi xalçalar, yun, pambıq, dəri, qiymətli daş (Əfqanıstan lazurit ehtiyyatlarının həcminə görə dünyada birinci yerdədir), ləl-cəvahiratlardır. Başlıca ixracat ortaqları Pakistan, İran, Almaniya, Hindistan, Böyük Britaniya, Belçika, Lüksemburq, Çexiyadır. İdxalda daha çox yeyinti və neft məhsulları, istehlak malları nəzərə çarpır. İdxalat ortaqları Pakistan, İran, Yaponiya, Sinqapur, Hindistan, Cənubi Koreya, Almaniya və sairdir. Pul vahidi əfqanidir. Əfqanıstanda illik ümumdaxili məhsul istehsalı 2017-ci ilin yekunlarına görə, 22 milyard dollar, adambaşına düşən milli gəlir 572 dollardır.

Əfqanıstanla Azərbaycan arasında tarixən sıx dostluq əlaqələri mövcud olub. Günümüzdə Azərbaycan Əfqanıstana 3 istiqamətdə yardım edir. 1. Azərbaycan hərbçiləri NATO-nun Əfqanıstandakı missiyasının tərkibində iştirak edirlər. Hazırda Azərbaycanın 94 nəfərdən ibarət hərbi qulluqçusu, 2 hərbi həkimi və 2 mühəndis-istehkam ixtisası üzrə zabiti Əfqanıstandadır. 2. Azərbaycan Əfqanıstanın müxtəlif sahələrinə ianələr ayırır; məsələn: 2017-ci ilin sonuna qədər Azərbaycan Əfqanıstan Ordusunun müasirləşdirilməsi üçün 2 milyon avro xərcləyib. Azərbaycan Əfqanıstanın təhsil və təlim, infrastruktur və nəqliyyatının inkişafına da maliyyə yardımları ayırır. 3. Əfqanıstanın dövlət strukturlarında çalışan işçilərə Azərbaycanda müxtəlif sahələr üzrə təlimlərin keçirilir. Bu təlimlər Azərbaycan Xarici İşlər Nazirliyindən tutmuş Diplomatiya Akademiyası və müxtəlif nazirliklərə qədər stukturları əhatə edir.
Əfqanıstan Azərbaycanın müstəqilliyini 21 dekabr 1991-ci ildə tanıyıb. Ölkələrimiz arasında diplomatik münasibət isə 1994-cü ildə yaradılıb. Əfqanıstanın Bakıda səfirliyi isə 2012-ci ilin noyabrında açılıb. Əfqanıstanın Azərbaycandakı səfiri Məhəmməd Taqi Xəlilidir.

Vüsal Tağıbəyli

P.S. “Həftə içi” qəzetinin kollektivi olaraq Əfqanıstanın ölkəmizdəki səfirliyinin, səfir Məhəmməd Taqi Xəlili başda olmaqla, bütün diplomatlarını təbrik edirik.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
23.10.2018
22.10.2018